Qonaq Kitabı
“İRŞAD”

 

Dünyada mən çox şeyi başa düşdüm, amma bu “İrşad”ın işlərini başa düşmədim. Rəhmətlik oğlu indi də başlayıbdır ki, “mənə müsəlman camaatı beş min müştəri verməsə, qəzeti bağlayacağam”.

Qardaş, bağlayacaqsan bağla, açacaqsan aç, dəxi xalq neyləsin?

Sən Allah, ay müsəlmanlar, insafı qoyun ortalığa, deyin görək, beş min də müştə-ri olar? Beş min demək nə demək?

Dünən bir İran tələbəsi beş min müştərini barmaqları ilə hesab eləyirdi. Barmaq-larının birini yumdu, dedi: “bu on yüz müştəri”. İkisini yumdu, dedi: “bu iyirmi yüz müştəri”. Axırda hesab elədi gördü ki, beş min müştəri əlli yüz müştəri eləyir. Sonra həmin tələbə istədi beş min müştərinin abunə pulunu cəm eləsin, biri səkkiz manatdan, amma çotqa[i] tapılmadı. Dedi: “bunu da tək bir allah bilir ki, nə qədər pul elər”.

Qərəz, sözüm orada deyil.

Ay qardaş, beş min müştəri olar? Həyə zarafat eləyirsən, o bir özgə iş; yoxsa ciddən deyirsən, heç insaf eləmirsən?

Sən də gedib Firəngistanı gəzib gəlibsən, deyirsən ki, “pəh, niyə Şvetsariya Zəngəzur mahalı böyüklüyündə ola-ola oranın qəzetlərinin iki milyon müştərisi olsun, “İrşad”ın beş min də olmasın? Niyə Rusetdə “Novoye vremya” nın üç milyon müştərisi, “Mşak”ın əlli beş min müştərisi olsun, “İrşad”ın beş min də olmasın?”.

Həyə, sən də belə fikir eləyirsən, heyf olsun o elminə ki, Firəngistanın xarabasında təhsil eləyibsən!

Yoxsa sənin fikrin budur ki, biz də bilatəşbih firəng, rus və ya erməni olaq?

Sən bunu özün hamıdan gərək yaxşı biləsən ki, o tayfaların hamısı bikar bir adamdırlar. Həqiqət, Amerikanın Kolumbiya adlı məmləkətində bir qəzet nəşr olunur. Qəzetin adını müsəlman hərflərilə yazsam, qorxuram “kərtənkələ” kimi bir şey oxuna. Qərəz, sözümüz orada deyil. Həmin qəzetin iyirmi altı min müştərisi var. Amma haman vilayətin nüfusunun qədəri ancaq iyirmi bir mindir. Demək ki, bir adam başına bir qəzetdən artıq düşür.

Dəxi aşkardır ki,bunlar hamısı bikarçılıq əlamətidir. Yoxsa nə qəzetbazlıqdır, nə məktəbbazlıqdır? Haradadır elm?

Vallah, billah, mən bilirəm ki, sən mənim bu sözlərimin qabağında mənə nə deyəcəksən; deyəcəksən ki, “onlarda elm var”. Həyə sən bu sözü desən, mən də səndən bir söz soruşaram:

-Gedim Avropanın vilayətxanalarında guya elm oxuyubsan, bir mənə de görüm: “asmurş” nədir? Həyə bildin? Di get, dəxi elmdən dəm vurma. “Asmurş” bir cin adıdı. İndi tutaq ki, bilmədin, di qalan cinlərin adını həyə tapdın? Di tap görüm. Hə... Necədi? Di bilmirsən, qoy deyim: “cəmlixa”, “məhmuil”, “zəbəndərə”, “qaruş”, “şaruş”...

Hələ çoxdur; bunlardan savayı yüz min cin adı sayaram. Bunları mən həmin İrandan gələn tələbədən öyrəndim. Dedi ki, “kitaba baxaram, qalanların da adını sənə öyrədərəm”.

Elm budur, əzizim! Yoxsa nə Firəngistan, nə qəzet, nə məktəb?

Bir də, sən Allah, məktəbdən-zaddan çox danışma. Xarab olsun o məktəblər ki, sən qəzetində yazırsan! O məktəblərdən çıxan şeytanlar deyilmi? Rusiyanı hərc-mərc edən kimdirlər? Hürriyyət axtaranlar kimdirlər? İrana bomba daşıyanlar kimdirlər? Bir hünərləri var İstanbula da getsinlər görüm. Dadanıblar biçarə rus və İran padşahlarına. Bir Osmanlıya keçsinlər, Sultan Həmid onları diri-diri udsun.

Qərəz, sözümüz orada deyil...

Və bir də, ay qardaş, “İrşad!” Axır müsəlmanlardan nə istəyirsən? Bilmirəm sözün nədir?

 

Ah, fəryad eləyirsən, söylə fərmanın nədir?

Məqsədin bildir nə şeydir, ahü əfqanın nədir?

 

Ruznamə nə, nə məktəb, elm nə, övraq[ii] nə?

Bir dəqiqə yox qərarın, suzü giryanın[iii] nədir?

 

Yirmi il keçdi və lakin sən vətəndən keçmədin.

Aləmi rüsva edirsən, söylə vicdanın nədir?

 

Xanəni viran edər təhsili-məktəbxanədən,

Anladım məktəb nə şeydir, elmü ürfanın nədir.

 

Etiqadın yox Zünuzlar ya da Şirvan pirinə,

Boylə olsa qanmıram ta dinü imanın nədir?

 

Binəva sənsən ki, aldandın camaat qeydinə,

Axırı bir gör nə oldun, malü samanın nədir?

 

Tulladın dünyada hər bir ləzzəti, nemətləri,

Axirətdə kim bilir huri və qılmanın nədir?

 

Baxma millət xəstədir, cindarə ümmid et, dadaş.

Bundan özgə ta sözün nə, özgə dərmanın nədir?

 

Sən deyirsən qoymaram millət təmamən məhv ola,

Valla heç bir kəs də bilməz boylə ehsanın nədir?

 

Saxla yadında, sənə lazımdı beş min müştəri,

Saxla yadında görək hacı, bəyü xanın nədir?

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  1 dekabr,  1906,  N 35.



[i]  Sayğac.

[ii]  Vərəqlər; burada kitablar.

[iii]  Göz yaşı tökmək; yanıb-yaxılmaq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info