Qonaq Kitabı
DÖVLƏT DUMASININ AÇILMAĞI

(Millətimizin bir çox hissəsindən ötrü Dövlət dumasının əhəmiyyəti, yəni vacib və lazım olduğu bir o qədər aydın olmadığını və seçki işinin, yəni Dövlət dumasına üzv seçmək əmrinin hələ Qafqazda qurtarmadığını nəzərə alıb, haman dumanın nə dərəcədə əhəmiyyətli olduğunu bir neçə sözlə bəyan etməyi lazım bildik).

Bu duma söhbətindən qabaq Rusiya padşahlığında, belə bir böyük məmləkətdə məmləkətin varlığına və padşahlığın davamına səbəb olan millətin və camaatın mürəffəhülhal dolanmağına elə bir etina olunmayıb millətdən tələb edilirdi ki, hökümət tərəfindən qərar edilmiş qanuna (zakonlara) dürüst əməl edilsin. Daha bunu nəzərə almırdılar ki, görək bu qanunlar millətdən ötrü nəfdir və ya zərərdir. Söz yoxdur ki, hərgah bu qanunlar millətdər ötrü nəfli olsaydı millət mürəffəhülhal dolanardı və heç  bir kimsə durub hökümətdən şikayət etməzdi. Lakin bu bir-iki ilin ərzində vaqe olan iğtişaş, bir o qədər tökülən qanlar, tələf olan canlar bildirdi ki, millət indiyədək pis dolanırmış və indi yenə elə pis dolanmağa daha millətin tabü tavanası yoxdur, ona görə millət şikayət edir və öz şikayətini də bu iğtişaş ilə hökümətə elan edir. Bəs nə üçün millət şikayətini dili ilə hökümətə demirdi və yaxud yazıb bildirmirdi və bunu qoyub iğtişaş salırdı? Çünki bu cürə siyasi deyilən şeyləri dil ilə danışıb və yazı ilə yazmaq olmazdı, zira danışıq və yazı azadlığı yox idi. Heç kəsin ixtiyarı yoxdu ki, durub öz halından dil ilə yaxud yazı ilə şikayət edəydi. Bir kəs bunu etsəydi, ona tənbeh olardı. Bəs nə üçün camaat bir yerə yığılıb şikayət üçün padşah yanına getmirdi? Çünki əvvələn, belə-belə siyasi işlərdən ötrü bir yerə yığılmaq olmazdı, zira yığılmaq və ya bir yerə cəm olub dərdləşmək azadlığı yox idi. Hər kəs bu işi görmək istəsəydi, ona inqilabçı deyib tənbeh edərdilər və saniyən, padşah ilə camaat arasında duran və camaatın padşaha yolunu kəsən vəzirlər qoymazdılar ki, camaat padşaha ərzi-hal etsin. Çünki camaatın pis dolanmağına özlərinin səbəb olduğunu anlayıb bilirdilər ki, camaatın ehtiyacatına əncam verilsə, onlar əvvəlki ixtiyaratdan düşərlər və bu da onlara zərər və ziyan yetirər. Ona görə öz mənfəətlərini nəzərdə tutub, millətin haqq şikayətinə mane olurdular. Və, habelə, camaat ilə padşah arası bağlı kimi idi. Məlum ki, əgər millət üçün qanunlar verməkdə camaat özü də iş görsəydi, vəzirlər milləti sıxa bilməzdi...

Bu tərəfdən dəxi millətin ehtiyacatı gün-gündən artırdı, kəndçilərin özlərini dolandırmağa və hökumətə xərc verməyə kafi qədər yeri yox idi, və halonki belə bir böyük Rusiyada nə qədər boş yer var idi və bu yerləri yerə möhtac olan kəndçilərə verməyib, bəzisinə xəzinə yeri, bəzisinə udel yeri, bəzisinə kabinet yeri və bəzisinə mülkədar yeri deyib, nəfini özləri götürürdülər və bununla da belə, yazıq kəndçidən xərc alırdılar.

Fəhlələrin dəxi işləri çox pis idi. Yazıq fəhlə gündə on dörd saat işləyib, cüzi muzd alırdı və bununla belə bilmirdi ki, dincəlmək nədir, bayram nədir, tərərqqi nədir, əhlü əyal nədir, ev nədir, eşik nədir? Ancaq onu bilirdi ki, işləmək lazımdır ki, özü, əhlü əyalı acından ölməsin. Il uzunu gecə-gündüz on dörd saat işləyən adamın daha nə vaxtı qalır ki, durub evdə xalq kimi əhlü əyali ilə danışıb gülsün, bir az istirahət eləsin, övladının təlim və tərbiyəsinə baş qoşsun, özü də bir xalq üzü görüb, onlar cümləsindən olduğunu anlasın, allahına ibadət etsin və sairə.

