Qonaq Kitabı
FƏRRUX BƏY VƏZİROV

 

Oxucularımıza məlumdur ki, nemes tacirlərindən Foryer adında bir nəfər adam noyabr ayının 27-də Gəncədə ruhani mədrəsəsində beş yüz manat ehsan eləyib və tələbələrə deyib: “Mən çox şadam ki, sizləri elm dalınca gedən görürəm. Oxuyun, müsəlman qardaşlar, oxuyun”.

 

*  *  *

 

İnsafdan uzaq olar ki, biz bu barədə bir neçə söz danışmayaq.

Bəli, günlər dolanır, illər gəlib keçər və bizdən sonra gələnlər foryerlərin də ehsanlarını yada salarlar, bizim təlim almış naqqa balıqlarımızın da rəftarını yada salarlar. “Molla Nəsrəddin”in köhnəlmiş və qat yemiş nüsxələrini tapıb oxuyurlar və oxuyandan sonra bu cür deyərlər: “Ar olsun sənə, ay rəhmətlik Molla ki, yazdın, yazdın, yazdın, hər yandan yazdın; avam kərbəlayı və məşədilərdən yazdın, nadan və biçarə mollalardan yazdın, tərbiyəsiz məmurlardan yazdın, amma bizim injenerlərə gələndə onlara nahaq yerə tərəf saxladın və onların millətə olan düşmənçiliyini və xəyanətini gizlətdin. Ar olsun sənə, ay rəhmətlik Molla Nəsrəddin ki, yazdın, sataşdın, dolaşdın, hamıya toxundun, hamının üstünə güldün və hətta, az-çox ehsanları ilə şöhrət tapan tağıyevlərin də adını çəkdin, amma Fərrux bəy kimi intel-ligent mülkədarlarımızı görə-görə və bunların avam camaata göstərdiyi rəftarı eşidə-eşidə bircə söz yazmadın ki, gələcək üçün bir yadigar olsun”.

 

 

*  *  *

 

Söz müxtəsər yaxşıdır.

İnjener Fərrux bəyin Bakıda və qeyri yerdə hər bir dövlətindən savayı Qarabağ-da yarım milyonluq bir kəndi var ki, adına “Hind arxı” deyirlər. Söz müxtəsər lazımdır. Bu kənddə bir balaca məktəb var. Uşaqlarında bir neçəsi yerdə, həsir üstündə və bir neçəsi sınıq taxta üstündə oturub, dərs oxuyurlar. Müəllimin məvacibi bir ay yetişər, amma altı ay yetişməz; çünki nə hökumət verir, nə camaat verir. Söz gərək müxtəsər olsun. Hərdən bir Fərrux bəy gələr kəndə. Yazıq müəllim cırıq-mırıq, ayaqyalın uşaqları yığıb rus saldatları kimi aparıb düzər ağanın qapısına və Fərrux bəy çıxan kimi uşaqlar rus saldatları təki birdən baş yendirərlər. Sonra müəllim dilənçi kimi əlini açar Fərrux bəyin qabağına və yalvarar:

-Aman günüdür, ay ağa, bizə rəhmin gəlsin, bizə bir az kömək elə.

Bəy hirslə cavab verər:

-Mən məktəbə bir qəpik də vermənəm!

Söz müxtəsər olsa, dəxi də şirin düşər.

Ola bilər ki, oxucularımızın bir parası belə xəyal eləyə ki, Fərrux bəy məhz xəsislikdən məktəbə bir qəpik də istəmir versin. Biz özümüzü borclu bilirik ki, qoymayaq heç kəs belə xəyal etsin.

Burada bir mətləb var.

Bir az müxtəsər danışaq: bir gün Fərrux bəyin validəsi[i] oturmuş imiş kənddə akoşkanın qabağında. Yeddi-səkkiz yaşında, burnu fırtıqlı, cındır-mındır məktəb uşaqları keçəndən xanıma baş yendirməyiblər. Xanım Fərrux bəyə şikayət eləyib ki, “bu uşaqlar bir az da oxusalar, dəxi bizə qul kimi itaət eləməyəcəklər”. Aşkar şeydir ki, Fərrux bəy zehinli adamdır və doğrudan da, bilir ki, əgər kəndlilər oxusalar, gözləri açılacaq və gözləri açılandan sonra işlər bir az özgə cür olacaq.

 

 

*  *  *

 

Sözümüz axıra çatır. Amma sədaqətlə ərz edirik ki, əgər biz Fərrux bəyi xəsis adam bilsəydik, heç bu məqaləni yazmazdıq; amma burası yamandır ki, xanımlar bir məclisdə dövlətlərindən və şövkətlərindən söhbət salanda həmişə belə buyururlar:

- Bizim Fərrux Peterburqa gedəndə gecədə əlli manat mehmanxana kirayəsi verər.

Məhz bu sözlər bizi danışdırır.

Xülasə...

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  16 dekabr,  1907,  N47.



[i]  Anası.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info