Qonaq Kitabı
26

26

Onun nəfəsi kəsilirdi. Nə əlini tərpədə bilirdi, nə ayağını. Beləcə xeyli göydə getdi. Yerə atdılar, sümükləri şaqqıldadı. Qolları açıq, sinəsi qara tüklü adam iri barmaqları ilə kisənın ağzındakı ipin düyününü açmaq istədi, bacarmadı. Axırda belindəki qəməni çıxarıb düyünü kəsdi. İri kısədən Qurbanini çıxartdı. Aşığın gözünə ilk sataşan qəmənın parıltısı oldu.           

O, hara düşdüyünü kəsdirə bilmirdi. Gecədən xeyli keçənnən sonra məclis dağılmış, aşıq, Mahmud bəyin evində qalmışdı. Bəs bu nədi? Olmaya yuxu görür? Belə yuxu axı tez qurtarmalıdı. Belə də oyun olarmı?!       

Yox, yuxu deyil. Onu Qara Vəzir gecəykən oğurlatdırıb zindana gətirtmişdi. Qalxıb kisədən çıxdı. Aralıda hisli divardakı bürünc şamdanda yanan şam qurtarmaq üzrəydi. Gözü zəif işığa alışanda gördü ki, tək deyil. Küncdə iri bir kölgə oturub. Onu Dədə Yediyarə oxşatdı.

- Ustad!

Kölgə döndü. Ona tərəf yox, ondan kənara döndü. Deyindi.

- Allah üzünü ağ eləsin. Bu qoca yaşımda yaxşı işə caladın məni.

- Biz hardayıq?

- Cəhənnəmdə. Qara Vəzir ikimizi də zindana atdırıb.

- Səni nəyə görə?

- Məni sənə, səni də özünə görə.

Qurbani təəccüb elədi.

- Axı sənin burda heç bir günahın yoxdu.

- Onu mənə yox, Qara Vəzirə deyərsən, Ziyad xana deyərsən.

- Deyərəm, o yana da keçərəm. Sizin bu Gəncə qəribə yerdi ey, vəzir xannan böyük olub. Vəzirin kəsdiyi başın sorğu-sualı yoxdu.

Dədə Yediyar onun dil boğaza qoymadığını görüb dedi:  

-  Mən heç nə eşitmirəm.

- Eşitməyəndə belə olur. Aşıq eşidər, onu da hər yerdə deyər. Odur ki, deyərlər, hörmət elə aşığa, bədnamçıdı, el dolanır. Onu da bilsin ki, Qara Vəzir, mən bura özbaşıma gəlməmişəm. Mənim şahım bilir ki, Gəncəyə gəlmişəm.

- Hə, indi dayansın Qurbani.

Vəzir Ziyad xanın yanına gələndə o namazını təzə qılıb qurtarmışdı.

- Xan sağ olsun, aşıq Qurbani zindannan qaçıb.

- Necə qaçıb?

- Qaçıb da. Cindi, şəyatindi, nədi. Allah bilir. Yoxa  çıxıb. Şəhərin qala qapılarını kəsdirmişəm. Qaladan çıxa bılməyəcək. Hər yeri axtarırıq, tapa bilmirik. Bircə yer qalıb, ora da girməyə ixtiyarım yoxdu.

- Haradı o yer?

- Qızın Pəri xanımın iqamətgahı.

Ziyad xan bu sözün fərqinə əvvəl varmadı. Amma birdən-birə vəzirin üzünə baxdı.

- Mənim qızım yəni yad yerdən gəlmiş bir avara aşığı öz yanında saxlaya bilər? Heç bilirsən nə deyirsən? Bu söz düz çıxmasa, onda gərək sənin başını vurduram. Sənə külli-ixtiyar vermişəm ki, mənim namusumu da tapdaq elətdirəsən?

Qara Vəzir onun qarşısında baş əydi.

- Hökmdar, bir olan allah şahiddir ki, Ziyad xanın namusu keşiyində mən necə dayanmışam. Şəhərdə heç kim Pəri xanımın adını çəkə bilmir. Amma o aşıq Pəri xanıma şeirlər qoşub və onları əyan-əşrəfin arasında oxuyur. Buna gorə də onu zindana saldırmışdım. Amma qaçıb. Tək qaça bilməz. Ona kömək eləyənlər var.     

