Qonaq Kitabı
31

31

İstambulun Ədirnə darvazası yaxınlaşırdı. Qarabulud narahatlıq hiss eləmədən yeriyirdi və atın arxayınçılığı sahibinin, şahzadə Səlimin də həyəcanlarına süstlük gətirirdi. Qarabulud onu neçə dəfə ölümdən, təhlükədən xilas eləmişdi. İndi təhlükə hiss eləsəydi, yəqin ki, belə arxayın yeriməzdi. Söz yox ki, bu, şahzadə Səlimin fikriydı. Özünə təskinlik, ürək-dirək verirdi.

Birinci onu vəziri-əzəm qarşılayıb əlindən və ayagından öpmüşdü. Səlim onda fikirləşmişdi ki, tale onun xeyrinə dönür. Atası Bayazidlə Oğraş dərəsində vuruşub, Qarabuludun yəhərində canını qurtarıb Krıma gedəndən sonra fikirləşmişdi ki, artıq hər şey bitdi, hər şey qurtardı. O, bir də öz vətəninə, öz ölkəsinə dönə bilməz. Amma üstündən çox keçmədən onun yanına atası sarayın ən hörmətlı şəxsiyyətlərini, üləma və qazılarını göndərmişdi. Qurana əl basıb and içmişdilər ki, atası onu taxtda oturtmaq üçün dəvət edir.

İnanmamışdı. Atası onu intiqam almağa çağırır. Döyüşdə qoşununa qalib gəlsə də, özünü tuta bilməmişdi. İndi Quranın gücü ilə gətirir. Çox götür-qoy eləmişdi. Axırda anası Aişə xatunla məsləhətləşmiş, onu da özü ılə bərabər gətirmişdi. Gətirmişdi ki, atasına minnətçı salsın. Taxtın üstündəki almasların parıltısı, yaqutların qan rəngi onu İstambula gəlməyə məcbur eləmişdi. Bəlkə də atası dogrudan da onu taxta çıxarmaq istəyir, getməsə fikrini dəyişər, onda da hər şey qurtarardı.   

“Axırı ölümdü. Kimsəsiz, unudulmuş vəziyyətdə ölməkdənsə, qoy elə ata əlində ölüm” - deyib Kafa şəhərində gəmiyə minmişdi. Oğlu Süleymanı qucaqlayıb bağrına basmış, gözlərindən axan yaş quruyana qədər buraxmamışdı. Oğlunu apara bilməzdi. Özü gedirsə, heç olmasa, oglu qalsın. Bu on altı yaşına girən oğlu salamat qoyacaqlarmı bır şey olsa? Yox, qardaşı Əhməd onu oğurlatdırıb aparar, boğdurar. İndi heç olmasa bir dəniz aralıdadı.

Səlim ürəyindən gözlərindən axan yaşı üstələyə bilmirdi. “Yaxşı, birdən o da mənim kimi oğul oldu, qoşun çəkib üstümə gəldi. Onda necə? Yox, mənim oğlum belə eləməz. Bəlkə də... Axı o mənim öz oğlumdu. Mənə oxşamalıdı”. Onu ağlamağa məcbur eləyən oğul məhəbbəti hissi dəyisdi, onun ürəyi yenə də daşa döndü. Oğlu Süleyman da bir azdan onun taxtına göz dikəcək, atasının ölümünü arzulayacaq. İmkan düşsə, onu zəhərləyəcək, gözlərini çıxaracaq.

Elə bil qızmar mili onun göz bəbəklərinə yaxınlaşdırdılar. Qalın göz qapaqlarını qırpdı.

Bununla belə oğlu Süleymanı özü ilə bərabər İstambula gətirmədi.

İndi şəhərin Ədirnə qapısına tərəf gedir. Atasının əyan-əşrəfi, sərkərdələr onun ətrafında, arxa tərəfində gəlsə də, o, heç kimi görmürdü. Atası ilə görüşü gözləyirdi. Necə görüş olacaq? Olüm də, əbədi yüksəliş də bu görüşdən asılıdır.

