Qonaq Kitabı

33

Şahzadə Qorquda bir namə gətirmişdilər. Bu namədə onun şəxsiyyətinə yüksək qiymət verilir, taxta keçə bilməməsinə görə məktub müəllifi heyfsiləndiyini bildirir, qardaşı Sultan Səlimdən şikayətlər yağdırırdı. Açıq-aşkar bildirirdi ki, əgər o bu xəyala düşsə, qoşun toplasa, onunla razılaşsa, sultan taxtına çıxmaq üçün kömək edər. Çünki hər gün saraydadır, Sultan Səlimin taleyi də onun əlindədir. Atası Bayazidə verdirdiyi zəhərin bir damlası bu işi həll eləyər.

O, məktubu dəfələrlə oxudu. Fikrə getdi, hökmdar olmaq arzuları təzədən taxtın qolçaqlarındakı almazlar kimi parladı. O taxtda oturub hökmlər vermək hara, Manisada oturub sancaqbəylik eləmək hara?

- Məktubu gətirən çaparı yanıma!

Çaparı gətirdilər. O, yenə də baş əydi. Müntəzir dayandı.

- Bu məktubu sənə kim verdi?

- Fərhad bəy verdi, şahzadə cavab gözləyir.

- Orada yazılanlardan xəbərin varmı?

- Xeyr, şahzadə. Mən nəkarayam, ondan xəbərim ola?

- Get, özüm xəbər göndərəcəm.

Çapar baş əyib çıxdı.

Şahzadə Qorqud iki fikir arasında qaldı. Fərhad bəy Sultan Səlimin ən yaxın adamlarındandı. Onu xəyanət yoluna qədəm qoymağa məcbur eləyən nədir? Doğrudanmı ataları Sultan Bayazid Səlim tərəfindən zəhərlənib oldürülmüşdü? Bəlkə də. Qorqud da atasının doğma qardaşı tərəfındən zəhərləndiyini eşitmişdi, özü də şübhələnmişdi Budur, Fərhad bəy də məktubunda təsdiq eləyir. Elə bu cinayətinə görə Sultan Səlimlə bağladığı əhd-peymanı pozmağına dəyərdi. O özü heç bir əhd-peymana baxan deyil. İstədiyi vaxt onu yaddan çıxaracaq. Atası ona bu boyda ölkənin ixtiyarını, o isə əvəzində bir damcı zəhər verdi.

Səlim bundan əvvəl də atamızın üstünə qoşun çəkmişdi. Əlində ixtiyar olandan sonra nə var ki... Bəs mən niyə onunla bağladığım əhd-peymana əməl etməliyəm? Əgər Fərhad bəyi də rəncidə salan budursa, onun köməyini niyə qəbul eləməyim? Birlikdə bu ata qatilini aradan götürərik. Onun günahı günahların ən ağırıdı. Səlim bu günaha görə cəzasını almalıdır.

O, yola düşməyə hazırlaşan çaparı çağırtdırıb dedi:

- Fərhad bəyə deyərsən ki, onun fikriylə razıyam. Tək özünə deyərsən. Heç kim eşitməsin. Başa düşdün?

- Bəli!

Çapar yola düşdü. Qorqud yaxın adamlarını çağırıb Manisa sancaqdakı qoşunları bir yerə toplamağı, onları döyüşə hazırlamağı tapşırdı. Amma heç kəs bilmədi ki, şahzadə Qorqud kiminlə vuruşmağa hazırlaşır.

Fərhad bəy saray həyətində, balta səsi gələn tərəfə keçdi. Nəhəng bir adam baltanın ağzındakı kötüyü qaldırıb yerə çırpırdı. Yaxınlaşanda tanıdı. Bu, məşhur pəhləvan və sərkərdə Malkuçoğlu idi. Sultan Səlim də kənarda dayanıb onun odun yarmağına baxırdı. Odun yarmağı Sultan Səlim saraya gələndən sonra dəb qoymuşdu. Döyüşlərdə həmişə qılınc çalan, nizə atdıqlarından sarayda əzələləri yumşala bilərdi. Odur ki, ən düyünlü kötükləri gətirir, əli qılınc tutan əyan-əşrəfini günortalar odun yarmağa məcbur eləyirdi.

