Qonaq Kitabı
MEŞƏDƏ GÖRDÜKLƏRİM

 

(Mekkerin  səyahətnaməsi)

 

Məktub nömrə 2.

Yanvarın 16-da gəlib çıxdım Bakıya. Bakının özgə işlərindən yana heç bir söz danışmaq istəmirəm. Ondan ötrü ki, Bakı bir şöhrətli vilayətdir, yer üzündə Bakını tanımayan adam yoxdu. Amma bu gün burada bir möcüzə üz verdi, əgər başqası olmasa, bu barədə sizə bir neçə söz yaza bilərəm.

Bəli, yanvarın 16-da yetişdim Bakıya və Təzəpirin yanında bir mənzil kirayə elədim; çünki xəyalım bir ayadək burada qalmaqdır. Bəli, axşam oldu. Oturmuşdum evdə və “İrşad”ın 14-cü nömrəsini oxuyurdum. İran xəbərlərindən bunu oxudum ki, Astarada naibül-hökumə on ildir ki, qəssablardan hər qoyuna on şahı və hər mala bir qran[i] bıçaq pulu alır və bu da yazılmışdı ki, İran və Astara müəllimxanalarında uşaqlar əbcədin heccəsini, maşallah, səkkiz ildə qurtarırlar.

Elə bu əhvalatı oxumaqda idim, gördüm ki, parta-part düşdü. Qapıya çıxıb gördüm ki, adamlar qaçışırlar və evlərin qapı-pəncərələri bağlanır. Başımı yuxarıya qalxızıb gördüm ki, hər evin damının üstündə bir neçə əlitapançalı durub atır.

Mən bu işlərə çox təəccüb eləmədim; çünki eşitmişdim ki, Bakı vilayətində hərdən bir dəstə davası düşər, hərdən bir erməni-müsəlman davası düşər, hərdən bir bikarçılıq davası düşər.

Bu heyndə bir qoca kişi yavaş-yavaş gəlib, istədi mən durduğum qapıdan keçsin. Mən bu kişidən soruşdum ki, “ey əmi, sən Allah, mənə de görüm, bu dava ki, başlanıb, nə davasıdır?” Qoca kişi mənə cavab verdi ki, “dava-zad yoxdur, ancaq ay tutulub”. Dedim: “Bəs top-tüfəng atmağın nə mənası?” Qoca kişi mənə cavab verdi ki, “ayın qabağını kəsən cinlər, şəyatinlərdi. İndi onlar hamısı top-tüfəng səsinə qorxub qaçacaqlar və ayın qabağı açılacaq”. Qəribəsi budur ki, bir az keçdi, hava başladı işıqlanmağa və ay təmamən görsəndi.

Çox təəccüb!

Mən nə qədər şükr edirəm ki, bu vilayətlərə gəlib, nə qədər işlər öyrəndim və nə qədər elmim artdı, nə qədər təcrübə hasil elədim. Yoxsa bizim axmaq ingilislər guya öz aralarında bir kosmoqrafiya[ii] elmini icad eləyiblər və ay tutulanda deyirlər ki, yer durur ay ilə günün qabağına və qoymur işığı düşsün ayın üstünə.

Bu sözlərə mən bundan sonra inanmayacağam. Ondan ötrü ki, əgər cin-şəyatin söhbəti yalandırsa, bə niyə topun, tüfəngin səsinə ayın qabağı açıldı?

Həmçinin günün tutulmağı. Deyirlər ki, yanvarın onunda Bakıda gün tutulanda buranın qız məktəbində qızlara dua oxutmasaydılar, gün açılmayacaq idi.

Cənab Molla Nəsrəddin! Mən məktubu qurtarıram və həmin məktubun bir surətini də göndərirəm ingilis qəzetlərində bu xəbəri yazsınlar. Amma bunu da indidən deyirəm ki, mənim vətənimdə mənim bu sözlərimə inanmayacaqlar; yəni inanmayacaqlar ki, ay tutulanda adamlar dam üstə çıxıb, tüfəng-tapança atsınlar və əllərinə daş alıb, mis qabları çalsınlar.

Dəxi mən neyləyim, canları cəhənnəmə! İnanacaqlar inansınlar, inanmayacaqlar inanmasınlar.

 

“Molla  Nəsrəddin”in müxbiri  Bekker.

Bakı,  22 yanvar.

“Molla  Nəsrəddin”, 27 yanvar,  1907,  N 4.



[i]  1932-ci ilədək İranda işlənən pul vahidi.

[ii]  Kainatın quruluşu və səma cisimləri haqqında elm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info