Kəsbkar və sənətçi alış-verişçilərin də halı yaman idi. Bu “pryamoy və kosvenni naloq” deyilən vergi və xərclər binəvaların evini yıxırdı. Kasadlıq, filan nəzərə alınmırdı. Ticarət və sənət tərəqqi əvəzinə tənəzzülə düşürdü. Ancaq hiyləgərlər və təməllüqçülər pul qazanıb, onlar da bir yandan xalqı dartıb sökürdü. Mədəniyyət və maarif, yəni elm, fənn camaat arasında yayılmırdı. Çünki elm öyrənmək hamıya vacib deyildi və pulsuz da məktəb açmaq istəmirdilər. Açılmış məktəblərin də dərs vermək və dərs oxumaq işlərini elə ağır şərtlərlə bürümüşdülər ki, nə oxudan bir şey oxudurdu və nə də oxuyan bir şey qazanırdı. Elm  və tərbiyədən artıq oxudanın oxuyan üstündə ağa olduğunu öyrədirdilər, yəni belə bir tərbiyə verirdilər ki, şagirdlər uşaqlıqdan başının üstə bir ağa olduğunu görüb, böyüyəndə də vəzirlər kimi ağaların əmrlərinə sözsüz, hərəkətsiz əməl etməyə öyrəşsinlər.

Bundan savayı Rusiya məmləkətində hamı bərabər deyildi, hamıya bir gözlə baxmırdılar. Birinə hörmət edirdilər, o birisinə məhəl qoymurdular. Biri olurdu qul, o biri onun başının sahibi. Birinə çoxlu ixtiyar verirdilər, o birini o ixtiyardın mərhum qoyurdular və bir də Rusiyada bir çox müxtəlif millətlər olduğundan, hər milləti bir nəzərdə görmürdülər. Bu xüsusda rus olmayan sair millətlərə çox pis baxırdılar. Belə ki, bu sair millətləri yuxarıda zikr olunan ümumi ixtiyarlardan məhrum etdikləri bəs deyil, xüsusi yəni hər millətin özünə məxsus ixtiyarları da ellərindən alırdılar. Və bundan savayı, ruslara verilən ixtiyarları bunlara vermirdilər. Bu xüsusda hər bir ixtiyaratdan məhrum və məyus olan biz müsəlmanların halı hamıdan yaman idi ki, bizi ruslaşdırmaq və nəsrani etmək işi dəxi var idi.

Qərəz, Rusiya təbəəsində bu ağır hal gün-gündən şiddətlənib, camaatda istitaət və tab-tavana qalmamağa başladı. O tərəfdən-bu tərəfdən “Belə dolanmaq olmaz!” kimi gileylər eşidilirdi. Bu gileylər yavaş-yavaş artıb, hər bir tərəfə yayılmağa üz qoydu. Yapon davasından sonra daha camaat Yapon davasında rus dövlətinin basılmağı camaatı qandırdı ki, belə hökumət ilə nə camaat saxlamaq olar və nə də düşmən qabağına çıxmaq olar. Ona görə bu cür hökumətə bir nəhayət çəkmək vacibdir. Camaatın bu arzusu elə şiddətli idi ki, bunu hüsulə gətirmək üçün candan və maldan keçməyi lazım bildilər və habelə iğtişaş başlandı.

Əvvəl hökumət iğtişaşı yatırtmaq üçün elə bir çoxşiddətli tədbirlər görməyi lazım bilmədi, çünki Yapon kimi balaca (lakin azad) dövlətə basılmağı onu Yapon davasını əvvəldən heç arzu etməyən millət qabağında şərməndə etmişdi. Və bundan savayı əcnəbilərin, yəni sair dövlətlərin də, Rusiyanın bu daxili iğtişaşına diqqət yetirib, camaatı doğru hesab etməyi hökuməti məcbur etdi ki, millətin bu şikayətinə bietina baxmasın və bir də iğtişaş getdikcə şiddətlənirdi. Ona görə əncam çəkmək lazım idi. O idi ki, hökumət öz tərzi-idarəsini, yəni dolanacaq üsulunu dəyişməyə məcbur olub, camaatın dövlət işlərinə qatışıb, padşah ilə bir yerdə iş görməsinə razı oldu. Camaatın padşah ilə iş görməsi nəyə lazım idi? Padşahın yanında olan vəzirlər camaatın ehtiyacatını dürüst bilmirlər və bilirlərsə də özlərinə zərər olduğundan dinməyib bildiklərini edirlər. Camaat isə özü öz ehtiyacatını yaxşı bilir. Binaənileyh bunu da anlayır ki, filan qanun camaata nəfdir və filan qanun zərərdir. Bəs, zərərli qanunu yox edib, yeni nəfli qanun tərtib etmək üçün camaatın özü iş görməlidir. Və bundan savayı camaat bütün vəzirlərin də işlərinə baxmalıdır ki, camaata zülm və sitəm olub-olmadığını bilib, lazımi tədbirlər görsün. Və habelə, qanun verən camaat ilə padşah olur. Vəzirlər ancaq camaat ilə padşah verən qanunları icra edirlər və ona dəxi camaat göz yetirir ki, qoyduğu nəfli qanun düzcə icra edilsin. Lakin bu qədər camaat gedib padşah ilə bir yerdə iş görə bilərmi? Məlum ki, görə bilməz. Bəs nə etməli? Camaatın içində layiqli, yəni camaatın hər bir dərd və ehtiyacatını dürüst anlayan və bununla bərabər camaatın ketdikcə hər bir barədə tərəqqi edəcək yolunu bilən adamlar vardır. Camaat öz əvəzinə bu adamları seçib göndərər; bunlar padşah yanında bir məclis qurub, özləri qanun tərtib edərlər və bu qanunları padşaha təqdim edərlər ki, təsdiq etsin. Və o qanunlar üzrə də camaatın işi yeriyib, camaatı müşkül, ağır şərtlərdən azad edib, həm camaata və həm də dövlətə mənfəət verər. Haman bu məclis, yəni seçilmişlər məclisi Avropa dövlətlərinin hamısında var. Odur ki, o dövlətlər bizim dövlətdən elmli, sərvətli, qüvvətli olubdur. Yaponiyada, İngilisdə, Almaniyada və sairlərində belə məclis çoxdan bəri qurulub, dövləti getdikcə tərəqqiyə mindirir. Amma İran, Çin və Osmanlıda olmadığından, bu dövlətlər onun-bunun yemi və xörəyi olubdur. Əhalisi də necə ki, görürük, zillətdədir. Bu seçilmişlər məclisinə hər yerdə bir ad qoyurlar. Bunun ümumi adı parlamentdir. Rusiya hökuməti bu məclisə Qosudarstvennaya duma adı qoydu. Biz də öz türk dilimizdə Dövlət duması yaxud məclisi-məbusan deyirik.

