Qonaq Kitabı
23

23

Minlərlə adam Ərzurumda dərviş təkyəsinin yanına yığılmışdı. Onların mürşidi Şahqulu zamanın sahibinin zühur edəcəyini vəd vermişdi. Adamları nə təkyə tuturdu, nə məscid. Şahqulu təkyəsinin üstünə çıxmışdı və oradan adamlara müraciət eləyirdi.

- Ey qəlbində Əli xofu gəzdirən müsəlmanlar! Ey İmam Hüseynin Kərbəla çölündə altmış doqquz yarasından axan qanlar qədər gözlərindən qan-yaş axıdan müridlər! Bu gecə yuxuda Zamanın sahibini görmüşəm. Onun mübarək dilindən eşitdim ki, mənim müridlərim buradadısa, mən də ordayam. Sizə köməyə gəlirəm.

Yerdən biri qışqırdı:

- Mürşidimiz, burada təzəcə gəlmiş Şamaxı taciri var. O deyir ki, zamanın sahibi Şamaxıdadı. Oradan tərpənmək niyyəti də yoxdu.

- Bəli, ey müsəlmanlar. Mürşidi-kamilimiz Şamaxıdadır. O eyni zamanda burdadı, o bizim ürəyimizdədi. Zamanın sahibinin ağ at üstündə göründüyü yerdə bizim uğurumuz açıq, yolumuz aydın olur. Bilin və agah olun. Zamanın sahibində elə bir qüvvə var ki, o eyni vaxtda bir neçə yerdə görünə bilər. Baxın, baxın...

Dağın döşündəki mağaradan bir ağ atlı çıxdı. Üzündə niqab vardı. Başındakı qırmızı qızılbaş tacında ağ bir lələk görünürdü.

Adamlar diz çöküb əllərini göylərə qaldırdılar.

Şahqulu da diz çökmüş və əllərini ağ atlıya tərəf uzatmışdı.

- Ey mürşidi-kamilimiz, ey zamanın sahibi, sən həm Şamaxıdasan, həm də Ərzurumda. Bizə xeyir-dua ver. Kutahiya üstünə gedirik. Qabağımıza çıxan sünnüləri ya şiə edəcəyik, ya da cəhənnəmə vasil eləyəcəyik.

Ağ atlı təkyənin üstündəki təpədə dayandı. Əlini qaldırıb onlara xeyir-dua verdi.

Şahqulu qışqırdı.

- Opün torpağı, Zamanın sahibinə təzim eləyin.

Hamı əyilib torpağı öpdü. Başlarını qaldıranda ağ atlı, Zamanın sahibi yoxa çıxmışdı. “Vaveyla, şaxsey-vaxsey, şah Huseyn!” nidaları göyə ucaldı.

 Şamaxıdan gələn tacirin ətrafında basabas düşmüşdü. Axırda onu Şahqulunun yanına çıxartdılar.

- Danış, hamı eşitsin.

Əslində, o, tacir deyildi. Buhurd qalasında gizlənən Sirvanşah Şeyxşahın Sultan Bayazidin yanına göndərdiyi elçidi. Kömək istəməyə gedirdi. Özü beş gün bundan qabaq çıxmış, gecə-gündüz at sürmüşdü. Burada gördüyü onu dəhşətə gətirmişdi. Şah İsmayılı uzaqdan neçə dəfə at belində görmüsdü. Burada da gördü. Bu beş günə o buraya gəlib çıxa bilməzdi. Demək, burada böyük bir möcüzə var kı, onu danmaq mümkün deyil.

- Ey camaat! Mən beş gün qabaq zamanın sahibini uzaqdan da olsa görmüşəm. İndi gördüyüm də həmin zamanın sahibidi. Mən də bu annan dönüb oluram şiə. Məni də sıralarınıza götürün.

O, özünü saxlaya bilməyib minlərlə adamın qarşısında etiraf elədi.  

- Mən Şirvanşahın elçisiydim. Ondan kömək istəməyə gedirdim. Yox, daha, qoy elə şirvanşahlar məhv olsun. Haqq zamanın sahibi tərəfdədi. Alın məni sıralarınıza. Ölümə getməyə hazıram.

Xızır öz işini görmüşdü. Elə oradan da atları dəyişib geriyə çapırdılar. Yəhər-yüyəni alınmış ağ at isə kişnəyə-kişnəyə təpələrdə çapırdı.

Anadoluda şiələrin böyük üsyanı başladı.

* * *

Elçini Qara Vəzirin yanına gətirdilər. Elçi təzim edəndən sonra başını qaldırıb qarşısında ucaboy, yanlardan çiyinləri qalxmış, qarasifət, qarasaqqal bir adam gördu. Onun sifətinin dərisinə elə bil yağ sürtmüşdülər, par-par parıldayırdı.

- Hə, nəyə gəlmisən, Şirvanşahın vəziri?

