Qonaq Kitabı
MƏSLƏKİMİZ

 

Əvvələn, hər kəs deməsin ki, mən dünyada az bilirəm. Zira ki, hər nə qədər az bilsə, yenə hamıdan çox bilir.

Saniyən, çalışıb-vuruşmaq ilə, zəhmət və məşəqqət ilə heç bir işdə qabağa getmək olmaz; çünki hər iş öz qaydası ilə gedəcək və hər nə ki olacaq – elə də olacaq və hər nə ki olmayacaq, – olmayacaq.

Salisən, həmin təzə 1908-ci ildə də “Molla Nəsrəddin” öz məsləkində davam edib yazacaqdır; yəni hərdənbir xalqın üstə güləcək və hərdən də bir xalqı öz üstünə güldürəcək.

Rabiən və bundan da əlavə “Molla Nəsrəddin” köhnə sayaqla hürriyyət və ədalət bayrağı altında çalışıb, hənanın rəvacına səy edəcək və dörd arvad alanların azadlığı yolunda haqq sözü müzayiqə etməyib, hamamda həcəmət qaldırmağın intişarına çalışacaqdır.

Və xamisən, yeddi yaşa çatmamış qız uşağını ərə verməyi və on iki yaşa çatmamış oğlan uşağını evləndirməyi rəva görməyəcəkdir.

Bir balaca nəsihət.

Söz yox, oxucularımızın heç birisi rusca bilmir (amma adam adını hıqqana-hıqqana yazsa, pis olmaz) və ola bilər ki, oxucularımızın bir parası cibinə beş manat qoyub gedə poçta. Poçt çinovniki öz gavur dilində soruşacaq ki, “şto xoçeş”; yəni nə istəyirsən? Oxucularımız məəttəl qalıb baxacaq çinovnikin üzünə və bilməyəcək nə desin.

- Biz belə məsləhət görürük ki, dəxi çinovnikə heç bir söz demək lazım deyil... Məhz lazımdır pulu qoymaq çinovnikin qabağına və bircə bunu rusca demək ki, “Tiflis, Molla Nəsrəddin rabatay”.

Dəxi özgə bir danışıq lazım deyil. Vəssəlam.

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  23 dekabr,  1907,  N 48.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info