Qonaq Kitabı
CƏFƏNGİYAT (2)

 

Mənim ağlım lap çaşıb. Hamı başını salıb aşağı, öz işinə məşğuldu: əkinçi əkinin əkir, alışverişçi alışverişini eləyir, xanlar quş ovuna gedirlər, mollalar siğə edirlər, qəzetçilər qəzetlərini yazırlar , müxtəsər ki, hərə başını aşağı salıb, dinməz-söyləməz, sakit və samit öz işlərindədir, amma mən başıbəlalı, mən bəndər-bəndi, mən allahın nəzərindən düşmüş, mən bədbəxt lap dəli-divanə olmuşam

Mənasız, cəfəng, damdandüşmə söz qalmadı ki, məndən çıxmamış olsun. İndi də bir belə söz fikrimə gəlib. Amma, mən ölüm, hay-küy salmayın; qoyun sözümü deyim, qurtarım, siz də oxuyunuz və oxuyandan sonra bir az da fikirləşin, yenə fikirləşin, axırda hər nə cavabınız olsa, deyin.

Mən bunu demək istəyirəm ki, biz uşaqlarımızı göndəririk gedib, tibb elmini oxuyub və həkimlik şəhadətnamələrini alıb, qayıdırlar bizim içimizə və başlayırlar həkimlik eləməyə, necə ki, məsələn, bizim içimizdə məşhurdur deyirlər ki, “urus həkimi”. Bəli, bizim cavanlar da rus həkimləri kimi elm oxuyub, həkim olurlar. Mən bircə bunu qana bilmirəm ki, biz müsəlmanlara dərs qurtarmış həkimlər lazımdır, yainki lazım deyil?

Bu sözləri oxuyan heç fikir eləməsin ki, mən zarafat eləyirəm. Bu məsələ vacib məsələlərin biridir və qabaqda mənim çox sözüm var və bu barədə mən hər nə ki, yazıram, – mənim ciddi sözümdür.

Bəli, buyurunuz görək həkimləri, yəni tibb elmini oxuyub, şəhadətnamə almış həkimlər müsəlmanlar üçün lazımdır, yainki lazım deyil?

Bunu bilmək çox vacibdir, vacibdən də vacibdir. Ondan ötrü ki, əgər həmin həkimlər müsəlmanlar üçün lazım olmasalar, dəxi bundan sonra uşaqlarımızı nə üçün qoyaq gedib, həkimlik dərsi oxuyub gəlsinlər?

Heç kəs xəyal eləməsin ki, bu məsələ xırda məsələdir. Ondan ötrü ki, əgər elmli həkimlər bizə lazım olmasalar, dəxi niyə xərc çəkmək və naxoşun üstünə dərs oxumuş həkim gətirmək? Əgər belə olsa, dəxi nə doktorbazlıqdır?

Mən çox təvəqqə edirəm ki, buyurasınız görək, aya biz müsəlmanlara rus həkimi yainki elm oxumuş həkim lazımdır, ya yox?

Mənim cavabım:

Mən, yəni Molla Nəsrəddin, deyirəm ki, bizlərə elmli həkim ya lazımdır, ya da ki, lazım deyil.

Bağışlayınız, görürsünüz ki, sözümü birdən-birə deyib qurtarmadım. Doğrusu ki, vallah, qorxuram. Qorxuram hay-küy salasınız; qorxuram yenə Ordubad qırmızısaqqal kərbəlayıları yenə başlayarlar ki, Molla Nəsrəddin qudurub!..

Keçən nömrəmizdə yazmışdıq ki, şuşalı Yəhya kişi rus həkiminin sözünə baxmayıb və anası üçün zəli alıb aparmayıb və anası haman gün axşam vaxtı vəfat edib. İndi gör Yəhya kişi bizə nə yazır:

Yəhya kişinin idarəmizə gələn məktubu:

Cənab Molla Nəsrəddin, jurnalınızın 24-cü nömrəsində mənə gülürsünüz ki, rus həkiminin sözünə baxmadım və anam üçün zəli alıb aparmadım.

