Qonaq Kitabı
İDARƏDƏN

 

Oxucularımızın bir parası yazıb bizdən soruşurlar ki, nə səbəbə ingilis səyyahı Bekker dəxi Qafqaz meşələrindən bizə xəbərlər yazıb göndərmir.

Bunun səbəbi budur ki, cənab Bekker əvvəlinci məktubunu bizə göndərəndə şərt qoymuşdu ki, göndərdiyi məktubların biri çap olunmayınca dəxi o birini göndərməyəcək.

Biz Bekkerin axırıncı məktubunu çap edə bilmədik və bu cəhətə dəxi Bekker bizə bir şey yazıb göndərmir.

Bekkerin məktubunu çap etmədik, ondan ötrü ki, inanmadıq ki, məktubda yazılan əhvalat Qafqaz meşələrində üz vermiş ola.

Məktubun məzmunu budur:

 

MEŞƏDƏ  GÖRDÜKLƏRİM

 

Bir gün Bakıda bir evin qabağından keçirdim – gördüm bir belə səs gəlir:

Ay ağa aman günüdür, məni bağışla, yazığam... Evin qapısına baxıb gördüm ki, qapının yuxarısında yazılıb: “Müsəlman məktəbi”. Mən əvvəl elə bildim ki, əlbət uşaqların birinin ayaqlarını qoyublar Molla Şükürün falaqqasına. Girdim içəri. Nə gördüm? Gördüm ki, bir zorba kişi yapışıb bir zəif kişinin yaxasından və çəkir küçəyə və iyirmi-otuzadək adam tökülüb bu zəif kişini döyürlər. Bir az da qabağa yeridim ki, görüm bu adamlar bu biçarədən nə istəyirlər. Bir şey başa düşmədim, ancaq bunu eşitdim ki, zorba kişi biçarənin peysərindən vura-vura deyir: “Bayıra çıx, filan filan şüdə, bizə müsəlman müəllimi lazım deyil”. Bu biçarə də elə hey yalvarır ki, ay qardaşlar, rəhminiz gəlsin mənə, qoyun çıxım gedim. Amma əl çəkirlərmi? Kötək kötək üstündən gəlir... Müxtəsər, yazıq kişini saldılar küçəyə”.

Bekker bizə göndərdiyi axırıncı xəbər həmin bu xəbərdir ki, çap etməmişdik. Hərçənd Qafqaz meşələrində olan işlər heç Amerika meşələrində də ola bilməz, amma genə ağla sığışmır bir nəfər aciz və fəqir və həqir və müsəlman aləmində vücudu bir qarışqa mənzələsində olan müəllimin üstünə iyirmi-otuz əliçomaqlı tökülüb döyə-döyə məktəbdən sala eşiyə.

____________

 

Ay yüz il bundan sonra dünyada yaşayan nəvə və nəticələrimiz! Bəlkə yüz il bundan sonra “Molla Nəsrəddin”in köhnəlmiş və qat yemiş vərəqləri tozlanmış və çürümüş kitabların içindən çıxıb düşə əlinizə və oxuyasınız. Mən qorxuram ki, siz o vədə deyəsiniz ki, “bu rəhmətlik Molla Nəsrəddin bizim rəhmətlik babalarımıza böhtan deyib, çünki bu yazdığı əməlləri heç qədim əsrlərdə Germaniyanın çardaq altında yaşayan millətləri də tutmazdılar!”.

Ey xoşbəxt nəvə və nəticələrimiz! Qorxuram belə deyəsiniz!

 

İmzasız

“Molla  Nəsrəddin”,  17 fevral,  1907,  N7.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info