Qonaq Kitabı
29

29

Rəssam Behzadın sifəti, boyu-buxunu, uzun, bənd-bənd bilinən nazik barmaqları Şeybani xanın gözlərindən getmirdi. Onun iri - Məcnun gözlərində nə qədər kədər və nə qədər sənət müəmması vardı. Bəs o niyə qaçıb getdi? Onun ağlına indi çatmışdı ki, sənətkarlar Şeybani xandan qaçırlar. Ona qulluq göstərmək istəmirlər. Səbəbini axtarmağa başlamışdı. Çingiz xanın özü qoşunlarını göndərəndə tapşırırdı, tutduqları ölkələrin ən məşhur alimlərini, qiymətli kitabları ona - Qaraqoruma göndərsinlər. Teymurləng Təbriz ustalarını Səmərqəndə, Buxaraya gətirməyibmi? O boyda şəhərləri tikmək, məscidlər, mədrəsələr yaratmaq elə-belə deyil. Sənətkarlar, alimlər lazımdı.

Səbəbi ona bu günlərdə bəlli olmuşdu. Heratda Nəvainin tikdirdiyi binaları gəzirdi. İxlasiyyəyə girəndə at peyini gördü. Bu gözəl binalara onun əsgərləri at bağlayırdı. Şeybani xan öz əsgərlərinin beşini, onunu, on beşini cəzalandıra bilər. Amma onların ağlına yerləşdirmək olmaz ki, atına baxmasın. At onun üçün hər şeydən əzizdi. Körpəlikdən onun belindədi, südünü içir, ətini yeyir. Uzaq məsafələrə onu çatdıran da bu atdı. Ona necə baxmasın. O, atını vuruşduqları hökmdarların sarayından əziz tutacaq. Başqa əlac yoxdu. Elə belə də olmalıdır. Köçəri əsgərlərinə bu işlərinə görə heç nə demədi. Onları ruhdan salmaq olmazdı. Vaxt gələcək, o, dünyanın hamısını tutacaq, İstambula qədər. Onda sənətkarların qaçıb getməyə yerləri olmayacaq. Məcbur olacaqlar. İstər-istəməz haqsız-muzdsuz Şeybani xana xidmət edəcəklər. Nəyinə lazımdı indi memarlar, şairlər, rəssamlar. Hələlik dağıtmaq lazımdı. Şəhərlərı, qalaları yıxıb yerlə-yeksan eləyəndən sonra təzədən tikəcək. Özü bildiyi, öz xoşuna gələn kimi.           

Hələlik hökmdarları bir-bir qovur, onların gözəl xanımlarını öz hərəmxanasına qatır, xoşuna gəlməyənlərı sərkərdələrinə bağışlayır. Heç bir şəhərin saraylarına da girmir. Çadırda rahatdı. Şəhərin ortasında çadır qurdurur, orda yaşayır. Şəhərlər olmasa da olar. Yovşanlı, saksaullu çöllər heyf deyil. Genişdi. Atının başını burax, səni bir ömürlük yol aparsın. İnsan da bir yerdə oturub qalarmı? Bu tənbəllikdi, acizlikdi. Bütün bu ölkələri birləşdirib dünyaya hökmran olandan sonra da elə çadırda yaşayacaq, ölkənin bu başından o biri başına seyrə çıxacaq.

Şeybani xan yumşaq balışlara söykənmişdi və yuxulu kimi qıyıq gözlərini yummuşdu. Canında bir ağırlıq hiss eləyirdi. Bu nədi belə? Qocalıqdı? Qocalıq mənə yaxın düşə bilməz. Mən xəlifəyəm, Məhəmməd peyğəmbərdən sonra mənim adım çəkilməlidi.

Minayi tarixi ilə 1256-cı ildə Hülakı xan Bagdadı alıb Abbasi xəlifələrinin son nümayəndəsini öldürəndən sonra bütün müsəlman ölkələri xəlifəsiz qalmışdı. Heç kim bütün müsəlmanların xəlifəliyini boynuna götürməyə cürət eləməyib. Bu iş heç Teymurləngin də ağlına gəlməyib. Gəlsə də ürək eləməyib.                .