 

*     *     *

Qəzetimizin dünənki nömrəsində Dövlət dumasının, yəni millət seçilmişlərinin millətin nəfi üçün padşahla bir yerdə işləməsini nə       ədər vacib və lazım olduğunu bəyan etdik. Onu da yazdıq ki, Rusiyada iğtişaş başlandıqdan sonra hökumət millətə zərər və ziyan yetirən əvvəlki dolanacağını dəyişdirməyə, yəni millət seçilmişlərini çağırıb bir yerdə işləməyə razı oldu. Və bununla, hökumət özgə bir tərzə düşməyə qədəm qoymuş kimi oldu. Əvvəlki dolanacağını dəyişmək lazım gəldi. Belə ki, hökumətin millətdən ötrü zərərli olan əvvəlki dolanacağına hökuməti-müstəqilə və müstəbidə deyirdilər, yəni belə hökumət ki, dövlət işlərində millətin əl və ayağnıı bağlayıb və ağzını yumub, ancaq əmr edir ki, keyfi istəyib verdiyi qanunlara millət əməl eləsin. Bunun binəva millətə nə qədər ağır olduğunu yuxarılarda bəyan etmişdik və camaatımızın özü də öz təcrübəsi ilə bunu anlayıb, yaxşıca bilir və bir də hökuməti-müstəqilə və müstəbidəsi olan İran, Osmanlı millətlərinin də bizdən ikiqat ağır olan dolanacağı hamımıza məlumdur.

O biri tövr hökumətə ki, Rusiya elə olmaq istəyir-hökuməti-məşrutə deyilir. Yəni belə hökumət ki, millət padşah ilə bir yerdə öz-özünü dolandırır və hər bir sıxıntıdan azad olur. Qaradovoydan tutmuş vəzirlərədək heç birinin ixtiyarı olmur ki, millətə zülm və sitəm etsin. Bunlar hamısı millət qabağında öz əməllərindən cavabdəhəndə (məsul) olurlar. Və adilanə qurulmuş məhkəmə, yəni suddan savayı, heç bir çinovnik milləti tənbeh edə bilmir(vəhalonki, indi bir yasavul bütün kənd əhlini nahaq yerə döyüb söyür və heç bir kəs də buna bir söz demir). Qərəz, bütün dövlət, camaat diriliyinin yaraları olan çinovniklər pəncəsindən qurtarıb, millət özü hökm sürən olur və binaən ileyh, nahaq yerə döymək, rüşvət almaq, kef havası ilə iş görmək, filan - heç biri mümkün olmur.

Əlqissə, Rusiya hökuməti-məşrutə olmağa meyl elədi, yəni Dövlət duması, yaxud millət məclisi qurmağa razı oldu. Lakin hökumət bu xeyir işi məcburən əmələ gətirirdi. Ona görə özünün yenə də ixtoyarın saxlamaq üçün millət məclisinin qurulmağını ağır şərtlərlə bürüyüb, məclisin gücünü azaltmaq istədi. Ona görə, əvvələn, millətin hər bir adamına istər xan olsun, gəda olçsun, dövlətli olsun, kasıb olsun vəkil seçmək ixtiyarı vermədi. Yəni vəkilseçən millətin sayını azaltdı. Belə ki, padşahlığa xərc və naloq verməyənləri seçkidən kənar elədi. Və saniyən, yerdə qalan adamlara da vasitəsiz-zadsız vəkil seçmək ixtiyarı vermədi. Dedi: “Siz öz içimizdən adamlar seçin, o adamlar da öz içlərindən vəkil seçib göndərsinlər ki, dövlət duması qurulsun”. Və ha belə vəkil seçmək işini dördqat balacalandırdı. Odur ki, deyirlər ümumi külli seçki haqqı (vseobşeye izbiratelnoye pravo) əvəzinə dörd-mərtəbəli (çetıryoxstepennoye) seçki haqqı verdi. Əlbəttə, bu cürə rəftar, yəni bu cürə vəkil seçkisi camaata xoş gəlməzdi. Odur ki, camaat Dövlət dumasına bir o qədər sevinmirdi. Və bir də hökumət hökuməti-məşrutə olduğunu hələ elan etməmişdi. İğtişaş davam edirdi və artmağa başlayırdı. Artdı, hər yerə yayıldı, quru qoşununun və dərya qoşununun içində peyda oldu. Və axırda dönüb inqilab (revolyusiya) olmağa yaxın oldu. Hökumət gördü ki, camaat dediyindən dönmək istəmir: (Çünki camaat cana doymuşdu). Naçar hökumət məşrutənin gerisi olan azadlığı elan etdi; yani millətin hər bir ehtiyacatını qəzetlərdə yazmağa razı olmayan senzorları kənar elədi. Yığılıb öz ehtiyacatını danışmağı qadağan edən qanunları götürdü, ruslaşdırmaq və nəsrani etmək və bir dindən o biri dinə keçməyə qoymamaq əmrini pozdu və hər bir şəxsi hər bir zülm və cövrdən azad etdi. Bu bəşarəti bütün əhaliyə bildirmək üçün padşah bir manifest verdi və bu azadlıq manifesti keçən 1905-ci sənə oktyabr ayının 17-də verildiyi üçün manifestin adına 17 oktyabr manifesti deyildi. Oktyabrın 17-də vaqe olan bu böyük bayram bizim hamımızın yadındadır. Ah, nə böyük şadlıq ilə biz bu günü istiqbal etdik! Bu gün bütün millət şad və məsrur və bəxtiyar görünürdü!