- Şirvanşah Şeyxşah qüdrətli Ziyad xana məktub yazıb.Vəzir kinayə ilə dedi:

- Şirvanşahın quyruğu qapı arasında qalanda Ziyad xan qüdrətli olur, arxayınlığa çıxanda saymır.

- Hörmətli vəzir, Şirvanşah Gəncə xanına həmişə iltifatlı olub. Bir dəfə də sizdən iltifat görmək istəyir.

Vəzir elçiyə oturmağı təklif eləmədən özü keçib oturdu, yastığı çəkib dirsəkləndi və ayağını ayağının üstünə aşırdı. Qara dodaqları büzüldü, sındıra-sındıra fitlə hansı bir xalq havasını çalmağa başladı. Elçi özünü heç vaxt belə təhqiramiz vəziyyətdə hiss eləməmişdi, Buğurd qalasının yeraltı yolu ilə sürünüb çıxanda belə. Onda ümidi vardı. Azadlıqda qoşun tapacaq, köməyə gələcək. Bu da kömək!

- Nə iltifat istəyir sənin şahın? Qoşun lazımdı? Şah İsmayılın qabağına çıxmağa? Deyirsən yəni Ziyad xan o qədər ağılsızdı? Tələyə düşən Şirvanşaha görə öz-özünə tələ qursun? Ya sənin ağlın yoxdu, ya da şahının!

- Bunun əvəzində xəzinəsinin ən qiymətli daşlarını təklif eləyir.

Vəzir qalxıb oturdu.

- Hanı o daşlar?

- Xəzinədə.

Vəzir yenə yastığa dirsəkləndi.

- Xəzinədə. Boşdu Şirvanşahın xəzinəsi. Olsa da orda çay daşınnan başqa heç nə yoxdur.

Elçi öz dediyinnən dönmürdü.

- Bu gün Şirvanşahın başını batıran Şah İsmayıl sabah Gəncədə olacaq.

- Olsun da. Biz onu kəmali-ədəblə qarşılayacaq, səni də ona hədiyyə verəcəyik, görsün ki, biz Şirvanşaha heç bir kömək eləməmişik. Vaxtında xəracını göndəririk. Yaxşı, bu Şirvanşahlar niyə acgözdü axı. Malınızı canınızdan çox istəyirsiniz. Verin xərac, tabe olun, qurtarsın getsin. Qapıçı!

Silahlı iki cavan içəri girdi.

- Bunu zindanın ən geniş otağına aparın. Yemək-içməyini də bol eləyin.

- Baş üstə.

Şirvanşahın elçisini aparandan sonra bir aşığı gətirdilər. Sazı da çiynindən asılmışdı. İçəri girib məclisdə oxuyacaqmış kimi baş əydi. Qara Vəzir başa düşdü.  

- Ədə, yanşaq oğlu yanşaq, elə ağız bahəm eləmisən ki, mənim qadağanıma da məhəl qoymursan?           

Aşığın dil-dodağı təpidi.

- Niyə, başına dönüm? Gəncəyə bu səhər gəlmişəm, hec kim də bir söz deməyib. Camaat yaxşıdır, oxudum. Fərraşlar gəlib tutub bura gətirdilər. Yolda da dedilər ki, bəs yaxşı aşıqsan, səni oxutdurmağa aparırıq. Buyurun, ürəyiniz nə istəyir oxuyum.

- Fərraş, bu nə oxuyurdu?

Donqar fərraş kəkələdi:

- Məəənim diiilim gəlməəz, lə...

- Demək mən qadağan elədiyim sözü?

- Bəəəli...

Aşıq özünü saxlaya bilməyib fərraşa qışqırdı.

- Nə məliyirsən, əyə. Bir sözün Mustafasını de görüm mən nə oxuyum, nə oxumuyum?

Vəzir səsini ucaltdı.

- Divan adamına səsini qaldırdığına görə bu başdan əlli çubuq düşür. Hələ o sözə görə demirəm.

- Axı o hansı sözdü? Mən ustadnamə oxumuşam. Öz sözümü yox, ustadnamə. Qurbaninin qoşmasını.

İsmin xəbər aldım, dedi Vəlidi,

Göydə gəzən Cəbrayıldı, pəridi,

Qapıçısı şahi-mərdan Əlidi,

Məhəmməd meraca gedər o burca.

Bəlkə bu şəhərdə Cəbrayılın, Əlinin, Məhəmmədin adını çəkmək qadağan olub?

Qara Vəzir salavat çevirdi.

- Əstəğfürullah de. Bəs o Pəri nədi?

- Eşitmisən, pərilər, hurilər, mələklər.

- Onda, aşıq get, bir də Pəri adı çəkmə. Çəkdin, vay halına.

