Qonaq Kitabı
ÇƏTİN MƏSƏLƏYƏ CAVAB

 

Bir darülmüəllimində altmış dörd müsəlman uşağı ola və bunların ikisi müsəl-man dili bilməyə (yəni nə eybi var?), bunlara şəriət dərsini nə dildə demək lazım-dır, rus dilində ya müsəlman dilində?

Bu məsələyə keçən nömrəmizdə cavab istəmişdik. Çünki indiyədək heç bir kəsdən cavab çıxmadı, biz yəqin edirik ki, bunun səbəbi məhz budur ki, məsələ çox çətin məsələdir.

Hər bir belə ittifaqda, yəni bir çətin məsələ ariz olanda biz yoldaşlarımızı bir yerə cəm edib “konfrans” məclisi qururuq və ağıl-ağıla verib məsələni həll edirik.

Yoldaşımız “Hərdəmxəyal” bu barədə bir söz danışmaq istəmədi və cavab verdi ki, bu gün qəmər əqrəbdən xaric olur. Bu gün ağıl işlətmək və iş görmək yaxşı deyil.

“Mozalan” cavab verdi ki, bir məktəbdə altmış dörd müsəlman uşağının ikisi müsəlmanca bilməsə, acıqnan şəriət dərsi vermək lazım deyil.

“Hop-hop” dedi ki, hamısından yaxşısı budur ki, uşaqların hamısı dərsdən qaç-sınlar və şəriət dərsini nə müsəlmanca oxusunlar, nə rusca.

“Qızdırmalı”nın cavabı budur ki, şəriət dərsini hər surətdə rus dilində vermək lazımdır.

Qaldı “Lağlağı”, bu evi xarab başladı: Başağrısı olmasın, bir gün var idi, bir gün yox idi, bir İrəvan şəhəri var idi, orada bir darülmüəllimin var idi, o darülmüəl-liminin bir rəisi var idi ki, adına Miropyev deyirdilər. Haman Miropyev indi Qori darülmüəllimininin rəisidir.

Cənab Miropyev, başağrısı olmasın, on iki il bundan irəli bir kitab yazıb və haman kitabında deyir ki, “Mən müsəlman millətini çox, çox, çox dost tuturam, amma bircə işləri xoşuma gəlmir. “Namazı müsəlman dilində qılırlar, rus dilində qılmırlar”.

Odur ki, cənab rəis məhz müsəlmanları istəməklik yolunda o vədədən indiyə kimi şəriət müəllimlərinə şəriəti müsəlman dilində öyrətməyi qədəğən edibdir.

Odur ki, Cənab Miropyev hətta yuxuda da müsəlmanca danışan uşaqların qulaqların kəsir ki, bir də belə qələt etməsinlər. Bu sözləri deyəndən sonra “Lağlağı” bu cür xətmikəlam etdi...

- Əgər mən özüm də şəriət müəllimi olsam, mən özüm də şəriət dərsin rusca oxudaram, çünki əvvəla budur ki, nə eybi var, uşaq “allahü əkbər” yerinə qoy desin “allax bolşoy” və bir də əgər rusca deməsən, yəqin bilirəm ki, Miropyev mənim də qulaqlarımı kəsər.

“Lağlağı” sözünü qurtarıb oturdu. Mən bir qədər fikrə gedib bunun cavabında bir söz tapa bilmədim. Axırda Sədi yadıma gəldi:

 

Bizi yorma bica yerə, qıl kərəm,

Rəva görmə bu millət olsun ədəm.

Məzən bitəəmmül bəküftar dəm

Niku gu, əgər dir guya, çe qəm.

Sözü həq danış bərayi-alicənab,

Nələr söyləyirsən, a xanəxərab?

Beniqt adəmi behtərəst əz corab

Gorab əzto beh kər nəguyi-səvab.

Açıb dil bu məxluqə çox vurma niş

Bizə rəhm qıl ey pəsəndidə kiş.

Məcali-süxən ta nəyabi zi piş

Bebihudə güftən mənbər qədri-xiş.

 

M.  N.

“Molla  Nəsrəddin”,  8 sentyabr,  1906,  N 23.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info