Qonaq Kitabı
30

30

Fransisko rəngləri fırça ilə qarışdırır, taxtda bardaş qurub oturan, bir dəstə qolubağlı adamları dindirməklə məşğul olan Şah İsmayıla baxır və rəngləri kətana yaxırdı. Sultan Məhəmmədlə Behzad da buradaydılar. Və onun işinə baxırdılar. Firəngdən gəlmiş rəssamı iş başında ilk dəfə görürdülər. Onun üslubuna xüsusi maraqla fikir verirdilər. Şahın sifət cizgiləri, çalmasının qırmızı, saçının və nazik bığlarının qızılı rəngi artıq seçilirdi.

Sarayda isə qanqaralığıydı. Qapı ağzında doqquz nəfər başı çalmalı adam qolları bağlı dayanmışdı.

Şah İsmayıl qeyzlə dilləndi.

- Hamısını asın!

Vəzirlər, vəkillər bir-birlərinin üzünə baxdı.

- Bəli, asın!

Onlardan birinin dodağı partladı və oradan qan axmağa başladı.

- Axı murşidi-kamilimiz, biz sənin mübarək adın dilimizdə ölümə gedirdik. Bizim heç bir günahımız yoxdu.

Onlar Şahqulu üsyanında iştirak eləyən, Şahqulunun yaxm adamlarıydılar. Üsyan yatırılandan sonra qaçıb Xan Məhəmməd Ustaclının yanına gəlmiş, Xan Məhəmməd də onları hörmət-izzətlə Təbriz şahının hüzuruna gətirmişdi kı, onlara iltifat göstərsin. Şah isə çatan kimi onları qandallatdırıb zindana atdırmış, indi isə divan qurmuşdu.

Xan Məhəmməd Ustaclı da şahın bu qərarına çox qəribə baxırdı.    

Onlar şiəliyi yaymış, üsyan eləmiş, axırda məğlub olmuşdular. Onlara ənam vermək, torpaq bağışlamaq əvəzinə, dara çəkmək istəyirdi. Axırda özünü saxlaya bilmədi.

- Şah sağ olsun. İzn olsa, mən də bir-iki kəlmə deyərdim.

Şah başı ilə razılığını bildirdi.

- Mürşidi-kamilim, sizin hökmünüz Quran ayəsidi. Bu öz yerində. Mən bir şeyi bilmək istəyirəm. Bu bədbəxtlər axı Əli yolunda nə qədər qan axıdıblar. Neçə min adam şəhid olub. Onları həmin şəhidlərin qanına bağışlamaq olmazdımı?

Şah İsmayıl dediyindən dönmək istəmirdi.

- Yox, Xan Məhəmməd. Bunlar da gərək orda şəhid olaydılar. Nə var, niyə qaçıb mənim üstümə gəlirsiniz! Bəs o torpaqlarda kim qaidı? Sizin qorxaqlığınızı görən camaat da qaçıb gələcək. Axı orada bizim nə qədər tayfalarımız var! Onlar indi yer-yurdlarından didərgin düşüb gəlib Təbriz bazarında dilənçilik eləyəcək? Asılsınlar. Fərmanı yerinə yetirin!

Sözlərini deyib öz taxtından qalxıb sürətli addımlarla öz xəlvət otağına gəldi. Üzü üstə düşüb qaldı.

O doqquz nəfərin irilmiş gözləri, yalvarışlı baxışları ona dikilmişdi. Ondan aman, ondan ümid gözləyirdilər. O isə qəddarlıqla onları asmağı əmr eləmişdi.

Xan Məhəmməd Ustaclının özü də bunu başa düşmürdü. Axı bu fərarilərə, doğma torpaqlarını qoyub qaçanlara bundan əskik cəza versə, onda Xorasandan da, Bağdaddan da onun dili bir, qanı bir qardaşları qaçıb gələr. Yurd, torpaq özgələrə qismət olar. Nə vaxta qədər bu millət öz canının qorxusundan vətənini, torpağını atıb qaçacaq.

“Mən hələ fərman verməliydim ki, onların meyitlərini də aparıb gəldikləri torpağa basdırsınlar”.

Sultan Bayazidə isə elçisiylə xəbər göndərməliydi. Deməliydi ki, bəs üsyan rəhbərləri mənə sığınmaq istədiklərinə görə onları edam eləmişəm.

Bəli, ölkələr arasında münasibətləri qoruyub saxlamaq üçün hər işə gərək bir don geydirəsən. Çarə yoxdu. Hökmdarın baxtına düşən tale də budur, bundan ibarətdir.

Özünün yazdığı bir bənd şeiri yadına düşdü:

İki əlim qızıl qanda,

Çox günahlar vardı məndə.

Ya ilahi, Kərəm səndə,

Düşgün qula nəzər eylə.

Əllərim qızıl qandadı. Bu qanı eləməsəm, ölkə qana çalxanar. Sarayımdakı şairlər şeirlərini davatla yazır, mən qanla yazıram, qanla.

