Qonaq Kitabı
KEÇƏN GÜNLƏR

 

Keçən günə gün çatmaz..

Atalar sözü

 

Dünən konkada iki nəfər erməni qızı gördüm. Bunların birinin əlində erməni qəzeti və o birinin əlində bir neçə kitab var idi. Bunlar ermənicə danışırdılar. İstədim bunların söhbətinə qulaq asam. Konduktor gəlib mənə bilet  verdi və beş qəpik aldı. Elə ki, konduktor vaz keçdi, mən genə qulağımı verdim qızlara. Bunların biri deyirdi:

- Şuşanik, gələsən səndən bir tapmaca soruşum?

Yoldaşı cavab verdi ki, “soruş”. Qız başladı:

- Eşitmiş olarsan, Şuşanik ki, yaxın vaxtlarda Avstriya padşahı Frans İosif Adriatik dəryasına hərbi təlim üçün gəmilər göndərəcək idi və özü tamaşaya gedəcək idi. İndi eşidirsənmi ki, yazırlar Frans İosif dəxi naxoşluğu səbəbindən Adria-tik səfərinə çıxmayacaq. İndi, Şuşanuk, hünər istərəm ki, tapasan görək, Avstriya padşahının bu tezlikdə naxoş olmağına səbəb nə oldu və əgər Frans İosif düz adamdı, niyə bir özgə vaxt naxoşlamadı. Adriatik səfərinə hazırlaşan kimi xəstə oldu? Bu bir tapmacadır, tapsan, nə istəsən sənə verərəm.

Qız bir az fikir edib, istəyirdi cavabını başlasın, kontrolyor[i] gəldi biletlərə baxmağa. Mən biletimi çıxardıb nişan verəndən sonra kontrolyor qəmişini çəkdi və mən başladım qızın cavabına qulaq verməyə. Qız belə cavab verdi:

- Mənim yəqinimdir ki, Avstriya padşahının naxoş olmağı bəhanədir. Berlində firəng dilində nəşr olunan “Löjmanş” qəzetinin Venada olan müxbiri Frans İosifin naxoşluğunu bilmərrə inkar edir. Əhvalat bu tövrdü ki, Adriatik vilayətinin əhalisi əksərən İtaliya millətidir. Avstriya padşahına xəbərdarlıq veriblər ki, əgər o, Adriatik torpağına ayaq bassa, vilayətin İtaliya tayfası ona naməqbul nümayişlər edəcək. Bunun səbəbi budur ki, İtaliya milləti canlarını da fəda etməyə hazırdırlar ki, özgə padşaha təbəiyyət göstərib baş əyməsinlər.

Qız bu sözləri deyəndən sonra yoldaşı utanmaz-utanmaz bu qədər adamın için-də əvvəl başladı yoldaşının ağzından öpməyə və sonra sağa əlini yuxarı qalxızıb bir neçə dəfə ucadan dedi:

-Ax, ax! Eşidirsənmi, Hayastan? Eşidirsənmi hayreq? Eşidirsənmi, yenxibarq, filan, filan, filan...

Mən yəqin etdim ki, bu qız dəlidir. Amma sonra dəliliyindən də bir şey başa düşmədim. Yəni heç bir şey başa düşmədim. Sözün doğrusu, qulaqlarım taqqıldadı.

Amma bircə şey yadıma düşdü: Ax, keçən günlər!..

Uşaqlıqda bir gün bibimgilə qonaq getmişdim. Bibigəlin Hürnisə əmigəlinim Nurcahanla söhbət edirdilər. Heç yadımdan çıxmaz. Burası yaxşı yaddımdadır ki, Nurcahan Hürnisədən bu tapmacanı soruşdu: O nədi ki:

 

Gündə döyər atası,

Alar başına tası.

Abbasını iki şahı bilib xərclər.

İki şahını da abbası.


Hürnisə bir az fikir edib, sevincək cavab verdi:

- A qız, o müsürman arvadıdı da! Başına kül!

Ax, keçən günlər, nə gözəl imişsən!..

İndi dəxi nə gözləyirsən, ey könül, savayı qəmdən və qüssədən?

 

Ta keçəl-küçəllər oldu indi yarın, ey könül,

Qarə oldu yar əlindən ruzigarın, ey könül.

Yüz cəfa gördün, vəli bir gəz kifayət etmədin,

Hər sifatından xəcilsən nazlı yarın, ey könül.

Nə ümid ilə genə millət sənə vermiş fərib

Kim, fərəhnak olmusan, yoxdur qərarın, ey könül?

Küçələrdə görmüsən yoxsa ki, vel, lüt, bambılı,

Toxtamır hər gün genə bir ahü zarın, ey könül?

Aldı əqlü huşini bitlər və çirkin millətin,

Getdi əldən yox yerə məcmui varın, ey könül.

Qızmızı saqqalə qoymazdım səni bənd olmağa,

Məndə olsaydı əgər kim ixtiyarın, ey könül.

Söylədim quli-biyabanidən əl çək, çəkmədin,

Axırı məcmuəbazlıq oldu karın, ey könül.

 

Molla  Nəsrəddin

“Molla  Nəsrəddin”,  15 sentyabr,  1906,  N 24.



[i] Biletləri yoxlayan.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info