Qonaq Kitabı
MƏKTUB

 

Həştərxan müftəsinin idarəmizə göndərdiyi məktubu:

Müdiri-möhtərəm!

Mənim bu bir neçə sözümü təvəqqə edirəm o mübarək məcmuənizdə yazasınız.

Necə ki, sizə də məlumdu, bir neçə həftə bundan əqdəm müsəlman cəridələrinin bəzisi mənim barəmdə bir belə böhtan yazmışdılar ki, guya mənim peşəm rüşvət alıb xalqın kəbinli övrətlərini dübarə kəbinin bir özgəsinə kəsməkdir.

Mən öz vaxtında bu xüsusda həmin cəridələrə cavab göndərdim, lakin nainsaflıq edib, mənim cavabımı ruznamələrin heç birisi yazmaq istəmədi.

Əvvələn, ruznamələrin yazmağından belə başa düşmək olar ki, həqiqət mənim işim və peşəm xalqın kəbinli övrətlərini bir özgəsinə verməkdir və halonki, mən ömrümdə kəsdiyim kəbinlərin yarıdan çoxu müvafiqi-şəriət və halal kəbindirlər; demirəm bəlkə ayda, həftədə ruzigarın qəzavü qədəri məni məcbur edib vaqiən kəbinli övrətlərin kəbinlərini dübarə bir özgəsinə kəsməyə.

Mən özüm iqrar edirəm ki, bu cür işlər bir az yaxşı iş deyil; amma vallah çarəm kəsilib: o məvacib ki, dövləti-əliyyeyi-Rusiyyə tərəfindən mənə verilir, mənə kifayət vermir. Çünki külfət çox, vilayət bahalıq. Heç bilirsən Həştərxanda xalis inək yağının girvənkəsi neçəyədi? Deyəcəyəm, amma inanmayacaqsan; girvənkəsi üç abbası. Hərçənd mən yağa pul vermirəm, amma yağ olmasın, qeyri bir şey olsun. Qərəz, sözüm orada deyil. Sözüm orasındadır ki, bu işləri eləyən məgər tək bircə mənəm? Nə səbəbə ruznamələrin gözü bircə məndə açıldı. Pəs beş-altı il bundan irəli Naxçıvan qazısı tivazlı Kərbəlayı Nəcəfqulunun kəbinli övrəti  Səkinənin kəbinini on yeddi girvənkə qəndə türkaşlı Məşədi Abbasquluya kəsən vaxt nə üçün “İrşad” yainki “Həyat” o vaxt bir söz danışmadılar?

Duram əgər bu  cür qazıların əməllərini yazmağa, onda sən görərsən ki, mən tək deyiləm. Məndən də savayı çox müqəddəslər var. Və saniyən kəsbi-ruzi hər bir insana lazımdır. Bu beş günlük dünyada hər bir kəs səy və təlaş edir ki, çoxluca pul qazanıb, əmri-məişətini xoşluqla keçirtsin. Dəxi nə səbəbə ürəyimi sıxım?

 

Çera dərdi-vətən xordən, nə xordən nano həlvara,

Çera dər qeyri-millət mordəno həştən müsəmmara.

Həpəndəm gər dəhəm əz dəsti-xod səbzəqovurmara,

Əgər on torki-Şirazi bədəst arəd dele-mara,

Be xali hinduvəş bəxşəm Səmərqəndo Buxarara.

 

Həştərxan vilayətinin müftisi filanü filan (xahiş edirəm adımı örtülü saxlaya-sınız).

 

İDARƏDƏN  CAVAB

 

Ali-intisab şəriətmədar müftiyi-vilayəti-Həştərxanın həmin məktubunu oxuyan vaxt yunan filosofu məşhur Sokratın bir neçə sözü yadıma gəldi. Sokrat deyir: “Hərdən bir qəlbimdən bir səs gəlir. Haman səs pak və təmiz insafımın səsidir ki, hamıda o insaf var. Hər kəs huş-guşla haman səsə qulaq verib, dediyini eşitsə, çox işlər bilib və çox mətləblərdən agah olar”.

Budur sənə cavab, ey alicah, müqəddəs və möhtərəm müfti ki, Sokrat deyir! Budur sənə cavab, axunda ki, Molla Nəsrəddin sənə söyləyir:

 

Axunda, milləti etmə həvayi,

Bizə lazım deyil bangi-dərai,

Bemanəd salha in nəzm tərtib,

Zima hər zərrə xam ofdəd bəcai,

Amandır saz qılma kərənayi,

Keçib şəhbazdən başla qərayi.

Qərəz nəqşist ki əz ma baz manəd

Ki həstira nəmibinəm bəqai.

Biz olduq mollaların xaki-payi,

Fisincani yeyib, içsünlə çayi.

Məgər sahibdili-ruzi-berəhmət

Konəd dər həqqi dərvişan duayi?

Çıxıb məclisdə tozih etmə təqvim.

Bizə lazımdır indi dərsi-təlim.

Murade ma nəsihət bud kərdim,

Həvalət ba xoda kərdimo rəftim.


Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  12  may,  1906,  N 6.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info