Qonaq Kitabı
İDARƏMİZİN ƏHVALATINDAN BİR NEÇƏ SÖZ

 

Aşnalarımızdan bəzisi bizə məktub göndərib xahiş edir ki, onlara idarəmizin əhvalından bir neçə məlumat yazıb bildirək; məsələn, neçə müştərimiz var, kimdir bu müştərilər, hansı şəhərdən məcmuəmizə artıq həvəslə abunə yazılırlar, nə qism məktublar bizə göndərirlər və i. a.

Məcmuəmizin dördüncü nömrəsi iyirmi beş min nüsxə qədərincə çap olundu. Bu iyirmi beş mindən on səkkiz min dörd yüz otuz iki nüsxə doqquz aylıq, altı aylıq və üç aylıq müştərilərə göndərilir. Qalanı tək-tək satmaq üçün özgə şəhərlərə yollanır.

Müştərilərin yarısından çoxu İran əhlidir. Belə ki, Xorasandan başlamış, Tehran, İsfahan, Təbrizə kimi həmin şəhərlərə, hətta kəndlərə on beş mindən ziyadə məcmuəmiz gedir. Bunun on üç min altı yüz doxsanı illik abunə olanlarımızdır. Qalanı tək-tək satılır (görək qonşularımız “Həyat” və “İrşad”ın əhvalı bu hesablara yavıq ola). On min nüsxəyə kimi “Molla Nəsrəddin” Qafqaz və Rusiya müsəlmanlarının arasında nəşr olunur (“İrşad” və “Həyat” da bu hesabda olmalıdırlar).

Bizə ən çox abunə verən şəhərlərin əvvəlincisi Naxçıvandır; burada iki minədək müştərimiz var, əlavə min beş yüz nüsxədən ki, hər həftə burada satılır. Naxçıvandan sonra Batum, Danabaş, Vladiqafqaz və Gorus şəhərləridir. Üç minə yavıq nüsxəmiz Krım, Qazan, Orenburq və qeyri şimali müsəlman şəhərlərində və kəndlərində dağılır (söz yox ki, dilimizin bir olmağı çox şərtdir.) Bir qədər müştərimiz Bakı, Gəncə, Şamaxı və qeyri şəhərlərdə varımızdır.

İdarəmizə göndərilən məktublar hər bir dildə yazılır: rusca, firəngcə, latınca, yaponca, kitay, hindi, ərəb, fars, avstraliya, pataqoniya... qərəz dərdisər olmasın, yetmiş iki millətin dilində yazılmış məktub idarəmizdə tapmaq olar (əlbəttə, elmin çox olmağı şərtdir).

Söz yox ki, soruşursunuz, bəs bu yetmiş iki millətin dilində yazılan kağızları biz necə oxuyuruq. Yalan deyə bilmərik ki, cümləsini oxuyuruq. Kitay və pataqoniya dilində yazılan məktubların sahiblərinə həmişə xəbər veririk ki, özləri Tiflisə gəlib yazdıqlarını oxusunlar. Qalanlarını qoyuruq qabağımıza və zərrəbin vasitəsilə başlayırıq nöqtələrini götürüb öz yerlərinə düzməyə, ya inki qəzet istəyənə karet, kürək istəyənə kürk və qurbağa istəyənə məcmuə göndəririk.

Bizim rəyimizə qalsa, bunların eybi yoxdur. Şərq xəttin gözəlliyidir və halonki, idarəmizə gələn məktubların cümləsi gözəl xətlə yazılmışlar. İnsaf əhli məcmuəmizin 4-cü nömrəsinin beşinci səhifəsini yadına salıb bu sözləri təsdiq edər. Vaqeən İrandan gələn yazılar xəttin gözəlliyi barəsində misilsizdirlər. Mən güman edirəm ki, bunlar hamısı əvvələn, hürufatımızın gözəlliyindən və saniyən İranın hamamlarının sularının təsirindəndir.

Müştərilərimizin cümləsi müsəlmandır. Qəribə burasındadır ki, dünən ittifaqən rus tanışlarımızın birisi idarəmizdə abunə dəftərinə baxıb təəccüblə mənə dedi:

- A Molla Nəsrəddin, nə çox rus və polyak müştəriləriniz var?

Dedim:

- Balam, heç biri də yoxdur.

Aşnam abunə kitabını qabağıma itələyib, dəxi artıq təəccüblə dedi:

- Bə bu “oflar” və “iskilər” məgər müsəlman adlarıdırlar?

Gördüm ki, həqiqət aşnam doğru söyləyir və dedim:

- Əzizim, heç ürəyini sıxma, bunlar hamısı ötüşər...

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  5  may, 1906,  N 5.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info