Qonaq Kitabı
25

25

Qurbanini Gəncəyə gətirən çöhrəsi işıqlı oğlan aşıq ölüsüydü və bu gün Gəncədə dəsgah düzəldəcəkdi.

Gəncə elə yerdi ki, burda kənardan gələn çətin hörmət-izzət qazanardı. Şeyx Nizami dövründən bir qayda qalmışdı. Gəncə, gəncəli hamıdan, hər gələnnən üstün olmalıdı, istər sənətdə, istər qonaqpərvərlikdə, istər təkəbbürdə, istərsə də sadəlikdə. Bu şəhərdə gəncəliylə gəncəlilik eləmək olmazdı. Gəlmisən, çox yaxşı, yetim qızsan, qıvrıl yat. Cızığından çıxanı cızığına salırdılar.

Şəhərdə bir qocaman aşıq vardı. Adına Dədə Yediyar deyirdilər. Dədə hər adama demirdilər, xüsusilə Gəncədə. Demək bu adı qazanıbsa, onun qabağına heç kim çıxa bilməzdi. Çöhrəsi işıqlı oğlan istəyirdi ki, Dədə Yediyarı məclisə çağırsın və mərəkə başlasın. Burada məclisə də, savaşa da mərəkə deyirdilər. Burada hər ikisi ola bilərdi. Çünki çöhrəsi işıqlı oğlan Mahmud, Ziyad xanın qardaşı oğluydu. Onun belə mərəkə düzəltməyə gücü çatardı. Amma onun da bu şəhərdə qorxduğu bir adam vardı, o da Qara Vəzir idi. Əmisi Qara Vəzirin yanında aciz qalandan sonra Mahmud bəy kim idi ki, onun qabağında at oynatsın?!

Onun çox geniş, güllü-çiçəkli bağçası vardı və həmin güllü bağçada məclis olacaqdı. Bir tərəfə kişilər, evin külafirəngisində pərdə arxasında qız-gəlin oturacaqdı. Həb axşama çox vardı, şəhərin adlı-sanlı adamlarının dalınca nökər-naib qaçır, aşpazlar yemək hazırlayırdılar. Mahmud bəy Qurbanini bağa gəzməyə çıxartdı. Onların ikisi də eyni yaşda olardı. Sifətlərində də oxşarlıq çox idi. Bir fərqləri vardı ki, Qurbani çalıb çağıranda sifəti, çöhrəsi, işıqlanırdı, Mahmud bəy eşidəndə. Sənətkar da qədir-qiymət biləndə şövqə gəlir.

- Aşıq Qurbani, nə oxuyursan oxu. Təkcə Pəri adı çəkmə.

“Pəri” sözü eşidəndə Qurbaninin gözləri dörd oldu. Necə, bir insanın ömrü çatmayan bu yolu min bir əziyyətnən gəlsin, dodaqlarında Quran ayəsi əvəzinə “Pəri” sözü gəlsin, burada həmin sözü deməyi ona qadağan eləsinlər? “Belə də iş olar. Bəs niyə gəlib? Şahın məktubunu yolda oğurlatmasaydı, birbaşa lap Qara Vəzirin yanına gedərdi, Pərini istəyərdi də, alardı da. Bəs belə də dərd olar?”

O, Mahmud bəyə bir qatar şeir dedi. Sazsız, filansız.

 

Könül qalxdı, Bərdə sarı yeridi,

Orda bir şəhər var, adı Gəncə hey!

Gözəlləri, məhbubları, xubları,

Xub batıblar mala, mülkə Gəncə hey.

 

Qarıncalar yuvasını qayırdı,

Gözəl kəklik balaların doyurdu.

Fələk vurdu gözü yaşlı ayırdı.

Aram düşüb nazlı yardan Gəncə hey!

 

Qurbani der, vüsalına ermədim,

Əl uzadıb qönçə gülün dərmədim.

İran gəzdim, Turan gəzdim, görmədim,

Gözəllikdə, məhbubluqda onca hey!

 

Mahmud bəy əlini onun çiyninə qoydu.

 - Hörmətli aşıq, Gəncəyə yar üçün gəldiyini bilirəm. Kimin də qapısına desən gedəcəm. Bircə Pəri adı çəkmə. Hər şeyi korlayarsan.

