Qonaq Kitabı
27

27

Xorasan səfərindən qabaq Şah İsmayıl şairlər məclisini yığdı. Hər döyüşdən əvvəl şairlərə qulaq asmaq onda adət şəklinə düşmüşdü. Bu məclisdə Taclıbəyim də, Bəhruzə xanım da iştirak edirdi. Şah İsmayıl Məlikəşşüəra Həbibiyə söz verdi. O, şairləri məclis iştirakçılarına təqdim edəcəkdi. Burda Hüseyn Bəyqaranın oğlu Bədiəzzaman Mirzə də oturmuşdu. Burdakı şairlərin bir neçəsini şəxsən tanıyırdı.

Həbibi bataqlıq rəngli əbasını düzəltdi, boğazını arıtlayıb üzünü top saqqalı ağarmış, uzun barmaqları titrəyən Heymətullah Kişvəriyə tutdu:

- Şahımız sağ olsun, Nəsimidən sonra ana dilimizdə ən lətif şeirlər söyləyən qocaman, ağsaqqal şairimiz Kişvəri öz gəlişi ilə məclisimizi daha da rövşən eləyib. Son vaxtlar səhhəti onu xanəşan etsə də, bu məclisdə iştirak eləməyi özünə böyük şərəf bilib.

Şah İsmayıl Kişvəriyə, sonra da şahzadə Bədiəzzaman Mirzəyə baxdı.

- Kişvərinin bir beyti qonaqlarımızın xoşuna gələr:

 

Kişvəri şeri Nəvai şerindən əksik iməs,          

Bəxtinə düşsəydi bir sultan Hüseyni Bayqara.

 

Bədiəzzaman Mirzə baş əyib öz razılığını bildirdi.

Həbibi şahın işarəsini gözləyib sözünə davam elədi.

- Böyük ağıl və kamal sahibi, şeir gülsənimin rayihəsi olan Kişvəri heç vaxt hökmdarların lütfinə qismət olmayıb. Ona görə də yazırdı:          

 

Qələndər Kişvəridir bir süxəndan,

Sukəngühadır üştə guya meydan.  

Anun hər beytidir bir dürri-həltan,

Qulaq asmaz ona Yaqubi-sultan,

Məni bu qayğu öldürdü, mədəd hey.

 

Şah İsmayıl bu dəfə yüngül bir təbəssümlə Taclıbəyimə baxdı. Taclıbəyim şahanə bir görkəmlə oturmuşdu və atasının adının çəkilməyini guya eşitmədi və özünü o yerə qoymadı.

Şah İsmayıl dedi:

- Sultan Yaqub Əbdürrəhman hamiyə lütf göstərirdi. Fars şeiri saraylarda türk şeirini qovub çıxarırdı. Kişvərinin böyüklüyü ondadır ki, o, özündən çox şeirinə - doğma ana dilində yazdığı şeirinə qayğı göstərilməsini arzulayırdı. Hüseyn Bəyqara cənnətməkan Heratda Nəvaini yüksək mərtəbələrə qaldırmışdı, çünki öz dilində yazırdı. Sultan Yaqub isə Heratda yaşayan Əbdürrəhman Hamiyə pərəskar olurdu. Çünki o, Sultan Yaqubun ana dilində yazmırdı. Kişvərinin bu bəndi çox yerində deyilmişdi. Əgər Sultan Yaqub da Hüseyn Bəyqara kimi öz dilində yazan şairlərə pasiban olsaydı, onda Kişvəri də bu şeirlərini yazmazdı. Elə deyilmi, ustad?

Şah İsmayılın dilindən “ustad” gəlməsini eşidən Kişvəri güclə ayağa qalxdı. Qəhər onu boğduğundan dinə bilməyib, yalnız baş əydi. Şah onun bu şeirlərinin yazılma səbəbini çox yerində izah eləmişdi.