Atın nallarının səsi artdı. Ədirnə qapısının tağları daş döşəmədə polad nalların səsini əks eləyirdi. Bu, əməlli-başlı vahimə yaradırdı. O, qala qapısı qarşısındakı meydana çatanda, onunla bərabər gələnlər də şəhərə daxil olanda Ədirnə qapısının dəmir darvazaları örtüldü və şahzadə Səlim bağlanan kilidlərin cingiltisini eşitdi.

“Hər şey qurtardı. Atam məni əsir aldı. Daha heç yerə qaça bilmərəm. Qarabulud da dadıma çata bilməz. Öz ağılsızlığımın ucbatından bu günə düşdüm. Məni tutmaq istəməsəydilər, qapını bağlamazdılar. Görək indi məni hara apararlar? Sarayamı, zindanamı, onsuz da hər ikisinin də yolu birdi”.

Amma gözlərinə inana bilmirdi. Yolun hər iki tərəfində dizçökənlər* təzimlə onu qarşılayırdı. Bütün İstambul camaatı da pişvaza çıxmışdı. Adam çox idi. Nə məscidlərdə, nə də məşhur İstambul bazarında bir nəfər də qalmamışdı, hamı bu ətrafa yığılmışdı.

“Onlar mənim edamıma, yoxsa tac qoymagıma yığılıblar?! Hər halda artıq gecdi. Mən özümü edama gedən cani kimi deyil, hökmdar, Sultan Səlim kimi aparmalıyam. Qoy hamı desin ki, Sultan Səlim igid gəldi, igid getdi”.

Birdən-birə atası ilə görüşəcəyi ilk anı təsəvvürünə gətirdi və kürəyində neçə damcı tərin civə kimi üzüaşağı yuvarlandığını hiss elədi. Gicgahlarında iri burnunun üstünə kimi sıxmağa başladı.

Yaz idi. Hər yerdə qızılgüllər açmışdı, aşağıda cilvələnən füruzə rəngli körfəzdən bahar küləyi əsirdi. Özünə ürək-dirək verməyə başladı. “Özünü ələ al, axı sən bu boyda ölkənin hökmdarı olacaqsan. Bu nə zəiflikdi!” Cilovu tərpətdi, qızıl ilişgilər atın cənglərində dartıldı, Qarabulud addımlarını yeyinlətdi. “Tez-tez. Taleyə qovuşmağa tələsmək lazımdır”.

Birdən-birə onun ürəyinə damdı ki, hökmdar olacaq, Sultan olacaq. Mütləq olacaq, elə bu gün olacaq. Sarayın qarşısında pillələrin yuxarısında atasını gördü. Neçə il idi görməmişdi. Gördü ki, atası arıqlayıb, rəngi ağarıb. Yaxşı, bəs o, oğlunu qarşılamağa buraya niyə çıxıb?

Səlim sürətlə pillələri qalxıb atasının qarşısında diz çökdü və onun isti, titrək, zəif əlini iri barmaqları arasına alıb öpdü. Bir dəfə yox, dəfələrlə öpdü, gözünün üstünə qoydu. Bu vaxt əlinin üstünə bir damcı isti su düşdüyünü hiss elədi. Başını qaldırmağa cürət etmədi. Bildi ki, atası onu bağışlayıb, onun xatirinə hər şeydən, hətta taxtından da əl çəkib. Bu, ürəyi kövrəlmiş atanın gözündən axan bir damcı yaşdı.

O, atasının əlini buraxıb əyildi və onun ayaqlarını qucaqladı. Meydanda heyrət nidaları, “afərin!” səsləri esidildi.

Sultan Bayazid kövrək və titrək səslə dedi:

- Qalx, oğlum, qalx! Mən sənin günahlarını bagıslamışam.    

