Qonaq Kitabı
“DƏBİSTAN”

 

Necədir, dadaş? İndi gəldin mənim sözümə? İndi bu qoca Mollanın qədrini bilərsən?

Bir il bundan qabaq sən başlayırdın “Dəbistan” jurnalı çıxartmağa və məndən məsləhət soruşdun. Yadındadır mən sənə nə dedim? Yoxsa yadından çıxıb? Həyə yadından çıxıb qoy yadına salım:

Mən sənə dedim: “dəli olma”. Sən dedin: “yox, “Dəbistan” çığardacağam”. Mən sənə dedim: “başına soyuq dəyib”. Sən dedin: “yox, çıxardacağam”. Mən sənə dedim: “görükür ki, çox pulun var”. Sən dedin: “yox, çıxardacağam”.

Sonra sən mənə dedin: “pəs nə qayırım?”

Mən sənə cavab verdim ki, “həyə istəyirsən müsəlman içində bir qazanclı iş başlayasan, bir qədər pul götür, özünü ver Zəngəzur və Qarabağ aclarının içinə, adını qoy hacı Əliisgəndər və ac kəndlilərə beş manat ver, on beş manatlıq al və bir il çəkməsin ki, Qaracadağın anbar sahibi mollasından da dövlətli ol”.

Sən dedin: “yox, “Dəbistan” çıxardacağam ki, məktəb uşaqları oxusunlar və qabağa gəlsinlər”.

Mən sənə dedim: “sən sərsəmləyibsən”.

Sonra sən genə məndən soruşdun ki, “pəs nə qayırım?”

Mən sənə cavab verdim ki, cibinə bir qələmdən qoy, saqqalını uzat, barmaqları-nın uclarına həna qoy qızarsınlar və get əyləş müsəlman içində və başla ona-buna dua yaz”.

Sən dedin: “yox, “Dəbistan” çıxardacağam ki, millət oxusun və gözünü açsın”.

Mən sənə dedim ki, “bir az - az ye, çünki turşdu, ürəyinə dəyər”.

Sən mənə cavab verdin ki, “yox, “Dəbistan” çıxardacağam”.

Mən səndən soruşdum: “kim sənin “Dəbistan”ını alacaq?”

Sən dedin: “bakılılar”.

Mən sənə cavab verdim ki, “bir qabaqca özünü ver Tyomni ryad çarsusuna, gör mümkündürmü bu tərəfdən o tərəfə keçmək? Gör bir sənin bakılıların çarsuya doluşub nəyə məşğuldurlar”.

Sən dedin: “yox, “Dəbistan” çıxardacağam”.

Axırda sən genə məndən soruşdun ki, “pəs nə qayırım?”

Mən sənə cavab verdim ki, “bari beynini qaraldıb “Dəbistan” yazınca get heç olmasa dur Bakının azarxanalarının qapısında və dava almağa gələn müsəlman övrətlərinə sataş və onlara tamaşa elə, ürəyin açılsın”.

Mən gördüm ki, bu da sənin xoşuna gəlmədi və sən genə məndən soruşdun ki, “pəs nə qayırım?”

Mən sənə cavab verdim ki, “get yat”.

Müxtəsər, əzizim, mənim nəsihətlərimin heç birisini qəbul eləmədin və lap axırda mənə dedin ki, “yox. “Dəbistan” yazacağam ki, millətimə bir mənfəət olsun”.

İndi, dadaş, keyfin necədi? Gətir görüm neçə müştərin var? De görüm neçə müsəlman şagirdi sənin “Dəbistan”ını oxuyur? Gətir görüm, hanı “Dəbistan”ının qədrini bilənlər?

Mən sənə demədimmi “biz müsəlmanlara “Dəbistan” zad lazım deyil? Və bir də indi hələ xalqdan nə istəyirsən? Hələ indi ki, yaydı: Qovun-qarpız vaxtıdı, nə “Dəbistan” bazlıqdı?”.

Belədi, qardaşım, belədi, dadaşım. İnan mənim sözümə ki, belədi. And içməyə ştraf qoymasaydılar, hər nəyə desən and içərdim ki, belədi.

İndi də ki, qovun-qarpız vaxtıdı, nə “Dəbistan”bazlıqdı?

 

Qızdırmalı

“Molla  Nəsrəddin”,  8 iyul,  1907,  N 25.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info