“Mən axı ordan buraya Pəridən ötəri gəlmişəm. Bəs onun adını necə çəkməyim? Ağzıma su alım ki, nədi, nədi, Pərinin adını çəkməyi bu Gəncə şəhərində qadağan eləyiblər. Bəs onda bura niyə gəlirdim?!”

Aşığın fikrə getdiyini görən Mahmud bəy bunun səbəbini də ona dedi. Kimə deyirsən! Qurbanini od götürdü, sazını çevirib bağrına basdı, oxumağa başladı.

 

Bir Pəri sevmişəm, sizin ellidi,

Gözəlliyi bu aləmə bəllidi.

Şux göz, mina gərdən, incə bellidi,

Gecə-gündüz işim ahu-zarıdı.

 

Əcayib gözəldi, nə xoş dilbərdi,

Camalına cümlə aləm əfzəldi.

Ağzında dişləri ləli-gövhərdi,

Sinəsi dağların təzə qarıdı.

 

Qurbani der: zülfün ucu xəyətdi,

Qurandakı qulhuvullah əhətdi,

Desələr sərində bu nə halətdi?

De ki, bir Pərinin yadigarıdı.

 

 “Pəri” kəlməsi gələndə Mahmud bəy çiyinlərini qısıb ətrafa baxdı. Elə bil bu sözü onunla bərabər Qara Vəzir də eşitdi.

Qurbani əlini eşmə bığına çəkdi. Bığını tumarlayanda elə bil ona güc gəlirdi. Daha da dirçəlirdi.

- Mahmud bəy, dünyada Qara Vəzir var deyin, adamlar dirigözlü gora getməlidi? Mən gəlmişəm Ziyad xanın qızı Pəridən ötəri. Tale onu mənə buta verib: Qara Vəzir olmasın, lap göy Vəzir olsun, yenə də aparacam.

- Sən mənim əmim qızınnan ötəri gəlmisən?

- Bilmirəm, Pəri xanım sənin nəyindi? Amma ona görə gəlmişəm.

Mahmud bəy fikrə getdi. “Bir quru saznan, elçisiz, filansız, gəlib Ziyad xanın qızını almaq istəyir. Belə eşqə düşənlər çox olub. Özlərini dəliliyə, səfilliyə, abdallığa, lap məcnunluğa qoyublar. Yaxşı səsə, yaxşı şeirə alqış düşər, qız düşməz. O qızın məhəbbətini qazanmaq lazımdı”.

Neçə vaxtdan bəriydi ki, Ziyad xanın qızı Pəri xəstələnmişdi. Yerini külafirəngidə salırdılar. Kənizləri başına yığışıb nə qədər zarafat eləyirdilərsə, könlü açılmırdı ki açılmırdı. Nə bülbüllərin səsinə fikir verirdi, nə Gəncə qızılgüllərinin ətrinə, hərdənbir gözlərini yumub huşa gedirdi və bir çimir eləməmiş diksinib yuxudan ayılır, soruşurdu.

- Körpüdən keçdik?

Onun dilavər kənizi vardı - Şahxuban tez cavabını verirdi.

- Körpünü çoxdan keçmişik. Qorxma.

Pəri yenə huşa gedir, yuxudakı kimi danışırdı.

- Keçməmişik hələ.

Pəri də dəvənin üstündəki kəcavədə Xudafərin körpüsündən keçəndə o gözəl oğlanı görmüşdü və indiyə qədər onu yadından çıxarmamışdı. Bilirdi aşıqdı, bilirdi adı Qurbanıdi. Amma hansı eldən olduğunu bilmirdi. Onu harda axtarmaq lazım gəldiyini bilmirdi.

“O gözlərdən, o baxışlardan bildim gələcək. Amma nə vaxt gələcək. Bəs niyə gəlib çıxmadı? Bəs məni niyə axtarıb tapmadı? Niyə etibarsız çıxdı?”

Qara Vəzir onu oğluna nişanlamaq istədiyi vaxtdan Pərinin əhvalı pozulmuşdu. Gündən-günə əriyir, zərif bədəni daha da kiçilirdi. “Qurbani gəlib məni görsə tanımayacaq. Elə biləcək həmin Pəri deyiləm. Neyniyim, ona görə bu günə düşmüşəm”.

