Qonaq Kitabı
İRAN FƏHLƏLƏRİNİN PULU HARA GEDİR?

 

Keçən vaxtlarda Culfa qəsəbəsinə mənim çox vaxt yolum düşərdi. Hər dəfə orada olanda gömrükxana həyətinə girib, gömrükxana əməllərinə tamaşa edərdim.

Məlumdur, İrandan Rusiyaya və Rusiyadan İrana keçənləri axtarırlar ki, sər-həddən o tərəfə ya bu tərəfə kondrabat malı keçirtməsinlər. Çox vaxt payız fəsli görərdim ki, gömrükxana məmurları Rusiyadan İrana qayıdan İran fəhlələrini düzüb, bunların ciblərini axtarırlar. Fəhlələr özləri ciblərindən şeylərini çıxarıb və dəstmallarını açıb, düzərdilər yerə ki, qulluqçular gəlib görsünlər.

Mən bunlara yavıq gedib, tamaşa edərdim. Bunların ciblərindən və dəstmal-larından çıxan çox vaxt bu cür şeylər olardı: iki dənə qurumuş lavaş, qara saplı bıçaq, çaxmaq və çaxmaq daşı, çubuq, tənbəki və kisə, iynə, sap və pul kisəsi içində üç şahı[i], iki dənə üç qəpik və iki dənə iki qəpik qara pul, iki abbası[ii], iki dənə üç şahı və bir dənə manat gümüş pul, cəmi eləsin bir manat 95 qəpik.

Bəzi fəhlənin şeylərinin içində bunlardan savayı olardı üç arşın yarım qırmızı çit, bəzinin olardı balaca ayna, bir parasının şeylərinin içində olardı təpəsi qırmızı uşaq börkü, bir para Rusiyet mıncığı ki, beş dəsti bir qəpik tutur.

Xülasə şeylərnən işim yoxdur; amma pulları iki manatdan artıq olmazdı.

Bunların bir parası ilə mən çox-vaxt söhbət edərdim; məsəla, deyərdim ki, “nə qəsd ilə İrandan Rusiyaya gəlibsiniz?” Cavab verərdilər ki, “əhli-əyalımız İranda acdırlar, “gəlmüşux onlara çörək pulu qazanaq”. Mən soruşardım:

- Nə səbəbə əhli-əyalınız acdırlar?

Cavab verərdilər ki, “bunu bizdən soruşma, İranın “üləma” və “hakim”lərindən soruş”.

İran fəhlələri Rusiya məmləkətində gündə bir manat, manat yarım və bəlkə iki manat muzd alırlar. Hər bir fəhlənin xərci gündə altı qəpiklik çörək, bir qəpiklik pendir, otuz altı qəpiklik qovun ya qarpız və bir qəpiklik tənbəkidir ki, cəmi eləsin qırx dörd qəpik.

Bəs fəhlələr qazandıqları pulların qalanı hara gedir?

İndiyə kimi heç kəs mənim bu sualıma cavab verə bilməyib.

Axırda gəlib çıxdım Tiflisə. Amma yaxşı ki, gəldim. Çünki Tiflisə gələndən sonra başladım yavaş-yavaş bir para sirlərdən agah və bir para mətləblərdən xəbərdar olmağa. Bir gün bir Allah bəndəsi məni küçədə fikirli görüb dedi:

-Molla Nəsrəddin, bilirəm nə fikir eləyirsən.

Dedim: – Necə?

Dedi: – Fikir edirsən ki, bu İran fəhlələrinin pulu hara məsrəf olunur?

Dedim: – Bəli.

Allah bəndəsi yapışdı mənim əlimdən və çəkə-çəkə apardı Qudoviç küçəsinə (Tiflisin mötəbər küçələrindəndir). Bir böyük və gözəl imarətin qabağında durub, mənə dedi:

- Bilirsənmi bu imarət kimindir?

- Dedim: – Xeyr.

Rəfiqim başladı ki, bu imarət cənab müstətab əcəllü əşrəf Ərfəüddövlənindir.

Dedim: – Kimdir Ərfəüddövlə?

Cavab verdi ki, “bu vücud dövləti-əliyyeyi-İranın İstambul səfiri-kəbiridir”.

Dedim: – Çox əcəb, bunun mətləbə nə dəxli var? İstanbul hara, Qafqaz və Rusiyada işləyən İran fəhlələri hara?

Yoldaşım başladı nağıl eləməyə:

- Əmiri-rövşənzəmir Mirzə Rza xan cənabları on-on beş il bundan irəli müinul-vüzəra[iii] rütbəsində, general-konsul məsnədində[iv] Tiflisdə iqamət buyururdular. Həmin imarət “tacir-sərimiz”in haman vaxt vətən və millət yolunda göstərdiyi xidmətin yadigarıdır və bu imarətdən savayı “ağa”nın Barjomda və qeyri yerlərdə dəxi əla mülkləri vardır.

Dedim: – Bəli.

Rəfiqim başladı:

- Həmin gördüyümüz imarətin qiyməti əqəllən[v] olar əlli-altmış min manat.

Dedim: – Bəli.

- Və qalan əmlakı bir-birinin üstündə hesab etsək, cəminin qiyməti iki yüz manata çatar.

Dedim: – Çox əcəb.

- Tiflis konsulunun dövlət tərəfindən təyin olunduğu məvacibi, hər bir özgə xərclərindən savayı, ayda yüz iyirmi manat və ildə min dörd yüz manatdır. İki yüz min manat yüz əlli konsulun məvacibidir; yainki bir konsulun yüz əlli ilin müddətində aldığı məvacibdir. Bəs üç-dörd il konsulluq eləməklə nə cür iki yüz min manatı cəm etmək olar?

Dedim: – Bilmirəm.

Sonra yoldaşım yapışdı əlimdən və yenə çəkə-çəkə apardı Alekseyev küçəsinə və bir imarət nişan verib dedi ki, “bu da filan xanın mülküdür ki, indi filan şəhərdə konsulluq xidmətindədir”. Sonra rəfiqim yenə məni dolandırmaq istədi, amma mən dəxi yorulmuşdum və dostuma dedim:

- Əzizim, bu imarətlərə yox yerdən sahib olmaq üçün tək bircə vasitə var. Həmin vasitəyə farsi kitablarında deyirlər: “Tətaviliyəd”[vi] və türki kitablarında deyirlər: “zəlilik”.

Yoldaşım başa düşmədi. Dedim:

- Barama qurdu.

Yenə başa düşmədi. Dedim:

- Hörümçək, cəllad, quldur.

Dedi – Başa düşmürəm.

Dedim: – Əgər başa düşmürsən, gələn nömrədə səni başa salaram.

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  6 oktyabr,  1906,  N 27.



[i]  Üç dənə beş qəpiklik.

[ii]  Qırx qəpik.

[iii]  Nazir müavini.

[iv]  Vəzifəsində, yerində.

[v]  Ən azı.

[vi]  Özgə malına əl uzatmaq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info