Qonaq Kitabı
28

28

Atlar yuxarı qalxırdı. Çinarların cərgəsi başlanırdı. Nar kollarının üstündə çiçəklər yaqut kimi görünürdu. Qurbani atının başını çəkib geriyə, Arazın vadisinə baxdı.

- Pəri bax! Xudafərini buradan görməmisən.

Pəri də atın yüyənini çəkdi. Doğrudan da, buradan Arazın şırıltısı da qəribə eşidilirdi. Xudafərin də gözəl görünürdü.

Onların köçü Araz kənarında dayanmışdı. Qurbani evlərinə dəyməmiş, Pərini də götürüb çox sevdiyi Diri dağına çıxmışdı.

Ceyran uzaqdan Qurbanini görüb onun anasının üstünə qaçdı. Bilmədi muştuluq versin, ya bəd xəbər kimi çatdırsın.

- Xala, muştuluğumu ver.

- Niyə, ay bala?

Qızın sifəti allanmışdı. Çit köynəyini qaldıran döşünün altındakı ürəyi çırpınırdı, yerindən çıxmaq istəyirdi.

- Qurbani gəldi.

- Hanı bəs, ay qızım?

Qız elə qəhərləndi ki, iri, qara gözlərı yaşla doldu.

- Bir xanımnan at belində Mazannəyə pirinə getdilər. Köçləri də burda körpünün başındadı. O qədər atları, dəvələri, yükləri var ki...

Arvadın qıza yazığı gəldi. İçəri girib, oğlunun gətirdiyi kəlagaylardan birini çıxarıb gətirib onun çiyninə atdı. Ceyranın ağladığını görüb özü də kövrəldi. Qız hönkürə-hönkürə evlərinə tərəf qaçdı.

Ana bilmədi nə eləsin.

“Xan qızını gətirib, evin yanınnan keçir, evimizi də göstərməyib. Ay oğul, sənə mən nə deyim. Durum gedim, görüm hardadılar?”

Ana cığırı qalxdı. Gördü ki, bir qız döşdə çiçək yığır. Həmərsin kollarından gülləri qoparır. Mazannənə piri tərəfdə isə iki cidarlı at otlayır.

Pəri başını qaldıranda uzuntumanlı, başında köhnə bir yaylıq olan arvadı gördü.

- Ay xala, hara gedirsən?

- Pirə gedirəm, başına dönüm. - Ana ürəyi başa düşdü ki, oğlunun sevdiyi və aldığı gözəl bu olar. Beldə qızıl kəmər, əynində ən zərif parçalardan paltar, göz sürməli, qaş vəsməli. Ömründə belə gözəl görməyib. Dayanıb heyran-heyran onun yumru, çəhrayı sifətinə, xına yaxılmış əllərinə baxırdı. Pəri dözmədi:

- Ay xala, nə var burda? Keç get. Birdən səndə göz olar, nəzərliyərsən bizi.

- Yalansa bu gözlərimə bıçaq batsın. Oğlum bu tərəflərə gəlib, onu axtarıram.

- Oğlun? Sənin oğlun bu tərəflərə keçməyib.

Ana Qurbanini axtardığını bilə-bilə demədi. Bəikə oğlu elə düz eləyib. Bu kökdə anasını xan qızının qabağına nə təhər çıxartsın, onun gözündən niyə düşsün?

- Nə bilim, ay qızım, belə dedilər.

- “Qızım?” Arvadın danışığına bax ha! “Qızım”. Zıyad xanın qızıyam və mənim sənin kimi anam olmayıb.

Bu vaxt Qurbani qovrulurdu. Mazannənə pirinin damından enən ilan onun sifətini çalmışdı. Susuzluq onu əldən salır, bulağa çatmağa can atırdı. Amma sir-sifəti şişib torbalanırdı.   Yerdəki daşları yan-yana düzə-düzə aşağı, bulağa yenmək istəyirdi. Həm su içsin, həm də Pəri onun yerini bilsin.

Ana Pəri xanıma heç nə demədi. Mazannənə pirinə gedəndə bırdən at kişnədi, şahə qalxdı. Ananın elə bil ürəyi qırılıb içinə düşdü. Qiyyə çəkib əlini başına atdı. Sonra bayaq gələn Ceyran kimi cəld qaçmağa başladı.

Ana ürəyinə hər şey damır. Uzaqda oğlunun güzəranı yaxşı olsa, elə-beləcə xiffət eləyəcək, allah eləməmiş, başına bır bədbəxt iş gəlsə, yuxuda da olsa diksinib ayılacaq. Burdan-bura oğlunun bədbəxtliyini hiss eləməyəcəkmi?

Özünü bulağa çatdıranda oğlu sudan doyunca içmişdi, çevrilib başını bir daşın üstünə qoyub can verirdi. Ana əlini öz sifətinə atdı. Yanaqlarında dırnaqlarının yerində nar çiçəyi rəngində şırımlar qalırdı. Sinəsini, dizini döyəcləyirdi.

- Evin yıxılsın, Ziyad xan, tifaqın dağılsın Ziyad xan! Necə mənim tifaqımı dağıtdı. O mələk cildinə girən şeytan mənim oğlumu yoldan çıxartdı.

Qurbani gözünü açıb anasına baxdı. Son gücünü toplayıb pıçıltı ilə dedi:

- Məni çaldı talx ilan!

Nə işin var xalxınan?

Pəri xanım arvadın qıy vurub qaçmağından qorxmuşdu. Əlindəki çiçəkləri, gülləri tullayıb o da Qurbaninin dalınca getdi. Gəlib onu gözləri qapalı, anasını ağlar gördü, əllərini göyə qaldırıb nalə çəkdi:

 

Əzizim Gəncəm haray!

Bərdədən gencəm, haray!

Qurbanim əldən getdi.

Mənə bir əncam, haray!..

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info