Qonaq Kitabı
HƏMŞƏRİ

 

Bakıdan otuz nəfər həmişəri mənə şikayət edir ki, onları şahi-məğfurun təziyəsində məscidə qoymadılar. Kağızın məzmunu budur: “Biz otuz nəfər həmşəri durduq məscidin qapısında. Əvvəl istədik girək içəri. Bir dövlətli hacı gəldi, “buyur, buyur” deyib aparıb oturtdular minbərin yanında. Bir təşəxxüslü çinovnik gəldi, “buyur-buyur” deyib aparıb oturtdular minbərin yanında. Bir bəy gəldi, həmçinin, bir xan gəldi, həmçinin; sonra hər bir rəğbətli adam gəldi, “buyur, buyur” eləyib aparıb oturtdular minbərin qabağında. Sonra hər kəs gəldi, zorradı girdi içəri, hər kəs gəldi, adamları basdı girdi içəri. Biz də istədik izn almamış girək məscidə, amma bizə dedilər: “Siz həmişərisiz, siz durun qapının ağzında!” Sonra hey bir ucdan çay, qəhvə, paprus daşıyıb düzdülər ağaların qabağına... Amma biz axıra kimi durduq qapının ağzında”.

Bu kağıza otuz həmşəri qol çəkib.

Ey həmşərilər, ey mənə kağız göndərən otuz nəfər həmşəri, açın qulağınızı və görün mən sizə nə deyirəm.

Mən indiyə kimi heç bilməzdim həmşəri nədir; mən ancaq bunu bilirdim ki, həmşəri fəhlədir, hambaldır, kankandır, biçinçidir, nökərdir, su daşıyandır, qəlyana od qoyandır, tulambarçıdır. Mən indiyə kimi elə bilirdim ki, həmşəri milçəkdir, torpaqdır, daşdır, kol-kosdur; amma heç bilməzdim ki, həmşəri də adamdı.

Əvvəllər İranın bir kəndinə yolum düşəndə görərdim ki, o kəndin ağası, ya mollası buğdanı doldurub ambarlara, amma kənddə rəiyyət görsənmir. Soruşardım: “bunlar hara gedib?”  cavab verərdilər ki, “acından dağılıblar Rusiya torpağına”.

Bu işləri görəndə mən elə bildim ki, həmşəri adam deyil; elə bildim ki, həmşəri araba atı kimi bir heyvandı.

Əvvəllər həmşəriləri təziyə məclisinə, ya qeyri məclislərə qoymayanda, həmşərilər çönbələrdilər qapının astanasında və dinməz-söyləməz oturub başlarını salardılar aşağı və öz-özlərinə deyərdilər:

- Allah, şükür olsun dərgahına!

Mən o vədlər elə bilərdim ki, həmşərilər qoyun-quzudurlar. Amma indi Bakıda həmşəriləri təziyə məclisinə qoymayanda, götürüb Molla Nəsrəddinə şikayət yazırlar.

Ey mənə kağız yazan həmşərilər, açın qulağınızı və görün sizə nə deyirəm! Əgər istəyirsiniz ki, sizi də adam hesab eləyib məclislərə qoysunlar, gərək mənim bir neçə vəsiyyətimə əməl eləyəsiniz.

Əvvəllən, ay İrani-viranın xaki-pakının[i] yetim balaları həmşərilər! Əvvəllən, gərək bir-birinizlə əl-ələ verəsiniz, yəni Məhəmmədvəli gərək yapışsın Həsənin əlindən, Həsən – Kərbəlayı Qasımın əlindən, Kərbəlayı Qasım – Usta Cəfərin əlindən, Usta Cəfər – Məşədi Haqverdinin əlindən. Xülasə, cəmi həmşərilər gərək yapışsınlar bir-birinin əlindən; yəni birləşsinlər!

Saniyən, ey mənim yoldaşlarım, cırıq-mırıq həmşərilər! Elə ki, bir-birinizin əlindən yapışdınız, o vədə, söz yox ki, yenə mənə kağız yazıb soruşacaqsınız ki, “indi bəs nə eləyək?” və o vədə mən sizə bu sözləri yazacağam; mən sizə yazacağam ki, keçən vaxtlarda vətənpərəsti-həqiqi və alimi-yeganə cənab Mirzə Melkumyans məzlumlar barəsində bir kitab yazıb; mən sizə yazacağam ki,  tapın həmin kitabı və açın qabağınıza və oxuyun. Oxuyandan sonra həmin kitabı vurun qoltuğunuza və Arazı hoppanıb, keçin tarmar vətəninizə və orada açın bir tərəfdə həmin kitabı və bir tərəfdə İbrahim bəyin “Səyahətnamə”sini, oxuyun, oxuyun, oxuyun!

Və oxuyandan sonra bir qədər fikir edin.

Ey mənim yolçu, dilənçi, lüt-müt qardaşlarım, həmşərilər! Əgər istəyirsiniz ki, sizi də adam bilib məclislərə qoysunlar, gərək mənim bu nəsihətlərimə əməl edəsiniz. Çünki vallah, billah, yer haqqı, göy haqqı bundan başqa sizdən ötrü nicat yolu yoxdu.

Bircə sözüm qaldı.

Qorxuram İranın hüriyyətinə ümidvar olub yenə yatasınız. Yox, İranın hüriyyətinə çox da bel bağlamayın! Yaxşısı budur qulaq asın, görün bizim “Hop-hop” bu barədə nə deyir:

 

 

Nolur şirin məzaq etsə məni həlvayi-hürriyyət,

Yesəm bir löqma ondan, söyləsəm oxqay, hürriyyət!

De, xeyr olsun, yuxu gördüm ki, bir dərya kənarında

Tökülüblər yanbayan, qat-qat, bütün lay-lay hürriyyət;

Yığıb da doldururlar kisə-kisə, bağlanır möhkəm,

Vururlar tillə, dağdan da aşır balayi-hürriyyət.

Zibəs çoxdan bəri şövqündə idim mən bu həlvanın,

Dedim, yaran, nolur verməz mənə bir payi-hürriyyət!

Sözüm xoş gəlməyib təhvildarə, söylədi: “Güm şo!

Bədəsti kütəh əz nəxl məcu xurmayi-hürriyyət?

Nəmidani ki, in dilbər bu gün məxsusi İranəst,

Tüxud naməhrəmi bər şahidi-zibayi-hürriyyət?”*

Kəmali-yəs ilə məhrum olub, bir yanda əyləşdim;

Alıb bir kəştiyə[ii] doldurdular tay-tay hürriyyət.

Svistok qışqırıb, kəşti rəvan oldu, baxırdım mən,

Hələ getməkdə idi zövrəqi-dəryayi-hürriyyət.

Ki, nagəh bir qara bayraq açıldı dor ağacında,

Yazılmış onda bir xətti-müsibətzayi-hürriyyət;

Oxurkən xətti məlum oldu kəştibanı[iii] qərq olmuş,

Qalıb dəryadə heyran kəştiyi-dəvayi-hürriyyət.

Xüruşan mövclər hər səmtdən yeksər hücumavər,

Görüb əmvacı kəştidən ucaldı: “vay, hürriyyət!

Bu səsdən səksənib durdum, götürdüm saətə baxdım,

Hələ gördüm ki, şəbdir, söylədim: lay-lay, hürriyyət!..

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  19 yanvar,  1906,  N 3.



[i]  Pak torpağının.

[ii]  Gəmiyə.

[iii]  Gəmiçi, kapitan.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info