Hamı can çürüdən zindandan xilas olmuş adama bənzəyirdi. Azadlıq! Hürriyyət! Tək bir bu söz bizə təzə ruh verib, qəlbimizdə olan kin-küdürəti, keçmiş zülm və sitəmləri unutmağa məcbur edirdi!

Çox adam şadlığından ağlayırdı!.. Belə bir qoca, qəvi, lakin istibdad zindanında çürüməyə tullanmış millətin o zindani-cəfadan qurtarıban, azadlıq çölündə sərbəst dolanmağa qədəm qoymasını görüb də, hansı hürriyyətpərvər adam sürurdan ağlamazdı?! Və hansı istibdad qulu (iranlılar və osmanlılar) rus millətini azadlığa buraxılmış görüb, öz baxtına acı bir istehza ilə gülməzdi?!

Qərəz, millət arzu etdiyi azadlığı alıb, həman dəm nəfbərdar olmağa başladı. Qəzetlər senzor əlindən qurtarıb, çoxdan bəri bərk yırtan dərdləri öz səhifələrində sadalamağa başladı. Camaat polisə qoyulmaqdan azad olub, mitinqlər, yəni məclislər qurub öz ehtiyacatını açıb da, dərman aramağa şüru etdi. Və hökumət məşrutəyə müvafiq dolanmağa başladı.

Lakin... Minlərcə təəssüflər olsun ki, belə bir şadlıq ilə istiqbal olunan azadlıq çox müddət çəkmədi. Millət aldanıldığını gördü... Rusiyanın üzünü gizlənmiş və fürsət axtaran istibdadın qara buludları bürüdü. Istibdadın, amansız istibdadın göyü guruldayıb, zülm və sitəm sədayi-dəhşətəngiz ilə məmləkətin hər tərəfinə səs saldı. Və yağdı, lakin nə yağdı? Qan yağdı, göz yaşı yağdı, azadlıq əsəri yuyulub getdi. Və bir-iki ay ondan əvvəl azadlıq çölünə buraxılmış kimi görünən bəxtiyar camaat təkrar istibdad zindanının dibində çapalayan göründü.

 

*     *     *

Keçən nömrədə bəyan etdik ki, oktyabrın 17-sində padşah tərəfindən verilmiş azadlıq onun dalınca hökumət tərəfindən icra olunan şiddətli və zülmlü tədbirlər arasında itib batdı. Belə çıxdı ki, padşah millətinə vermiş azadlığı, milləti padşahdan ayıran hökumət, yəni vəzir vüzəra tutub geri aldı. Aya, hökumətin belə bir şiddətli iş görə bildiyinə səbəb nə oldu? Millətin qoşun qismi ilə bərabər digər bir qismi ki, o qismə daxil olan adamların adına xuliqan deyirlər, bunlar hökumətə tərəfdar çıxıb, onun əlində kor alət və karastı oldular, hökumət isə bunların kömək və vasitəsilə binəva millət haqqında hər bir zülm və sitəmi rəva görməkdən çəkinmədi, guya, iğtişaş əvəzində millətdən intiqam və qisas alırdı.

Indi bir özgə məsələ. Bəs qoşunun hökumətə tərəfdarlığına və millətin içində xuliqanlar peyda olmasına səbəbi nə idi? Ona da səbəb o idi ki, millət içində böyük və qüvvətli ittifaq və ittihad yox idi. Əlbəttə, ittifaq və ittihadsız görülən iş də, ələlxüsus azadlıq almaq, yəni köhnə hökuməti puç edib təzə hökumət düzəltmək kimi böyük bir iş ittifaq və ittihadsız başa gəlməzdi. Gəlsəydi də davamlı və baqi qala bilməzdi. Vaqiən, əgər millət arasında böyük ittifaq və ittihad olsaydı, qoşun heç bir vaxt millətdən üz döndərə bilməzdi və xuliqan da olmazdı, ya az və cüzi olardı. Ona söz yoxdur ki, qoşunun, ələlxüsus, su qoşununun içində millətin həqiqi və qanacaqlı övladı çox idi. Bunu deməsək, Sevastopol, Mancuriya və Peterburqun səngəri olan Kronştadt hadisələrini danmış olarıq. Hətta, “Bütün rus ləşkəri hökumətə tələblər göstərib, əncam istəyirdi” – desək heç xəta etmərik, lakin bu tələblər cüzi olduğuna görə, hökumətdən ötrü ağır deyildi. Ona görə hökumət qoşun qisminin tələblərinə tez bir zamanda əncam verdi və ondan sonra qoşunun hökumətə dəyəcək bir sözü olmayıb, qulluğunq əməl etməyə məcbur oldu. Ələlxüsus, qoşunun kazak qismi millətə düşmən və hökümətə dost olduğunu bildirib, əvvəlincinin zərərinə və ikincinin xeyrinə iş görürdü və indi də görməkdədir.