- Hörmətli şair, yeni bir şeirinizi eşitmək istərdik. Kişvəri özünü ələ aldı. Qocahq uşaqlıq kimidir. İnsan çox tez kövrəlir. Həm də qoca yaşında bu boyda qiymət almaq onu haldan çıxarmışdı. Onun qocalara məxsus qədimlik yağan səsi aram-aram eşidilməyə başladı. Elə bil bu səs mağarının dərinliyində səslənir, daşları döyə-döyə daha da canlanır, gurlaşırdı. Hamı onun ilk kəlməsindən diqqət kəsildi.

 

Sizni yad etcək gözüm yaşdan ləbaləb yaş olur,

Savux ahimdən yaşın, hər danəsi bir yaş olur.

 

Kimsəyə demək bəladan özgə könlüm şərbəti

Kim bəlapərvər kişinə həm bəla sirdaş olur.

 

Var ikən əqlin, mənə səbri xirəf yoldaş idi,

İndi kim, - divan, buldum, kim mənə yoldaş olur?

 

Göz yaşın gər saxlasam, dopdolu qandır yürəgim,

Ağlasam könlümdəki razi-nihanım faş olur.

 

Eşqara rüsvalığım tən etməgil, ey Kişvari,

Eşq ilən rüsvalıq iki ekiz qardaş olur.

 

Əvvəl Şah İsmayıl “əhsən!” dedi. Qalan şairlər, iştirakçılar da ona qoşuldu.

- Ustad, bir şeir də oxusanız feyziyab olarıq.

Kişvəri razılıq verdi.

 

Nə mən nalanə həmdəmdir Həbibi,

Nə mən bilmərə müştaqdi təbibi.        

Nə mən məhcuri-vəslidən nəsibi,

Həbibi, va Həbibi, va Həbibi.

 

İstər gəzərmən xanə-xanə,

Gözümdən yaş axıdıb danə-danə.

Bəsdir can verdim ol namehribanə,

Həbibi, va Həbibi, va Həbibi.

 

Məni Məhcuri öldürdü fərağın,

Müyəssər olsa öpəydim ayağın.

Qılaydım ərzi-şərhi-iştiyağın,

Həbibi, va Həbibi, va Həbibi.

 

O, şeiri axıra qədər oxuya bilmədi. Həm bədənindəki taqətsizlik mane oldu, həm də ondan sonra hələ çox şairlər şeir oxuyacaqdı.

Şah İsmayıl da qoca şairə xoş sözlər deməkdən özünü saxlaya bilmədi.

- Gözəldir. Dilimizin ahəngi musiqimizdən seçilmir. Bu isə şairin xidmətidir.

Bədiəzzaman Mirzə Şah İsmayıldan icazə alıb dedi:

- Böyük Nəvainin şeirinə böyük hörmət bəsləyən Kişvərinin şeiri Heratda həmişə hörmətlə qarşılanıb. Qocaman şairin təbi yenə də əvvəlki kimi odlu-alovludu. Mən də bu şeirlərdən çox xoşhal oldum.

Həbibi oturan şairləri bir-bir təqdim edirdi. O, üzünu arıq, balacaboy, sifətini təmiz təraş elətdirmiş şairə tutdu:

Ta müənbər kəkülün xurşid salmışdır kəmənd,

Bağlamışdır boynumu zəncri-zülfün bənd-bənd.

Bu beyt məşhur şaır Sürurinin qələmindən süzülmüşdü. O, həm əqidəsində, həm də şeirlərində böyük Nəsiminin yolunu tutmuşdu.