Səlimi yenə də ağlamaq tutdu. O, kövrələndə heç yerdə göz yaşlarını saxlaya bilmirdi. İndi də atasının ayaqlarını qucaqlayıb ağlayırdı. Enli çiyinləri qalxıb enir, atası onun hönkürtüsünü eşidirdi. Həm də atasının onu bağışlamağına görə ağlamırdı. Öz ali məqsədinə çatdığına görə, sultanlığa yetdiyinə görə köyrəlmişdi və sevincdən göz yaşları tökürdü.

Əyan-əşrəf onun ağlamağına ürək yüngüllüyü ilə baxırdı. Bu baxışlar şahzadə Səlimin xeyrinəydi.

- Qalx, oğlum, özünü ələ al! Hamı səndən iradə, qətiyyət, sərtlik və mehribanlıq gözləyəcək.

Səlim qalxıb atasının qarşısında dayandı, amma başını sinəsindən qaldırmadı.

Bayazid qabağa düşüb onu öz xəlvət otağına apardı. Ata-oğul arasında söhbət olacaqdı. Onların bu gizli söhbətini heç kim eşitmədi. Görünür, təcrübəli hökmdar oğluna ən gizli sirlərini açmışdı. Onlar taxt otağına qayıdanda hər şey hazır idi.

Qoca Bayazid taxtın yanına qədər gəlib oğlu ilə yanaşı dayandı və üzünü otaği-hümayuna yığılanlara tutub dedi:

- Buraya ölkənin sütunları toplaşıb və hamının yanında mən öz son qərarımı bildirmək istəyirəm. Qocalmışam, xəstələnmişəm, atam sultan Məhəmmədin gördükləri işin yarısını da görməmişəm. Babasına bənzəyən vəliəhd taxta çıxmalıdı. Çox götür-qoy etdikdən sonra bu fikrə gəldim ki, şahzadə Səlim Fatehə daha çox oxşayır. Ona görə də onun xeyrinə taxtdan fəraq elədiyimi bildirməyi lazım görürəm.

Axırıncı kəlmələrdə Bayazidin səsi titrədi və əyan-əşrəf arasında gözləri yaşaranlar, ağlayanlar oldu. Amma Səlim özünü saxladı. Bayazid işarə ilə hələ də danışmaq istədiyini bildirdi.

- Mən oğlumun Topqapı sarayındakı çülusuna xeyır-dua verib, sadiq dostlarım vəzir Yunis və dəftərdar Qasım paşalarla əski saraya çəkilirəm. İki gündən sonra Demitondakı sarayıma yola düşüb ömrümün son günlərini orada keçirmək fikrindəyəm.

Bayazid sözlərini qurtarıb qapıya tərəf getdi və oglu Səlim də onu müşayiət elədi. Qapının ağzından içəri gəlmək istəyən qardaşı Qorqudla qarşılaşdı. Ataları da bunu gördü və hər ikisini yanına çağırdı.

- Səlim, Qorqud sənin ana bir qardaşındı. Həmişə də mehriban olmusunuz. Qorqudu mən çağırtdırmışam ki, sənin cunus günündə iştirak eləsin. Mehriban olun!

Qorqud səmimiyyətlə yaşca özündən kiçik, amma boyda böyük, cüssəli Səlimi qucaqladı.

- Qardaşım, səni təbrik eləyirəm. Hökmdarlığın uzun olsun. Sənin yolunda mən bütün çətinliklərə dözməyə hazıram.

- Minnətdaram.

Bayazid ona tərəf dönən oğlanlarına əlini qaldırdı.

- Məni müşayiət etmək lazım deyil. Artıq sən sultansan, mən isə heç kim. İşlə, ölkəylə məşğul ol.

Atası getdi və iki qardaş, üz-üzə dayandı. Səlim boy-buxunda, sir-sifətdə qardaşından kobud görünürdü. Qorqudun həna qoyulmuş yumşaq saqqalı onun həlim xasiyyətinə bənzəyirdi.