Xuliqanlar isə özgənin müsibətindən nəfbərdar olmaq arzusunda olan adamlardan olub, guya padşahpərəstlik niyyəti ilə hökumətə kömək göstərmək üçün şeytançılıq, ara vurmaq, fitnə salmaq ilə milləti hərdən hökumətin zülmünə giriftar edirdilər. Belə alçaq adamlara provokator, yəni aravuruşduran, yaxud müfəttin (fitnə salan) dəxi deyilir. Bunların içində heyvandan yalqız bir dil ilə seçilən adamlardan tutmuş, universetlər və sair ali məktəblərdəoxuyub dərs qurtarmış adamlar dəxi vardır. Təəccüb burasıdır ki, bu özlərinə “vətənpərəst” və “təəsübkeş” deyirlər. Halbuki vaqedə vətənin böyük düşməni bunlardır və bir də təəccüb burasıdır ki, bunlar haman azadlıq elan edilən günün səhərisi zühur edib, hökumətin birinci dəfə üstün (üsgün) olmağına səbəb və kömək bunlar oldular. Guya bu “vətənpərəstə”ləri kim isə, qəsdən əvvəlcə hazırlayıbmış ki, lazım yerdə istemal etsin.

Demək olur ki, əgər millət içində ittifaq və ittihad bərk olsaydı, nə qoşun üz döndərərdi, nə də xuliqanlar zühur edərdi. Bütün millət də aldığı azadlıq sayəsində dolanıb indiyə qədər vətən xeyrinə neçə-neçə səmərəli işlərə şüru etmişdi. Lakin bu xüsusda milləti də çox qınamaq olmaz, çünki allah tərəfindən hər kəsin qəlbinə qoyulmuş bu azadlıq arzusu, əsrlərcə davam edən azadlıqsız əzabı millətin bir çox adamlarının qəlbində o qədər böyümüşdü ki, onlar heç güman etmirdi ki, bu arzunu hüsulə gətirməmiş bir kəs rahət ola... Və bir də hökumətə bunun dəxi artıq ... oldu ki, birinci cəbr və zordan sonra belə bir qiyama davam etməyə öyrənməmiş millətin bir çox hissəsi ürəksizlik edib, haman dəm sakit oldu, yerdə qalan igidlər isə hökumət ilə müharibələr edib, azadlıq yolunda fəda olurdular. Hökumət dəxi çox qazanmırdı, onun da kişiləri bu yolda “qurban” olurdu...

Qərəz, cəbr, zor, zülm, sitəm getdikcə artırdı, sensurasız çıxmasına izn verilmiş qəzetlər bir-birinin dalınca bağlanırdı, azadə qurulmasına rüxsət verilmiş mitinqlər və məclislər dağıdılırdı; əmniyyət-şəxsiyyənin iyi, tozu yox idi. Kimini basırdılar, kimini kəsirdilər, kimini asırdılar, kimini sürürdülər, kimini tutub dustaq edirdilər. Həbsxanalar ağzına qədər dolmuşdu, hətta, ac adamlara (fəhlə qisminə) çörək verməyi də qadağan etmişdilər. O idi ki, neçə-neçə pulsuz naharxanalar hökumət tərəfindən bağlandı...

17 oktyabrdan sonra neçə-neçə firqələr dəxi törədi, bunlardan ən alçağı “monarxist” ya “monarşist”lər firqəsidir ki, bunlar padşahbaz, padşahpərəst olub, hökuməti-müstəqilə və müstəbidə tərəfdarlarıdır. Üzvlərinini çoxu xuliqandır. Ən odlu firqə isə “anarxist” və ya “anarşist”lərdir ki, bunlar hər bir rahətlik və sakitliyə biganə olub, hərc-mərc və nizamsızlıq istəklisidirlər. Bunların üzvləri hökumət tərəfindən elə bir zülm gördükdən sonra, hər bir azadlıq və hürriyyətdən dəstbərdar olan və azadlığa olan etiqadını itirmiş adamlardır. Sair firqələrdən üzv tərəfindən zorlusu “hökuməti-məşruteyi əvamiyyə” və ya “qanunu-əsasiyi-əvamiyyə” (Konstitusionno-demokratiçeskaya yaxud “kadet” və ya “Narodnaya svoboda”) firqəsidir ki, bunlar yalnız bir azadlıq tələb edirlər. “İctimaiyyun-inqilabiyyun” (sosial-revolyusioner) firqəsi dəxi vardır. Bunlar zəhmətkeş sinfini toplayıb, onların nəfini gözləmək üçün hökümət dolanacağını birdən-birə, cəbr ilə də olmuş olsa, təzələşdirib, ziraət cəmiyyətləri qurmaq istəyirlər. Tələb və məramca ən gözəl və ən göyçək firqə “İctimaiyyun-amiyyun” (sosial-demokrat) firqəsidir ki, bunu bütün tələbləri pəsəndidə olub, baş tələbləri hər nəyə desən dəyər. Bu tələb isə kasıb və dövlətlini bərabərləşdirib, bu gün pul ucundan və dövlətin çox və azadlığından dünyada törənən həsəd, büxl, kin, ədavət, qüdrətsizlik, məhəbbətsizlik, üz döndərmək, yalan, saxtakarlıq, riyakarlıq, dava, müharibə və sairə məzmum şeyləri yox etməkdir.