Şah İsmayıl döyüşdən sonra meydanlarda tökülüb qalan başsız, qolsuz, qıçsız insanların cəsədlərinə əvvəl baxa bilmirdi. Qan onu dəhşətə gətirirdi. Amma yavaş-yavaş öyrənirdi. Nə qədər döyüşlərdən çıxmışdı. Orada düşmənlə üz-üzə dayanırsan, ya sənə verər allah, ya ona.

Bəs bugünkü hökm. Artıq o, ölkəsinin günahsız insanlarını dara göndərirdi. Əslində onların heç birinin günahı yoxdu. Heç birinin. Amma mən bunu eləməliydim. Mütləq eləməliydim.

Birdən onun yadına firəng rəssamı düşdü. Qalxdı, özünü ələ aldı. Geri qayıtdı. İndicə başa düşdü ki, Hüseyn bəy Lələnin yeri görünür. Mərvdən Herata gedəndə onu da Dədə bəy kimi uzaq əyalətin - Heratın hakimi təyin eləmiş, şəhəri bərpa eləyib əvvəlki görkəminə salmağı ona tapşırmışdı. Hüseyn bəy Lələ yanında olanda heç belə müvazinətini itirməmişdi.

İndi sarayda hamı hiss eləyirdi ki, o özünü itirir, tez əsəbiləşir. Hisslərə qapılır, Firəngistandan gəlmiş rəssamın yanında ölüm hökmü vermiş, sonra da durub taxt otağından çıxmışdı.

Orada, Heratda da ölüm hökmü vermişdi. Şəhərin şeyxi, hamının “elm dəryası” adlandırdığı Xorasanın Şeyxulislam mövlana Seyfəddin Əhməd ibn-Yəhya ibn-Mövlana Səid-əl millət və əd din Məsud-ət Təftəzanini ölümə məhkum eləmişdi.

İndi də yadındadı. Uca qamətli qocanın sifətindən nur yağırdı. O, uzun illər Hüseyn Bəyqaranın və Mir Əlişir Nəvainin həmsöhbəti olmuşdu. Şeybani xan gələndə də onun hörmət və iltifatını qazanmış, Macarda onun adına xütbə oxumuşdu.

- Şeybani xanın adına xütbəni oxuyanda dilin topuq çalmadımı?

- Xeyr, Şeybani xan din yolunda qılınc çalan sərkərdədi, hökmdardı.

- İmam Rzanın qəbrini murdarlayanda da səndən fitva etməmişdimi?

- Bəli!

- Verdin o fitvanı?

- Qurani-şərifdə deyilir ki, hökmdar yer üzünün zülüllahıdır. Onun hökmündən çıxmaq günahdır. - Mövlana Təftəzani burada da ləyaqətlə, inamla danışmağa çalışırdı. - İndi hökmdarımız Şah İsmayıldı, onun dediyi qanundu, Quran ayəsidi, yerinə yetirməliyik.

Şah İsmayıl bundan sonra qəzəblənmişdi:

- Sabah hindlinin birisi burda hakimiyyətə keçsə, onların da dediyinə əməl eləyəcəksənmi?

- Mən müqəddəs Quranın dediyindən dönməmişəm, dönmərəm də.

Təftəzani elm dəryası olsa da, onun əqidəsi Şah İsmayılı iyrəndirirdi. Belə şeyxül-islam, belə din xadimi insanlarda hər cür hökmdarlara mütilik öyrədirdi. Hamı qarşısında baş əyməyə çağırırdı. Belə əqidəli şəxsiyyətin ziyanı xeyrindən çoxdu.

Onu edam eləmək barəsində hökm verəndə Hüseyn bəy Lələ demişdi:

-  Şah sağ olsun, Təftəzaninin camaat arasında nüfuzu böyükdü. Bəlkə fərmanı dəyişəsən?

- Gündə bir avaz oxuyan şeyxül-islamın heç bir nüfuzu ola bilməz. Bəlkə də elə Xorasan əhalisini mütiliyə tale qarşısında baş əyməyə öyrədən odur. Onun qalmagı daha çox zıyandı, nəinki ölməyi.     

Onun fərmanını yerinə yetirmişdilər. Hüseyn bəy Lələnin söhbətləri, onun ürəyi yumşaq olmağı şahı fikrindən döndərməsə də, onun hövsələsini genişləndirirdi.

İndi Hüseyn bəy Lələ onun yanında deyildi.

Şah İsmayıl özlüyündə etiraf etsə də, heç vaxt heç kimin yanında bunu etiraf etməyəcəkdi. Qoy təkliyə də öyrənsin. Özü özünə hakim, özü özünə vəzir olsun.

Yenidən taxt otağına qayıtdı. Burada hamı lal-dinməz oturmuşdu. Yalnız o qolubağlı doqquz nəfər yox idi.

Bir də Behzadla Sultan Məhəmməd firəng rəssamının çəkdiyi şəklə baxırdılar. Şah da yaxınlaşdı. Rəssamlar ayaq üstündə donub qaldılar. Onun nə deyəcəyini gözlədilər.

- Bu mənəmmi?