Ziyad xanın qızı Pərinin adını çəkməyi Qara Vəzir qadağan eləmişdi. Qızlar bulağından su içən bu gözəli o öz oğluna nişanlamaq istəyirdi. Onun tərifi isə hər tərəfə yayılmışdı, aşıqların dilindən düşmürdü. Odur ki, neçə aşığı, neçə cavanı cəzalandırmışdı. Bir oğlana əlli çubuq vurub belinin dərisini çıxardannan sonra qalxıb güclə geyinmiş, aralanan kimi qışqırmışdı.

-          İstəyirsən lap öldür. Mən dediyimi deyirəm. Pəri, Pəri, Pəri, Pəri...

 Pəri, Pəri, can ay Pəri,

Mən sənə qurban, ay Pəri.

Onu yenə tutub vəzirin yanına gətirmişdilər. Qara Vəzir görmüşdü ki, göz bəbəkləri böyüyüb, deyəsən, ağlı yerindən oynayıb.

- Nə dedin?

- Əşi, arvadımın adını çəkməyə də qoymuyassan? Arvadımın adı Pəridi ey, Pəri!

Belə bir vaxtda Qurbani Gəncəyə yaxınlaşırdı. Eşitmişdi ki, şəhərə çatmamış, Şeyx düzündə Şeyx Nizaminin qəbri var. Ozünü çatdırıb şairin başdaşını öpdü, ziyarət elədi. Oturub dincini aldı. Ustadlar ustadının qəbri yanında ürəyindən çox şeylər keçdi. Amma elə bil dili kilidləndi, heç nə deyə bilmədi. Bircə bunu fikirləşdi: “Ustadın yanında şəyird susar”.

Bu vaxt yaxındakı uçuq günbəzdən saçları, saqqalı kirli, cır-cındır içində bir məxluq çıxdı. Qurbanini görüb əllərini yanlardan yuxarı qaldırıb tullanıb düşdü.

- Bismillah, bu cindi, nədi. Şeyxin qəbri üstünə cin gələ bilərmi? Kimsənsə, cin də olsan, şəyatin də, insan da, məni qorxuda bilməzsən.

Onun dalınca ikisi də çıxdı. Hərəsi bir tərəfdən yaxınlaşdı. Məxluqların üçü də elə bir-birlərinə oxşayırdılar dedi: Biri dedi:  

- Bura nəzir qoymuşdular, o bizə çatacaqdı. Sən götürdün.

- Mən gördüm.

- Mən də gördüm, - deyə o birilər də ona hay verdilər.

 Qurbani əl atıb cibindən bir neçə sikkə çıxarıb onların üstünə atdı. 

- Alın, bu sizin. Nə mənə, nə də Şeyx Nizamiyə böhtan atıb günaha batmayın.  

- Gördün götürmüsən?

Qurbani gördü yox, bu məxluqlardan yaxasını çətin qurtaracaq. Əl atıb çuxasının altından qurşadığı xəncərini çıxartdı. Dərvişlər tiyənin parıltısını görüb çəkilib bir-birinin arxasında qəbir daşının dalında gizləndilər. Onlardan biri Qurbanidən aldıqları pulları əlini uzadıb şeyxin qəbri üstünə qoydu.  

- Biznən işin olmasın. Götür, sənindi.

Qurbani onların qorxaqlığını görüb, xəncəri qınına qoydu. Bədahətən bir neçə bənd şeir dedi:


Fənd eləmə, felli dərviş,

Belə kar eyləmək olmaz.

Yıxıban könül evini,

Mürcü zar eyləmək olmaz.

 

Söylə dərdin bilənlərə,

Dərd başına gələnlərə,

Hər üzünə gülənlərə

Etibar eləmək olmaz.

 

Qurbaniyə gətir məzə,

Dərd üstündən dərdim təzə,

Dərd biləni dərd bilməzə

Giriftar eyləmək olmaz.

 

Onlardan birinin göy gözləri nədənsə Qurbaninin fikrini cəlb elədi. Bu gözlər, bu sifət ona tanış gəldi. Harda görmüşdü? Adam adama oxşayar. Yox, bunu görüb, həm də yaxından görüb. Barmağının hərəkəti ilə onu yanına çağırdı.

- Sən bura gəl.

Hər üçü əlini sinəsinə qoydu. Birağızdan soruşdular.

- Məən?

- Yox, o göygöz.

- Dərviş Məsi, səni istəyir.

- Dərviş Məsi?

- Bəli.

- Məni tanıyırsan?

- Yox!

Qurbani o biri dərvişlərə əmr elədi ki, əvvəlki günbəzə girsinlər. Onlar qaça-qaça getdilər.

- Məni, doğrudan, tanımırsan?

Dərviş Məsi barmağını dodağına qoydu.

- Sus.

Bu dərvişi o, Muradın dəstəsində görmüşdü. Qorçulardandı, necə olub ki, gəlib bura çıxıb.

- De görüm necə olub ki, bura gəlmisən?

- Sirdi. Sən aşıq Qurbani deyilsən?

- Bəli.

- Təbrizə qayıdacaqsanmı?

- Bəs necə?



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info