Qonaq Kitabı
24

24

İki karvan Şamaxıda qala darvazaları qabağında bir-birinə qarışdı. Onların biri böyük karvan idi. Dəvə üstündəki kəcavədə cavan şahzadə oturmuşdu. Əyan-əşrəfi də at belindəydi. İyirmi-iyirmi beş dəvə isə onların yükün götürmüşdü. Qalabəyi özü gəlmişdi. Qapının üstündəki mağzaldan soruşdular.

- Bu kimin karvanıdı?

Dəvənin ovsarından yapışan sarvan dedi:

- Mütəllim, bu cənnətməkan Hüseyn Bəyqaranın oğlu şahzadə Bədiəzzaman Mirzənin karvanıdı.

Bu sözdən sonra Axaltəpə atının yalını tumarlayan o biri karvanın başçısı devikdi: “Kim? Bədiəzzaman Mirzə? Şeybani xan onun başını gətirməyə böyük hədiyyə ayırıb. Bilsəydim belədi...”.

Qalabəyi göstəriş verdi ki, karvanı içəri buraxsınlar. Bu zaman Axaltəpə kəhəri belindəki qıyıqgözlü, yaşıl, köndələn kəşklə, xələt geyən adam qışqırdı.

- Şeybani xanın elçisini əvvəlcə buraxmalısınız. Bədiəzzaman Mirzənin nə torpağı var, nə xəzinəsi, nə hakimiyyəti, nə də ki taxt-tacı...

Bu sözdən sonra Bədiəzzaman Mirzənin karvanındakı cavan döyüşçülərdən biri qılıncını siyirib elçinin üstünə cumdu. Amma onun qabağını kəsdilər. Neçə yerdən qılınc siyrildi. Qalabəyi bunu görüb qışqırdı.

Şamaxı qalasında qan tökən adamın özü Şah İsmayılın əmriylə bu darvazadan asılacaq, işinizə baxın. Bədiəzzaman Mirzənin karvanı qapıdan keçib içəri girdi. Dəvələr yumşaq ayaqlarını daş döşəməyə basaraq yastı-yastı yeriyə-yenyə saraya tərəf gedirdi.

Qalabəyi Şeybani xanın elçilərini bir xeyli gözlətdi.

- Mən böyük hökmdar Şeybani xanın elçisiyəm. Hökmdarınıza məktub gətirmişəm.

- Əvvəldən xəbər vermədiyinə görə saraydan xəbər gələnə qədər gözləməlisən.

- Bunu hökmdarıma hörmətsizlik kimi qəbul eləyirəm.

Elçinin həyasızlığı qalabəyini təbdən çıxarırdı.

- Sənin hökmdarın elə bizim adamlara çox hörmət eləyir! Gözləyin. Saraya adam göndərmişəm.  

- Sarayda Bədiəzzaman Mirzəni mənnən qabaq qəbul eləsələr, sonrası pis olacaq.

- Sən kimi hədələyirsən? - Bir qarış boyu var, danışığın bax ey, - Gözləyin. - Qalabəyi atını sürüb saraya çapdı.

Elçi atdan düşdü. Adamlarına da düşməyi əmr elədi. Süfrəni elə buradaca açmağı tapşırdı.

Nökər Axaltəpə atının yəhərini götürdü, tərliyin altından atın belinə bağlanmış əti açıb gətirib süfrəyə qoydu. Əvvəl elçi oturub xəncərlə ətdən kəsməyə başladı. Onlar uzaq yola çıxanda əti beləcə tərliyin altına bağlayırdılar ki, qaxac olsun.

Çidarlayıb buraxdıqları atın beli yara olmuşdu. Onların başı yeməyə qarışanda, bir sağsağan uçub atın belinə qondu və yaranı dimdikləməyə başladı.

Bədiəzzaman Mirzə saraya çatana qədər çox fikirlərə düşdü. Şah İsmayılın Şeybani xanla bir-birlərinə elçi göndərməyi onu lap pərt eləmişdi. Atasının Xorasan mülkünü, Herat kimi paytaxtını işğal eləyən Şeybani xan axı həm də Şah İsmayılın düşmənidi. Bəlkə buradan qayıdıb Gəncəyə, oradan da İstambula getsin. Yox, Sultan Bayazid də Şeybani xanla dostluq eləyir.

Hüseyn Bəyqaranın salamat qalan yeganə oğlu Bədiəzzaman güclə qaçıb Şeybani xan təqibindən yaxa qurtarmış, burada Şamaxıda yenə onlara rast gəlmişdi. Axı vətəni, xəzinəsi əlindən çıxan bu şahzadənin ümidi bircə Şah İsmayıla gəlirdi. Onun qoltuğuna sığınmaq ümidi ilə gəlmişdi.

