Qonaq Kitabı
32

32

Səmərqənd şəhərinin qala qapılarından çöldə at belində oturan Yar Əhməd Bibixanım məscidinin bahar gözləri kimi mavi qübbəsinə heyran-heyran baxırdı. Ona elə gəldi ki, səhralar arasındakı vahədə salınmış Səmərqəndi insan yox, quşlar tikmişdi. Dimdiklərində daşıyıb gətirmişdilər hər şeyi. Onu yalnız tovuz quşu tikə bilərdi. O quş özünə bənzədib bu şəhəri, ona öz lələklərindən rəng və gözəllik verib. Yoxsa bu Topal Teymurun işi deyil. Teymuru Heratda, Azərbaycanda, Türkiyədə quran, tikən yox, dağıdan kimi tanımışdılar.

“Böyük sərkərdəydi Teymur. Heç bir ordu onun silahı, hərbi hiyləsi qarşısında dayana bilməmişdi. Təslim olmayanları qılıncdan keçirmişdi, alınmaz qalaları yerlə yeksan elətdirmişdi. Burda necə Səmərqənd tikdirmiş, öz evini qurub düzəltmiş, düşmən evini dağıtmışdır.

Yar Əhməd Nəcmi Sanini Şah İsmayıl Babura köməyə göndərdiyi qoşunlara sərkərdə təyin etmişdi. Budur, qoşun artıq Səmərqənd qapılarındadır. Baburun da qoşunları ona qoşulub. Səmərqəndin açarlarını da gətiriblər. İndi onlar Teymurun qədim paytaxtına girəcək, onun küçələrı ilə addımlayacaqlar.     

Şeybani xanın varisləri olan Übeydulla Sultanla Teymur Sultan Buxaraya qaçıblar - Babur taxtına oturacaq.           

Onların atı yanaşı dayanmışdı. Baburun başında ag çalma, Yar Əhmədin başında isə qırmızı qızılbaş çalması vardı. Yan tərəfdən lələk sancılmışdı.

Bu vaxt bürclərdə adamlar göründü. Zolaqlı paltar geymiş bu kişilər uzun kəranayları göyə qaldırıb çalmağa başladılar. Divar arxasında da şadlıq sədaları eşidilirdi.

Qapılar açıldı və Babur atını tərpətdi. Yar Əhməd də onunla bərabər, əyan-əşrəflə, taybatay açılmış darvazalar qarşısında su ilə doldurulmuş xəndəklər üstünə endirilmiş körpüdən keçdilər. Xəndəkdəki su azalmışdı və orada insan sümükləri, pas atmış qılınc, arxın dibinə sancılmış nizə görünürdü. Bəlkə də onlar Baburun Səmərqəndi müdafiə elədiyi vaxtdan qalmışdı.

Babur şəhərdən, sonuncu dəfə çıxdığı qapıdan içəri girirdi və onun qəlbindən qara qanlar axırdı.

O vaxt anası dərvişlər vasitəsilə Şeybani xanla danışıq aparmış, qızı Xanzadəbəyimi ona verib oğlunu xilas edib bu qapıdan çıxartdırmış, bununla da Babur cəlayi-vətən olmuşdu. İndi isə Şah İsmayılın köməyi ilə qayıdırdı. Amma səmərqəndlilərin sifətinə baxmağa cürəti çatmırdı. Elə bilirdi ki, Xanzadəbəyimi verib canını qurtaran hökmdarı hamı nifrətlə yad eləyir.

Qızılbaşlarla Babur qoşunu yanaşı yeriyirdi. Onlar Bibixanım məscidinin yanından keçəndə ixtiyarsız olaraq Yar Əhməd salavat çevirdi. Məscidin əzəməti onu vəcdə gətirmişdi. Düzdür, o, Bağdadda, Təbrizdə, İsfahanda gəzəl, böyük məscidlər görmüş, onların çoxusunda ibadət də eləmişdi. Amma bu səhralar arasında qadının tikdirdiyi məscidə möcüzə kimi baxırdı. Babur da, onların yanlarındakı əyan-əşrəf də salavat çevirəndən sonra süvarilər salavat çevirməyə başladılar. Qızılbaş süvarilərinin qırmızı çalmaları mavi kaşinin qarşısında daha da al rəng almışdı. Onları qarşılayan səmərqəndlilər Səfəvi qoşunlarının salavat çevırdiyini görüb məəttəl qalmışdılar.       

Çapanı qarnına çatmayan, qurşağı göbəyindən aşagı sürüşmüş peysərli kişi yanında dayanan tanımadığı kosa kişidən soruşdu:

- Bəs deyirdilər, qızılbaşlar din, mənsəb yolunnan çıxıblar?

- Şeybani xanın uydurmasıymış.

- Kafir deyillərsə, bəs başlarındakı çalma niyə qırmızıdı?

Kök adam çiynini çəkdi:

- Nə deyim, vallah? Kim nə deyirsə, elə ona da inanırıq.

Yar Əhməd hələ keçən ilin axırlarında Xorasan əmirləri ilə bərabər Bəlx şəhərinə gəlmiş, Mirzə Baburun dalınca Xanzadəbəyimi qardaşına aparıb çatdıran Məhəmməd Yusifi göndərmişdi. Məhəmməd Yusif Baburu hisar Şadmalda tapmamış, Termez aşırımını keçərək Dəmir dərədə Baburla görüşmüş, onunla birlikdə qayıdıb Yar Əhməd Nəcmi Sani ilə birləşmişdi.