Malkuçoğlu xeyli kötük yarsa da, alnına tər də gəlməmişdi.

Fərhad bəy yaxınlaşıb baş əyərək ədəblə salam verdi. Sultan Səlim ona baxdı. Əvvəl ona da odun yardırmaq istədi, amma onun sifətindən nə oxudusa, yanına çağırdı.

- Nə var?

- Çapar gəlib. Şahzadə Qorqud deyib ki, mən razıyam.

Sultan Səlim dodağını dişlədi.

- Satqın!.. - Kəlməsi sərt bir ifadə ilə səsləndi.

Fərhad bəyin rəngi ağardı. Elə bil bu “satqın!” kəlməsi ona aid idi.

Şahzadə Qorquda məktub yazmağı Sultan Səlim özü tapşırmış, sonra da diqqətlə oxumuş və göndərtmişdi. Əgər qardaşı bu məktubu onun özünə göndərsəydi, demək, onda qardaşına sədaqətini sübut edərdi. Onda ən yaxın adamı Fərhad bəyin başı göydə uçacaqdı. Çünki o qardaşını sınadığını ona bildirməyəcək, Fərhad bəyi satqınlıqda ittiham edəcəkdi. Fərhad bəy bunu bilmirdi. O, başa düşməmişdi ki, Sultan Səlim şahzadə Səlim deyildi.

- Anama verdiyi əhd-peymanı pozdu.

Bundan sonra baltanı başı üzərinə qaldıran Malkuçoğluna baxdı. Nəhəng, div biləkli Malkuçoğlu onun baxışından donub qaldı. Balta da, balta ağzındakı iri, düyünlü qaragac kötüyü də donub göydə qalmışdı. Sultan Səlimin bu baxışında böyük bir məna vardı.

- Niyə dondun? Hərbi səfərə gedəcəksən?

Malkuçoğlu baltanı tulladı.

- Lehistana? Çernoqoriyaya? Venediktə?

- Yox, Manisaya. Qorqud qardaşına xəyanət eləyib. - Sultan Səlim kövrəldi. Gözləri yaşla doldu, - Mən nə eləyim? Deyəcəklər qardaş qanı axıtdı. Yox, şahzadə qanı müqəddəsdi, o axmamalıdı. Axmayacaq da.

Malkuçoğlu onu başa düşürdü. Qədim adətə görə sultan ailəsindən edam kəsilənlərin heç birinin müqəddəs qanı axmamalıydı. Onları yay kirişiyiə boğurdular. Demək bu işi ona, Malkuçoğluna tapşırırdı.

Malkuçoğlu iri əlini gen sinəsinə basıb baş əydi.

* * *

Bığları iri sifətində qoç buynuzu kimi yuxarı burulan, saçları çiyninə tökülən, iri gözlü Xan Məhəmməd Ustaclı çadırın qabağına çıxıb onun yanına gətirdikləri qaçqınlara baxdı.

Mavigözlü, qızıl tozu səpilmiş kimi parıldayan qıvrım saçları çalmasının altından çıxan, qırmızısifətli, on iki, on üç yaşlı oğlan at üstündə oturmuşdu, qalan on-on beş nəfər isə atdan düşmüşdü. Uşaqdan başqa, qalanları onun qarşısında baş əydilər.

- Kimdi qonaqlarımız?

- Şahzadə Əhmədin oğlu şahzadə Murad bəydi.

Xan Məhəmməd Ustaclı şahzadəyə yüngülcə baş əydi, gələnlərə salam verdi.

- Xoş niyyətlə gələnlər əziz qonağımdır. Buyurun!

Ağ çalmalı yaşlı döyüşçü (görünür saray adamlarındandı) baş əydi.

- Bizim dalımızca təqib eləyənlər var. Bura təhlükəlidi. Şahzadəni Şah İsmayılın yanına aparın. Bu, çox vacib işdi.

- Yoldan gəlmisiniz. Dincəlin, apararam, - deyib yollara güclü dəstələr göndərmək əmri verdi. Şahzadəni çadıra, xidmətçilərini başqa çadıra dəvət elədi.