Ziyad xan iri alnını ovcuna söykədi.

“Bu nə zülümdü mən çəkirəm? Bir tərəfdən gürcülərnən çəkişmə, bır tərəfdən Şah İsmayıl... Burda da öz evinin içindəki biabırçılıq... Günahın hamısı deyəsən elə bu Vəzirdədi. Mənim başımın altına yastıq qoyur. Bir də gözümü açıb görəcəyəm ki, quru yurddayam. Nə eləyim?”.

Zıyad xan Göy gölün ətrafında dincəlməyi, ov eləməyi, gününü kefdə, eyş-işrətdə keçirməyi hər şeydən üstün tuturdu. İqamətgahında oturub rəiyyətini dinləməyi, ordusunun işləri ilə məşğul olmağı özünə artıq yük hesab eləyir, bütün işləri Qara Vəzirə etibar eləmisdi.

Onun xəbəri yoxdu ki, döyüşçülər çoxdan bəri əmək haqqı almır, sərkərdələr, minbaşılar, yüzbaşılar, onbaşılar günlərini onun özü kimi eyş-işrətdə keçirirlər. Onların hamısı rüşvətə qurşanıb.

Xanın xəbəri yoxdu ki, şəhərin möhtəsibi* Gəncədə asayişi qorumaq, cinayətləri tapmaq, oğurluğun qarşısını almaq əvəzinə həm şəhərdə, həm ətraf kəndlərdə, yollarda yol kəsdirir, adamları soydurub varlanırdı. Bu yolla qazandıqlarının bir hissəsi də Qara Vəzirə çatırdı.

Ziyad xan özü yaxın qorçularından iki nəfər götürüb qızı Pəri xanımın iqamətgahına getdi. Qorçu divardan aşıb darvazanı açdı, xan içəri girdi. O, heç bir vaxt qızının iqamətgahına gəlməmişdi və bunu özü üçün ləyaqətsiz iş hesab edirdi. Amma Qara Vəzir onu elə qızışdırmışdı ki, heç nəyə baxmadan pillələrlə qalxıb içəri girmək istəyirdi, Qurbani ilə qızı Pərini eyvanda gördü. Onların arasında bir çəhrayı tül pərdə asılmışdı. Xan qorçularına əmr elədi.

- Tutun bu qulduru.

Pəri ayağa qalxdı.

- Ata!

- Sus!

- Ata, aşıq Qurbaniyə buta veriblər. O, haqq aşığıdı. Onun heç bir günahı yoxdu. Onu mən özüm dəvət eləmişəm.

Qurbanini qolubağlı saraya gətirdilər.

Ziyad xan qırmızı əbasını çiyninə atıb taxtına oturdu. Qurbani ölüm qabağında olsa da, onun taxtı ilə Şah İsmayılın taxtını müqayisə elədi. Şah İsmayılın taxtı kiçik, onunku böyük idi. Şah İsmayılın ölkəsi böyük, onunku əl içi boydaydı. Görünür, ölkə, hökm kiçik olanda hikkə böyük olur. Qurbani Ziyad xanın sifətinə baxıb fikrini öyrənmək istədi. Onun iri gözlərinin altı torbalanıb qıyılmışdı, elə bil, sürmə çəkmişdilər. Dili ilə tez-tez dodaqlarını yalayırdı, deyəsən yanğısı vardı.

Xan qalın səslə qışqırdı.

- Cəllad!

Cəllad elə hazırmış. Səsi eşidən kimi, palıddan yonulmuş, naxışları özündən olan qapının yuxarısına dəyməmək üçün əyilib içəri girdi. Başdan-ayaga qırmızı geyinmişdi. Qırmızı çuxasının ətəklərini qatlayıb qırmızı kəmərinə sancmışdı. Qırmızı atlas şalvarını qırmızı dəri çəkməsinin içərisinə salmışdı. Çəkmənin dərisi yuxa yumşaq olduğundan, onun üstündə barmaqlarının yeri bilinirdi.

- Cəllad, bu aşığın başını vur.

Cəllad xanın qarşısında çox ədəblə iri, üstü tüklü əlini enli sinəsinə basıb soruşdu.