- Qorqud, ağabəyim, mənim tərəfimi tutacağını yazılı surətdə yazıb verməlisən. Mən isə sancaqbəyi olduğun ərazinin gəliri xərcini ödəməsə, nə qədər lazım gəlsə para verəcəyim barədə təhhiznamə yazacağam. Bütün işlərdə də köməyinə gəlməyə hazır olacağam. Hər ikimiz kağızımızı yazıb anamız Aişəbəyimə verməliyik. 

Xidmətçi yaxınlaşıb baş əydi və Aişəbəyimin oğlanlarını görmək istədiyini bildirdi. Hər ikisi yanaşı analarının yanına gəldilər.

Bu tək, sakit, ayaqları şişmiş qadın kürsüdə oturmuşdu və iki kəniz onun ayaqlarını zeytun yağı ilə sığallayır, ovuşdururdu. Oğlanlarının gəldiyini görüb ayaqlarının üstünə şal atdı. Kənizlər çəkilib getdilər. Hər iki oğlu onun qarşısında diz çöküb, analarının əllərindən öpdü.

Qadının batıq, amma amiranə səsi eşidildi.

- Şükür tanrıya ki, oğlum Qorqudu da gördüm.

- Çox şükür, annaciyim! Mənim yanımda qonaq qalmazsanmı?

- Yox, oğlum. Ana belə vaxtda ən çətin vəziyyətdəki oğlunun yanında olmalıdı. Hökmdar yükü çox ağır yükdü. Atanızdan çəkdiyim bəs deyildi, indi şükür, oğlumun da sultanlığının əziyyətinə dözməliyəm. Oğlum, Səlim, tale sənə bu taxt-tacı qismət eləyib. Başacan olsun, tale səni amanında saxlasın. Mənim hər ikinizə tövsiyəm var. Sən qardaşın Qorquddan, Qorqud da səndən muğayat olsun. Sizi and verirəm südümə, məni dərdlərə salmayın.

Aişəbəyimin birdən qırx il əvvəlki günləri yadına düşdü. O, sultanın başqa qadınlarından fərqli olaraq, oğlanlarına dayələrin deyil, öz südünü vermişdi. Ana südü əmməyən şahzadədən sultan olmaz. Qorqud az əmmişdi, süddən tez kəsilmişdi. Amma Səlim üç yaşına qədər anasını əmmişdi. Hərdənbir bu qoca yaşında oğlu Səlimi görəndə ona elə gəlirdi ki, döşlərinə süd gələ bilər. Səlim acgöz idi. Hakimiyyəti də özü ələ keçirdi.

Qorqud isə heç oğul övladı da görmədi.

Onların söhbəti xeyli çəkdi, arada bir Səlim çıxıb yaxın xidmətçilərinə tapşırıqlarını da verib qayıtdı. Onlar Bayazidin süfrəsi ilə məşğul olmalıydılar. Sonra qardaşlar kağızları yazıb möhürləyib analarına verdilər.

Aişəbəyim kağızları qatlayıb kürsünün yanındakı səkkizkünclü dolabın üstünə qoydu. Özü də çox narazı halda dodaqaltı nəsə deyindi.

-  Nə? - deyə Səlim onun fikrini soruşdu.

-  Heç. Ana südü bu kağızdan qaraydı? O süd hər müqavilədən üstün olmalıdır axı.

Heç biri dinmədi.

Qardaşlar ayrıldılar.

Səlim qayıdıb taxta oturdu. Necə də yumşaqdı. Bura dag başı kimi ucadır və oradan çox uzaq üfüqlər görünür. Ufüqdə isə onun iki düşməni gözünə sataşdı. Hər ikisi atlıydı və nizələri qabağa uzadıb atlarını dördnala çapırdılar. Lap yaxına gəlsələr o nizələrin hərəsi bir gözünə batacaq və düşmənlərini görməyəcək. Amma hələ ki, onların zıreh arasındakı sifətlərini görür. Biri böyük qardaşı Əhməd, o birisi indicə ayrıldığı ortancıl qardaşı Qorquddu. Bu dəqiqə Səlimin onlardan böyük düşməni yoxdu.

