Qonaq Kitabı
İNŞAALLAH

 

Mənim bir nəfər dostum var, adı Məşədi Ələsgərdir. Mənim həmişə ona bir işim düşəndə və mən ondan bir şey təvəqqə edəndə o mənə deyər “inşaallah”, amma burası var ki, çox vaxt dediyi sözə əməl eləməz. Məsələn, deyərəm: “Məşədi Ələsgər, Kərbəlayı Həsənə de ki, bu gün gəlsin bizə, çox vacib işim var”. Dostum mənə cavab verər “inşaallah” deyərəm. Amma gedib gözlərəm, Kərbəlayı Həsən gəlməz. Məlum olar ki, dostum Kərbəlayı Həsənə mənim sifarişimi yetirməyib.

Məşədi Baxşəliyə bir gün dedim: “oğlunu göndər getsin məktəbdə oxusun”. Dedi “inşaallah”, amma bir neçə gün keçdi göndərmədi. Bir də görəndə dedim, genə mənə dedi “inşaallah”. Bir neçə gün keçəndən sonra genə dedim, genə mənə cavab verdi “inşaallah”. Bir də görəndə dedim, genə dedi: “inşaallah, göndərərəm”.

Üç aydan sonra gücnən oğlunu göndərdi məktəbə.

 

*  *  *

Kərbəlayı Qasım bir gün mənə dedi: “Gedirəm Tiflisə”. Dedim: “Nə vaxt gedirsən?”. Dedi: “İnşaallah iki gündən sonra”. Beş-altı gündən sonra gördüm Kərbəlayı Qasım küçədə durub bir kişiynən danışır. Dedim: “Bə niyə getməyibsən Tiflisə?” Dedi: “İnşaallah iki gündən sonra gedəcəyəm”. Beş-altı gündən sonra gördüm Kərbəlayı Qasım gedir hamama. Dedim: “Bə nə vaxt gedirsən Tiflisə?”. Dedi: “İnşaallah iki gündən sonra gedəcəyəm”.

Dəxi sonra bilmədim ki, nə vaxt Kərbəlayı Qasım getdi Tiflisə.

 

*  *  *

Bir fayton kirayə eləyəndə və səfərə çıxanda müsəlman faytonçusuna deyirsən ki, “sən Allah çamadanı faytonun dalına bərk bağla ki, yolda düşməsin”, deyir “inşaallah düşməz”. Bir qədər yol gedib baxırsan ki, kəndir boşalıb az qalır çamadan düşsün, faytonçuya yalvarırsan ki, “sən Allah, bunu bərkit ki, düşməsin”. Faytonçu cavab verir ki, “inşaallah düşməz”.

Yainki yolda görürsən ki, yavaş gedir, hava soyuqdur, qaranlıq düşür və faytonçuya deyirsən ki, “qardaş, bir az iti sür ki, tez gedib çıxaq mənzilə”. Faytonçu sənə cavab verir ki, “inşaallah gedib çıxarıq”.

 

*  *  *

Əmin Kərbəlayı Zülfüqarın övrəti azarlı olanda mən həmişə ona deyirdim ki, “əmi, əlbəttə gərək bu gün azarlıya həkim göndərəsən”. Əmim mənə deyər “inşaallah”. Bir gün geçər, azarlının kefi dəxi də xarab olar və genə əmimdəm təvəqqə elərəm ki, həkim gətirsin. Əmim genə mənə cavab verər “inşaallah”. Üç gün keçər, genə deyərəm, genə əmim cavab verər “inşaallah”.

Əmim “inşaallah” deyə-deyə biçarə övrətini Allahın rəhmətinə göndərdi (əlbət əcəli tamam imiş).

 

*  *  *

 

İnşaallah, bu il hava yaxşı olacaq, inşallah bu il çörək ucuz olacaq, inşaallah bizim şəhərdə bu il qiraətxana açacaqlar, bu il inşaallah məscidi təmir edəcəyik, inşaallah bu il çəyirtkə əkinləri yeməyəcək, inşaallah bu il yağışlı il olacaq, mən inşaallah istəyirəm bu il gedəm Ağdaşdan alma ağacı gətirib əkim, inşaallah sabah Heydəri göndərəcəyəm dayısı evinə, inşaallah bir neçə ildən sonra həyətin bu tərəfindən bir imarət salacağam və burada inşaallah bir məktəb bina eləyəcəyəm ki, inşaallah yetim uşaqlar gəlib burada dərs oxusunlar və ac toyuq yuxusunda inşaallah darı görəcək və genə inşaallah nə bilim nə eləyəcəyəm və genə inşaallah bilmirəm nə eləyəcəyəm və genə inşaallah, inşaallah, inşaallah, inşaallah, inşaallah Bakıda müsəlman camaatı aclara buğda göndərəcək ki, yesinlər və yerə səpsinlər inşaallah...

 

Mozalan

“Molla  Nəsrəddin”, 18 noyabr,  1907,  N 43.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info