İndi o, Şeybani xan Bağdadda, lap Məkkənin özündə bu vəzifəni boynuna götürər, Şeybani xəlifəliyin əsasını qoyar və dünyanı idarə eləyər. Belə müqəddəs işə başlayan şəxs də qocalarmı? Yox, o qocalmayıb. Günü-gündən cavanlaşacaq.

- Übeydulla sultandan bir xəbər yoxdu?

- Yox, - deyə çadırın qapısı ağzında yumurlanıb yumaq kimi oturan, əlindəki kitaba baxan bitikçi cavab verdi.

Şeybani xan öz-özünə deyinməyə başladı:

- Qudurtmuşam bunları. Qohum Übeydulla sultanı da oğlum Teymur sultanı da. Mavərənnəhrdən Xorasana qayıtmaq nə böyük yoldu ki? Yox, onların orada ayrı işləri var. Məni saymırlar. Gələrlər, onların başlarını kəsdirib çadırın günbəzinə taxdıraram, yerdə qalanlar onda mənə hörmət eləyərlər.

Mavərənnəhri tutub, Xorasana gəlib, orada üsyanlar başlayıb. Sabah burdan İrana getsə, onda burada da qarmaqarışıqlıq düşəcək? Ölkəni idarə eləmək üçün ağıllı vəzirlər, bilikli məmurlar lazımdı. Teymurləng, ölkədən çıxanda öz yerinə arvadı Bibixanımı məmur eləyirdi. Qayıdıb görərdi ki, hər şey yerindədi. Bəs mən kimi məmur eləyə bilərəm? Arvadların içərisində ən ağıllısı yenə də Xanzadəbəyimdi. Hökmdar qızı, hökmdar bacısı olub. Amma ona nə Mavərənnəhri, nə Xorasanı etibar eləmək olmaz. Qardaşı Baburu çağırar. Bu on ilin içində onunla əməlli-başlı söhbət də eləməmişəm.

Yenə at ayaqlarının səsi eşidildi. Bu çaparlar onu lap zinhara gətirmişdilər. Xoş xəbər olanda vaxtınnan gec, bəd xəbər olanda vaxtınnan tez çatdırırlar. Bu da bəd xəbər gətirəndi. Yəqin Şah İsmayıl barəsində bir söz eşidib.

Şeybani xan dünən Məşhədə qayıtmışdı. Şərq tərəfdən Übeydulla sultanla Teymur sultan gələcək, birləşib İran üstünə gedəcəkdilər.

Şah İsmayılın sifarişini eşidib gülmüşdü. Nəzir gətirir, hara qoyacaq o nəziri. O ziyarətgahı bir günə salmamışıq ki ha, orada allah kəlamı da oxuya biləsən, sözünə bax! Uşaq! Ağzından süd iyi gəlir, neçə ilin hökmdarına, ordular qənimi sərkərdəyə göndərdiyi xəbərə bax ha?! Gəl, sənin özünü tutub qurban kəsərik, qurbanlıq quzu. Onu dizimin altına qoyub başını özüm kəsəcəm.

Çapar gəlib icazə istəyirdi. Şeybani xan səsini qaldırdı.

Çapar içəri girdi. O, heç adama oxşamırdı. Kirpiklərini də, qaşlarını da toz basmışdı.

- Üç at dəyişmişəm. Şah İsmayılın qoşunu birmənzillikdədi.

- Nə qədərdi?

- Sayı-hesabı yoxdu.

Şeybani xan qalxdı:

- Minbaşıları yanıma!

Bir azdan onun qarşısında on yeddi nəfər dayanmışdı. Demək, on yeddi min qoşunu var. Hesabına görə çox olmalıydı. Amma burada bunun səbəbini araşdırmağa vaxt yox idi.