Bu üç axırkı söylədiyim firqələrin hamısı istəyirlər ki, millət bilavasitə padşah ilə bir yerdə hökumət dolandırsın və dövlətin qanunlar qərar etmək işləri büs-bütün millətin əlində olsun, nəinki vəzir-vüzəranın. Binaənileyh millət seçilmişlərinə külli-ixtiyar verilib, heç bir şeylə onun ixtiyarı təhdid edilməsin, yəni balacalanmasın. Lakin birinci şərt budur ki, millət seçilmişləri də bu seçki qaydası ilə seçilsin:

Seçki gərək ümumi külli olsun, yəni uşaq, dəli və qoşun əhlindən savayı hamının vəkil seçməyə ixtiyarı olsun, bu ixtiyar hamıda bərabər olsun (ağanın və nökərin ixtiyarı bir olsun). Bu ixtiyar kişiyə verilən kimi, arvada da verilsin. Seçki məxfi olsun, yəni hər seçkiçi hansı adamı istəyirsə, onun adını xəlvətcə yazıb versin, çünki seçki bu cür məxfi olmayıb açkar olsa, o sürətdə zəif adamlara qüvvətlilər güc edib istəmədiyi adamı seçməyə məcbur edərlər. Seçki gərək, vasitəsiz olsun, yəni haman birinci seçkidə seçilən adamlar vəkil adlanıb, millət məclisi qurmağa getsinlər.

 

*   *   *

Bəs, vaqeən hökumətin millət məclisi qurmağa özünün artıq meyli olsa idi, o surətdə seçki haqqını ümumi külli, bərabər və məxfi olmaq qaydası ilə edərdi və nahaq yerə bu haqqı balacalandırmazdı. Və bundan savayı millət məclisindən başqa ayrı bir məclis qurmazdı ki, qanunlar verməkdə onun da millət məclisi kimi haqqı olaydı. Halbuki hökumət millət məclisinin belə bir naqis qurulması ilə iktifa etməyib, bir də özgə məclis qurdu. Və ona da, millət məclisinə verdiyi ixtiyaratı verdi, yəni qanun verməkdə onu da işə çəkdi. Bu məclis nə məclisdir?

Bu məclisin adı rusca Qosudarstvennı sovet və ya Verxnyaya palatadır ki, türkcə biz buna Dövlət şurası deyirik. Bu məclisin üzvləri kimdir? Məclis kimlərdən qurulubdur? Bu məclisin üzvləri bürokrat və burjua adlanan adamlardandır. Bürokratlar, yəni məmur, qulluqçu, daha yaxşı – çinovnik və sahibmənsəblərdəndir. Vəzirlərdən tutmuş hər bir sahibmənsəb cümləsi bürokratdırlar. Hanki məmləkətdə ki, bürokratlar güclü və ixtiyarlıdır, o məmləkətin işi xarabdır, çünki ixtiyarlı bürokratın vücudu ilə millət özü çeh bir iş görə bilməyib, həmişə bürokratların buyurduğuna əməl etməyə məcbur olar və heç bir ixtiyarı olmaz ki, durub bürokratların tutduğu əməllərə nəzər yetirsin ki, görək, aya, bu əməllər millətdən ötrü nə qədər ağırdır və milləti əzməkdə bürokratın nə haqqı vardır. İxtiyarlı bürokrat millətə qəyyum hesab olunur, millət dəxi onun qulu yerində görünür. Heç insaf deyildir ki, millə öz xeyir və şərini gözəlcə anladığı yerdə durub, uşaq kimi qəyyum əlinə verilə; halbuki bu qəyyum öz mənsəbini bütün millətin xeyrinə satmaz. İrana və Osmanlıya bir nəzər edək. Millətin qoyun sürüsü kimi dolanıb pərişan və sərgərdən qalmağına səbəb nədir? Bürokratiyanın gücü və ixtiyaratı...

Burjualar isə - bunlar da pul güdənlərdir, hər biri böyük iş sahibləridir ki, zəhmətkeş və əkinçi adamların vasitəsilə pul qazanıb, heç halda zəhmətkeşin halına qalmırlar. Bunlarınkı az adamı çox işlədib, çox da pul və sərmayə qazanmaqdır. Onlar mühafizə edib gözlədikləri yalnız bir puldur, sərmayədir. Zəhmətkeşlərin məişətini yüngülləşdirmək onların ağlına gəlməz, zəhmətkeşin elmli, əqli-səlim sahibi, qanacaqlı olmağı onlara xoş gələn şeyləərdən deyil və bir də zəhmətkeş nə qədər möhtacdırsa, bir o qədər də onlara nəfdir. Çünki zəhmətkeş üzüqara möhtaclığın ucundan hər bir əzab və zəhmətə razı olub, burjuanın keyfi istədiyi kimi işləyəcəkdir. Mülkədarlar dəxi burjua qismindəndir.

