Qonaq Kitabı
İRANIN BATUM KONSULUNA BAŞIBAĞLI MƏKTUB

 

(Özgə oxucularımızdan xahiş edirik bu məhrəmanə məktubu oxumasınlar)

 

Fədayət şəvəm![i]

Ay rəhmətliyin oğlu, sənin də başuva bir özgə sənət qəhət olub, gedib oturubsan Batumda və deyirsən ki, “mən gərək konsul olam”. A kişi, sən Allah, boşla! Əzizim, boşla! Atam, boşla! Gözüm boşla! Qardaşım, boşla! Sən Allah, boşla qoysun getsin!

Bir mənə de görüm, fikrin nədir? Sən Allah, boşla! Səni tarı, boşla!

Hələ bir mənə de görüm, fikrin nədir? Nə qədər xoşbəxt konsul olsan, Ərfəüddövlədən ki, artıq olmayacaqsan?! İndi bir bax gör o kişinin axırı nə oldu: odur, İstanbuldan yazıb Tiflisə ki, “mənim cəmi əmlakımı dəyər-dəyməzə satın, pul eləyin və göndərin qoyum ingilis bankına; ondan ötrü ki, Tehranın millət məclisi yapışacaq yaxamdam və var-yoxumu alıb, xəzinə malı eləyəcək, özümü də məhkəməyə verəcək”.

Bir bax gör, əzizim bundan sonra konsulluğun nə ləzzəti? Keçənlər keçmiş ola; hanı indi xeyir-bərəkət?! Həmşəri başını qovzayıb yuxarı, qulaqlarını qırpıdıb; heç yavığına getmək mümkün deyil.

A kişi, sən Allah, bir mənə qulaq as.

Dünən küçə ilə keçərkən bir həmşərini itələdim, yıxıldı palçığa. Ayağa qalxıb, az qaldı hirslənsin və mənim üstümə elə qabardı ki, deyəsən bu da adamdı?

Daha, qurbanət şəvəm[ii], bundan sonra nə konsulbazlıqdı?

Allah baisin evini yıxsın! Allah rus-yapon davasını icad edənlərin balalarını mələr qoysun! Haradan çıxdılar o yəcüc-məcüc yaponlar, o adama oxşamayan yaponlar, o iki ulağın arpasını bölə bilməyən yaponlar, o elmi-cəbr və kimyadan xəbəri olmayan yaponlar, müxtəsər heç bir elmdən baxabər olmayan yaponlar? Hardan bunlar gəlib, qarışqa kimi töküldülər Mancuriya çöllərinə və başladılar ruslarla zarafat eləməyə. Axırda ac-uc əmələlər gördülər ki, rus hökumətinin başı qarışıb və Şeytanbazar müsəlmanları deyən kimi yapışdılar xozeynlərin yaxasından ki, bizim müzdümüzü artırın. Şeytanbazar müsəlmanları doğru deyirlər ki, Rusiya iğtişaşı heç bir şey deyil, məhz məvacib davasıdır.

Qərəz, sözümüz orada deyil. Sözümüz orasındadır ki, Rusiyanın müzd davası sirayət elədi bizim İrana, indi də ki, işlər gəlib buraya dayandı. Dəxi indi nə istəyirsən, fədayət şəvəm? Dəxi indi bu camaatdan sən nə gözləyirsən?

Yaxşı, hələ tutaq ki, konsul olmaq istəyirsən. Nə eybi var, ol, heç eybi yoxdur. Amma, əzizim, axır bir şeyi yaxşı eləmirsən. Yox, vallah, belə olmaz.

Yaxşı, tutaq ki, konsul olmaq istəyirsən. Bəs niyə yatırsan? Pəh, bu yaxşı olmadı! Sən Allah, belə eləmə, küsərəm səndən.

Yaxşı, tutaq ki, yuxun gəlir, yatırsan. Nə eybi var? Amma, ay qardaş, bir oyanmaq da ki, axır lazımdı. Pəh, sən Allah, belə eləmə, inciyərəm səndən.

Yaxşı, tutaq ki, oyanmaq istəmirsən. Amma axı olmaz! Bura Maku deyil, Naxçıvan deyil. Həmşərilər qoyarlarmı bu qədər yatasan?!

Qərəz, ta mən sənə nə deyim. Əgər mənim pəndimi[iii] qəbul eləsən, yığışdır püst-pələngi[iv] və qoy get Xorasana, Türküstana ya bir özgə yerə. Yoxsa Batumdan mənim gözüm su içmir.

 

Get dolangilən, xamsən hənuz,

Konsul olmağa çox hünər gərək.

Sən görən deyil Ənzəli, Zünuz,

Boylə işlərə baxəbər gərək.

 

Keçdi ol zaman padşahdınız,

Padşah nədir, qibləgahdınız,

Həmşərilərə bir ilahdınız,

İndi bəsdi ta, ta yetər gərək!

 

Bax rəiyyətə, bax gədalərə,

Yer-göy ağlayır hər nidalərə,

Guş qılginən[v] bir sədalərə,

Hər yetimə sən ol pədər[vi] gərək.

 

Baxma Əskərə, hər Rizayə sən,

Baxma fitnəyə, hər bəlayə sən.

Sən rəiyyətə bircə sayəsən,

Söyləmə “mənə simü-zər[vii] gərək”.

 

Qoyma ağlasın həmvətənlərin,

Gözlə onların xeyrin, həm şərin,

Söyləsin sənə millət “afərin!”,

Etgilən bina bir əsər gərək.

 

Get dolanginən, xamsən hələ,

Konsul olmağa çox səfər gərək.

Çox da yatmağı etmə məşğələ,

Niyyətin olar çün hədər gərək.

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  29 dekabr,  1906,  N 39.



[i]  Qurbanın olum.

[ii]  Sənə qurban olum.

[iii]  Nəsihətimi

[iv]  Pələng dərisi. Burada: şələ-külə.

[v]  Qulaq as.

[vi]  Ata.

[vii]  Qızıl-gümüş.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info