Qonaq Kitabı
CÜMƏ GÜNLƏRİ

 

Biz müsəlman tayfası bir sözü danışanda heç o sözün dalını-qabağını fikirləşmi-rik. Elə, məsələn, indi mən özüm də bu sözləri yaza-yaza nə fikirləşirəm, nə qabağını, elə ha zora salıb yazıram və heç fikir eləmirəm ki, görək axır bu sözləri yazmaqdan nə fayda, görək bu sözləri kim oxuyacaq və kimə lazımdır və nəyə lazımdır ki, oxusunlar? Niyə de ki, oxusunlar və nə səbəbə gözlərinin nurunu töküb oxusunlar? Nə cəhətə “İxtiyarat” kimi kitabları qoyub bu cür cəfəngiyatı oxusun-lar?

Deyəsən bir az uzun oldu.

Biz müsəlman tayfası bir az söz danışanda heç istəmirik o sözün dal-qabağını fikirləşək: məsələn biz deyirik neçə günlərini tətil eləyək, dükanlarımızı bağlayaq və alış-verişə məşğul olmayaq.

Niyə, nə səbəbə? Yəni hər bir şeyin bir səbəbi var, ya yox? İrəvanda da deyirlər vitse-konsulun[i] köməkçisi biletin birinə İran rəiyyətindən düşəndə on manat alır; yəni o da gününə baxır; məsələn, elə gün olur ki, saat xoş olur, on beş alır, saat xoş olmayanda on manata da razı olur.

Hələ bunda da işim yoxdu, özü bilər. Ancaq yenə bunu demək istəyirəm ki, axır niyə müsəlmanlar cümə günləri alış-veriş eləməsinlər?

Niyə, nə səbəbə və nə cəhətə və nədən ötrü və nə cəhətin səbəbindən ötrü və nə səbəbin cəhətindən ötrü? Axır nə olub, nə haray-daddır?

Bunları mənə heç qandıran yoxdu.

Biz baxırıq özgə millətlərə, məsələn, üzdən iraq yəhudilərə, eyb olmasın, firəng-lərə, bilətəşbih ermənilərə, ruslara; biz deyirik ki, niyə onlar bazar günlərini tətil eləyirlər, niyə onlar eləsin, biz eləməyək?

Maşallah söz danışana! Götürüb qarpız qabığını şappıltı ilə vursan bu cür sözləri danışanın ağzından, ağzını yumsun qoysun getsin işinə.

Əvvələn, budur ki, nə səbəbə biz özümüzü bu millətlərə oxşadaq? Bir hələ mən bunu istəyirəm biləm ki, nə səbəbə biz özümüzü bu oxşadaq? Bir burasını mənə deyən yoxdur ki, nə səbəbə biz özümüzü bu millətlərə oxşadaq? Nə səbəbə bu millətlərin heç birisi özünü bizə oxşatmır, oxşatmaz və nə qədər ki, dünya var – oxşatmayacaq?

Di buyurunuz görüm!

Axır bizim Nuxa qışlağında çaharşənbə ocaqlarımız var, bəs bu millətlərin nəyi var? Bununla belə yenə özümüzü istəyirik o millətlərə oxşadaq, istəyirik o millət-lərdən dərs alaq, amma onların heç birisi özünü bizə oxşatmaq istəmir. Nədir bunun səbəbi?

Axır nə səbəbə müsəlmanlar cümə günləri dükanlarını bağlasınlar?

Bəli, biz deyirik ki, niyə bəs əcnəbilər bazar günləri bağlayırlar?

Axı, ay qardaş, əcnəbilər həyə bağlayırlarsa da, gedirlər kimi kilsəyə ibadətə, kimi gedir qiraətxanaya, qəzet oxuyur, kimi gedir evinə, rahat olur və oğul-uşağı ilə vaxtını keçirib, həm özü dincəlir, həm əhli-əyalını xoşhal eləyir.

Çox əcəb, belə olan surətdə dəxi müsəlmanlar nə səbəbə cümə günləri dükanla-rını bağlasınlar və bağlasınlar, hara getsinlər və nəyə məşğul olsunlar?

Di buyurun görək nəyə məşğul olsunlar?

Söz yox ki, əgər mümkün olsaydı hər cümə günləri məsciddə çay vermək, yainki heç olmasa qəndab vermək, ya qəhvə vermək, yainki heç olmasa allahın quru paprusuna nə gəlib, belə bu zəhirmar da yoxdur. Yoxdur da, yoxa ta nə deyəsən? Necə ki, deyiblər, bir dənə köhnə həsir, bir də Məhəmməd Nəsir, vəssəlam!

Dəxi kim dəli olub məscidə getsin?

Buradan istəyirəm bir haşiyə çıxam: alimi-fərzanə məşhur Abdulla Cövdət “Şurayi Osmani” qəzetində bir neçə söz deyir. Amma burada nağıl eləsəm qorxuram mətləb uzana. “Şurayi Osmani”ni oxuyanlar bilirlər ki, nə yazılıb: oxumayanlara da mən neyləyim, canları çıxaydı oxuyaydılar.

 

*  *  *

 

Yəni bizim yazıq dükançılar cümə günləri tutaq dükanlarını bağladılar, bəs nəyə məşğul olsunlar? Tutaq ki, bir saatlığa bağladılar, yaxşı bütün günü səhərdən axşama kimi nə qayıracaqlar?

Hələ deyək getdilər evlərinə. Bəs evlərində nəyə məşğul olsunlar? Bir tərəfdən balaca uşaqların səsi-küyü adamın zəhləsin aparır. Bizlərdə də ki, ərlə övrət danışmaz. Bəlkə demirəm bozbaşın duzu az ola, çörək üstə bir az mərəkə düşə yoxsa bundan savayı evdə kişi üçün nə məşğələ ola bilər?

Qərəz, mən deyirəm ki, adam sözü danışanda lazımdır ki, dalını da, qabağını da fikirləşsin.

Yaxşı, bir saatlığa tutaq ki, dükançılarımız cümə günü dükanlarını bağladılar. Heç ağlınıza gətirirsinizmi ki, cümə günü dükanlar bağlı olsa, cavan dükan şagird-ləri və dükançıların balaca uşaqları nəyə məşğul olacaqlar? Yaxşı, nəyə məşğul olacaqlar? Mən, doğrusu, bilmirəm, siz buyurun görək nəyə məşğul olacaqlar? Di buyurun görək nəyə məşğul olacaqlar?

Hələ bir saatlığa cavanlar qalsınlar kənara, di buyurun görək hacı və məşədilərimiz, seyidlərimiz və kərbəlayılarımız nəyə məşğul olacaqlar?

Deyəsən, mən bilirəm nəyə məşğul olacaqlar. Bunlar da çömbələcəklər divarla-rın dibinə və başlayacaqlar şirin söhbəti. Biri deyəcək: “Dər Sali bistü çəhar ruz nəhs əst ki hər mahi do ruz başəd; əgər kəsi bimar şəvəd bemirəd və əgər bəsəfər rəvəd bər nəgərdəd və əgər bəcəng rəvəd koştə şəvəd və əgər fərzənd mütəvəllüd şəvəd nəmanəd”.

Heyf ki, farsca savadım yoxdur, yoxsa tərcümə elərdim.

Mən bircə bunu təvəqqə edirəm ki, bundan sonra cümə söhbəti ortalığa gəlməsin: qorxuram içindən bir şey çıxmaya.

 

“Molla  Nəsrəddin”

“Molla  Nəsrəddin”,  29 iyul,  1907,  N 28.



[i]  Konsulun müavini.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info