Bunlar böyüklük və ağalıq kimi şeyləri çox sevərlər. Bunların əqidəsincə kəndçi yaranıbdır ki, ağasına qulluq edib, ona pul qazansın, lakin nə tövr qazansın, nə ilə qazansın. Qazanmağa iqtidarı varmı – bunlar daha ağanın işi deyil. Mülkədarın yeri var, kəndçinin yeri yoxdur. Ona görə kəndçi yerə möhtacdır və bu möhtaclıq da onu nökərçiliyə məcbur edir. Bu gün bütün Rusiyanı bürüyən aclığa səbəb kimdir? Mülkədarlar!

Bəs, Dövlət şurasının üzvləri haman bu bürokrat və burjualardandır. Bunların bir qismini padşah özü üzv təyin edir və qalanları da seçki qaydası ilə seçilirlər. Bunlardan savayı Dövlət şurası üzvlərindən bəziləri də pravoslaviyaməzhəb ruhanilərin başçılarıdır. Iştə aşıkardır ki, həmin bu Dövlət şurasında olanlar əvvələn, milləti həmişə qısqı və əziyyət içində saxlayan çinovnik, bürokratiyanın vəkilləri, millətin zəhmətkeş qismini güzərandan salan burjua və dövlətlilərin nümayəndələri, kəndçi sinfini ac qul məqamına gətirən mülkədar və dvoryanların seçilmişləri və bir də din azadlığına həmişə mane olan pravoslaviya ruhanilərinin başçılarıdır. Dövlət dumasına, yəni millət vəkillərinə verilən ixtiyar Dövlət şurasına da verilir. Dövlət dumasının qanun verməyə ixtiyarı olan kimi, Dövlət şurasının da qanun verməyə ixtiyarı vardır. Lakin iş buradadır ki, Dövlət duması vermək istəyən qanunu gərək Dövlət şurası qəbul etsin və Dövlət şurası vermək istəyən qanunu gərək Dövlət duması qəbul etsin və illa qəbul etməsələr, qanunun hökmü işləyə bilməz. Ta ki gərək buna padşahın özü baxa. Indi məlum olduğu üzrə, Dövlət duması elə qanunlar vermək istəyəcəkdir ki, bunların vasitəsilə bütün millət qısqı və əziyyətdən qurtarıb, mürəffəhülhal dolana bilsin. Binaənileyh, bürokratiya və burjua siniflərinin də bu qanunlar vasitəsilə ixtiyaratını getdikcə azaldacaqdır. Belə olan surətdə Dövlət şurası ki, bürokratiya və burjuaziya yığıncağıdır, bu qanunların verilməsinə razı olarmı? Doğrudur, Dövlət duması dəxi Dövlət şurası vermək istəyən qanuna razı olmaz, və bu qanunların baxılması padşahın özünə qalar. Lakin padşah ilə millət arasında Dövlət şurası kimi keçmiş hökumət nümayəndələrinin sədd cə süpər olması Dövlət dumasını hər bir ixtiyardan salmış kimi olar... Odur ki, Dövlət şurasının vücudu onsuz da naqis və natamam, bir tövr ilə yığılmış Dövlət dumasının özünü daha cüzi bir məclis, mənziləsinə salır. Halbuki Dövlət dumasından başqa böyük və külli ixtiyar sahibi heç bir məclis olmamalıdır. Bunu da unutmayalım ki, Dövlət şurasında müsəlmanlardan bir vəkil də yoxdur və olmayacaqdır. Bu xüsusda ədibi-şəhirlərimizdən Ə.İbrahimov cənabları “Ülfət” qəzetində yazıb, Dövlət dumasının müsəlman vəkillərinə təklif edir ki, Dövlət şurasına müsəlman vəkili daxil etmək məsələsini dumada danışsınlar. Lakin mənim zənnimcə, bunun heç lüzumu yoxdur. Bir məclis ki, Dövlət dumasına zidd ola, orada müsəlmandan vəkil oldu, olmadı birdir. Yaxşı olardı ki, heç Dövlət şurası bilmərrə qurulmayaydı. Amma nə etməli ki, bu məclis quruldu. Və quruldu ki, neçə yüz illərdən bəri yığılmış millət ehtiyacatının rəf olmasına sədd və maneə ola...

 

*      *     *

 

Bir tərəfdən Dövlət dumasına millətdən üzvlər seçmək işinin elə naqis və balaca olması və digər tərəfdən də Dövlət şurası kimi bürokratlar yığıncağı qurulması milləti həvəsdən salıb. Dumanın əhəmiyyətini, yəni lazım və vacibliyini heç kəs nəzərə almırdı. Çünki bilirdilər ki, belə dumadan heç bir şey, heç bir mənfəət çıxmayacaqdır. Bu isə hökumətə çox xoş gəlirdi, hökumət duma açılacağını vədə verdiyinə peşiman olmurdu. Zira ki, bunu yəqin etmişdi ki, hürriyyətpərvər adamlardan heç bir kəs elə naqis dumaya daxil olmağa razı olmayacaqdır. Razı olanlar da “vətənpərəst” və “təəssübkeş” adlanan 17 oktyabr firqəsindən olacaqdır, bunlar da hökumətin ağzına baxıb, “sür dərəyə” zərb məsəlinə tabe olacaqdılar. Bundan masəva, hökumət belə güman edirdi ki, dumada hürriyyətpərvər adamlardan olsalar da, çox az olacaqdırlar. Ona görə onların rəyi dumada şayani-diqqət olmayacaqdır və bir də hökumət bunu özünə yəqin etmişdi ki, dumada hürriyyətpərvərlərə xəələ və məmaniət yetirən hamıdan artıq kəndçilərin vəkilləri olacaqdır...