Neçə dəfə aşıqları çağırtdırıb oxutmuş, Qurbaninin adını eşitmək istəmişdi. Elə bil aşıqlar bir-birilə dilləşmiş kimi onun adını çəkməsin, şeirini oxumasınlar. O, yenə də yarımyuxulu uzanmışdı. Aşağıdan səs eşitdi. 

- Şahxuban, Mahmud bəy deyir ki, əmim qızının kefi yaxşıdısa, axşam bizə gəlsinlər.

- Nə var?

Təzə aşıq gəlib, Deyişmə olacaq.

- Hardan gəlib aşıq?

- Deyəsən Təbrizdən gəlib. Dədə Yediyarla deyişəcək. Dedi, xanımı götür gəl, qoy eyni açılsın.

“Təbrizdən? O, Qurbanini tanımamış olmaz. Ölsəm də gedəcəm. Heç olmasa onun adını eşidim, ölüm”.

- Ay qız, Şahxuban, aşığın adını soruşdun?

- Yox.

- Qaç soruş!

Şahxuban gedib qayıtdı. Kənizi görməmişdi. Şahxuban gəlib onun yanında oturdu. Otuz yaşına çatmış, yanaqlarının qızartısı, ürəyinin odu sönmüş Şahxuban sözlü adama oxşayırdı. O, hər vasitə ilə xanımın fikrini dağıtmaq istəsə də, onu Qurbani fikrindən daşındırmaga çalıssa da, həm də Qurbanidən bir xəbər tutmağa, onunla Pəri xanımın qəlbini ovundurmağa çalışırdı.

- Xanım, bir söz demək istəyirəm ey.

- Nə söz? Olmaya Qara Vəzirin oğlu sifariş göndərib?

Şahxuban sürmə çəkilmiş iri gözlərini böyük bağın həyət qapısına tərəf çevirib baxandan, arxayın olandan sonra dedi:

- Qadam onun ürəyinə. O niyə kişi olur? Dünən gecə dədəsi adam göndərib, onu köhnə dəyirmanda tapıblar. Erməni çaxırı içibmiş. Deyir ağzından sarımsaq iyi gəlirmiş. Gətirəndə onunla orda olan saqqa Sadıx da gəlib Qara Vəzirin yanına ki, oğlun mənə aşıq-aşıq oyununda bir kənd uduzub, onun kağızını ver. Verməsən, oğlunu sağ görmə. Qara Vəzir də onu atıb zindana. Deyib oğlunun kəndi var uduzsun? Mən Qara Vəzirə uduzsaydım, onda sənin haqqın vardı bu sözü deməyə.

Pəri bu sözlərdən çox eşitmişdi. Hər dəfə də eşidəndə ürəyi bulanırdı. Söhbətə qulaq asmamağa çalışır, gözlərini külafirənginin şəbəkəsinə dikib Xudafərin körpüsünü, onun üstündən keçəndə yadında qalan o sifəti gördü.

- Elə bunu demək istəyirdin?

- Yox, xanım, başına dönüm.

Pərinin ağlına gəldi ki, kənizləri də onun adını çox nadir hallarda çəkirlər. Belə getsə, o, adsız qalacaq. Elə xanım deyəcəklər.

- Bəs onda nə demək istəyirdin?

- Pəri xanım, bir aşıqdan Qurbaninin bir bənd şeirinı eşitmişəm. And içdi ki, Qurbaninindir.

Pəri qalxıb dirsəkləndi, gözlərindəki yuxusuzluq, yorğunluq çəkildi.

- De görüm.

Şahxuban oxumağa başladı.


Başına döndüyüm gül üzlü Pəri,

Adətdi, dərəllər yaz bənövşəni.

Ağ, bəyaz əllərlə bir dəstə dərib

Tər buxaq altında düz bənövşəni.


- Bir də, bir də.

Şahxuban bu bəndi bir neçə dəfə oxudu. Pəri xanım da əzbərlədi.

