Qonaq Kitabı
LİSAN BƏLASI

 

(Üç kəlmə hikmət kəlmələrindən)

 

Hər kəs danışsa, əlbəttə, öz-özünü xar, zəlil və naçiz edər. O səbəbə ki, insanın heç bir üzvündən o qədər zərər insana yetişməz, nə qədər ki, dilindən yetişir. İsa əleyhüssəlam həzrətlərinə ərz elədilər:

- Ya ruhullah, dəlalət buyur bizi bir əmələ ki, o əmələ bizi cənnətə daxil eləsin.

Buyurdu:

- Heç danışmayın.

Ərz elədilər:

- Ya ruhullah, heç danışmamaq olmaz.

Buyurdu:

- Əcəb olar.

Həzrət Süleyman əleyhüssəlam buyurdu:

- Əgər danışmaq gümüş olsa, danışmamaq qızıldır.

Danışmamaq danışmaqdan yaxşıdır. Heç bir müsəlman gərək danışmasın: Xah cahil və axmaq ola, xah kamil və  sahibi-mərifət. İnsan nə qədər ki, sakit və samitdir, –  o qədər gözəldir. Elə ki, başladı danışmağa,  –  dəxi gözəllik itib gedir. Odur ki, Müsləhəddin Şirazi deyib:

 

Zəban dər dəhan, ey xirədmənd, çist?

Kilidi-dəri-gənci-sahibhünər.

Çü dər bəstə başəd bədanəd kəsi

Ki, cəvahir füruşəst ya piləvər.

 

Bu mətləbləri təsdiq edəndən sonra, Molla Nəsrəddin öz tərəfindən bunu da lazım bilir desin:


Ey dil, dəxi dinmə və sükut et, səni tarı,

Lal ol və danışma!

Sal başını aşağı və heç baxma yuxarı,

Mal ol və danışma!

Gər qeyriləri cəmdəyinə vursala, dinmə!

Gər başın əyib peysərinə dursala, dinmə!

Pamal edə düşmən səni səbr et, bala, dinmə!

Ya zülm edə, ya boynuna kəndir sala, dinmə!

Ya ruzunu cəbr ilə əlindən ala, dinmə!

Sal başını aşağa və heç baxma yuxarı,

Lal ol və danışma!

Gər qüssələnib eyləyəsən naləvü-zarı,

Mal ol və danışma!

 

Hər bir-iki gün dur ayağa, bağla dükanı,

Get bir yavuq həmmamə, uzan, bağla hənanı,

Yum gözlərini, dinmə və həm gözlə əzanı,

Gər eyləmiş olsan gecə bir tövr xətanı,

Get gir suya ta əxz edəsən rahəti-canı.

Sal başını aşağa və heç baxma yuxarı,

Lal ol və danışma!

Ey dil, dəxi dinmə və sükut ol, sən tarı.

Mal ol və danışma!

 

Gər cümlə təvayif sənə əfsus edə etsin,

Axirdə hökumət özünü rus edə etsin,

Həm mollaların rus əlini bus edə etsin,

İslamı cahanda dəxi məyus edə etsin,

Ya etməyə ya ar və namus edə etsin.

Şükr et, yegilən bozbaşını, eylə naharı,

Lal ol və danışma!

Sal başını aşağa və heç baxma yuxarı,

Lal ol və danışma!

 

“Molla Nəsrəddin”, 7 aprel, 1906, N 1.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info