Qonaq Kitabı
CƏFƏRİN ANASI

 

Dünən özümü soyuğa vermişdim, heç keyfim yox idi və kürəklərim ağrıyırdı. Ayıb olmasın, bizim Cəfərin anasına dedim: “ay arvad, sən allah, gəl çıx mənim dalımı bir yaxşıca ayaqla”.

Əvvəl nainsaf arvad acıqlı-acıqlı yavaşca öz-özünə dedi: “başına daş düşsün”. Mən eşitdim və bildim ki, mənə deyir.

Dedim: “ay arvad səni and verirəm Şəkidə Şeyx Babanın qəbrinə, gəl dalımı ayaqla”. Ayıb olmasın, Cəfərin anası genə mırtdana-mırtdana gəldi, istər-istəməz çıxdı dalıma və başladı kürəklərimi ayaqlamağa. Bir az keçmədi, ayıb olmasın, arvad məndən soruşdu: “A kişi, canın yansın, sən ki, Şəkini görməmisən, sən Şeyx Babanın qəbrini haradan tanıyırsan?”

Dedim: “görməyəndə nə olar? Axır mən kitab oxuyuram, mən qəzet oxuyuram, mən axır mollayam”.

Ayıb olmasın, Cəfərin anası dalımı ayaqlaya-ayaqlaya genə məndən soruşdu: “Di elədə nağıl elə görək, daha dünya da nə var, nə yox?

Dedim: “Şəkidə “Babaratma piri” də var”. “Sən Allah, a kişi, bir az da özgə şə-hərlərdən nağıl elə. Nə yapışmısan Şəkinin yaxasından?”.

Dedim: “Peterburqda övrətlər ərizə darülfünuna girmək istəyirlər və hökumət də övrətlərin ərizəsini qəbul eləyib”. Burada biçarə arvad deyəsən elə məsələn ülkən kimi oldu və guya ki, qorxa-qorxa, yainki hirsli-hirsli məndən soruşdu: “Nəmənə? Nəmənə?”.

Gördüm ki, mən indi dediyim sözlər, ayıb olmasın, bu arvadın xörəyi deyil və onun üçün başa düşmədi.

Doğrusu, yazığım gəldi ayıb olmasın Cəfərin anasına və istədim təzə xəbərlərdən zaddan bir şey nağıl eləyim eşitsin.

Dedim: Şuşa qalasını tanıyırsan?

Dedi: Getməmişəm, amma eşitmişəm.

Dedim: Yazıq arvad, istəyirəm oranın qoca vaizlərini sənə tərif eləyim, amma qorxuram onlara aşiq olasan və məni burada naxoş qoyub çıxıb gedəsən.

Dedi: Di elədə bir özgə şəhərdən söylə.

Dedim: Tehran şəhərini eşidibsən?

Dedi: Necə, necə?

Dedim: Lənətüllah əla qövmüz-zalimin![i]

Yazıq arvad genə deyəsən təəccübləndi və soruşdu: Kişi nə danışırsan?

Dedim: Lənətülla əla hacı Mirzə Həsən müctəhid Təbrizi, Seyid Əhməd Bəhbəhani, Seyid Məhəmməd və Seyid Əhməd Yəzdi və Ağa Seyid Əhməd pəsəri-hacı Ağa Möhsün İraqi.

Gördüm dəxi yazıq arvadın qulaqları lap taqqıldadı, necə ki, məsələn Təbrizdə adamın qulaqları dünbək səsindən taqqıldayır.

Biçarə arvad mənim sözümü kəsib dedi:

A kişi, sən allah, sabah bazara çıxanda mənə altı arşın güllü çit al, nişanəsini sabah Pəricahan bacımdan alıb verərəm sənə, dünən Pəricahan bacım o çitdən özünə çarşov tikib geyib getmişdi Pirəhmədli kəndində Molla Məhəmmədin yanına dua yazdırmağa. A kişi, bir görəsən necə çitdi, sən allah sabah mənə o çitdən altı arşın al gətir.

Dedim: Arvad bilirsən nə var.

Dedi: Nə var.

Dedim: Ta mərd süxən nəgöftə başəd – Eybü hünərəş nəhöftə başəd. Ayıb olmasın, yazıq arvad çox hirsləndi və dedi: Kişi, sən dəli-divanə olubsan.

Dedim: “arvad qorxma, qızdırmışam, sərsəmləyirəm. İnşaallah sabah yaxşı olaram, dəxi belə axmaq sözlər danışmanam”.

 

Qızdırmalı

“Molla  Nəsrəddin”,  29 iyul,  1907,  N 28.



[i]  Zalımlara Allahın lənəti olsun!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info