Sarayda onu şahlara layiq qarşılayıb Şah İsmayılın yanına apardılar. Şah İsmayıl onu öz yanında, şahzadə kimi sağ tərəfində oturtdu. Kefini xəbər aldı. Yorulub-yorulmadığını soruşdu. Şeybani xanın qarasınca danışdı.

Bədiəzzaman Mirzə yaşda Şah İsmayıldan da böyük idi. Atası kimi boylu-buxunluydu. Vaxtından əvvəl saqqalında və bığında ağ tüklər görünməyə başlamışdı.

Bu vaxt qalabəyi içəri daxil olub, baş əydi və Şeybani xanın elçilərinin şəhər darvazasında gözlədiyini bildirdi.

Şah İsmayıl fikrə getdi. Bədiəzzaman Mirzədən bu tezlikdə ayrılmaq pis olardı. Həm onun qəlbinə toxunar, həm də Şeybani xanın elçiləri ilə danışıq onların arasında soyuqluq yaradardı.

- Hamısının silahlarını alın. Tək elçini yanıma gətirin.

Bədiəzzaman Mirzənin ürəyi əsirdi. Burada hər şey ola bilərdi. Münasibətləri yaxşılaşdırmaq üçün onun özünü əsir kimi Şeybani xanın sarayına göndərə bilərdilər. Ya özünü, ya kəsilmiş başını. Çünki siyasət insanlar üçün deyil, insanlar siyasət üçündü, hamı o siyasətə qurban gedə bilər. Heç kim təhlükədən kənarda deyil. İndi elçi gələndə görək harada ona yer göstərəcəklər? Bundan da çox şey asılıdı. Amma Şah İsmayıl onların silahlarını alıb, elçini tək gətirməyi tapşıranda ürəyi bir az sakitləşdi.

Bədiəzzaman Mirzənin silahına toxunmamışdılar.

Qıyıq gözlü, almacıq sümükləri qalxıb qaralmış, baş soğan rənginə düşmüş elçi içəri girib baş əydi. Yeri öpmədi. Şah İsmayıl onun əyri və gödək ayaqlarına fikir verirdi. Uşaqlıqdan bütün ömrünü at belində keçirənlərin ayaqları belə olur. Zərli paltar, kəlləsinə durna lələyi taxılmış xəz papaq onun dərisinin rəngini, kobudluğunu, gizlədə bilmirdi.

- Elçi buyursun! - Hüseyn bəy dilləndi.

Elçi öz dilində nə danışdısa, heç kim heç nə başa düşə bilmədi. Dilmancın gəlməyinə icazə verdilər. Qıpçaq dilində bir çox sözlər uyğun gəlsə də, tez-tez danışdığından heç kim heç nə başa düşmədi. O, cığatay ləhcəsini də bilirdi. Qala qapısında danışmışdı. Başa düşmüşdülər. Amma burada danışmaq istəmirdi.

Dilmanc gəldi. Özü ilə bir xurcun və əlində əsa var idi. Elçinin dediklərini tərcümə eləməyə başladı.

- Böyük hökmdar, peyğəmbərin yer üzündə xəlifəsi Şeybani xan mübarək barmağı ilə imzaladığı bu məktubu sizə çatdırmağı mənə həvalə edibdir.

İrəli yeriyib təzimsiz-filansız məktubu şahın özünə təqdim eləmək istədi. Hüseyn bəy məktubu ondan aldı. Elçı geri cəkilib əvvəlki yerində dayandı. Hüseyn bəy Lələ elçinin hərəkətindən məktubun lovğa bir ruhda yazıldığını duyurdu. Ona görə məktubu hamının yanında oxutdurmaq  istəmədi.

- Elçi desin görək Şeybani xan dilcavabı nə deyib?

Dilmanc onunla danışandan sonra dedi:  

- Şeybani xan, Şah İsmayıla hədiyyələr göndərib, həmin hədiyyələr onun nə dediyini izah eləyir.

- Gətirin görək hədiyyələri.

Elçi əvvəl dilmancın gətirdiyi əsanı alıb Hüseyn bəy Lələyə uzatdı. Sonra xurcundan bir yüsüç təsbeh və bir də hind qozunun qabığından düzəldilən, dərvişlərin çiyinlərinə saldığı kəşkülü çıxartdı. Verəndən sonra baş əyib yerində dayandı.         

