Qonaq Kitabı
İFRATIN MƏNFƏƏTİ

 

(“Həyat”ın 176-cı nömrəsini oxuyanlara bir balaca söhbət).

 

Cənab H. K. “Həyatın” söylədiyimiz nömrəsində “İfratın məzərrəti” adında yazdığı məqalədə deyir:

“Bir millətin heyəti-camiəsi nə qədər məsrur və şad və azad olsa, o qədər tərəqqi edər, o qədər iş görər, o qədər də şəci, rəşid, aqil və alim olar. Böyük Napalyon bir vaxt düşündü ki, Fransa millətinin birinci səbəbi-tənəzzülü hüzn və qəmdir, özü klublar açdı, rəqs etdi, xalqı müaşirətə təhrik etdi. Həmçinin böyük Pyotr, həmçi-nin sair Avropa mucibi-tərəqqiləri. Və lakin bizim İran millətini dövlət, üləma, sadat, əşraf, rüəsa – hamısı ağlamağa dəvət edirlər. Həzrəti-Hüseyn əleyhüssəlamın şəhadəti dünyanın böyük müsibətlərindəndir. Hər sənə on gün məhərrəmi o büzür-güvar üçün məhzun olmaq müstəhəbb, müəkkəd və savabdır və lakin il on iki ay məhzun olmaq, ağlamaq, baş yarmaq, əlli milyon tümən xərcləmək milləti mərsiyəxan surətində gəda eləyib, çöllərə salmaq, əlbəttə, müzürrdir, bişübhə milləti fəlakət və əsarətə salar. Bir yerə nə işdən ötrü olursa-olsun cəm olanda, toy məclisində, bayram görüşündə, qonaqlıqda və hər növ şadlıq və qeyri şadlıq məclisində və hətta ticarətxanalarda və bəlkə tərəqqi edib şüareyi-müabirdə, xalqın tərəddüdünü kəsib, iş-gücdən qoyub, başına vurub ağlatmaq, əlbəttə, milləti bu hala yetirər”.

Cənab “H. K.”nın bu sözlərinin cavabında deyə bilərik ki, bütün yer üzündə yetmiş iki millətin içində heç bir məmləkət tapılmaz ki, müsəlman içində olan xeyir və bərəkətin yüzdən bir hissəsi orada ola bilsin.

Ax, fəda olum sənə, ey müsəlman aləmi! Nə gözəl imişsən!..

Allah o günü heç kəsə göstərməsin ki, birisi gedə düşə özgə millətlərin içinə, əlindən də bir iş gəlməyə, bir sənət və qabiliyyət sahibi olmaya! Yəqin ki, belə bir adamın dilənməkdən savayı bir çarəsi olmayacaq.

Amma di gəl müsəlman aləminə allah min-min bərəkət versin! Əgər müsəlman içində “ağa” olmaq, çörək sahibi, hörmət-izzət sahibi olmaq istəyirsən, meydan genişlikdir, hər nə istəyirsən ol, allah bərəkət versin. Əgər uşaqlıqdan arzu eləyibsən dövlət və cəlal sahibi olasan və özün də heç bir zəhmət çəkməyəsən, get mərsiyəxan ol; bu şərtlə ki, uca səsin ola; özgə bir şey lazım deyil.

Buradan bir haşiyə çıxaq.

Uşaq vaxtı, Molla Heydərin məktəbində oxuyan vaxt, mənim bir yoldaşım var idi; adı Qafar idi. Çox yaxşı oğlan idi. Amma dərs oxumağa bircə tikə həvəsi yox idi. Bir gün axund, Qafarın ayaqlarını fələqqəyə qoymaq istəyirdi. Amma Qafar bunu başa düşüb dərsdən qaçdı. İndi Molla Qafar Danabaş kəndində şöhrətli mərsiyəxanların biri hesab olunur.

Bəli, Allah müsəlman aləminə bərəkət versin! Meydan vüsətlidir, hər nə istəyirsən ol, növhəxan ol, məşəl yandıran ol, dəstəbaşı ol, şəbihgərdan ol... hər nə kefin istəyir – ol!..

Buradan da bir haşiyə çıxaq.

Avropa kitablarında və səyahətnamələrində müsəlmanlardan söz düşəndə yazırlar ki, müsəlmanlar il on iki ay ağlamaqla vaxtlarını keçirirlər.

Tutaq ki, bu sözlər səhvdir, çünki hərdən bir mərsiyədən sonra məsciddən çıxıb mütrüb məclisinə də gedirlər. Amma bunilə belə, o yerlərdə ki, mütrüb yoxdu, vaqeən il on iki ay müsəlmanlar ağlamaqla vaxtlarını keçirirlər.

Bundan da bir haşiyə çıxaq.

Qabaqca ərz elədiyim Molla Qafar mərsiyəxanada bildir bir dəfə görüşən vaxt mən ondan soruşdum:

- Ay Molla Qafar, sən allah, məni bir başa sal görüm, nədən ötrü bir ilin ərzində üç yüz altmış beş gün xalqı ağlamağa dəvət edirsən və halonki, müsəlmanın müsibət əyyamı məhərrəmül-həram ayıdır?

Molla Qafar əvvəl sözün doğrusunu demək istəmədi. Amma sonra and verdi ki, bu sirri mən heç kəsə açmayım və başladı:

- Ay Molla Nəsrəddin, əgər biz mərsiyəxanlar durub bircə məhərrəm ayına iktifa eləyib[i] qeyri ayları bekar qalsaq, pəs onda bizim ruzumuz haradan və kimdən yetişəcək?

Bir qədər fikir edib gördüm ki, rəfiqim doğru deyir.

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  18 avqust,  1906,  N 20.



[i] Kifayətlənib.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info