Qonaq Kitabı
İRANLILARA

 

Dünən İran əhlindən bir nəfər dostum mənə gör nə deyir, deyir: ay Molla Nəsrəddin, sən biz iranlıları istəmirsən.

Dedim:

- Nədir dəlilin?

Cavab verdi ki, bizə məcmuəndə çox sataşırsan.

Dedim:

- Əzizim bə kimə sataşım?

Cavab verdi ki, firənglərə sataş, ingilislərə sataş, amerikalıların eyblərini yaz, Şvetsar camaatına dolaş.

Dedim:

- Baş üstə, dəxi bundan sonra iranlı adı dilimə gətirmənəm. – Amma dostumdan ayrılandan sonra söz verməyimə peşiman oldum; çünki çoxdan fikrimdə var idi bir əhvalat yazam, bu da iranlılar barəsindədir.

Hərçənd dostum yenə məndən rəncidə olacaq, amma çarəsi yoxdur.

Bəli, keçək mətləbə.

Bakıda İran uşaqları üçün təzə bina olunan “İttihad” məktəbinin güşadında[i] camaat uşaq kimi başladı ağlamağa.

Bu sözü eşidəndən məni böht aparıb: bilmirəm inanım bu xəbərə, ya inanma-yım.

Məktəbin güşadına şad olmaq lazımdır mən biləsi, nəinki təəssüf edib qəmgin olmaq.

Çox təəccüb: iranlı – ağlamaq?

Bu iki məna bir-birilə uymur.

Söz yox ki, nəhayətsiz şadlıqdan da ağlamaq mümkündür; onda da gərək belə başa düşək ki, iranlılar məktəbin açılmağına o dərəcədə şad oldular ki, başladılar ağlamağı.

Doğrusu, bu da ağla sığışmır.

Bircə burasını mən başa düşə bilmirəm ki, bəs indiyə kimi harada idilər bu göz-yaşları?!

Harada idi bu gözyaşları, İran məmləkəti qeyrətsiz hakimlər, biar vəzirlər və bimürüvvət ruhanilərin bərəkətindən əcnəbi hökumətlərə pamal olanda?!

Harada idi bu gözyaşları, Təbrizdə dul övrətlər, yetim və fəqirlər torpaq yeyəndə?!

Harada idi bu gözyaşları, Tehranda hürriyyət mücahidlərinin qanları küçələrdə su yerinə axanda?!

Hanı mənim iranlı dostum ki, mənə deyir iranlılara sataşma. Qoy bir gəlsin mənə cavab versin görüm, harada idi o gözyaşları?!

Mən səni elə bilmirdim, ey iranlı dostum! Mən gözləyirdim ki, sən mənə deyəcəksən: ay Molla Nəsrəddin, sən nə yaxşı kişisən!..

 

Mən eylə bilirdim ki, mənə yar olacaqsan,

Aləmdə mənə yari-vəfadar olacaqsan!

 

Mən eylə xəyal etmiş idim ah, bəradər!

İranda olan qəmlərə qəmxar olacaqsan!

 

Dərdi-dilimi anlamayıb, zərrəcə axır,

Məndən nə bilim kim belə bizar olacaqsan!

 

Biçarə vətən tarü qaranlıqda qalanda,

Əğyarə gedib şəmi-şəbi-tar olacaqsan!

 

Söz verməz idim mən sənə, ey dusti-dilazar,

Bilseydim əgər boylə dilazar olacaqsan!

 

Sərməsti-meyü mütrübü tiryaksən indi,

Bir vaxt ayılıb axiri huşyar olacaqsan!

 

Məğrursən indi, xəbərin yoxdur özündən,

Əldən vətənin getsə xəbərdar olacaqsan!

 

Xar elədi qəflət səni əğyar yanında,

Yatdıqca bu qəflətdə yenə xar olacaqsan!

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  29 sentyabr,  1906,  N 26.



[i] Açılışında.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info