Qonaq Kitabı
LEONTİYEV

 

Məlumdur ki, uşaqlar yumurta döyüşdürəndə əvvəl bir dadışırlar, yəni yumurtalarını dəyişib vururlar dişlərinə və sonra qaytarıb verirlər bir-birinə. Sonra başlayırlar oynamağı; məsələn, Əli bunu qanır ki, yumurtası Vəlinin yumurtasından bərkdir, əvvəl deyir:

- Tut!

Vəli deyir:

- Sən tut!

Əli deyir:

- Sən tut!

Vəli deyir:

- Sən tut!

Axırda Əli tutur; çünki bilir ki, tutsa da, Vəlinin yumurtası sınacaq.

Vəli də işi duyub vurmur; çünki bilir ki, yumurtası boşdur, sınacaq. Əli deyir:

- Vur!

Vəli, vurmur. Əli yumurtasını yan tutur və deyir:

- Vur!

Vəli yenə vurmur, çünki bilir ki, yumurtası sınacaq.

Əli yumurtanın künəsini tutur və deyir:

- Vur!

Vəli vurmur; bilir ki, yumurtası sınacaq.

Sonra Əli hər yanda Vəlini görəndə yumurtasını açıq tutub Vəliyə deyir:

- Bax, tutmuşam, hardan vuracaqsan vur!

Çünki Əli bilir ki, Vəlinin yumurtası boşdur.

Cənab Leontiyev, yəni Şamaxı realni məktəbinin rəisi, Şamaxıya gələn kimi əvvəl bir müsəlmanlar ilə dadışdı; məsələn, əvvəl çıxdı müsəlman məhəlləsinə, uca imarətlərin sahiblərini soruşdu. Dədəgünəş səmtini gəzdi, şıxbazlıq, müridbazlıq, bütpərəstlik işlərindən baxəbər oldu və axırda bunu özünə yəqin elədi ki, müsəlmanların yumurtası boşdur və sonra öz-özünə dedi: “elədə bəs vur çartdasın!”.

Hər bir şeydən əvvəl cənab inspektor bunu özünə vacib gördü ki, realni işkolada müsəlman uşaqlarının arasında “sünnü-şiə” ədavəti salsın.

Bunnan mənim işim yoxdu, mənə nə! Leontiyevin də canı çıxsın. Dədəgünəşin də canı çıxsın! Onların dərdi mənəmi qalıb?!

Qərəz, sözüm orada deyil, sözüm oradadır ki, doğrudan, uşaqlıq bir gözəl nemət imiş ki, əldən çıxdı. Həmişə cavan vaxtlarımda yumurta döyüşdürməyimi yadıma salanda ah çəkirəm.

Və bir də yumurta döyüşdürməyin əvvəlinci şərti danışmaqdır. Mən elə bilirdim ruslarda yumurta döyüşdürmək adət deyil: amma dünən Tiflis müsəlmanlarından bir-iki nəfər işkolaların böyüyünə Leontiyevdən şikayət edirdi ki, Şamaxıda “şiə-sünnü” davası salmaq istəyir. İşkolaların böyüyü gör nə cavab verir: “Ay kişi, boşluyun qoysun getsin, hər yalan sözə inanmayın!”.

Sonra şikayətçi müsəlmanlar məndən soruşurlar:

- Ay molla, sən də axır bir təcrübəli qoca mollasan, bu kişi niyə biz ilə belə rəftar etdi? – Bunun cavabında mən dedim:

- Ondan ötrü ki, bu da biz müsəlmanları dadıb.

Bəli, çox uzun danışdıq, amma bu qədər axmaq-uxmaq sözləri danışmaqdan qəsdim bunu deməkdir ki, biz müsəlmanları cənab Leontiyevlər və onun kampaniyaları çoxdan dadıblar.

Burada “amin” deyən dillər lal olmasın!

Bari pərvərdigara, sən bizim başımızın sahibləri olan bəzi mollalarımızı hər bir qada və bəladan uzaq elə!

“Amin” deyən dillər lal olmasın!

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  17 mart,  1907,  N11.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info