Ona danışdılar ki, Sultan Səlim əvvəl şahzadə Qorqudu, sonra böyük qardaşı şahzadə Əhmədi və onun altı oğlundan beşini, ölən qardaşı Şeyxşahın iyirmi dörd yaşlı oğlunu yay kirişi ilə burada boğdurmuşdu. Uşaqlardan ən kiçiyi Malkuçoğluna yalvarmışdı ki, əmisi onu əfv eləsin. Əmisi bunu eşidib hamının yanında ağlamış, sonra yenə əmr vermişdi ki, boğsunlar. Yalnız şahzadə Murad qaçıb qurtara bilmişdi.

Xan Məhəmməd Ustaclı bu əhvalatı eşidəndə yumruğunu sıxmışdı. Söhbətin sonunda hiss elədi ki, ovcunun içi tərləyib, həm də bu soyuq tərdi.

“İnsan da bu qədər qansız olarmı? Axı o körpələrin günahları nədir? Böyük, güclü hökmdarsansa, bu körpə uşaqlardan niyə qorxursan?”

Şahzadənin çadırında oturan yaşlı döyüşçü dedi:

- Şahzadə Əhməd düz iyirmi doqquz il vəliəhd iqtidarında qalmışdı. O, birdən-birə taxta çıxan Səlimə baş əyə bilməzdi. Qoşun çəkib Bursaya getdi. Amma orada Səlimə yenildi. Elə Bursada qardaşı Əbülxeyr Məhmed Qorquddan otuz səkkiz gün sonra boğuldu. Hər iki qardaşın, Əhmədin oğlanlarının yası bir-birinə qarışdı.

- Hökmləri kim yerinə yetirdi?

- Burəli bəy Malkuçoğlu...

- Eşitmişəm. Deyir, onun adını eşidən hamilə qadınlar uşaq salır...

- Bəli, xan! O boyda adam, o gücdə pəhlivan o qansızlıqda cəllad yoxdu.  

“Bizim Dəli Dovrağın qabağında çətin dayanar...”. Bu sözləri Xan Məhəmməd ürəyində dedi.

Hiss eləyirdi ki, əvvəl-axır bu qarşılaşma olacaq.

O gördü ki, bu qızılı saçlı, mavigözlü, sifətində qorxu və yorğunluq izləri aydın sezilən şahzadənin kirpikləri ağırlaşıb. Əlindən tikə düşdü.

- O şahzadələrin var-dövlətlərini nə elədi Sultan Səlim?

- Şahzadə Qorqudun var-dövləti qızlarına, şahzadə Əhmədin var-dövləti isə anası ixtiyar Bülbül xatuna yetişdi.

- Yatın, şahzadə. Rahat olun. Mən getdim. Sabah Şah İsmayılın yanına yola düşürük.

O çıxdı və çadırlar yanında keşikçilərin sayını artırdı. Sonra soyunmamış yatağına uzandı. Çox fikirləşdi. Çox götür-qoy elədi. Keçən dəfə Şahqulu üsyanının qaçıb gələn başçılarını şahın yanına aparmışdı və elə bilirdi ki, onlara böyük ənamlar veriləcək. Amma şah hamısını asdırmışdı. O vaxt ürəyində Şah İsmayıldan incimişdi. Amma sonra onun necə uzaqgörən olduğunu dərk eləmişdi. Diyarbəkrdən Anqaraya tərəfki Orta Anadolu torpaqlarındakı şiələr, dili onun dilindən olan tayfalar yerlərindən tərpənməmişdi. İndi bu şahzadəni aparacaq. Görəsən bunun aqibəti necə olacaq? Onu da asdıracaqmı? Yox, asdırmaz. O qonaqdır, əmisinin əlindən qaçıb ona sığınıb. Vaxtilə Uğurlu Məhəmməd də atası Uzun Həsənin əlindən qaçıb İstambul sarayına sığınmamışdımı? Belə fərari şahzadələr qonşu hökmdarlar əlində qənimət sayılır.

“Bu artıq hökmdarın öz işidi. Özü bilər. Biz silah adamıyıq, siyasət adamı deyilik”.

