Qonaq Kitabı
GÖZ YAŞLARI

 

Ağdamdan bizə belə xəbər verirlər:

Qiyaslı kəndinin sakini Molla Qənbər səkkiz yaşında bir qıza aşiq olur, kəndin mollası Molla Sadıq kəbin kəsir və Molla Qənbər zor ilə aparır evinə.

Məktubda yazılan təfsilatı biz burada çap edə bilmədik, ondan ötrü ki, məcmuəmizi oxuyanların içində övrətlər və uşaqlar da var.

Məktub sahibi həmin əhvalata şahid gətirir: Ağdamda hacı Miriş Mirbağırzadə cənablarını, Abdulla Hacı Tağı oğlunu və bir neçə dəxi qeyr şəxsləri.

Bu barədə biz ancaq bunu deyə bilərik:

Əvvəla, bir azarlının ölüm halı yavuqlaşanda onun canına hesabsız dərdlər ariz olur.

Və saniyən:

Mirzə Mülküm xan “Qanun” ruznaməsinin onuncu nömrəsində üzünü müsəlmanlara tutub deyir:

Əgər şuma adəm budid və əgər bəqədr zənhayi-sair milal hiss və qeyrət midaştid.... əgər şuma in qədr şüur daştə başid ki, misli-sairin xudra adəm bedanid və mənayi-ittifaqra əqəllən bəqədri-bəzi heyvanat befəhmid, küdam zalimi-əhməq cürət xahəd kərd ki, bəhüquqi adamiyyəti-şüma dəst bezənənd?”.

Yəni “əgər sizlər adam olsaydınız və özgə millətlərin övrətləri qədərincə qeyrə-tiniz olsaydı... Əgər sizdə şüur olsaydı və əqəllən bəzi heyvanlartək ittifaqın mənasını bilsəydiniz, o vaxt hansı bir zalım cürət edə bilərdi ki, sizin insanlıq hüququnuza əl uzatsın?...”

Mirzə Mülküm xan oturub London şəhərində bizim halımıza ağlayır, amma biz səkkiz yaşında qızın nərəsini eşidib deyirik “mənə nə?”.

Bizim halımıza Londonda göz yaşı tökürlər, amma biz gülürük.

 

İmzasız.

“Molla  Nəsrəddin”,  12 avqust,  1907,  N 30.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info