Qəribə budur ki, hökumət dumanın bütün millət nəzərində belə cəri bir şey hesab olunduğunu yəqin bilə-bilə, genə də istəyirdi ki, dumanı bacardığı yerəcən heç zad məqamına yetirsin. Binaənileyh, əvvələn, Rusiyanın ətraf və əknafında dumaya vəkil seçmək işini qəsdən təxirə saldı. Odur ki, duma aprelin 27-də açıldı. Amma indiyədək bizim qafqazdan oraya bir vəkil də göndərilməyibdir. Və saniyən, hər bir quberniyanı “voyennoye polojeniye” (idareyi-ürfiyyəyi-əsgəriyyə) altına alıb qoymurdu seçkidən qabaq camaat yığılıb, duma xüsusunda danışsınlar, dumanın nədən ibarət olduğunu əhaliyə qandırıb, layiqli adamlar seçməyə vadar etsinlər. O idi ki, dumaya bir qədər ümidi olan adamların da həvəsi itib, hər yerdə kəsalət və ətalət ilə istər-istəməz iş görülürdü.

Bir tərəfdən dəxi repressiya deyilən cəbr və zülm davam edirdi. Binəva millət bilmərrə istitaətdən düşmüşdü. Bir çox adamlar, ələxüsus, yəhudilər Rusiyadan baş götürüb qaçırdılar. Bu cür dolanacaq nə vaxta kimi davam edəcəkdir, allah bilirdi. Lakin bu dolanacağa dəxi tab gətirmək qeyri-mümkün idi. Binaənileyh, millət belə bir ağərdan ağır haldan çıxmaq üçün bir əncam axtarırdı. Əncam dəxi bu idi ki, ya qiyam edib, hökumətin belə bir tab gətirilməsi mükün olmayan ağırlığını üstündən atmaq və ya hər nə tövr naqis də olmuş-olsa, Dövlət dumasını ümid ağacı bilib ondan əl üzməmək. Əvvəlinci əncam məlum səbəblərə görə mümkündeyildi. Labüddən ikinci əncamdan yapışmaq lazım gəlirdi. O idi ki, dumanın açılmasına bir az qalmış millət içində dumaya həvəs artmağa başladı. Əvvəl dumaya özünü salmaq istəyən “17 oktyabr” və ya monarxistlər firqəsi idi. Ondan sonra “kadet” və yaxud məşruteyi-əvamiyyə firqəsi kəmali-şövq və həvəs ilə öz adamlarını dumaya salmağa səy və qeyrət etdi. Və elə bir cəld iş gördü ki, “17 oktyabr” firqəsini basıb keçdi. Bunun dalıncan ictimaiyyun-amiyyun firqəsi tərəfindən də dumaya üzv hazırlamaq əlamətləri göründü. Millətin birdən-birə dumaya olan belə həvəsi hökuməti əndişəyə saldı. Daha millətin dumaya layiqli üzvlər hazırlamaq əmrində bu qədər cəld və sürətlə iş görməsinə mane ola bilməyib, hökumət özünü qorumağa başladı. Ən əvvəl pul sarıdan özünü təmin və arxayın etmək üçün beş prosent ilə külliyyəti borc elədi. Və saniyən bu zülm və sitəmin davamına səbəb olan Vitte, Durnovo və kompaniyaya mənsub adamları belə bir “hünər”dən sonra qocalıb yorulduqlarına görə qulluqdan çıxardıb, əvəzində tazalarını qoydu. Bundan başqa, Dövlət dumasının açılmasından iki gün əvvəl dövlət üçün əsas qanunlar elan edildi. Və bu qanunlar Dövlət dumasının cüzi bir məclis olduğunu ikinci dəfə camaata bəyan etdi. Lakin daha dumanın işi qurtarmışdı. Aprelin 27-si yetişdi, vəkillər Peterburqa yığıldı və Duma kəmali-təntənə ilə açıldı. Və hökumət ancaq burada qandı ki, bu duma o özü güman etdiyi dumaya bənzəmir və buraya yığılan vəkillər hökümətin əmrinə qulaq asmaq üçün yığılmayıbdır. Bunlar millətdən ötrü həqiqi hürriyyət və azadlıq qazanıb, camaatı istibdad zindanından qurtarmaq üçün and içib gəlibdilər. Vəkillərin padşah həzrətlərinin nitqinə cavabən yazdıqları adres bunu aydın surətdə hökumətə bildirdi.

       Adres göndəriləndən indiyə kimi bütün Rusiya deyil, bütün aləm gözləyirdi ki, görək hökumət dumanın bu adresinə nə cavab verəcəkdir. Indi bu may ayının 13-də vəzirlər heyəti dumanın adresinə cavabən bir para bəyanat verib, dumanın baş tələblərini rədd edir. Duma isə, necə ki, bugünkü teleqramlardan göründü, vəzirlər heyətinin bu hərəkətindən dilgir və mütənəffir olub, öz dediklərində qayim durmağı qət edibdir. İştə, bu gündən belə bütün aləmin ənzarı Peterburq tərəfinə cəlb olunubdu. Hər kəs deyir görək nə olacaqdır. Lakin bunu unutmamalıdır ki, vəkillər fəda olmaq istəsə də, öz camaatını istibdaddan qurtarmağa and içən kimi, millət dəxi, candan keçiləcək isə də, öz vəkillərinə kömək etməyə and içibdir...



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info