Qonaq Kitabı
MEYMUNLAR

 

Hüriyyət və hüquq davası düşəndən indiyədək heç bir müsəlman məclisi olma-yıb ki, orada bir obrazovannı müsəlman ayağa durub deməsin: “Hökumət qoymayır məktəblərdə ana dilimizi öyrənək”.

(Hələ məzəsi budur ki, bu nitqlərin hamısı urus dilində söylənir və niyə urus dilində söylənir? – bu sirrdən də indiyədək heç kəs baş aça bilməyib).

Bəli, keçək mətləbə.

Bir saatlığa tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi öyrənək. Tutaq ki, bunu hökumət qoymur. Bəs ana dilimizi istəməyi, ana dilimizə məhəbbət etməyi, ana dilimizi xoşlamağı kim qoymur?

Mən indiyədək heç bir yanda görməmişəm ki, iki obrazovannı müsəlman bir-birilə görüşəndə müsəlmanca danışsınlar. Amma hökumətin qanun və qərardadlarının içində heç belə bir qərardad yoxdur ki, iki müsəlmanın bir-birilə danışmağına mane olsun.

Bəs bunu kim qoymur?

Bir saatlığa tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi oxuyaq. Tutaq ki, bunu hökumət qoymur. Bəs kim bizi öz dilimizdən utanmağa və öz dilimizlə danışmağı ar bilməyə vadar edir? Məgər bunu da hökumət edir?

Bir təbrizli Tiflisə gəlib bir həftə burada qalmaqnan adının axırına “of” qondarır. Məgər bunu da hökumət edir? Nə vaxt hökumət qaradovoy ya pristav göndərib ki, get gör filan müsəlman oğluna nə ad qoyub və qızına nə ad qoyub və hökumət nə vaxt müsəlmanı məcbur edib qızının adını “Fatma” əvəzinə “Fatya” qoysun və oğlunun “Həsən” adını dəyişdirib “Qasanka” eləsin?..

Dil barəsində hökumət ermənilərə etdiyi rəftarın ondan bir hissəsini bizə etməyib. 1884-cü ildə bağlanan erməni məktəbləri ancaq bir neçə il bundan irəli açıldılar. Amma bununla belə heç kəs indiyə kimi görməyib ki, iki oxumuş erməni bir-birilə rusca danışsın.

İndi gəl müsəlman aləminə.

Gedirsən bir rəfiqin qapısını döyürsən. Bir balaca qız çıxır. Soruşursan: ağan evdə? Qız “Papa” deyə-deyə qaçıb atasını çağırır. Girirsən içəri və qızın kefini soruşub deyirsən: “Maşallah, Münəvvər xanım, nə yekə qız olmusan?” Görürsən qız qaşqabağını saldı. Sonra məlum olur ki, qıza gərək “Varya” deyəydin; Münəvvər dedin, acığı gəldi. Hətta axır vaxtda İran məmurları da yavaş-yavaş adlarını çöndərməyə başlayıblar: hakimi vilayəti-Ərdəbil Həsənquluxan Cəfərxanov, naibi qonsulgəriyi-Gəncə və Badkubə dər qəryeyi Danabaş Mirzə Heydər Səlimxanov və qeyrə. İşlər bu sayaqdır.

Axırda həmin “Qasanka”lar və “Varya”lar böyüyüb, məclislərdə başlayacaqlar haray təpib çığırmağa; “Ay aman! Qoymayın! Hökumət ana dilimizi öyrənməyə mane olur”.

Bir vaxt Nuxada da “millətpərəstlər” məclislərdə bu cür nitqlər söylərdilər. Amma indi həmin millətpərəstlər cənab direktorlara və qubernatorlara təkyə edib, ana dilinin müəllimlərini qapazlayıb saldılar eşiyə.

Bəli, əzizim, bu işlərin adına “Müsəlman işi” deyirlər.

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  3 noyabr,  1906,  N 31.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info