Qonaq Kitabı
İRƏVAN SEMİNARİYASI VƏ QAZİNİN NİTQİ

 

İrəvan müxbirimiz “Anaş qurbağa” İrəvan qazısı Axund Molla Məhəmməd Bağır Ağa Qafqaz canişininə söylədiyi nitqin surətini göndərib idarəmizə ki, 7-ci nömrədə çap edək. Nitqin surəti:

“Ey qraf ağa, sən allah bir insaf elə, bu seminariya ki, İrəvanda var, axır buyur görək bunu kimdən ötrü hökumət açıb? Əgər buyursanız ki, İrəvan camaatından ötrü açıb, elədə bəs di buyur gedək seminariyaya və dəftəri tökək qabağımıza, baxaq görək ildə burdan müsəlmanlardan neçə uşaq müəllimliyə çıxır. Di buyur zəhmət çək, gedək bax. Mən özüm bu seminariyada qırx səkkiz ildir şəriət dərsi deyirəm və nə zəhmətlər çəkmişəm. Mən gündə seminariyada iyirmi-otuz kafir və murdar uçtellər ilə əl-ələ vermişəm! Vallah, belə bilsəydim ki, axırı belə olacaq, heç vaxt bu zəhmətlərə qatlaşmazdım. İndi gör işin axırı nə yerə çatıb. Bir yerdə ki, müsəlman istəyir məktəb açsın – müəllim yox. Odur “Quylarda” mədrəsə müəllimi dərs əvəzinə uşaqlara əfsun yazıb paylayır ki, ilan sancmasın.

Ay qraf ağa, axı belə olmaz, bizim camaat yazıqdır, niyə seminariyanı doldurublar rus uşaqları ilə? Axır mənim qeyrətim qəbul eləmir ki, bu işlər belə olsun! Axır yazıq camaatın ümidi və göz dikəcəyi mənim kimi rəislərdi!”

İdarədən:

Hələ əvvəl bunu deyək ki, allah cənab qazı ağa kimi millətpərəstlərin kölgəsini bizim başımızın üstündən əskik eləməsin, yainki bizim başımızın üstünü bunların kölgəsindən əskik eləməsin. Amin, ya müin!

İndi gələk İrəvan seminariyasına.

İndi düz iyirmi beş ildir ki, həmin seminariya İrəvan şəhərində açılıb ki, oradan erməni və müsəlman müəllimləri çıxıb kəndlərdə müəllim olsunlar. Bu iyirmi beş ilin müddətində İrəvan seminariyasından səkkiz nəfər yarım müsəlman uşağı şəhadətnamə alıb və müəllimliyə çıxıb. Demək, hər il bir müsəlman uşağının üçdən biri müəllimlik şəhadətnaməsi alıb. Amma əvvəldən axıradək İrəvan seminariyası rus uşaqları ilə dolu olub. Həmin rus uşaqları seminariyanı qurtarandan sonra gediblər, məsələn, Danabaş kəndinə müəllimliyə. Kəndlilər də elə biliblər ki, uçtel gəlib uşaqları tutub saldat aparsın və qorxularından uşaqları kərmə qalalarının içində gizlədib, uçtelə deyiblər ki, “bizim kənddə heç qədimdən uşaq olmaz”.

Axırda da ki, kəndlilər daş atırlar.

Bu saat İrəvan quberniyasında Sürməli mahalından savayı heç müəllim tapılmır. Sürməli mahalının müəllimlərinin sözünü danışmırıq: bunlarınki allah vergisi kimi bir şeydir. Amma di gəl Naxçıvan vilayətinə. Pəh, pəh, pəh!..

Məsələn, “İtqapan” kəndinin müəllimi – Mirzə Heydərdir ki, əvvəl İrəvanda pambıq alış-verişi elərdi və kəndlilərdən pambıq alanda bir çəkisində qazanc edərdi, bir də hesab görəndə. “Qurbağalı” kəndinin müəllimi – Kərbəlayı  Qasımdı ki, Naxçıvanda iki il bundan irəli fayton sürərdi. Danabaş kəndinin müəllimi...

Hələ bunlar qalsın...

Demək ki, müəllim tapılmır; ondan ötrü ki, seminariyadan üç ildə haqqına-haqqına bir müsəlman müəllimi çıxır.

Yenə Rusiyada ildə bir Duma çıxır, amma burada ildə bir müəllim də çıxmır. Ondan ötrü ki, seminariya doludur sarı-sarı rus uşaqları ilə. Allah Miropyev direk-torun vücudunu bibəla eləsin ki, neçə il bundan irəli İrəvan seminariyasında direktor idi. Bir müsəlman uşağı gəlib ərizə verərdi ki, mən istəyirəm seminariyaya girəm, cənab Miropyev əyilib diqqətlə baxardı cavanın üzünə və ərizəsini qaytarıb verərdi və deyərdi: bala, səni götürə bilmərəm; ondan ötrü ki, qaşın qaradır.

Haman Cənab Miropyevdir ki, indi Qori seminariyasında da müsəlmanlara şəriət dərsini rus dilində oxudur.

Amma sədaqətlə ərz edirəm, qaziyi-vilayəti İrəvan cənab Molla Məhəmməd Bağır ağa bu iyirmi beş ilin müddətində İrəvan seminariyasında şəriət dərsi deyə-deyə və ildə doqquz yüz manat məvacib alıb, murdar manatları sabun ilə yuya-yuya əziz ömrlərini millət yolunda fəda ediblər.

Bəli, seminariya iyirmi beş ildir açılıb. Bu iyirmi beş ilin müddətində iyirmi iki min beş yüz murdar manat doldu kisəyə, səkkiz yarım müsəlman müəllimi dağıldı o yana-bu yana və axırı...

Axırda İrəvan camaatının başçıları Məhəmməd Ağa Şahtaxtinskiyə dedilər:

- Əgər sən Dumada padşah tərəfdarı olsan, biz səni özümüzə vəkil seçərik, olmasan, – bizə lazım deyilsən!

Axırda da belə oldu.

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  17 fevral,  1907,  N 7.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info