Qonaq Kitabı
GƏNCƏLİYƏ CAVAB

 

Ey “İrşad” ruznaməsində biz tiflisliləri məzəmmət edən bir gəncəli! Sən bizdən giley edirsən ki, biz ərizə verib təvəqqe eləmişik fahişəxanaları dübarə bizim məhəlləyə, Sumbatov küçəsinə gətirsinlər.

Doğrudur, biz belə ərizə vermişik, amma de görək sənə nə dəxli var? Və sən bizim işlərimizdən baxəbər olmaya-olmaya nə səbəbə bizi pisləyirsən? Axır birini bilirsən, birini də bilmirsən.

Əvvəla budur ki, fahişəxanalar bizim müsəlman məhəlləsi üçün böyük bir qənimət idi. O qədər məxluq ki, fahişəxanaların bərəkətindən bizim məhəlləyə tərəddüd edirdi alış-verişimiz nəhayət dərəcədə tərəqqidə idi. Məsələn, bir vaxt var idi ki, bizim məhəllədə altmış iki meygədan (meyxana) dükanı var idi, qırx altı çayçı dükanı, otuz iki yerdə məxsusi qumarxana və heç birisi nə gecə və nə gündüz bir dəqiqə boş qalmazdı: elə hey adam idi, biri gəlib, biri gedirdi.

Özgə alış-veriş də bu  sayaq ilə. Məsələn, mən özüm baqqalam və o vaxtlar gündə iki put səbzə, badam içi satırdım, amma indi səhərdən axşamadək bir put da sata bilmirəm. Ancaq gündə on-on beş girvənkə kişmiş-noxud sata bilirəm, o da hamamların bərəkətindən, çünki mənim dükanım hamamın qapısının ağzındadır.

Və bir də fahişəxanalar uşaqlarımız üçün böyük bir məşğuliyyət idi: o ki böyük uşaqlarımızdı – o vazehdir, dəxi təfsilat nə lazımdır, arif adam sözümü birdən-birə başa düşər, o ki xırdaca uşaqlardı, bunlar da səhərdən-axşama kimi fahişəxanaların qabağında gah gəlib-gedənə tamaşa eləyirdilər, gah muzikaya qulaq asırdılar, gah qızlarnan küçədə o tərəfə-bu tərəfə qaçışardılar. Amma indi o ki, böyük uşaqlarımızdı - əvvəllər evə geç gələndə bilirdik ki, bəli uzaqda deyillər, öz məhəlləmizdədirlər və çox nigaran olanda gedib çağıra bilirdik, amma indi evə gec gələndə, heç bilmirik ki, hansı cəhənnəmdədir. Qaldı balaca uşaqlarımız, bunlar da ki, dəxi küçədə nə var ki, çıxıb gəzsinlər: küçələr bomboş. Odur ki, balaca uşaq-larımız səhərdən-axşama kimi evdən eşiyə çıxmırlar və saatda bir deyirlər: “Ana, mənə çörək”. Analarının peşəsi səhərdən-axşama kimi uşaqların cibinə çörək basmaqdı. Məsələn, əvvəllər gündə səkkiz girvənkə çörək bizim evi mürəffəhülhal[i] görürdü, amma indi on beş girvənkə də görmür. Belə gündə yeddi girvənkə çörək təfavüt edib. Bu da bir hesab.

Xülasə, əzizim gəncəli, əvvəl bir işlərdən xəbərdar ol, sonra qələmi götür əlinə, yoxsa Ağalarov və Vəzirovun burada nə günahı var: onlar da bizim xeyrimizi mülahizə eləyib haman ərizəni veriblər, vəssəlam.

Bir tiflisli.

“Molla  Nəsrəddin”.  28  iyul,  1906,  N 17.



[i] Gen-bol.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info