Atası ilə ikilikdə qalanda qoca sultan ona çox göstərişlər vermişdi. Sözləri indi də onun qulağında səslənirdi. “Oğlum, səltənətin, ölkənin xeyrinə hər şeydən keçməyi bacarmalısan. Hətta doğma övladından da. Ölkədə sakitlik olmasa, heç bir böyük iş görə bilməyəcəksən. Əgər mən sənə mane olsam, yolunun üstündən götür. Artıq hakimi-mütləqsən.

Vəzirləri eşit, amma inanma. İnansan da, bunu onlara bildirmə. Sənin inamından istifadə eləyəllər.

Ordunu əlində möhkəm saxla, ən böyük dayağın, köməyin odu. Əsgərin ac olsa, düşmən tərəfə keçəcək. Onun qarnı tox, əyni isti, silahı mükəmməl olmalıdı. Ölkənin var-dövlətini də onlar qazanıb gətirəcək.

Sənin tərəfini saxlayan üləmalara, alimlərə, sənətkarlara yaxşı bax. Onlar səndən küsüb getsə, hörmətin azalar. Ölkəyə möxlətə sala biləcək şəxslərə qarşı amansız ol. Rütbəsinə və nüfuzuna baxma. Nüfuzu da, rütbəsi də hökmdar əlindədi.

Fikrində qəti və inamlı ol. “Yox!” hökmünü “bəli!” hökmünlə əvəz eləsən uduzarsan. Sözünün üstündə möhkəm dayan kı, hamı sənin dönməzliyinə inansın”.

Sultan Səlim artıq hökmdar kimi ilk qərarını qəbul eləyirdi. Qardaşı şahzadə Əhməd, onun oğlanları, indicə əhd-peyman bağladığı qardaşı Qorqud qaldıqca ona rahatlıq yoxdur. Bəs atası? Qoca sultan ölkənin uzaq bir guşəsinə çəkilsə də, onun varlığı səltənətin, onun hökmdarlığının üstünə kölgə salır. O, istədiyi kimi hərəkət eləyə bilməyəcək. Kənardakı kölgələr onun işıqlı yolunun üstünə düşəcək.

Xidmətçi gəldi. Bu, atasının süfrə işini tapşırdığı xidmətçiydi. Qayıdıb yaxına gəldi və başını sinəsinə əyməklə onun tapşırığını yerinə yetirdiyini bildirdi.

Sultan Səlim onun bu lal hərəkətindən sonra kövrəldi və gözlərindən yaş axmağa başladı. Xidmətçi lal idi. Savadı da yoxdu. Sirri heç kimə açası deyildi. Onun dilini yalnız Sultan Səlim özü bilirdi. Demək artıq atasının xörəyinə zəhər qatılıb.

İki gündən sonra əssi sarayın qarşısından qoca Bayazidi yola salanda o artıq ata minə bilmədi. Kəcavəyə oturdu. Kəcavənı üç qara qul və Sultan Səlim özü qaldırdı. O, yenə də ağlayırdı. Atasının kəcavəsinə girməyi çoxlarını mütəəssir etmiş, onu hamının gözündə yüksəltmişdi. Amma qoca Bayazid lal və dinməz idi. Mədəsində başlamış ağrılar, baş gicəllənməsi, halsızlıq ona çox şeylər deyirdi. “Mən mənzilə çatmayacam, amma sən çox uzaqlara gedəcəksən, oğlum. Mənim vəsiyyətimi özümü zəhərləməklə yerinə yetirməyə başladın. Əsl hökmdarsan”.



* Dizçökənlər - bu qoşun növü yalnız yüksək rütbəli qonaqları qarşılamaq üçün yaranmışdı. Onların rəisinə “dizçökən ağa” deyirdilər.

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info