Şah İsmayıl Süruri barəsində eşitmişdi. O, ölkədəki hürufilərin ən çox hörmət etdikləri və bəlkə də mürşid saydıqları bir şəxs idi. Hürufiliyini gizlətmir, dərvişlər onun qəzəllərini küçələrdə, meydanlarda, təkyələrdə oxuyurdular. Şah İsmayıl sünni məzhəbinə və digər təriqətlərə qarşı mübarizəyə qalxsa da, hürufilərə toxunmur, əksinə onları öz tərəfinə çəkmək istəyirdi. Çünki kamilliyə, insan əqlinin, mənəviyyatının gücünə inanan, onu təbliğ edən hürufilər, onun öz ətrafına yığılan, kor-koranə şiəliyi qəbul edənlərdən daha ağıllıydılar. Həm də şahın şair kimi Nəsimiyə böyük rəğbəti vardı. Bu rəğbət onun şairliyindən, əfsanəvi igidliyindən əlavə, doğma ana dilini yüksək zirvəyə qaldırdığına görə yaranmışdı. O, Səfəvi hökmranlığını bərqərar eləyib. Sarayda hamı doğma ana dilində danışır. Qonşu ölkələrə göndərdiyi məktubları bu dildə yazdırır. Ana dilinin şöhrəti artır, sərhədləri genişlənir. Belə bir vaxtda şahın əlində ən böyük əsas Nəsimidir. Onun doğma dildə dediyi şeirlərdir. Hürufi də, sünni də, lap xaçpərəst də, allahsız da olsa belə, Nəsiminin şöhrətini yalnız qaldırmaq lazımdır. Şah İsmayıl belə fikirləşirdi. Belə düşünürdü. Saraya topladığı bu şairlərin hamısı da doğma dildə yazır. Qoy onlar çox olsun. Nə qədər güclü şairlər yetişsə, özlərindən sonra da böyük axın yaradacaqlar.

Süruri qalxıb hamıya baş əydi. Amma Şah İsmayıl sözə başladı:

- Hörmətli Süruri. Sizin şeiriniz bizə çox yaxşı tanışdı. Bəyənirik, oxuyuruq, öyrənirik. Mənim məclisdə oturan şairlərdən bir ricam var. Nəsimini çox oxuyun. Dilimizi o böyük ustaddan öyrənməliyik.

Düşdü yenə dəli könül gözlərinin xəyalinə,

Bilməyirəm bu könlümün fikri nədir, xayalı nə?

Həbibi, mənim fikrimlə şairlərimiz razılaşırmı? Fars dili gözəldi. Onun öz böyük şairləri var. Mənim dilim də gözəldi. Bunu Nəsimi necə də sübuta yetirib...

Şah İsmayılın başladığı söhbət uzandı, şeir oxumaqdan çox, dildən, ustalıqdan, deyim tərzindən danışdılar. Sonra Həbibi şairlərdən Şahini, Tüfeylini, Matəmini, Qasimini Nəqqaş və Pənahini məclisdəkilərə təqdim elədi. Hərəsi bir qəzəlini oxudu.

Axırda şairlər şairi üzünü Xətaiyə tutub əlini sinəsinə basdı.

- Şahim, məclis əhli sizdən yeni bir şeir oxumağı xahiş edir.

Xətai də şahlığını unutdu elə bil. Ayaq üstə qalxdı, irəli gəldi. Gözlərini pəncərənin rəngli şəbəkəsinə dikib bayatılar oxudu.

 

Xətai, can arxına,

Əhli-ürfan arxına.

Mərifətdən su gəlib,

Tökülür can arxına.

 

Könül vermə nadanə,

Haqq, inkar edənə,

Müridim haq demişəm,

Məhəbbət xanədanə.

 

Xətaiyəm, xəttarəm,

Haq sirrinə səttarəm,

Həkimlərin dərmanı.

Təbiblərə əttarəm.

 

Xətan işin düşər,

Gəlib, gedişin düşər.

Dişləmə çiy loqməni.

Yerinə dişin düşər.

 

Şairlər yer-yerdən “Əhsən!”, “Mərhəba!” dedilər. Söhbət yenə də şeirdən düşdü. Rübai ilə bayatını müqayisə elədilər.