- Oxşayır, mürşidi-kamilim, - bunu Sultan Məhəmməd dedi.

- Bəs Şərqin tanınmış nəqqaşı nə deyir?

Behzad ucaboy, saçları kürəyinə, qulaqlarının üstünə tökülmüş kifir, barmaqları çox uzun bir adamdı.

- Oxşayır.

- Bəli, deyəsən, oxşayır. Kamil rəssama bənzəyir. Amma onun çəkdiyiylə, sizin çəkdikləriniz bir-birinə bənzəmir.

Hər iki rəssam bilmədi ki, Şah İsmayıl bunu hansı mənada deyir. Firəng rəssamını çox qiymətləndirir, ya onları. Ona görə də cavab vermədilər.

Şah İsmayıl da onları bir-birinin ayağına vermək istəmədi. Fikrində onların çəkdiklərini müqayisə elədi.

Sultan Məhəmmədin çəkdiyi şəkillərdə əl boyda kağızlarda böyük bir dünya yerləşir. Rənglər göz oxşayır. Amma bu iki kitab boydakı şəkildə tək onun sifəti rəsm olunub. Tutqun rənglərlə. Onun çalmasının, sifətinin, saqqalının rəngləri olsa da, tutqundur. Bu rəssamların çəkdiklərində isə rənglər açıqdı. Neçə çalar var. Onlar şeirə, musiqiyə bənzəyir, xalçaya oxşayır. Burada isə kölgə var. İşıq da var sifətdə, kölgə də. Firənglər insanı daha böyük çəkməyə çalışırlar.

Şah firəng rəssamdan soruşdu.

- Firəng rəssamları şahı da, əkinçini də böyük çəkirlər?

- Bəli. Bizim ölkədə əsasən mələklərin, din xadimlərinin şəkillərini çəkirlər.

Fransisko bu müddətdə Təbrizdə dili öyrənmişdi. Həmişə də adamlarda mehribanlıq, səmimiyyət görmüşdü. Gənc şahın şəklini isə indi çəkirdi. Tünd fonun üstündə latınca yazılar yazırdı.

- Orada nə yazmısan?

- İsmayıl Səfi...

Şah İsmayıl onun fikrini başa düşdü. Demək öz ölkələrində göstərmək istəyir. Qoy göstərsin. Görsünlər ki, Şah İsmayıl necədir. O öz şəklində şairliyinə məxsus yumşaq bir təbəssüm, eyni zamanda yenilməz bir qürur gördü.

- Birini də mənim özümə çəkərsən.

- Necə əmr eləsəniz...

- Bizim rəssamların çəkdiklərini görmüsənmi?

- Bəli. Onlar böyük rəssam. Florensiyada beləsi yox!

Şah İsmayıl elə bildi ki, o, təvazökarlıq naminə belə deyir.

Saray xidmətçisi gəlib şaha nəsə pıçıldadı. O, başı ilə Fransisko ilə xudahafizləşib getdi.

Səkinə arvadın son nəfəsiydi.

Həkim tapın!

Behzadla bərabər gələn həkim buradaydı. Şahı görüb ayağa qalxmışdı.

- Həkim burdadır.

Həkim baş əydi.

- Şah sağ olsun! Allah nəzərini kəsəndən sonra həkim acizdi. Mən ibn-Sinanın kitabındakı ən yaxşı müalicələri eləmişəm, mümkün deyil saxlamaq.

Şah İsmayıl oturdu. Onun anası, qardaşı Sultanəli, İbrahim gözləri qabağına gəldi. Səkinənin daş hücrədə çaldığı cürə saz elə bil təzədən dilləndi. Dərdli, ələmli bir hava axıb doldu bu otağa. Səkinə hələ də elə bil o havanı çalırdı. Qurbani yada düşdü. Onun ölümü, Pəri xanımın Xudafərindən geri qayıtması onun kədərini nə qədər artırırdı.

- Oradan mənim sazımı gətirin.

Şah İsmayıl öz xəlvət otağında qələm-davatı ilə bərabər saz saxlayırdı. Onu Qurbani bağlatdırmışdı.

Sazı gətirdilər. Şah İsmayıl sazı dizlərinin üstünə qoydu. İşarə elədi ki, hamı çıxsın. Otaqda bir o qaldı, bir Bəhruzə xatun, bir də ağ saçları balışın üstünə pambıq kimi yapışan, rəngi zəfərana dönən Səkinə. Onun gözləri yumuluydu, sifətində dərin ağrı və əzabın əksi vardı.

Şah İsmayıl təzanəni simlərdə gəzdirdi. O, “Ruhani”ni çalmağa başladı. Amma gözləri Səkinənin sifətindəydi. Bir azdan sifətdəki əzab cizgiləri azaldı, o, güclə gözlərini açmağa çalışırdı.

“Saz onu dirildəcək, mütləq dirildəcək”.

Daha da candildən çalmağa başladı. Birdən simin biri qırıldı, səs dəyişdi. Səkinənin gözləri yumuldu və sifətindəki əzabı əvəz edən təbəssüm donub qaldı.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info