Qonaq Kitabı
22

22

Bəy Qurbaniyə adam qoşmadı. Minbir bəhanə gətirdi. Aşıq onsuz da heç kimə ümid bağlamamışdı. Bir atı, bir də Şeyx oğlu şahın yazdığı namə onu mənzilinə və məqsədinə çatdıracaqdı. Gecəni atası Mirzəxanın yanında keçirdi. Ata-oğul bir-birini danışdırmadılar. Atasının haqqı vardı. Çünki atasından çoxlu var-dövləti qalmış, amma böyük qardaşı Hüseynqulu xan əlindən almışdı. Var-dövlət əvəzinə, bir oğul tapmışdı. O da belə bir divanə olub. Yayda qar sevdasına düşüb. Alaqaranlıqda at ayaqlarının səsinə Mirzəxan oyanıb oğlunu yataqda görmədi. Arvadını dümsüklədi.

- Arvad, oğlunun adını yadınnan çıxart, onnan gözüm su  içmir. Elə bil ki, sonsuzuq.

Axşama yaxın Qurbani Beyləqan xarabalarına çatdı. Govur arxının kənarında bir bostançı söyüd ağacından qurduğu talvarın üstündə oturub baxırdı. Yad adam görüb çağırdı.

- Ay qərib, gəl qonağım ol.

Bostanın kənarında nə qədər çürümüş, ötmüş qarpız-yemiş vardı. Qurbani şər qovuşduğunu görüb atını talvarın ağacına bağladı. Talvara qalxıb salam verdi.

- Oğul, o sicimi götür, sən mənnən cavansan, yerdəcə dola bu talvarın başına. At da qalsın içində.

- Niyə? - deyə Qurbani soruşdu.

- Bura xaraba şəhərdi, ilan çoxdu. Onlar keçi qəzilinnən toxunan sicimə yaxın düşmürlər. Elə bilirlər bəs kirpidi. Özün də sonra çıx bura, yemişdən, qarpızdan ye, səhər yolun haradısa gedərsən.

Qurbani sicimi bostançı dediyi kimi dolayıb, atın da qabağına yem tökdü, şahın məktubunu da cibindən çıxarıb xurcununa qoydu ki, əzilməsin. Özü talvara çıxdı. Qoca, bir gözü kor bostançının yanında oturdu. Bostançının keçi buynuzundan sapı olan əyriburun bıçağı ilə kəsdiyi qırmızı yemiş dilimini götürüb yedi.

Söhbətləri qızışdı.

- Ay oğul, deyəsən aşıqsan?

- Bəli, əmi, aşığam...

- O nə sənətdi ey. Mən tək bir kişiyəm, köməyim yoxdu. Gəl mənə kömək elə, su boldu, bostan əkək, sataq, bəy balası kimi dolanaq. Nə var o çömçəni götürüb düşmüsən çöllərə. Mütrüblükdən xoşun gəlir?

Bostançının sözü ona toxundu. Talvarın ağacından asdığı sazı götürdü.

- Əmi, buna həm dəm, həm də qəm çömçəsi deyirlər. İndi qulaq as, - Qurbani çaldı, bəmnən zilə, zildən bəmə keçdi. Ürəyinin sözlərini dilinə gətirdi:

 

Başına döndüyüm, ay Pərizadə,

Can içində cana vermərəm səni.

Neynərəm bostanı, neynərəm bağı,

Yüz bağu-bostana vermərəm səni.

 

Dağlarda maralsan, çöllərdə ceyran.

Ordubad, Naxçıvan boyuna heyran,

Tamaşaya gələr cəmi Gülüstan,

Cəmi Dağıstana vermərəm səni.

 

Qurbani der: can içində can gələ,

Yaş yerinə gözlərimdən qan gələ.

Camalın görməyə Süleyman gələ,

Təxti-Süleymana vermərəm səni.

 

Kişi başına yığılan mığmığaları qova-qova dedi:

- Mən deyirəm həmnən-həmə, sən deyirsən dəmnən-dəmə: Mən sənə bağ-bostannan danışıram, sən də qız-gəlinnən. Hələ duza gedirsən, oğul. İş duzdan qayıdandadı. Mənim kimi ha qocaldın, onda arvad sənə itbaxannan da baxmayacaq. Hələ cavansan, şövqlüsən. Allah xeyir versin.

Səhər ayılanda Qurbani talvarın altında atı görmədi. Xurcunu da aparmışdılar.

- Bəlkə ilanlar hürküdüb?

- Yox əşi. Sən, deyəsən, düşmənli adamsan.

Atın izinə baxdılar. Yanında daha iki atın nallarının qoşa izi qalmışdı.

Qurbani qaldı piyada, qaldı məktubsuz. Dəvənin üstündəki o gözlər isə çağırırdı. “Gəl, səni gözləyəcəm”. Sazını götürdü, bostançıyla halallaşıb yola düşdü. Bərdə tərəfə üz qoydu. Çox getməmişdi ki, dəvələrin zınqırovları səsləndi. Silahlı iki atlı çapıb onun yanına çatanda qışqırdılar:  

- Can qardaş, yoldan çıx. Saleh sövdəgərin karvanı gələ var.