Onlar birlikdə Karşı şəhərinə hücum eləyib təslim olmayan Şayxum Mirzənin müqavimətini qıraraq şəhərə girmişdilər. Babura xəbər gəlmişdi kı, şair Mövlana Binayi bir evin üstünə çıxıb oradan qoşuna daş atır.

Babur at üstündə özü gəlmişdi. Binayi Səmərqənddə onu şairlər şairi səviyyəsinə yüksəltdiyi şəxsiyyət idi. Tez də Şeybani xan tərəfə keçib ona şeirlər həsr eləmişdi.

Babur çatanda qocalmış, saç-saqqalı ağarmış, arıq cüssəli, cılız bədənli şair əlində iri bir daş tutub dayanmışdı.

- Mövlana Binayi, gəl daşı tök ətəyinnən. Mən Baburam, sənin günahlarından keçirəm. Qayıt, mənim sarayımda yaşa.

Binayi mat-mat ona baxmışdı.

- Tanımadın?

- …

- Səninləyəm, mən Baburu tanımadın?

- Tanıdım. Mən özümü tanımıram. Dünya elə dəyişkən, fələk elə üzü dönükdü ki, Mövlana Binayi hər il bir sifətə girib, bir hökmdara təriflər yazmalıdı. Bəsdi daha. Mən heç kimə qulluq göstərmək, heç kimə təriflər yazmaq istəmirəm.

- Təriflər yazma. Düş aşağı. Sənin silahın daş, qılınc, nizə deyil. Sənin silahın sözdü, şeirdi.

Bu vaxt hardansa uçan bir ox Mövlana Binayinin kürəyinə sancılmış, o, axır nəfəsində demişdi:

 

Sən yetdin köməyimə, allah, halım qarışdı,

Nəsibim bircə bu daş, bir də daşi-Karşıdı*.

 

Damın üstünə yıxılan, başı aşağı sallanıb gözləri açıq qalan Binayinin öldüyünü görən Babur atını sürüb onun son beytini təkrar eləmişdi.

 

Sən yetiş köməyimə, allah, halım qarışdı,

Nəsibim bircə bu daş, bir də dami-Karşıdı.

 

İndi onlar Səmərqəndə girirdilər. Burada heç kəs onlara damnan daş atmırdı. Sevinclə, məhəbbətlə qarşılayırdılar.

Registan yanında Yar Əhməd bu göy qübbəsi rəngində olan binalara baxıb tez də üzünü döndərdi. Gördü ki, yanında at üstündə duran Ələmdar bəy Bəcrəvanlı sanki heç nə görmür, elə atını sürüb məchul bir nöqtəyə gedir. Ələmdar bəy cavan, ağsifət, qaraqaş, qaragöz bir oğlandı. Bəcrəvan Qaradonlu atlılarının başçısıydı. Hər yerdə də, cəsarətlə döyüşə girirdi. Amma az danışırdı. Xəfif gülüşü vardı. O gülüşdən də qəm tökülürdü.

- Ələmdar bəy, bu gözəlliyi görmürsən?

Ələmdar bəy dönüb baxdı. Heyrətli bir gülüşlə qımışdı.

- Gözəldi. Əmir Teymur dünyasının bütün ustalarını bura tökmüşdü. Onlar da tikdi də.

- Sən niyə qəmlisən. Ələmdar bəy?

- Heç.

- Allah yeri-göyü heçdən yaradıb. Demək sənin də bu heç dediyin dərdin bu dünya qədərdi. Sənə çox fikir vermişəm, həmişə qəmlisən. Bəlkə vətən xiffəti eləyirsən?

- Yox. Onsuz da vətənə qayıdacağıq.

Onun dərdi ayrıydı. Neçə il idi ki, evlənmişdi, amma övladı olmurdu. Arvadını da çox istədiyinnən onun üstünə günü gətirmək istəmirdi. Amma övladsızlıq dərdinə də dözə bilmirdi. Bu fikir bir an da olsun, onu tərk eləmirdi, həmişə gözləri yol çəkirdi. Səmərqəndin bu ilahi tikintilərinə baxıb qəlbini ovundura bilmirdi.

Ələmdar bəylə birlikdə onun dostu ucaboy, sifəti ensiz, qara bığları dodaqlarının üstünü örtmüş Məhəmməd bəy Samuxlu mənalı-mənalı sərkərdə Nəcmi Saniyə baxdı. Yəni bunun səbəbi var.

Məhəmməd bəy Samuxlu ona həmişə deyərdi ki, ziyarətgahlara ayaq döymək, nəzir-niyaz verib, qurbanlar kəsmək vacibdi. Yoxsa bir iş hasil olmayacaq.

Ələmdar bəy səxavətliydi. Hər gələnə hatəm süfrəsi açardı. Bunları da niyyətinin hasil olması üçün etmirdi, səxavət onun xilqətindəydi.

“Bəs niyə tale mənə öz səxavətini göstərmir?”

Qızılbaş qoşunları Əmir Teymurun dəfn olunduğu “Göyəmir” türbəsinə tərəf gedirdi.



* Beyti sətri tərcümədən F.K. tərcümə etmişdir.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info