Qonaq Kitabı
ƏBDÜRRƏHİM ƏFƏNDİ

 

Alicah Əbdürrəhim əfəndinin hünəri barəsində “Bürhani-tərəqqi”, “Həyat” və “İrşad”da yazılan məqaləni oxuduq. Və lakin həmin əhvalat “Noqareli” adlı gürcü qəzetində bir özgə məzmunda yazılıb. Məzkur[i] qəzetə 141-ci nömrəsində yazır: “Zəmani ki, hələ rus padşahı Yaponiya ilə davanı təzə başlamışdı, Şamaxı məhkə-məsinin üzvü Hacı Əbdürrəhim əfəndi öz tərəfindən ərəb dilində şeirlər bir mədhnamə inşa edib, imperator Nikolay və imperatrisa adına Peterburqa göndərmişdi. Çox çəkmədi ki, bunun əvəzində padşah tərəfindən cənab qazıya bir ədəd qızıl saat, üstündə padşahın və əyalının surəti nəsb olunmuş, –  göndərildi. Cənab əfəndi isə o hədiyyəni yadbud edib, o vaxtdan bəri hər işin tərk eləyib, yenə cənab imperatordan bir başqa hədiyyəyə nail olmaqdan ötrü bu neçə vaxtlarda tamah dəndanın[ii] gecə və gündüz tiz etməyə məşğul olub, tədbirlər və politikalar tökürlər idi ki, aya yenə nə iş qayırım ki, padşahi-alidən dəxi də artıcaq bir başqa padarka-ya[iii] layiq olam. Odur ki, neçə həftə bundan əqdəm[iv] cənab əfəndi 40 ədəd peçenyə manənd[v] çörək bişirdib, hər bir çörəyin üstündə bir cür təlsimmanənd dualar yazıb və bir neçə kəlmədən ibarət olan quran ayələrindən bir parça kağıza yazıb, rusca və müsəlmanca tərcümə də həm eləyib, poçt ilə imperatorun hüzuruna irsal edib və bu mənada bir kağız yazıb göndərib: “Uca olan və yenə ucadan da, ucadan da, ucadan da uca olan imperatori-əzəm sələməllahü təaliyə poçt ilə bir pasılkeyi-həqir, – ki [ibarət] ola qırx ədəd xırda ayə ilə yazılmış çörəklərdən və yenə  bir parça kağızda tilsim, – göndərdim uca olan cənabınızın xidmətinə. Həmin bu çörəkdən qırx gün hər sübh bir ədəd yeyəsiniz və bu parça kağızda olan duanı hər sübhqırx dəfə vird[vi] və təkrar oxuyarsınız, inşaallah dəxi o vaxtda duma tərəfi məğlub olar və əsla duma tərtib etməyə meyl etməzlər və dumanın tifaqı bərhəm olar[vii] və özünüz (köhnə səyaq ilə) qaimməqam olarsınız, inşaallah”. Və bu barədə imperatori-əzəm tərəfindən hacı Əbdürrəhim əfəndiyə bir rizaməndlik teleqramı gəldi və teleqram da polisə vasitəsilə gəlmişdir”.

Molla Nəsrəddin öz tərəfindən:

Bunlar hamısı keçəndən sonra bu sözlərə inanmaq mümkün deyil.

Yaxşı, tutaq ki, biz inandıq. Aya, görək, Şamaxı camaatı da inanarmı bu sözlərə? Məgər hacı Əbdürrəhim əfəndi haman əfəndi deyilmi ki, bir gün minbərə çıxıb, camaata belə vəz edirdi (hətta mən özüm də orada var idim, günortadan üç saat keçmişdi, çərşənbə günü idi, yağış da istəyirdi yağsın); qərəz, hacı əfəndi minbərə çıxıb, başladı:

-Ey uşaqlarını rus dərsinə qoyanlar! Açın qulaqlarınızı, eşidin. Sonra peşiman olarsınız, peşimanlıq da nəticə bağışlamaz. Eşidin mənim bu bir neçə sözümü, ey uşaqlarını rus dərsinə qoyanlar! Bilin ki, cəhənnəm olacaq axirətdə sizin məkanınız və cəhənnəmin yeddi təbəqəsi var: əvvəlinci – cəhənnəm, ikinci – səir, üçüncü – səqər, dördüncü – cəhim, beşinci – ləza, altıncı – hətəmə, yeddinci – haviyə. Cəhənnəmin şərabı həmimi-gərm və qətrandır və təamı zəqqumdur. Həmimi-gərm ibarətdir çirkdən, bu həmimi-gərm belə şeydir ki, ondan dünya əhlinin sularına bir qədər məxlut olsa, onun təəffünündən tamam əhli-dünya həlak olar. Cəhənnəmdə bir dərə var ki, onun içində yetmiş min ev var və hər evin içində yetmiş min hücrə var və hər hücrənin içində yetmiş min qara ilan var və hər ilanın qarnında yetmiş min zəhər var. Bundan əlavə, cəhənnəmdə qırx zaviyə var və hər zaviyədə qırx min əqrəb var və hər əqrəbin qırx min zəhərli nişi var.

Xülasə, cəhənnəmin tövsifini[viii] hacı Əbdürrəhim əfəndi yetmiş iki həftənin müddətində bəyan edib, hələ qurtarmayıb. Bu barədə gələcək nüsxələrimizdə söhbət etməyi vəd edirik.

 

Ey axund, ey dirəxti-bihasil,

Olma çox da təməllüqə mail.

Lacərəm, mərdi-arifü kamil

Nə nəhəd bər həyati-dünya dil.

 

Ucadır, yoxdu söz ki, boyda çinar,

Səndən islamə heç görülmədi bar,

Ey töhi dəst rəftə dər bazar,

Tərsəmət bər nəyəvari dəstar.

 

Ey axund, olma dörd işə talib:

Cəhlü pulü təməllüqü calib.

Gər yeki zin çəhar şüd qalib,

Cani-şirin bər ayəd əz qalib.

 

Qoy riyanı yerə gəl, etgilən ar,

Nə çıxar padşahdən sənə kar?

Asiyan əz günah tövbə künənd,

Arifan əz ibadət istiğfar.

 

Molla Nəsrəddin.

“Molla  Nəsrəddin”,  30  iyun,  1906,  N 13.



[i] Adı çəkilən

[ii] Diş

[iii] Hədiyyə.

[iv] Əvvəl.

[v] Peçenye oxşayan.

[vi] Eyni sözləri dönə-dönə təkrar etmək, oxumaq.

[vii] Dağılar.

[viii] Tərifini, vəsfini.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info