Xan Məhəmməd Ustaclını yuxu apardı.

Səhər onlar yola düşəndə gördü ki, dünənki adamlar yenə də uzun əsaya oxşayan əşyaları çiyinlərinə keçiriblər. Başı çalmalı qoca əsgərdən soruşdu:

- Bu nə silahdı?

- Tüfəngdi.

- Nə tüfəng?

- Odlu silahdı. - O, çiynindən tüfəngi çıxardı. Bax burada qov var, onu yandırırsan, od içəri çatanda barıt alışır, qurğuşun bu lülədən çıxıb xeyli gedir, nəyə dəysə öldürür.

Xan Məhəmməd odlu silah barəsində eşitmişdi. Amma görməmişdi. Şah İsmayıl odlu silah, xüsusən top barəsində söhbətlər eşidəndə əsəbiləşirdi.  

- Mən kişi kimi müharibələrin tərəfdarıyam. Yoxsa. Yoxsa... Top nədi? Quş qovan.

Xan Məhəmməd Ustaclı dedi:

- Yandır, bax o öküzü vur görüm.

- Öldürər.

- Öldürsün. Mən cavabdeh.

Qoca əsgər qovu yandırdı. Tüfəngi də üzünə qaldırıb öküzə tərəf döndərdi. Güllə açıldı. Lülədən tüstü qalxdı, əvvəl heç nə görünmədi. Sonra gördülər ki, naxırçı yıxılan öküzə tərəf qaçır. Naxırçı qışqırdı:

- Öküzü cin vurdu, cin vurdu.

Xan Məhəmməd tüfəngi alıb o tərəf-bu tərəfinə baxdı.

- Bu şeytan əməlini harda icad eləyiblər?

- Partlayan barıtdı, onu Çində, tüfəngin özünü isə Firəngdə.

Xan Məhəmməd fikrə getdi.

- Barıtı bu tüfəngin yanına aparıblar, ya tüfəngi barıtın?

- Barıtı tüfəngin.

- Hardan aparıblar?

- Buradan. Karvan yolu Təbrizdən keçir, xan.

- Bəli, bu şeytan əməlinin düzəlişinə yol verən biz olmuşuq. 

Onlar xeyli yol getdilər. Xan Məhəmməd fikirliydi. Tüfəngin namərdliyi barədə düşünürdü.

- Bu tüfəngdən Sultan Səlimdə nə qədər var?

- Çox.

- Bəli, onda belə silah çox olmalıdı.*

Xan Məhəmməd Ustaclı bu silaha qarşı dayanmağın yollarını axtarırdı.

- Neçə addımlıqda adamı öldürə bilər?

- Əlli.

- Qov nə qədər yanır?

- On beş-iyirmi sayana qədər.

Demək, tüfəngçi qovu alışdırana, qov yanıb barıta çatana qədər yüyrək atla çapıb tüfəngçini doğramaq mümkündür Çünki onun bundan başqa silahı yoxdu.

Bundan sonra Xan Məhəmmədin kefi duruldu. Atını dəhmərlədi...

Gücdüvan qalasına çatmamış bir hündür minarənin yanında dayandılar. Babur başını dik yuxarı qaldırıb minarənin yerdən otuz qulac hündürlüyündə kərpiclər arasına çalınmış dəmir parçasını göstərdi.

- Hörmətli Nəcmi Sani, o dəmiri görürsənmi?

- Bəli. Tikinti vaxtı qoyublar?

- Xeyr.

- Buxara hakimlərindən biri bir adama ölüm cəzası verir. Günahkar son söz istəyir. Hökmdar ona son söz verildiyini bıldirir. O deyir: İcazə ver, o minarənin lap yuxarısına bir dəmir çalım, günahımdan keç.

- Necə? - deyə hökmdar soruşur.

- Çöl tərəfdən kəndirsiz, pilləsiz qalxacam. Yıxılıb öldüm, heç, yox, salamat qalsam məni əfv eləyin.

Hökmdar onun bu işi görə biləcəyinə inanmır, amma icazə verir. Onsuz da yıxılıb öləcək. Onsuz da çox başlar kəsdirmişəm, birini də minarədən yıxılıb ölən görüm.