Qoca Kişvəri dilləndi:

- Xəyyam böyük şairdi. Bunu heç kim inkar eləyə bilməz. Amma bu qocanın sözlərinə gülməyin. Bizim bayatılarımız çox yerdə rübailəri üstələyir. Sözü elə yerində deyiblər ki, bir kəlməsini dəyişmək olmur. Şahimizin, gözəl şairimiz Xətainin bayatı deməsindən məqsəd budur ki, biz şairlər də xalqın yaratdıqlarına qayıdaq, ondan faydalanaq. Onda dil də sərrast olar, sözün də yükü sanballı çıxar.

Şah İsmayıl qayıdıb yerində oturdu. Kişvərinin sözünə qüvvət verdi:

- Qurbaninin dilindəki şirinlik, sadəlik, kəlməsindən şeirimizə axan ruh... - O, gözü ilə saray adamlarını axtardı və soruşdu: - Qurbani gəlib çıxmadımı?

Şah İsmayılın Qurbanini misal gətirməsi şairlərin çoxuna toxundu. Bunu hiss eləmişdi. Amma deməliydi. Klassik qəzəlin ölçüsü, qalibi kimi, təsvir vasitələri, müraciət etdiyi məsələlər də köhnəlirdi. Nə qədər gül, bülbül, göz-qaş, dodaq olar? Təzə yollar axtarmağın vaxtı deyil? Təkcə dil yox, mövzular da, təşbehlər də dəyişməli idi. O, təzə şeir məktəbi, təzə böyük əsərlər gözləyirdi. Heç kimə bənzəməyən.

Məclisin sonunda xəbər gətirdilər ki, firəng rəssamı neçə vaxtdı onu görmək arzusundadı.

Onun yadına anası Aləmşahbəyimin sandıqda saxladığı kiçik şəkil düşdü. Evlər, evlərin arasındakı su, suda burnubiz başmaqlara oxşayan qayıqlar. Venedikt şəhəri.

Rəssamın gəlməsinə icazə verdi.

Fransisko elə həmin geyimdəydi. Saqqalı və saçı uzanmışdı. Yanında isə həmin florensiyalı tacir saraya girdilər.

Tacir dilmanc kimi gəlmişdi. Rəssam öz vətənindəki kimi şlyapasını çıxarıb əyilərək yellədi. Təzim etdi. 

Şah İsmayıl onun gözlərinə baxırdı. Sultan Məhəmmədin gözlərinə oxşamırdı, onun gözləri kiçik və qonurdu. Rəssam gözü ilə seçilməliydi. O gözlər daha iti, daha müəmmalı olmalıdır. Rəssam qızılı çərçivəyə salınıb ipək parçaya bükülmüş kiçik tablonu şaha bağışlamaq üçün gətirmişdi.

O, neçə vaxtdır ki, çəkdiklərini dəyər-dəyməzinə tacirə satır, özünü birtəhər dolandırırdı. Bu mənzərəsini isə satmamış, hökmdara hədiyyə üçün gətirmişdi.

Xətai onun çəkdiyi mənzərəyə baxdı. Bu “Səkkiz behişt” sarayının görünüşüydü. Ustalıqla işlənmişdi.

- Hədiyyəsi üçün rəssama mənim təşəkkürümü bildirin. Amma ona deyin ki, bu gözəl binanı bizim ustalarımız əlləri ilə yaradıb. O isə sanki güzgüdə o sənət əsərinin surətini göstərməyə çalışıb. Usta olmağına ustadı. Amma olanları köçürmək hara, olmayanı yaratmaq hara?

Tacir dili o qədər kamil bilmirdi. Yalnız onu deyə bildi ki, hökmdar təşəkkürünü bildirir.

- Yaxşı, rəssam hansı ölkədəndi?

- Florensiyadan.

- Onun ölkəsi böyük türk sultanı ilə dostdur, ya düşmən?

Tacirin sifətində yaltaq bir təbəssüm yarandı. Onun sifətində çoxlu qırışlar vardı və görünür sifətinin ifadəsini tez-tez dəyişməkdən dərisi belə qırışmışdı.

- Florensiyalılar yalnız ticarətlə məşğuldurlar. Onlar nə sufiylə, nə də türk sultanı ilə vuruşa bilməz.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info