Cənab Molla əmi, siz nahaq yerə mənə gülürsünüz və mənim bu barədə bir tikə günahım yoxdur. O səbəbə ki, biz müsəlmanıq və məlumdur ki, hər millətin bir kitabı olur; biz də ki, müsəlmanıq, – bizim də kitabımız “İxtiyarat” kitabıdır və bu kitaba da ki, bir kəsin sözü ola bilməz. Və aşkardır ki, bu kitabın barəsində heç kəsin hünəri yoxdur bir söz danışsın; çünki bu kitab elə bir kitabdır ki, mən çarsu ilə keçən vaxt həmişə görmüşəm ki, bizim mömin hacılarımız və mollalarımız “İxtiyarat” kitabını əllərinə alanda əvvəl gərək öpələr, sonra açıb oxuyalar.

Və həmin kitabın 89-cu səhifəsində, yuxarıdan on dördüncü sətirdə yazılıb: “Hər kəs ayın onunda qan aldırsa, dərdi arta və zəif düşər”. İndi, ay molla dayı, mən başıma nə çarə edəydim ki, urus həkimi bizə gələn günü cəmadiyəl-əvvəl ayının onu idi? Dəxi mənim çarəm nə idi? Dəxi mən o günü nə tövr zəli gətirə bilərdim evə?

Anam da ki, vəfat elədi, əlbət ki, əcəli tamam imiş. Dəxi mənim üstümə nə haqq ilə gülürsən? Vəssəlam. Şuşa əhli Yəhya kişi”.

Yəhya kişinin həmin kağızı bizə çatan kimi biz “İxtiyarat” kitabını açıb baxdıq və gördük ki, Yəhya kişi yazdıqları təmamən səhihdir. Sonra biz həmin kitabı başdan-axıradək oxuduq və gördük ki, bu kitab başdan-axıradəkhəkimlikdən danışır və heç bir dərd və azar yoxdur ki, bu kitabda ona bir çarə olmasın. Məsələn, kitabın 90-cı səhifəsində kitab yazan baş qırxdırmaqdan söhbət açıb yazır ki, hər kəs ayın əvvəlində başını qırxdırsa, ömrü az olar; ayın ikisində qırxdırsa, istədiyi əmələ gələr; üçündə qırxdırsa, zərər toxunar və axıradək bu cür yazılıb.

Hələ bunlar qalsın, keçək qan aldırmaq məsələsinə. Doğrudan, bu məsələ vacib məsələlərin biridir.

Hansı rus həkimi indiyə kimi eşidib ki, ayın onunda naxoş qan aldırsa, dərdi artar və zəif düşər? Belə olan surətdə dəxi nə lazımdır bir elə həkimin yanına gətmək və belə bir həkimi naxoş üstə gətirmək? Mən neyləyirəm elə bir həkimi ki, bu tövr asan işlərdən xəbəri yoxdur? Dəxi onun elmi mənə nə lazımdır? Dəxi onun nə elmi var? Dəxi nə doktorbazlıqdır?

Həqiqət bu məsələ elə bir xırda məsələ deyil. Bizim müsəlman camaatı bu barədə gərək çox diqqət eləsin.

Doğrudan da, hər kəs istəyir, “İxtiyarat” kitabını açıb baxsın və görsün ki, bir naxoşluq vardırmı ki, ona bu kitabda bir çarə yazılmamış olsun.

Amma mən bircə şeyi başa düşmürəm: yenə bununla belə bizim bir para müsəlmanlar dara düşəndə gedib naxoşlarına rus həkimi gətirirlər. Mən özüm Naxçıvanda öz gözümlə görmüşəm ki, mömin hacılarımız “İxtiyarat” kitabını əllərinə alan vaxt, elə bil ki, bir müqəddəs kitab əllərinə alıblar və öpməmiş açıb oxumayıblar. Amma bununla bərabər, yenə haman mömin hacılarımız dara düşəndə gedib naxoşlarına rus həkimi gətiriblər.

Mən bu işləri başa düşə bilmirəm. Ancaq mən bunu deyirəm ki, ya rus həkimi, ya “İxtiyarat” kitabı? Hər kəs istəyir, buna etiqad eləsin; hər kəs istəyir, ona etiqad eləsin.

Amma bunu da heç kəs yadından çıxartmasın ki, təbib nə qədər haziq olur olsun, istər ki, ömrünün əvvəlindən axırınadək Avropa darülfünunlarında elm oxumuş olsun, amma bir surətdə ki, “İxtiyarat” kitabından onun xəbəri yoxdur – mən ona nə həkim deyərəm, nə noxoşumun üstünə gətirərəm.

Heç kəs deməsin ki, mən zarafat eləyirəm: bu mənim doğru sözümdür.

Molla  Nəsrəddin

“Molla  Nəsrəddin”,  8 iyul,  1907,  N 25.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info