Ona icazə verirlər. Kərpiclər arasına mıxlar çala-çala qalxır. Bir kəndiri də minarəyə dolayıb kəmərinə bağlayıbmış. Axırda qalxıb həmin dəmiri minarəyə çalır. Sağ-salamat da enir, hökmdar onu əfv eləyir.  

- İndi Übeydulla xan da deyəsən bu minarəyə dırmaşmalı olacaq, - Yar Əhməd dönüb gənc, amma iztirablardan xeyli yaşlı görünən Babura baxdı.

Baburu bu sözdən sonra qayğı bürümüşdü.

Übeydulla xan qıpçaq çöllərində qüvvə toplayandan sonra yenə də geri qayıtmış, Buxaranı tutmuşdu. Onlar birlikdə Buxaraya tərəf gələndə qaçıb Gücdüvana getmişdi.

Minarənin yanından tərpənəndə xəbər gəldi ki, bəs Übeydulla xan Gücdüvanı da tərk eləyib. Məlikçölə çəkilib.

Babura hər şey aydın oldu. Übeydulla xan qızılbaş qoşunlarını öz dalınca çəkib səhraya aparmaq istəyir. Orada, səhrada vuruşmayan bu qoşunlara asanlıqla qalib gələ bilər. O, yaxşı bilirdi ki, Şah İsmayılın qoşunları qalaları almağı bacarırlar. Səhrada isə demək olar ki, vuruşmayıblar.

Yar Əhməd Nəcmi Sani Məlikçöldə Übeydulla xanla vuruşmağı tələb elədi. Babur da, onun sərkərdələri də buna razılaşmaq istəmirdilər.

- Onu aradan çıxartmalıyıq. Çıxmasa, Übeydulla xanla vuruşmaq çətin olacaq. O, boz səhra tülküsüdür.

- Biz isə şir ürəkli qızılbaş qoşunlarıyıq.

Yar Əhməd Nəcmi Sani hiss eləyirdi ki, Babur Übeydulla xanla qarşılaşmaqdan çəkinir. Görünür Şeybani xan onun gözünü bərk qorxutmuşdu. Nə qədər ki, Übeydulla xan sağdır, Babura dinclik yoxdur.

Yar Əhməd Nəcmi Sani nə Baburun, nə də sərkərdələrin sözünə baxdı. Qoşunu səhrada Məlikçöldə Übeydulla xanın üstünə apardı. Bununla da məğlubiyyəti özü axtarıb tapdı. Döyüşün qızğın çağında sağ cinahdakı Babur qoşunlarını götürüb qaçdı və Yar Əhməd Nəcmi Sani sayca çox düşmənlə son ana qədər vuruşdu. Amma əsir düşdü. Übeydulla xan onu və əsir düşənlərin hamısını doğratdırdı.*

Şah İsmayıl bir daha Mərv qalası qarşısında dayandı. Übeydulla xan Məlikçöldə Yar Əhməd Nəcmi Saniyə qalib gələndən sonra Mərv qalasını almış, qalanı və ətraf vilayətin hakimi Dədə bəy qalanı qoyub qaçmışdı.

Hüseyn bəy Lələ isə Heratda ərzaq tükənənə qədər dözmüş, sonra qaladan çıxıb Sistan, Kaşi yolu ilə İsfahana, şahın hüzuruna gəlmişdi.

Şah İsmayıl onların hər ikisinə də qəzəblənmişdi.

Mərv qalasına o yaxınlaşanda Übeydulla xan mühasirəyə girmək istəməmiş, çəkilib getmişdi.

Şah İsmayıl üzündən niqabı götürüb at belində qoşunun qabağında dayandı.

- Qazilər, Dədə bəyi hamımız igid bir şəxs kimi tanıyırdıq. Amma düşməni görən kimi qalanı tərk eləyib qaçıb. Onun cəzası nədi?

Dədə bəy saç-saqqalını ağartmışdı, amma biləkləri yenə də əvvəlki kimi yoğun, sifət əzələləri gərgin idi. O, sakitcə dayanıb başını aşağı əymişdi:



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info