- Burda, ya meydanda? - Bu sözləri deyib dönüb Qurbaninin uzun boynuna baxdı. Razılıqla baxdı. Belə uzun boyunlar ona çox da əziyyət vermir. Adam var ki, boğazı donuz boynu kimi bədəninə yapışıb. Beləsinin əziyyəti çox olur.

- Burda. - Ziyad xan fikirləşdi ki, meydanda edam olunsa, çox adam görəcək və səbəbini soruşacaq. Yaxşısı budu səssiz-səmirsiz keçsin.

- Qohum-əqrəban var?

- Var, amma burda heç kimim yoxdu.

- Onda heç. - Cəlladın da edam vaxtı qazancı olurdu. Edam olunanın qohum-əqrəbası ilə alverə girişirdi. Əgər adamlarının canını tez tapşırmasını istəyillərsə, onda bır qılınc zərbəsilə işini bitirsin. Bunun üçün gərək cəllad nəməri versinlər. Yoxsa əziyyətlə öləcək. Burda heç kimi yoxdursa, qılıncı təzədən bülövə çəkməyin nə xeyri, artıq əziyyətdi.

Qurbani cəlladın onu itələyib aparmaq istədiyini görəndə xana müraciət elədi.

- Böyük xan, mənim son xahişimi dinləyin.

- Hə, buyur.

- Xan sağ olsun, mən aşıq Qurbaniyəm. Xahiş eləyirəm, qəbrimin üstünə bir daş qoysunlar, itməsin. Şah İsmayıl Xətai bura gələndə soruşacaq, heç olmasa göstərə bilsinlər.

- Şah İsmayıl?

- Bəli.

- Hə... Şah İsmayıl aşiq, şair həvəskarıdı. Özü də şairdi. Amma o, namusu hər məsələdən üstün tutur. Mən səni bağışlasam da, o, cəzanı verər.

- Onda icazə verin, sözümü şeirlə deyim.

Ziyad xan əli ilə ona işarə verdi ki, oxusun.

Qurbani adi səslə oxumağa başladı.

 

Başına döndüyüm, ay Xanlar xanı,

Könlümün mətləbin bil, ondan öldür!

Sən ol tanrı, mənə qəzəbnak olma.

Lütf elə, üzümə gül, ondan öldür.

 

Qəm əhliyəm, dindirməsən, dinmərəm.

Eşq oduna alışmışam, sönmərəm.

Ta ölüncə dediyimnən dönmərəm

Apar yar qoynuna sal, ondan öldür.

 

Qurbaniyəm, eşq əlindən büryanam,

Ta ölüncə mən o qıza qurbanam.

Qulluğunda gözü bağlı tərlanam,

Çalış, nigar bəndin al, ondan öldür.

 

Cəllad gözlərinin yaşını silirdi.

- Xan sağ olsun, məni məzur tut. Mən belə haqq aşığını öldürüb günaha bata bilmərəm. Vallah allaha da xoş getməz, şəhərimizə qada-bala göndərər. Bir də ki, mən heç vaxt nə aşıq, nə şair başı vurmamışam, vurmaram da. Ver mənə quldur, rüşvətxor, anasının əmcəyini kəsən, qiymə-qiymə doğruyum.

Xan da fikrə getmişdi. Nə edəcəyini bilmirdi. Cəllad isə sözünə ara vermirdi.

- Xan sağ olsun. O özü də Şah İsmayılın adını çəkdi. Bilirsən necə hökmdardı? Canım ona qurban olsun. Mənim o əkiz qardaşım durub burdan Təbrizə gedib. Şahın yanına düşüb, deyib mən cəlladam, adamların ürəyi indi yumşaqdı, bu sənət bir azdan itib gedəcək, məni işə götür. Şah soruşur, əslin hardandı? Deyir Gəncədən. Deyir şair vətəninnən cəllad çıxmaz. Ayıbdı, bu sözü dedin, bir də ağzına alma. İndi ona yer verdirib, dükan açıb. Təbrizin ən yaxşı yerində evi var. Gecələr də rahat yatır, balalarının da yeməyə çörəyi boldur.

Cəllad Qurbaniyə tanış gəldi. Onun bu sözündən sonra hər şey aydınlaşdı.

