Qonaq Kitabı
İRAN KONSULLARI

 

Yetişsə daşlara fəryadi-dadim, daşlar ağlarlar,

Bəni-növi-bəşər, sən bəs neçün fəryadə yetmirsən?

Ş a k i.

 

Məcmuəmizin nəşrini başlayandan indiyə kimi idarəmizə Bakıdan və İrəvan-dan yüz on altı kağız gəlib. Kağızların başında yazılıb: “İran konsulxanasından şikayət” və axırında imza qoyulub: “İran əhli”, ya inki “İran fəhləsi”. Bu kağızların heç birini biz çap etməmişik, necə ki oxucularımıza məlumdur və çap etməyəcəyik.

Çap etməməyimizin iki səbəbi var:

Əvvəlinci səbəbi budur ki, biz istəmirik konsulları özümüzdən incidək. Nüfuz əhlinə sataşmağı və güclü adamlara dolaşmağı biz əvvəldən özümüzə rəva görməmişik. Məlumdur ki, konsul kimi mütəşəxxis və ehtiram sahiblərindən ehtiyat etmək, – hər halda lazımdır; doğrusu, qorxuruq!

Məktubları çap etməməyimizin ikinci səbəbi budur ki, yüz on altı kağızın hamısına biz diqqətlə baxıb bir kəlmə doğru söz tapa bilmədik: başdan axıra kimi yalan, palan, böhtan, nəqli-məkan, filan.

Məsələn, Bakıdan Kərbəlayı Fərəc yazır ki, Verxni-Təzəpirski küçədə konsulxana fərraşı meyxananın qapısında kefli və əlində çaxırla dolu stəkan mənim qabağımı kəsib məndən dörd manat istədi. Dedim: Vallah mən bir fəhlə adamam, pulum yoxdu. Fərraş acıqlanıb çaxırı səpdi üstümə və məni çəkə-çəkə apardı nayibin yanına. Sözün qurtaranı, məndən döyə-döyə dörd manat alıb yola saldılar. Ha çığırıb bağırdım ki, axır bu pulu məndən nə səbəbə alırsınız, cavab verdilər ki, əvvələn, ondan ötrü alırıq ki, sən İran əhlisən; ikinci, ondan ötrü alırıq ki, əncüməni-xeyriyyə üçün ianə pulu gərək verəsən... Sonra nə qədər axtardım konsulu tapam, şikayət edəm, – yol vermədilər.

Biz bir nümunə üçün bunu yazırıq; qalan yüz on beş kağızda da bu cür hədərən-pədərəndən savayı özgə bir mətləb yoxdu.

Məsələn, İrəvandan Usta Əli yazır: “İrəvan konsulu fərraşların bir neçə dəstəsini nayibin sərkərdəliyi ilə düzüb Naxçıvan yoluna, bir neçə dəstəsini Üçkilsə yoluna. Nayiblər əllərində günlük, fərraşlar əllərində zoğal ağacı, yolun kənarında düzülüb səhərdən-axşama kimi müntəzirdilər. Bəli, görürlər ki, uzaqdan bir neçə adam toz-torpaq içində, belləri bükülmüş, çoxusu ayaqyalın və hamısı piyada, cırıq-mırıq paltarda başlarını aşağı əyib yavaş-yavaş gəlirlər. Nayib və fər-raşlar bunların qabağına yeriyib əvvəl soruşurlar ki, haralısınız? Əgər cavab verdi-lər ki, rus rəiyyətiyik, – canları qurtardı; yoxsa desələr ki, İran əhliyik, – aşları bişibdi. Nayib əvvəl öz əli ilə başlayır yolçuların ciblərini axtarmağı, əgər birindən narazılıq əlaməti görsənsə, fərraşlara hökm olunacaq ki, vursunlar. Elə ittifaq düşür ki, yolçuların bəzisi biədəblik edib üzə durur. Onu axırda aparırlar İrəvana, konsulun hüzuruna. Məsələn, Məşədi Heydərqulu yazır ki, məni apardılar konsu-lun yanına və ərz elədilər ki, bu kişi çox danışır. Konsul hirslənib durdu ayağa. Heç yadımdan çıxmır, konsul özü bir uca adamdır, amma mən alçaq adamam. Konsulun qıçları az qalır mən boyda olsun. Qərəz, konsul hirslənib gəldi mənim yavığıma və sağ ayağını qaldırıb, çəkməsinin dabanı ilə başımdan vurub, papağımı saldı yerə və sonra yumruqla çılpaq başıma o qədər vurdu ki, az qaldım öləm. Sabahkı günü bir kəllə qənd alıb məni bağışladı və günahımdan keçdi. Dedim: Xan, öz aramızdı, dünən məni çox bərk döydün. Xan gör mənə nə cavab verdi: Dadaş, mən özgə qulluqçular kimi müftə yeyib yatan deyiləm: həmişə alnımın təri axa-axa mən padşaha xidmət eləmişəm.

Xülasə, qalan yüz on beş kağız da bu məzmunda, növ-növ iftira və yalan! Sözüm orasındadır ki, bu cür böhtanlar İran konsullarının barəsində çox deyilib və yazılıb: həmin böhtanların biri də İbrahim bəyin İranın xariciyyə vəzirinə dediyidir:

“Bəxuda pənah mibərəm əz in vəzi nagüvar ki hər ca qədəm put əst ba dilsüx-təgane İrani ki dudi ahişan ruyi süpehrra tirəvü tarik mikonəd. Əz təəddiyati daxilə migirizənd, dər xaricə bezülmhayi bədtər əz on giriftar mişəvənd. Bəhər cavü hər deh ki dər məmaliki Rum və Rus mirəsi, xahi didi ki, cəmi biar və bikar benami fərraş dövri yekira giriftə, isməşra konsul güzaştəənd və bəittifaqi on kəmər bətarac və qarəti in biçarəgani avarə əz vətən bəstəəndə” (“Səyahətnameyi-İbrahim bəy”).

Molla Nəsrəddin.

“Molla  Nəsrəddin”,  14  iyul,  1906,  N 15.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info