Qonaq Kitabı
MƏRƏZLƏRIMIZDƏN BIRI

 

Dünyada ən alçaq sifətlərdən birisi, zənnimcə, cürətsizlikdir. Bu sifət çox vaxt insanın bədbəxtliyinə belə səbəb olur. Cürətsiz adamdan yaxşı iş baş verməz, sairlərin müsibətinə dəxi bais olar. Cürətsiz adam heç bir təşəbbüsə müvəffəq olmaz. İşini xarab edər, heç bir səmərə görməyib, əldən buraxar. Halbuki hər bir işdə cürət lazımdır.

Cürət insana qanad verər və müvəffəqiyyətini təmin etmiş kimi olar. Bu gün ticarət, sənət, elm kəsb etmək, fənn öyrənmək kimi böyük işlərə iqdam edən kəs cürətlilik sifətinə haiz olmaza, layiqincə faydamənd olamaz. Cürətsiz həmişə cürətlinin ayaqaltısı olar. Bir ailə ərkanından tutmuş dövlətlərə kimi cürətli ilə cürətsizin arasında böyük bir fərq müşahidə olunur. Cürətlli səadət və xoşbəxtlik sayəsində dolanarkən, cürətsiz məzəllət altında mütəzəyyiq, fəna bir ovza ilə ömür keçirər. Cürətli oğul yox mənziləsində olan ata evini abad edər, cürətsiz isə atasının abad evini xarabazara döndərər.

Bu gün cürətli ingilislər, amerikalılar kürreyi-ərzin hər bir nöqtəsində hökm fərmadırlar. Cürətsiz İran isə əğyar təcavüzündən dəxi özünü qorumağa qadir deyildir.

Biz, Rusiya müsəlmanları dəxi artıq bir cürət sahibi olduğumuzu meydana çıxara bilmirik; bizdə cürət ölübdür, əhya etmək lazımdır. Ticarətimizin həmcivarlarımıza nisbətən kəsadlığı, dürlü-dürlü mənfəətli sənətlərdən məhrum olmağımız, elm və fənndə dala qalmağmıız, hamısı bizim cürətliyimizdən naşidir. Bizi saxlayan tək bizim bəsalətimizdir ki, o da belə qalsaq, yavaş-yavaş itər və yox olar. Cürətsizlik bizi mədəniyyətdən uzaqlaşdırır. Odur ki, bizlərdən gözə görkəmli və şayani-diqqət əməllər nüdrətən sadir olur.

Biz bir işə iqdam etmədən qabaq öz acizliyimizi iqrar edərək, məzkur işdən heç bir şey çıxmayacağını hökmən özümüzə yəqin edirik və şövqü həvəsdən düşüb, əbəs yerə fürsətimizi əldən buraxırıq. Birimiz bir iş tutmaq istədikdə, digərimiz ona mane olub, cürətsizlərə mənsub bir əda ilə “sən, yaxud biz bacarası iş deyil” – deyə bu işdən sərfi-nəzər etməyi dəxi tövsiyə edirik.Biz eşidirik ki, filan müsəlman filan böyük işə iqdam edibdir. Yaxud, filan işdən ötrü Amerika kimi bir yerə getmək istəyib. O saat biz (guya ilhami-rəbbani ilə) o işlərdən bir şey çıxarmayacağını qəti xəbər verib, “çünki müsəlmanlardan belə-belə işlər baş verməz, bu ittifaqda ermənidən danış, biz müsəlman belə işləri bacarmırıq” kimi cəbunlara məxsus bir ümidsizliyə bunu da əlavə edirik.

Belə çıxır ki, biz hər bir ittifaqda nikbinlərdən ədd olunduğumuz halda, tək bir yerdə bədbinalığı qəbul edirik. Görünür, bizim öz qüdrətimizə etiqadımız yoxdur. Varmışsa da itibdir. Budur ki, bizim cürətsizliyimiz və acizliyimizə müqəər olmağımız hər bir iş müqabilində əl-ayağımızı bağlayıb, bizi hərəkətsiz buraxır. Cürətsizlikdən başqa bir də, ümumiyyət etibarilə, digər bir fəna sifət dəxi müşahidə olunur. Bu da acizlikdir. Balaca bir müsibət və bədbəxtliyə düçar olanda biz özümüzü, bnilmərrə itiririk. Əslində baxsan, bu da bizim cürətsizliyimizdən doğan bir sifətdir.

Söz yoxdur ki, bir işə iqdam edib, baş aparmağa çalışan adam bu yolda neçə-neçə maneələrə və çətinliklərə düçar olacaqdır. Zəhmətsiz bal yemək olmaz – öz türklərimizin zərbi-məsəlidir. Lihaza, biz bu məsəl fəhvası ilə müvafiqət eləməyib, başladığımız işi cüzi bir çətinliyə təsadüf edəndə buraxıb əl götürürük. Halbuki insan başladığı işi başa aparmaq üçün təsadüf edən maneə və çətinlikləri bir-bir  dəf və rəfə çalışmalıdır ki, məqsədinə nail olduqda da kamiyab olsun. Və illa, hər bir çətinlik müqabilində aciz qalıb, məqsədimizdən sərfi-nəzər etsək, mütləqa başqalara möhtac olacayıq. Möhtaclıq da, məlum olduğu üzrə, insanın tənəzzülünə yardım edən bir bədbəxtlikdir. Hər bir sahibkara lazımdır ki, həmişə tərəqqiyə mayil olsun, ətalət və bətaət ilə iş görsək, gündən-günə mayil olsun, ətalət və bətaət ilə iş görsək, gündən-günə tənəzzüldə qalacayıq. Əsrimiz isə tərəqqi əsridir.

        Bizim hər birimiz gərək işini tərəqqiyə mindirməyə çalışsın. Ona görə də hər bir təşəbbüs müqabilində özümüzü aciz bilib, cürətsizlik etməməliyik. Insan ruzigarın önümüzə yumalatdığı çətinliklərlə mübarizədə olmaq üçün yaranıbdır... Acizlik və cürətsizlik göstərməkdənsə, mübarizə edib, ruzigara basılmamaq əfzəldir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info