- Tanıyıram qardaşını. Adı Bədəldi. Şah İsmayıl karvansarayının yanında qəssab dükanı var.

- Ay sağ ol! Necə də tanıyır ey. - O, pıçıltıya keçdı. - Mən də canımı onun kimi qurtarsaydım, min yaşardım.

Ziyad xan götür-qoy eləyirdi. Doğrudan da hələ indiyə qədər bir hökmdarın şair, aşıq edam elədiyini eşitməmişdi. Yəni onların ağlı yoxdumu? Nizamilmülkün “Siyasətnamə” əsərini də oxumuşdu. O yazır ki, alimləri, şairləri incitmə, onların qayğısına qal. Yoxsa küsüb qonşu ölkəyə gedərlər. Qonşun ağıllanar, səninsə ağlın azalar”. Şairin bir şeiri varsa, dillərdə qalacaq. O bir şeir sənin düşmənin olacaq. Hər dəfə o bənd oxunanda şairi edam eləyənin goruna lənət oxuyacaqlar. Mən niyə qarğış, nifrət sahibi olum axı? Bir də axı qızımla onun arasında pərdə gördüm. Onların elə günahları da yoxdu.     

Şeyx Nizami neçə yüz illərdi rəhmətə gedib, onun qəbri üstünə gör nə qədər adam gəlir, nəzir verir. Mənim babamın qəbrini yada salan yoxdu. O dövrün hökmdarı Nizamini edam eləsəydi, bəlkə də onun qəbrini qazıb atıb yenə də şeyxin qəbrini saxlayardılar. Yox, şairi torpağınnan ayrı salmaq, onun qanını torpağa axıtmaq günahdı.

- Cavan oğlan, sənin günahın var. Amma bu günahını cavanlığına, bir də oxuduğun o şeirə bağışlayıram. Get, amma Gəncədən çıx.

Qurbani edamnan qurtardığını yəqin eləyəndən sonra sevinə-sevinə çıxdı. Bir az getmişdi ki, Mahmud bəy onun qabağına çıxdı.

- Salamatsanmı?

- Salamatam. Xan məni bağışladı. Amma dedi Gəncədən çıx. Amma Gəncədən çıxmaq elə məndən ötrü ölümdü.

- Pərinin ahu-zarı aləmi başına götürüb, get Şeyx oğlu şahın üstünə o, işə qarışmasa mümkün deyil. Ziyad xan insaflı adam olsa da, Qara Vəzir cəlladdı, sənə xətər toxundurar.

Onlar Gəncə qapısına çatanda Qurbanini buraxmaq istəmədilər. Mahmud bəy nə qədər dedisə də, keşikçilər eşitmək istəmədilər.

Qurbani dedi:

- A kişi, məni xan özü əfv eləyib, deyib get.

Keşikçi əli qılıncın qəbzəsində dediyini deyirdi.

- Mən Qara Vəzirə tabeyəm. Əmrimi onnan alıram. Xan əfv eləyib. Qara Vəzir yox. Burdan zindana getməlidi.

Bu əhvalat Qurbaninin sinəsinə dağ çəkdi.

- Qulaq as, igid. Yadında qalanı Qara Vəzirə deyərsən:

 

Vəzir, səni qarğayıram,

Haqq diləyin yetirməsin.

Göydən min bir bəla ensə,

Birin səndən ötürməsin!

 

Evindən düşəsən naçaq,

Sağ gözünə batsın bıçaq!

Oğul-uşaq düşsün qaçaq,

İstədiyin gətirməsin.

 

Oturubsan ağ otaqda,

Qan qusasan laxta-laxta.

Səni görüm ölən vaxtda

Dilin kəlmə gətirməsin.

 

Qurbaniyəm, qaldım burda

Çağır, allah yetsin dada,

Meyidin qalsın arada,

El yığılıb götürməsin.

 

Qapıçı, görünür, Vəzirin yaxın adamlarından idi. Qılıncını siyirib ona hücum eləyəndə Mahmud bəy qılıncını neca çaldısa, onun qolu qılıncla bərabər düşdü. Özü yıxıldı, daş döşəmədə qanı axmağa başladı. Mahmud bəy Qurbanini çəkib atın tərkinə mindirdi və çapıb şəhərdən çıxdı.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info