İki minbaşıya gələn düşmənin qarşısını saxlamağı, üç min nəfərə hərəmxananı və onun özünü mühafizə etməyi tapşırıb ata mindi.

Şeybani xan Məşhəddən çıxıb Mərv qalasına yol alanda, artıq Şah İsmayıl qoşununun qabaq dəstələri onun saxladığı iki min nəfəri qılınclayırdı.

Şah İsmayıl şəhərə çatanadək onun qoşunları Şeybani xanı izləyirdi. Şeybani xan Şah İsmayılın bu tezlikdə onun üstünə gəlməyə ürək edəcəyinə inanmırdı. Təcrübəsizdi, onun kimi sərkərdənin qarşısına çıxmamalıydı. Eybi yoxdu, qoy gəlsin. Onu Mərvə qədər çəkib apararam, ona kimi Übeydulla sultanla, Teymur sultan gələrlər, işini o qum səhralarında bitirərik. İranın yolu Bağdada qədər üzümüzə açıq olar.

Şeybani xanın ömrü səhra müharibələrində keçmişdi və inanırdı ki, Şah İsmayılı qum səhrasına, Mərv ətrafına çəksə, orada istədiyini eləyəcək. Ona görə də şəhərdə onunla soruşmağı lazım bilməmişdi. Yox, o qorxub qaçmırdı. O, bu ağzından süd iyi gələn sərkərdəyə tələ qurur. Qum səhrasının tələsindən isə o heç vaxt qurtara bilməyəcək. Onun qoşununun atları da, süvariləri də dəvə kimi susuzluğa davamlıdı. Təkcə saksaulla o heyvanları yedirtmək mümkündü.

Şah İsmayılın ordusunun atları da, adamları da bolluğa öyrəşiblər - yemin, suyun bolluğuna. Aclıqdan, xəstəlikdən tələf olacaqlar.

Şah İsmayıl onun qaçmağından həzz alsa da, qələbəyə sevinsə də fikirləşdi ki, bu da bir hiylədi. Şeybanidə qoca hiylələri çox ola bilər və buna həmişə hazır olmaq lazımdı.

Sərkərdələrinin şurasını çağırdı.

- Şeybani Mərvə tərəfə qaçdı. O, Cərco yolu ilə Buxaraya qayıda bilər. Biz onu izləyə bilərik, ya da bu fikrimizdən əl çəkib, Heratı, bütün Xorasanı tutub təmizləyərik. Xalq bilər ki, yüz ilin ayrıları vətənə qayıtdı. İndi nə deyirsiniz?

Dədə bəy qorçubaşılıqdan çıxarılandan şahdan ürəyində incik qalmışdı. Odur ki, heç danışmaq da istəmədi.

Qara Piri bəy Qacar qara, iri yumruğunu dizinin girdəsinə vurdu.

- Mürşüdümüz, kamilimiz biz bura gəlmişiksə, Xorasanı daha heç kimə verməməliyik. O ki qaldı Şeybani xana, onu biz əzməsək, geri qayıdan kimi yenə Xorasana soxulacaq. Onun dərsini verib, burnunu ovmalıyıq. Biz ömür boyu burda oturub qala bilmərik axı. Mən Şeybaninin Buxaraya getməyinə inanmıram. Onun da mənliyi var. Burdan qaçsa da, uzağa getməz. O, Buxaradan kömək gözləyəcək. Biz Herata keçsək, o, böyük qoşunla qabağımızı kəsə bilər. Ərzaq da, sursat da Təbrizdən gəlir. Onda vəziyyətimiz çıxılmaz olar. Biz Şeybaninin üstünə getməliyik.

Şah İsmayıl qocaman sərkərdə Qara Piri bəy Qacarın cəsarətinə də, ağlına, dərrakəsinə də inanırdı. Onun gətirdiyi dəlillər də ağlabatan idi.

