Qonaq Kitabı
CƏMİYYƏTİ-XEYRİYYƏ

 

Dəxi işimiz çox çətin yerə dayandı: bir yandan söz vermişik ki, “Təzə həyat”ın nəsihətinə əməl eləyək və heç kəsi özümüzdən incitməyək, bir yandan da lazım gəlib Bakı cəmiyyəti-xeyriyyəsi barəsində möhtərəm oxucularımızla bir az söhbət eləyək.

Pənah Allaha, – deyib başlayaq.

Bəli, indi qəzetlərdə Bakı cəmiyyəti-xeyriyyəsi elan edir ki, cəmiyyətə üzv olmaq istəyənlər 5 manatlarını gətirib versinlər cəmiyyət xəzinədarına və qəbzlərini alsınlar, yəni qəbzlərini almamış getməsinlər.

Hələ buradan bir haşiyə çıxaq və qəbz barəsində bir az danışaq.

Yəni bu qəbz nədir? Yəni necə qəbz?

Mən çox fikirləşdim və bilmədim ki, Bakıda cəmiyyəti-xeyriyyəyə üzv yazılanda niyə adamın əlinə qəbz verirlər; yəni bilmirəm ki, nədən ötrü qəbz verirlər.

Özgə millətlər içində qəbz çox lazımlı şeydir; məsələn, birisi gedə Moskvada, ya qeyri bir kənar məmləkətdə cəmiyyəti-xeyriyyəyə üzv yazıla, əlbəttə gərək qəbz alsın: ondan ötrü ki, əlində qəbz olmasa isbat eləyə bilməz ki, o, üzvdür və cəmiy-yəti-xeyriyyəni nə məclislərində danışmağa ixtiyarı olar, nə də cəmiyyəti-xeyriy-yənin özgə bir işinə qarışa bilər.

Amma doğrudan-doğrusu Bakıda mən qəbzbazlığı artıq bir şey bilirəm.

Dəlilim budur.

Bəli, birisi aparıb 5 manatını verir ki, cəmiyyəti-xeyriyyəyə üzv olsun və qəbz alıb qoyur cibə ki, əvvələn cəmiyyəti-xeyriyyənin bir məclisi baş tutanda qəbz sahibi çıxardıb qəbzini nişan versin və həmin məclisdə danışmağa səsi və ixtiyarı olsun.

Bəli, məclis qurulur, “mənəm-mənəm” deyənlər əyləşirlər yuxarı başdan, dəstə başıları düzülürlər bir tərəfdən, qoçular və başkəsənlər doluşurlar məclisə. Güclülər düşürlər meydana, səs ucalır, “nöşün-nöşün” sədası asimana bülənd olur. Əllər hərəkət eləyir revolverlərə, xəncərlər başlayır parıldamağa və axırda zəiflər yavaş-ca başlayırlar əkilməyə və güclülər, yəni dəstə sahibləri qalırlar məclisdə.

Dəxi burada qəbz nəyə lazımdır? Mən ölüm, lotu-lotuyana deyiniz görüm, burada qəbzin nə mənası var?

İndi mətləbin özgə tərəfini söyləyək.

Mən özüm də əvvəl xam düşdüm və keçən il getdim Bakıya, 5 manat verdim, qəbz aldım və qəbzi bərk-bərk saxladım; çünki mən özgə millətlərin içində, belə bilmişdim ki, hər kəsin əlində qəbz olsa, cəmiyyəti-xeyriyyənin hesab kitabına qarışmağa ixtiyarı olar.

Bir gün qəbzi qoydum cibimə və istədim cəmiyyətin işlərindən xəbərdar olam. Əvvəl getdim xəzinədarın yanına və soruşdum ki, cəmiyyəti-xeyriyyənin nə qədər pulu var?

Xəzinədar mənə cavab verdi ki, cəmiyyətin iyirmi altı manat pulu var. Dedim:

- Mümkündürmü kitab və dəftərləri görmək? – Dedi:

- Sənin nə ixtiyarın var? – Dedim:

- Əlimdə qəbzim var. – Dedi;

- Qəbz lazım deyil. – Dedim:

- Bəs nə lazımdı? – Dedi:

- Revolver lazımdır.

Qoydum getdim.

Bəli, mətləbdən uzaq düşdük. Görüm nədən danışırdıq?.. Hə qəbzdən...

Bəli, qəbz. Özgə tayfaların içində qəbz sahibləri əgər bir yerə yığışıb bir şeyə qərar versələr, gərək xəzinədar həmin qərardada əməl eləsin; amma Bakıda belə deyil; necə ki, məsələn, Bakıda cəmiyyətin üzvləri keçən il yığışıb qərar verdilər ki, filan tələbəyə bu qədər pul verilsin, amma xəzinədar razı olmadı və vermədi . Üzvlər də dedi ki:

- Eybi yoxdur, fədayət şəvəm[i].

Sözümüzü qurtardıq.

Və “Təzə həyat”dan təvəqqə edirik ki, əgər qüsurumuz olsa, bizi bağışlasın; çünki qəzetçi gərək heç kəsi özündən incitməsin. Doğrusu, biz bir az xamıq və o cür yazmağı başarmırıq ki, bir para adam bizdən inciməsin. Lap yaxşı olardı ki, “Təzə həyat” Bakı cəmiyyəti-xeyriyyəsi barəsində bir məqalə yazaydı və bizim üçün də bir nümunə olaydı. Biz də görəydik ki, necə lazımdır yazmaq ki, heç kəs inciməsin.

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  14 aprel,  1907,  N 15.



[i]  Qurbanın olum.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info