Başına döndüyüm gül üzlü Pəri... Görürsən, o şeiri mənə yazıb. Başına döndüyüm, gül üzlü Pəri... Sizin kimi Qara Vəzirdən qorxmayıb, mənim adımı çəkib.

- O, Qara Vəzirdən niyə qorxsun ki, Şah İsmayılın, Şeyx oğlu şahın, zamanın sahibinin sarayında yaşayan aşıqdı. Ona gözün üstə qaşın var deyən var ki?.. Qara Vəzirlər onun yanında heç kimdi.

Onlar Mahmud bəyin evinə gedənə qədər xeyli söhbət elədilər. Axırda Pəri xanım dedi: “Mənə bənövşəyi paltarımı hazırla. Heyf ki, bənövşə vaxtı çoxdan keçib. Yoxsa bənövşə yığdırardım. Qoy o aşıq görsün ki, Pəri xanım “Bənövşə” qoşmasını eşidib.

İşıqlı çöhrəli Mahmud bəyin evində məclis qızışırdı. Mahmud bəy özü qonaqlara aşıqları təqdim elədi.

Başına hündür papaq qoymuş, papağın altından gümüşü saçları görünən, iri gümüşü bığları qoç buynuzları kimi burulan Dədə Yediyar pəhlivan cüssəli, qala bürcü kimi qamətliydi. Qurbaninin onun yaraşığından, boy-buxunundan xoşu gəldi. Onu Xan Məhəmməd Ustaclıya oxşatdı.

- Ey məclis əhli, Gəncəmizin ağsaqqal, ustad, dədə aşığı Dədə Yediyarı hamımız tanıyırıq, hamımız xoşlamışıq. Bu gün onun məclisinə çıxan, onunla söz-saz sınayan bu cavan aşığa elə-belə baxmayın. O, Şah İsmayıl Xətainin sarayının bəzəyi, aşıqlar aşığı Qurbanidi.

Bu kəlmədən sonra tül pərdə arxasında oturan xanımlar məclisində bir qiyyə qalxdı və sakitləşdi. Amma pıç-pıçı, narahat səslər eşidilirdi.

Mahmud bəy ora adam göndərib öyrəndi ki, Pəri xanım qəşş eləyib. Üzünə gülab səpib ayıldırlar.

Dədə Yediyar meydanda keştə çıxdı. Gəzindi, təzanəni simlərdə gəzdirib çaldı. Amma oxumadı. Dedı:

- Aşıq Qurbani, bizdə adət var. Söz qonagındı. Birinci sözü qonaq deyər.

O, özünə çox arxayın idi. Çox aşıqları meydanda xar eləmişdi. Evi qənimət aldığı sazlarla doluydu. İnanırdı ki, bu cavan aşığın da sazını alıb yola salacaq. Şah İsmayıl onun yerinə - aşıqlar aşıqlığına Dədə Yediyarı çağıracaq. Gəncədə camaat aşığı istəsə də, Ziyad Xan məclisə onları çağırmazdı. Qara Vəzirin aşıqlardan zəhləsi gedirdi.

Qurbani də sözü Dədə Yediyara verdi.

- Buyur, ağsaqqal, yol böyüyündür.    

Dədə Yediyar ilk kəlmədən onu sındırmaq istədi. Sazı dilləndirib bir bənd dedi:


Get, dolanginən, xalisən hələ,

Püxtə olmasına çox hünər gərək.

Mürği-qafilə həmzəban olub,

Dövrə qalxmağa balu pər gərək.


Sözlər Qurbaniyə bərk toxundu. Onun qarşısına söz demək lazım idi.

 - Dədə Yediyar, xam, püxtə olmaq sonra bilinər. Son sözü əvvəldə demək ustada yaraşmaz. İndi aç bu qıfılbəndi.

O, sazını sinəsinə basdı, səsi cingildədi:

 

Dost bizə buyurdu xidmət şərifi,

Derik ki, baş üstə, kaf, lamü kaf!

Fitnə qaşlı, cadu gözlü sevdiyim

Çoxların eləyib həyyü lamü kaf.

 

Dədə Yediyar gördü yox, bu qıfılbəndi aça bilməyəcək, işarə verdi ki, oxusun, hamısını birdən açacaq. Yerdən heyrət nidaları eşidildi.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info