Hüseyn bəy Lələ də, ən axırda Dədə bəy də bu fikrə tərəfdar çıxdılar. Şah İsmayıl da bu fikri bəyəndi və qoşuna Mərv qalasına yerimək əmri verdi.

* * *

Şeybani xan uzağa getmədi. Mərv qalasına çatıb qapıları bağlatdırdı, qoşunlara qalanı müdafiə eləməyi tapşırıb özü Ərkin həyətində çadır qurdurdu. İlk dəfə idi ki, o, qalada oturub düşməndən müdafiə olunurdu. Qaladan zəhləsi gedirdi. Həm onu mühasirə eləməkdən, həm də mühasirədə qalmaqdan. Ulu babası Çingiz xan kimi. Buradan keçib Herata gedəndə Mərv qalasını dağıtdırmaq istəmişdi, Qalanın bəyi Xoca Mahmud Sacarçı yalvar-yapış eləyib qoymamışdı. “Lazım olar, - demişdi. - Bu səhrada bu divarlardan başqa kölgə yoxdu”.

- Mənimdisə bu torpaq, ord a qala lazım deyil. Mən rəiyyətimi qaladan da yaxşı qoruyuram.

- Həşəmətli xan, hər tənəzzülün bir tərəqqisi, hər tərəqqinin bir tənəzzülü olur. Bu qalanı neçə əsrlər əvvəl İsmayıl Səmari tikdirib. Onun ruhuna hörmət eləyin. Qoşun həmişə burda olmur, əhalini quldur-qaçaqdan qoruyub bu qala.

Onu fikrindən döndərmişdi. İndi qalaya sığınandan sonra Xoca Mahmud Sacarçıya haqq qazandırmışdı.

Şah İsmayılın qoşunu qalanı ala bilməyəcəkdi. Əvvəla, burada mancanaqlar qurub divarları deşmək müşkül iş idi. Çünki ətrafda üç-dörd günlük yolla bir daş tapmaq mümkün deyildi ki, mancanağa qoyub divara çırpasan. Bir ağac yoxdu ki, kəsib kötüyünü mancanağa qoyub atasan. Hər tərəf qum səhrasıydı. Bu qumluğun arasından Mahmudun çayı axırdı.

Şah İsmayıl çadırda oturub qalaya baxırdı. İndi görürdü ki, Xorasana hücumu payızın son ayına saxlamaqda düz iş görüb. Yoxsa bu səhranın istisinə dözmək mümkün olmazdı.

O, süfrəyə oturmuşdu. Xörək gətirdilər. Nə yedisə, dişinin dibində qum xırçıldadı. Axırda əsəbiləşib Muradı çağırdı.

- Bu nə yeməkdi, içi qumnan doludu.

Murad hər cür tədbir görmüşdü. Xörəyi ikiqat çadırın içində bişirirdilər, yenə də hardansa qum dolurdu.

- Şahım, heç cür əlac yoxdu. Nə eləyiriksə, qum dolur.

Qum bəlkə də elə adamın öz dişlərinin dibinə dolurdu.

Şah İsmayıl Muradın səmimiyyətinə inanırdı. Onun hər cür tədbirə əl atacağını da bilirdi. Odur ki hirslənmədi.

- Nə dəhşətli yerdi. Yay olsaydı, gör bu səhra nə idi?

- Bəli, şahim! Qoyunu kəsdirirəm, soyulan kimi qum basır. Nə qədər yüyürsən də xeyri yoxdu. Mən elə bilirdim, səhrada qum adamı yeyir. Deməyəsən, adam qumu yeyirmiş.

- Oğlun necədi?

Murad bu qayğıdan mütəəssir oldu. Sifətinə çox mehriban, səmimi ifadə qondu.

- Mərhəmətiniz sayəsində yaxşıdı. Böyüyür.

- Hardadı?

- Özümlə gəzdirirəm, şahim!

- Bəs müharibələrə uşaq apararlar?

Murad güldü:

- Bütün müharibələrdə özün olursan, şahim! Onun ömrü sizinkinnən qiymətlidi ki? Tale hamımızın taleyimizi alnımıza yazıb: nə olar, olar!

