Qonaq Kitabı
MƏHƏMMƏDƏLİ ŞAH VƏ BÜTPƏRƏSTLƏR

 

Məhəmmədəli şah İran təxtü tacını qəbul edəndən bəri idarəmizə Təbrizdən bir neçə dəfə kağız yazıb soruşublar ki, nə səbəbə biz təzə padşahın şəklini məcmuəmizdə çəkmirik? Kağız sahiblərinə biz cavab verdik ki, təzə padşah İran millətinin yolunda nə xidmət göstərib ki, biz onun şəklini məcmuəmizdə çəkək?

Bu barədə bizə Təbrizdən yazdılar ki, bundan artıq dəxi nə xidmət olar ki, Məhəmmədəli şah nə qədər ki, Təbrizdə vəliəhd idi, göyçək uşaqlar küçəyə çıxa bilməzdilər? Kağız sahiblərinə biz cavab verdik ki, bunun eybi yoxdu.

Bir az keçdi, yenə Təbrizdən yazıb soruşdular ki, nə səbəbə biz təzə padşahın şəklini məcmuəmizdə çəkmirik? Kağız sahiblərinə biz cavab verdik ki, təzə padşah vətən uğrunda nə bir yadigar qoyub ki, biz onun şəklini məcmuəmizdə çəkək?

Bu barədə bizə Təbrizdən yazdılar ki, bundan yaxşı dəxi nə yadigar olsun ki, Məhəmmədəli şah bir neçə il Təbrizdə qalmaq ilə İranın dağlarını və daşlarını çörək əvəzinə yedirtdi. Təbriz əhlinə ki, ingilis hökumətinə dəxi bir şey qalmasın! Kağız sahiblərinə biz cavab verdik ki, bunun da eybi yoxdu.

Bir ay keçdi, Tehrandan bizə kağız göndərib soruşdular ki, nə səbəbə biz təzə padşahın şəklini məcmuəmizdə çəkmirik? Kağız sahiblərinə biz cavab verdik ki, təzə padşah məşrutiyyət yolunda nə ciddi cəhd edir ki, biz onun şəklini məcmuəmizdə çəkək?

Bu barədə bizə Tehrandan “Məclis” ruznaməsinin 32-ci nömrəsini göndərib yazdılar ki, bundan artıq nə ciddü cəhd olar ki, təzə padşah Təbrizdən on iki min nəfər “şahsevən” quldurlarını aparıb düzüb ətrafına və məclisin üzvlərinə yol vermir ki, şahın hüzuruna yetişib, zinadan törəmiş vəzirlərin xəyanətini padşaha ərz etsinlər? Biz kağız sahiblərinə yenə cavab verdik ki, bunun da eybi yoxdu.

Sonra yenə bizə Təbrizdən və Tehrandan yazdılar ki, nə səbəbə biz təzə padşa-hın şəklini məcmuəmizdə çəkmirik və halonki Təbriz və hətta Qafqaz ruznamələri təzə padşahın şəklini də çəkirlər və hələ onun şənində tərif və təhsinlər də söyləyirlər. Kağız sahiblərinə biz cavab verdik ki, bunun da eybi yoxdu; ondan ötrü ki, müsəlman ədibi və mühərriri əlinə qələmi götürəndən bir böyük və nüfuzlu adamın barəsində mədh və səna yazmasa, yəqin ki, bijdi və atasından-anasından xəbəri yoxdu.

Bu səbəblərə görə biz Məhəmmədəli şahın şəklini çəkmək istəmirik. Amma bu günlərdə Təbriz mətbuatının dürr və cavahirlərindən bir nüsxə keçdi əlimizə. Həmin vərəq Təbrizdə nəşr olunan “Milli” ruznamənin bir nömrəsidir. Bu nömrənin məzmunu başdan-ayağa ibarətdir təzə padşaha dua və sənadən və ona ibadət etməkdən. Ruznamə sahibi həmin nömrədə yazır ki, bu nüsxə iranlılar üçün bir tilsimdir: hər kəs bunu bir parça içinə büküb, sol qolu üstə tiksə, cəmi xətadan və bəladan məhfuz olar.

“Milli” ruznamənin müştəriləri vaqeən çox xoşbəxtdirlər, o səbəbə ki, Avropa aləmində heç bir ruznamə müştərilərinə bir belə hədiyyə göndərməyib.

Möhtərəm “Milli” ruznaməsinə baxıb biz də Məhəmmədəli şahın şəklini çəkdik və Bakı mahalındakı Novxanı pirinə and içirik ki, əgər Astarada İran rəiyyəti həmin şəkli bir parça içinə büküb sol qolu üstə tikə və İran məmurları gəlib həmin rəiyyətdən iki yüz əlli tümən vəliəhdən taxta əyləşməyi üçün müjdə tələb edə, həmin saat məmur daşa dönər və rəiyyətin yaxası qurtarar. Bu şərt ilə, hərdən bir padşahın şəklini parçanın içindən çıxarıb qoya qabağına və deyə: “heyf olsun, sənə ey mənim gözəl vətənim!”.

 

İmzasız.

“Molla  Nəsrəddin”,  3 fevral,  1907,  N 5.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info