Elə bil şah məclisinə su ələndi. Bu Şah İsmayılı təhqir eləmək deməkdi. İndi hamının gözü şahdaydı. Yəqin ki, özü yerindən qalxacaq, qılıncını çəkib elçini doğrayacaqdı. Amma Şah İsmayıl tərpənmədi. Məclisə, əyan-əşrəfə göz gəzdirib dedi:

- Şeybani xan mənə dərviş əşyaları göndərıb. Demək istəyir ki, dərviş nəslindənəm, hökmranlıq mənə yaraşmır, odur ki, Səfəvi mülkünü ona təhvil verməliyəm. Belədimi?

O elçiyə deyin ki, mən bu hədiyyələri qəbul eləyirəm. Mən Xorasandakı İmam Rzanın qəbrini dərviş kimi ziyarət eləmək, yetmiş dəvə yükü nəzirimi vermək üçün gəlirəm, zəhmət çəkib oradan köçünü çəksin, yoxsa pis olacaq.

Bir neçə an içərisində o hər şeyi ölçüb-biçmişdı. Anadoluda şiələrin üsyanı başlayıb. Sultan Bayazidin oğlanları arasında taxt-tac narazılığı var. Günbatan sərhəddindən heç bir təhlükə gözlənilmir. Bağdad, Şirvan onun ixtiyarındadı. Bakı və Şabran qalaları təzədən alınıb. İndi artıq Şeybani xanla üz-üzə gəlmək olar.

Onun ağıllı və hikmətli cavabı hamının ürəyindən oldu. Xüsusən Bədiəzzaman Mirzənin Şah İsmayıl Xorasanı alarsa, onda Bədiəzzaman Heratda, atasının taxtında oturacaq. Şah İsmayıl Bədiəzzaman Mirzəyə ötəri bir nəzər saldı. Onun kefinin açıldığını hiss elədi, səbəbini də başa düsdü. Amma bu barədə onun özü ayrı cür fikirləşirdi. Xorasan torpaqları yüz illərlə Təbrizdən idarə olunub. Teymurləngdən sonra onu ölkədən qoparıb Hüseyn Bəyqaraya veriblər. İndi isə oranı qan bahasına Şeybani xandan almaq tələb olunur. Bundan sonra Bədiəzzamana o boyda ölkəni bağışlayarlarmı?

- Elçiləri yola salın!

Həmin axşam elçiləri Şamaxı darvazasından çıxarıb yola saldılar.

Bədiəzzaman Mirzə sevincindən nə edəcəyini bilmirdi. Şaha müraciət etməkdən başqa əlacı qalmadı.

- Böyük hökmdar, əzəmətli Şah İsmayıl! Mənim atamın və qardaşlarımın, anamın və bacılarımın gömüldüyü doğma Xorasan torpağını düşməndən azad etmək kimi müqəddəs bir səfərdə mən qılıncımla iştirak edəcəyimə sevinirəm və bu çətin bir işin sarayınıza ayaq basdığım gün həll olunmağına ürəkdən şadam və baxt ulduzumun parıltısı hesab edirəm.

Şah İsmayıl onun belə yüksək dillə danışdığı məsələnin üstündən sükutla keçdi. Sözarası Hüseyn bəyə göstəriş verdi:

- Bədiəzzaman Mirzə bizim əziz qonağımızdır. Uzun müddətli çəkişmələr, qırğınlar onun səhhətinə ağır təsir göstərib. Mənə belə gəlir ki, onun üçün ən yaxşı istirahət yeri Təbrizdir. Çünki Təbrizin havası özü təbibdi. Orda təbibliyə ehtiyac qalmır.

Bədiəzzaman Mirzə bu sözdən öz hesabını götürdü. O, ömürlük Şah İsmayıl sarayının qonağı olsa da, Xorasan üzü, Xorasan taxtı görməyəcək.

- Böyük hökmdar, təbrizlilər mənim vətənimə görə qan tökdükləri vaxt mənim Təbrizdə istirahət etməyim heç yaxşı düşməz.

Şah İsmayıl onun cavabını verməliydi.

- Əziz Bədiəzzaman Mirzə! Vətəni qoruyarlar, vətən olar. Bu kəlam böyük bir dühanın fikridi, eşitmişəm, heç vaxt yadımnan çıxmır.

Bu sözü heç kimdən eşitməmişdi. Onu özü deyirdi. Xorasan Bədiəzzaman kimi şahzadələrin günahı üzündən Şeybani xanın əlinə keçmişdi.

- Şeybani xan oradakı şiələrə divan tutur, müqəddəs yerləri murdarlayır. Onların cavabını isə mən özüm verməliyəm.

Bununla da Teymurləng vaxtında əldən çıxmış Xorasanın gələcək taleyi həll olunurdu.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info