Bu söz də şahın xoşuna gəldi.

- Ona yaxşı savad verdir. Qoy oxusun, elmli, bilikli olsun.

- Məşğul olur.

Söhbətdən sonra Şah İsmayıl hiss elədi ki, dişləri arasında daha çox qum xırçıldayır. Demək, bu gözə görünməyən qum havadadı.

- Yaxşı, get. Aşpazlara de bir az da diqqətli olsunlar. Amma bu qum heç gözə də görünmür. Bu nədi, Şeybani xanın ölkəsi elə qumun, tozun içindəymiş ki!

Murad qayıtdı, aşpaz Şahhüseynə şahdan eşitdiklərini dedi. Ucaboy, cüssəli Şahhüseyn ağardı. Gicgahlarını soyuq tər basdı.

- Qorxma. Qəzəblənməyib.

Onlar alaçığın hər tərəfini təzədən tutdular.

Səhərisi gün Şah İsmayıla da, eyni vaxtda Şeybani xana da xəbər verdilər ki, Buxara tərəfdə toz dumanı göyə qalxıb. Şah İsmayıl bədbinləşdi, Şeybani xan sevindi.

“Yəqin ki, Şeybani xanın qoşunları köməyə gəlir. Belə olsa işimiz çətin olacaq”. Sərkərdələrinə hazır olmağı, qoşunları ayağa qaldırmağa tapşırdı. Özü də çadırdan çıxıb toz dumanına baxmağa getdi.

Üfüqdə çox hündürə qalxan duman vardı. Bu tozu ən azı yüz min qoşun qaldıra bilərdi. Özləri də çox sürətlə yaxınlaşırdı.   

Şeybani xan bu toz dumanına baxıb ürəyində Übeydulla sultanın da, Teymur sultanın da günahlarından keçdi.

“Vaxtında gəlirlər. Özləri də bütün Mavərənnəhri ayaga qaldırıblar. Amudəryanın, Sırdəryanın üzünü o tərəfə döndəriblər. Qoy dayansın görək necə dayanır Şah İsmayil. Səhrada heç vaxt vuruşmayıb. Bilmir ki, qoşunu takırla* apararlar. Salır qumun içinə, atlar yeriyə bilmir. O, indi qaçsa da biz onu tulqama eləyib tutarıq. Elə də sevinə-sevinə məni qovur ki...

Şah İsmayıl özünü danlayırdı. Danlayırdı ki, nə üçün Ceyhun çayının kənarına qoşun göndərməyib. Çaydan keçəndə onların üstünü alıb məhv eləmək daha asan olardı, nəinki indi. İndi bu axının qabağını saxlamaq olmaz. Geri çəkilmək lazımdır. Yaxşı, bəs bizim yollarda qoyduğumuz adamlar niyə xəbər gətirmir?

Şeybani xan qoşun çatan kimi qala qapısını açıb özü hücuma keçməyi fikirləşir, götür-qoy eləyirdi. Qalanı mühafizə eləyən qoşun on iki mindi. Mənim qoşunum isə on beş mindi. Düzdü, mən onunla vuruşaram da, qalib də gələrəm. Qoy mən yox, elə sərkərdələrim, oğlum gəlib onun cavabını versin. Mən özümü yüngülsaqqal eləməyim. Altmış iki yaşlı sərkərdə iyirmi üç yaşlı uşağın qabağına çıxıb vuruşacaq? Eşitdiyimə görə, hələ Sultan Bayazidə məktub yazanda: “Mənim hörmətli atam” yazır. Mən Bayaziddən də yaşlıyam.

Qalanın bürcü arasından görünən toz-dumanın rəngi qaralırdı.

“O niyə qaralır? Oralarda qara torpaq, qara qum yoxdu”.

Şah İsmayıl da bu qaralığı gördü.

- Alaçıqların tənəklərini, dirəklərini bərkidin! - deyə sərkərdələrinə əmr verdi.

