Qonaq Kitabı
MƏRYƏM XANIM

 

(İnna lillahi və inna ileyhi raciun)

 

Mən “İrşad”ın sözündən çıxmıram: “Ölülər barəsində ya gərək yaxşı danışasan, yainki heç şey danışmayasan”.”İrşad”ın sözünə baxıb, mən mərhum Qafqaz şeyxül-islamı barəsində heç bir şey danışmıram və bir də heç sözüm dəxi qalmayıb; hər nə sözüm var idi, öz sağlığında məcmuəmizin 22-ci nömrəsində yazıb qurtarmışam.

Bəli, allah şeyx cənablarına rəhmət eləsin. Lakin burasını lazımdır unutmamaq ki, ölünün barəsində yaxşı danışmaq və yainki heç zad danışmamaq qədim latınla-rın adətidir, amma müsəlmanlara gələndə biz bunu görürük ki, mesəlman içində o qədər ki, ölülər barəsində bihörmət sözlər söylənir, – heç dirilər barəsində söylənmir.

İndi, məsələn, belə tutaq ki, Molla Nəsrəddin günlərin bir günü düşdü vəfat etdi; çünki əcəldir, gəldi yetişdi, yetişdi. Görək indi bir nəfər adam çıxacaq ki, “İrşad”ın nəsihətinə əməl eləsin? Ay tövbə! Vallah, mənim yəqinimdir ki, bu xəbəri eşidən deyəcək: “Lənət!”. Min lənət Ordubad qırmızı saqqalları tərəfindən gələcək, iki min lənət Gəncə müctəhidləri tərəfindən; üç min lənət Bakı qoçuları tərəfindən, dörd min lənət Naxçıvan hacıları və Qarabağ bəyləri tərəfindən və min-min lənət təzə seyidlər, mütrüblər, İran və Osmanlı məmurları tərəfindən töküləcək.

Qərəz, bunlar qalsın kənarda. Allah cəmi ölənlərə rəhmət eləsin!

İndi gələk bir qədər də Bakı qız məktəbinin müdirəsi Məryəm xanımdan söhbət eləyək.

 

*  *  *

 

Əhvalat bu qərar ilədir:

Mərhum şeyx cənablarının vəfatı münasibətilə Məryəm xanım götürüb idareyi-ruhaniyyəyə bu məzmunda bir teleqraf göndərib: “Qəmgin olduq. Göz yaşı tökürdük. Allah rəhmət eləsin müsəlman övrətlərinin hüququnu mühafizət edən mərhum atamıza. İmza: Məryəm xanım Sulkeviç”.

Mən Molla Nəsrəddinəm. Oxucularımdan təvəqqə edirəm ki, mənim şəklimə yaxşı nəzər salsınlar. Mən deyirəm ki, yalan danışmaq nə mənim əbama və əsama yaraşar, nə başmaqlarıma və saqqalıma. Mən yalan danışmanam.

Məryəm xanım müsəlman övrətidir və rus arvadları kimi hər yanda və hər məclisdə üzüaçıq gəzər və bakılı qardaşlarım bunu yaxşı bilir. Məryəm xanım mərhum şeyx cənabları ilə, söz yox, neçə dəfələrlə görüşüb və danışıb.

İnsanda ağıl var. Allahı heç kəs gözü ilə görməyib; amma ağlın gücü ilə insan deyir ki, yerin və göyün gərək bir sahibi ola. Ağıl belə kəsir ki, nə şeyx həzrətləri Məryəm xanımın rəftarını xoşlaya bilərdi və nə Məryəm xanım batində mərhum şeyxdən razı ola bilərdi. Və səbəbi də budur ki, nə şeyx cənabları müsəlman övrətinin üzüaçıq gəzməyini qəbul edərdi və nə Məryəm xanım şeyxin sözünə baxıb, üzünü örtərdi. Biz 20-ci nömrədə yazanda ki, bizim kişilərimiz öz kəbinli övrətlərini evdə qoyub, gedirlər mütrübbazlığa və uşaqbazlığa qurşanırlar – dünyanın hər bir tərəfindən müsəlmanlar töküldülər üstümüzə və başladılar bizi təkfir eləməyə və mərhum şeyx məcmuəmizi bağlatdı. Məgər Məryəm xanım bunu bilmir? Bəs onda Məryəm xanım harada idi? Məgər onda teleqraf simləri qırılmışdı? Teleqrafı hələ ona bağışladıq; nə səbəbə bir parça kağız yazıb, bizə göndərmədi və demədi ki, “sağ ol, ey Molla Nəsrəddin ki, müsəlman övrətlərinin hüququnu mühafizət eləyirsən?”

Bəs indi bu nə teleqramdır ki, Məryəm xanım şeyxin vəfatı barəsində göndərib? Nə vaxt mərhum şeyx “müsəlman övrətlərinin hüququnu mühafizət etdi”? Bəs niyə biz bunu bilmirik və şeyxül-islam övrətlərinin hüququ hara?

Bəlkə də, doğrudan, mərhum şeyxlə Məryəm xanımın mabeynində[i] hüquq əhvalatı olub; amma bunu biz bilmirik. Olmuş da olsa, gərək gizli ola və bəlkə də bakılılar bilir, amma biz bunu bilmirik. Bəlkə Məryəm xanım zarafatnan yazır ki, mərhum şeyx “övrətlərin hüququnu mühafizət edib”?

Ay Məryəm xanım! Sənin görüm qız şkolasında oxuyan balaca qızların ahü naləsi tutsun, necə ki, keçən il məktəbxananın odunlarını gizləyib yandırmadın ki, Tağıyevin pulu qurtarmasın və balaca yetimləri soyuqdan qırdın.

Amma keçən keçdi. Vallah, yazmışam Dəmdəməkiyə ki, bu qış hər gün gəlsin şkolaya baxsın: otaqlar soyuq olan kimi şəklini çəkəcəyəm ki, cəmi müsəlmanlar səni üzüaçıq və rus paltarında görüb, sənə qarğış eləsinlər.

Hələ ki, xudahafiz. Sənin naməhrəm dostun.

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  2 dekabr,  1907,  N 45.



[i]  Arasında.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info