Bir azdan güclü qum tufanı başladı. Dəvələri yatırtmış, onun kölgəsinə girmişdilər. Alaçıqların neçəsi yatdı. Üstünə yığılan qumun ağırlığına dözə bilmədi.

Amma Şah İsmayıl sevinirdi. Bu Şeybaniyə gələn kömək yox, tufan, səmum yeliymiş. Tufan bir neçə saat çəkdi. Hava sakitləşəndə adamlar silkinib qumun altından çıxırdılar.

Qum təpəcikləri hərəkət eləmiş, yol-iz itmişdi. Qalanın içərisinə də çoxlu qum dolub təpə kimi dayanmışdı.

Qum tufanının sonunda Şeybani xan bədbinləşmiş, Şah İsmayılın ümidi artmışdı.

Qalanın mühasirəsi davam eləyir, günlər keçirdi. Qışın soyuğu başlanmışdı. Amma Şeybani xan təslim olmaq istəmirdi, Süvarilərin atları kəsilib qurtarmayınca onların ərzağı vardı. Şah İsmayıl isə bu qədər gözləmək fikrində deyildi. Belə imkan bir daha onun əlinə çətin düşərdi.

Yenidən o sərkərdələrini toplayıb məşvərət elədi. Dədə bəyin tutqunluğu onun xoşuna gəlmirdi. Qorçubaşılıqdan çıxarılannan sonra incik gəzir, bu incikliyini hamı hiss eləyirdi, hətta Şah İsmayıl da. Bu tutqunluq onun fikrini başqa bir Səmtə çəkməz görəsən? İnsan xilqəti mürəkkəbdi. Əvvəl kömək göstərdiyi, mehriban olduğu adamla sonradan qanlıbıçaq düşmənə çevrilir. Onu saraydan uzaqlaşdırmaq lap açıq düşmənçiliyə gətirib çıxarardı.

Müşavirədən sonra Hüseyn bəy Lələ ilə təklikdə qaldı.

- Dədə bəydən gözüm su içmir.

- Pir, mürşüdi-kamilim! Necə bəyəm?

- Qorçubaşılıq əlinnən alınannan sonra deyəsən mənnən çox narazıdı. Elə yerə baxır. Yerə baxan adamdan da nə desən gözləmək olar.

Hüseyn bəy də bunu hiss eləmişdi. Amma o həmişə çalışırdı ki, arada barışıq, mehribançılıq, əmin-amanlıq olsun.

- Gözüm həmişə ondadı, şahim. Atan Şeyx Heydərin dostlarından heç biri indiyə qədər xəyanətkar çıxmayıb.

Dədə bəy də dəyanətli adamdı. O incisə də, yalnız ondan inciyə bilər ki, ondan sonra gələn qorçubaşınnan sədaqətsiz deyildi. Onun zəhməti çox olub.

- Düzdür, zəhməti çox olub. Buna görə də nə qədər mülk, vilayət bağışlamışam. Qaşqabağı isə açılmır ki, açılmır.

Hökmdarın kimdən gözü su içmirdisə ölkənin uzaq, ucqar vilayətlərinə hakim göndərirdi. Fikirləşirdi ki, Mərv qalasını alsın və Dədə bəyi buraya hakim təyin eləsin. Ən çətin yerdi. Übeydulla, Teymur sultanlarla üz-üzə dayanacaq. Onların qarşısını saxlasa, əyaləti abadlaşdırsa, demək, əvvəlki Dədə bəydi, yox, hərəkətlərində naqislik görsə, demək, dəyişilib.

Xan Məhəmməd Ustaclını Diyarbəkrdə Sultan Bayazidin qarşısına sipər qoymayıbmı? Xadim bəy Xulafanı Bağdadda oturtmayıbmı? Niyə onun atasının dostları elə onunla bərabər sarayda qalmalıdı? Qoy ölkənin ən çətin işlərini öz boyunlarına götürsünlər və xeyir gətirsinlər. Sarayda şeir məclislərində, ləziz süfrələrin kənarında oturub şahla həmsöhbət olmaq asan işdi.

Hüseyn bəyin özünü də ölkənin bir tərəfinə göndərməlidi. O, böyüdükcə Hüseyn bəyin nəsihətləri, məsləhətləri onu bezdirirdi. Axı onun öz ağlı, dərrakəsi yerindədir və ölkəni idarə eləmək üçün kifayət eləyir. Hüseyn bəyin bircə xeyri var ki, hərdən-bir həddən artıq qeyzlənəndə onu sakitləşdirir, odu su ilə söndürürdü.

Bir də atasının dostlarının heç biri şair deyildi, heç biri yüksək savad almamışdı. Heç biri dövlət siyasətinin nə olduğunu bilmirdi. Onlar sadaqətliydi. Onların hamısı qılınc adamıydı. Döyüş, yürüş, qələbə qazanmaq elmini bilirdilər. Bu isə ölkənin inkişafı, çiçəklənməsi üçün bəs deyildi.

Müşavirədən sonra o pərdəni qaldırıb qonşu alaçığa keçdi. Taclıbəyim uzanıb gözlərini yummuşdu. İlahi, necə də gözəl çöhrəsi vardı, necə də zərif dodaqları vardı. Ayaqlarının ucunda yaxınlaşıb oturdu və qarşısındakı bu gözəl məxluqa tamaşa eləməyə başladı. Onun zərif qulaqlarında təzə sırğalar vardı və bir daş günəş kimi şəfəq saçırdı. O daşı Hüseyn bəy gətirmişdi. Ziyad xanın hədiyyəsiydi. Taclıbəyimə bağışlamışdı o daşı. İki yerə böldürüb parçasının birini Bəhruzə xanıma, birini də Taclıbəyimə verməyə ürəyi gəlməmişdi. Daş heyif idi. Amma budur, onu Taclıbəyim iki yerə böldürüb özünə sırğa düzəltdirmişdi. Onunla məsləhətləşməmişdi. Amma o belə xırdalığa getməyəcəkdi.

Taclıbəyimin çəhrayı dodaqları qaysaq bağlamışdı.

O heç nə eşitmirdi. Elə rahat və sakit nəfəs alırdı ki. Ayaqları yalındı və topuğuna bağladığı xalxalın yumru qızıl qotazları uzanıb dalayi parçadan üzü olan döşəyə toxunurdu.

Yaxasının üst düymələri açılmışdı. Ağ, quzey qarı kimi ağ döşlərinin arası görünürdü və orada tər damcıları vardı... Onun yatışında qəribə bir rahatlıq, arxayınlıq və əmin-amanlıq vardı.

Taclıbəyim başını yasdığa necə qoymuşdusa, saçlarının bir düzümü də pozulmamışdı.

O, xeyli beləcə oturub Taclıbəyimə baxdı.

Amma onun oğlu da olsa, taxta oturmağa qoymayacaqlar. Sultan Yaqubun qız nəvəsi olduğuna görə. O isə oğlan istəyir. Keçən dəfəki əhvalatdan sonra o, bir daha övlad üzü görüb Şah İsmayılı sevindirə biləcəkdimi? Kim bilir?

Onun qolu uzanıqlı, ovcu açıq, barmaqları yarıyumulu qalmışdı. Deyəsən, kitab oxuyurmuş və aşağı baxanda xalçanın üstündə üzü üstə yerə düşmüş kitab gördü. Götürüb baxdı. Sədi Şirazinin “Gülüstan” əsəriydi.

Şah İsmayıl onun əlində həmişə fars şairlərinin divanlarını görmüşdü. Atasının sarayında da farsca təhsil almışdı. Çox vaxt da farsca danışır, yalmz əri ilə Azərbaycan dilinə keçirdi.

“Görəsən, mənim şeirlərimi, ona həsr elədiyim qəzəlləri, qoşmaları oxuyurmu”?

Qalxıb sakitcə çıxdı və özü ilə apardığı “Gülüstan”ın yerinə öz “Divan”ını - təzəcə köçürülmüş, nəqqaşlar tərəfindən bəzədilmiş “Divan”ı qoyub çıxdı.

Kefi bir az pozuldu. Bunları yaddan çıxartmaq istədi. Müşavirədə şərtləşdikləri hərbi hiyləni yerinə yetirmək üçün ən xırdalıqları fikirləşməyə başladı.

Şeybani xanın heysiyyətinə toxunan bir məktub yazmaq lazımdı.

Səhərisi hava daha da sərtləşmiş, qum üstünə qırov düşmüşdü. Qırov dənələri qumdan seçilməsə də, ulduz-ulduz parıldayırdı. Carçı üzünü qalaya tutub qışqırır, səsini Şeybani xanın özü də eşidirdi.

- Ey gündoğan elinin ən qorxaq, ən aciz sərkərdəsi, sənin kimi kişidənsə, anan kor bir küçük doğsaydı daha yaxşı olardı. Kişiliyin bu ola-ola, elçilərinlə hikkəli hökmlü namələr göndərməyin nədi? Qoca, qart tülkü kimi yuvana girib gizlənmisən. Eybi yoxdu. Şahımızın vacib işi olmasaydı, sənin o yuvana tüstü verib boğardı. Qalsın gələn dəfəyə.

Carçı məktublanmış oxu kamana qoyub yayı dartdı. Ox qalanın bürcü üstündən keçib içəriyə, Şeybani xanın qızılı Təbriz parçasından qurulmuş alaçığına sancıldı. Oxu dartıb çıxartdılar, məktubu Şeybani xanın özünə apardılar.

Burada da ona təhqiramiz sözlər yazılmış, namərdlikdə, nakişilikdə, qorxaqlıqda təqsirləndirilmişdi.

Məktubu oxuyub parça-parça eləyib manqalda yanan at təsinin üstünə atdı. Samur xəzindən tikilən Xorasan kürkünü geyib çıxdı. Pillələrlə bürcün üstünə qalxmağa başladı.

Onun ayaqları nəzilmişdi, əyilmişdi. Elə bil bədəninin ağırlığına dözməyib yanlara çökmüşdü. Pillələri zorla çıxırdı. Gücü, qüvvəti tükənmişdi deyəsən. Şah İsmayılın düşərgəsinə baxmadan üfüqə göz gəzdirdi. Qoşun-filan yox idi.

Carçı bayaqkı sözləri yağdırırdı.

Qalanın ətrafında isə alaçıqları sökür, atları yəhərləyir, çıxıb getməyə hazırlaşırdılar. Yaman tələsirdilər.

“Bu, tələ olmaya?” O, qərar qəbul eləməmiş, hər şeyi ölçüb-biçməyi öyrəşmişdi. Döyüşdə sürət qələbəni təmin eləyən əsas amil olsa da, sərkərdənin döyüşdən əvvəlki fikri aramlı, təmkinli olmalı, hər şeyi ən kiçik təfərrüatına qədər götür-qoy eləməliydi.

Əvvəlcə ona elə gəldi ki, bu tələdi. Onu aldadıb qaladan çıxartmaq üçün düşünülmüş tələdi. Odur, uzaqda Şah İsmayıl atına süvar oldu, əyan-əşrəfi ilə yola düşür. Burada isə bir çöp belə qoymurlar. Tonqal yandırdıqları saksaul kollarını belə yığıb aparırlar. Demək, uzaq yol gedəcəklər. Həm də tələsirlər. O qədər tələsirlər ki, yolda çırpı yığmağa da vaxtları yoxdu.

Qalanın ən hündür yerində onun keşikçisi vardı və o Şah İsmayılın alaçığını gözdən qoymurdu. Onu çağırtdırdı.

- Bu gün səhər ora gələn olmuşdu?



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info