Qurbani yolun kənarına çıxdı. Qabaqdakı qara nər ləngər vura-vura onun yanından ötdü. Nərin belində neçə pudluq yüklər, yükün üstündə sarban oturmuşdu. Dəvələrin yanı ilə atlılar gedirdi.

Bu düzə Haramı düzü deyirdilər. Quldur, qaçaq, haramı çox olurdu. Ərdəbildən, Təbrizdən gələn karvanları salamat çatdırmaq üçün karvanı qorumağa silahlı adamlar da tuturdular. Görünür, elə Qurbaninin atını da haramılar aparmışdı. At cəhənnəm, Şah İsmayılın məktubunun itməsi onun işini çətinə salmışdı. O məktub olmasa, kimdi onu Gəncədə Ziyad xanın imarətinə qoyan?

Karvan qurtarmamış bir atlı onun yanında yüyəni dartdı. Çiynində saz olduğunu görmüşdü. Uzun karvan yolunda aşığın söhbətinə qulaq asmaq, yola körpü salmaq olardı. Başına ağ çalma bağlayan, göy əbalı, ortayaşlı atlı soruşdu:

- Ay cavan, hardan gəlib, hara gedirsən?

Qurbani ona aşıqsayağı cavab verdi.

- Kannan gəlib, məkana gedirəm.

Sövdəgər Saleh daha da maraqlandı.

- Sən ağzından süd iyi gələn cavansan. Sən mənə de görüm kan nədi, məkan nədi?

- Kan bu dünyadı, məkan o birisi dünya.

Sövdəgər nökərlərini çağırdı. Qurbaniyə bir at verdilər. Qurbani ata minib onunla yanaşı sürməyə başladı.

- Hə, de görüm əsl səfərin haradı?

Qurbani başına gələnləri, atının oğurlanmağını, Ziyad xanın yanına elçiliyə getdiyini dedi. Sövdəgər güldü. Aşıq ürəyini açır qoyur süfrə kimi ortalığa. Sövdəgər, tacir isə tərsinədi. Onlardan söz almaq çətin işdi.

- Ziyad xanı tanıyırsan?

- Yox.

- Gəncəni görmüsən?

- Yox.

- Qara Vəziri necə?

- Onu da görməmişəm.

- Bə onda sənin başına hava gəlib, nədi? Sən hara, Zıya xan hara? Eşitsə doğratdırıb itlərə atacaq. Qara Vəzir bilirsən nədi? O qabaqda gedən qara nəri görürsən? Bax o biri dəvələr onun quyruğuna bağlanıb, dartıb aparır. Qara Vəzir də Ziyad xanı elə bir günə salıb. Deyilənə görə, məclisdə olanda ayağına ip bağlayır. Elə ki, gördü vəzirin xoşuna gələn söz demir, onda ipi dartır, o bədbəxt də susur. Yaxşısı budur, geri qayıt. Öz kəndinnən, kəsəyinnən birini al, kasıbkarlığını elə.

Qurbani ona şeirlə cavab verdi.

 

Xəbər alsan, budu sözümün duzu,

Sızıldayır yaram, gəl səpmə duzu.

Cavad xan bacısı, Ziyad xan qızı

O pəri salıbdı çöllərə məni.

 

Tacir onun bu şeirindən mütəəssir oldu. Uzun müddət dinmədi. Ona deyəcəyi sözləri ürəyində dedi: “A yazıq, elə çöllərdə də qalacaqsan. Gül kimi oğlansan, amma öz xörəyini bilmirsən. Bədbəxt, çöllərdə qarğa-quzğuna qismət olacaqsan”.

- Yaxşı, - deyə Qurbani soruşdu. - Mən Gəncəyə gedirəm, bəs sənin yolun haradı?

- Biz Şamaxıya gedəsiyik. Gözünə döndüyüm Şah İsmayıl yenə Şamaxını alıb. Neçə vaxtdı ki, ərəş, Şamaxı bizim üzümüzə bağlıydı. Gedirik ticarətə. Mal satıb mal alacağıq.

- Şahımız Şamaxıdadı?  

- Bəli.

- Gör nə qədər yollarda gecikmişəm ha.

Tacir onun nə dediyini başa düşmədi.

- Necə?

- Elə belə deyirəm də. Yaxşı, bəs siz Gəncəyə getmirsiniz?

- Gəncə bazarına yaxşı qiymətli malla getmək qorxuludu. Qara Vəzir bir bəhanə tapıb taciri öldürür, malına sahib çıxır. Odur ki, Gəncə bazarı çox yoxsullaşıb.

Qara Vəzir yavaş-yavaş onun gözü qabağında bədheybət, kobud, qaniçən kimi canlanırdı.

Onlar Bərdəyə qədər gəldilər. Karvansarayın qabağında Qurbani tacirə dedi:

- Şamaxıda işin çətinə düşsə, Şah İsmayılın yanına get, de ki, səni aşıq Qurbani göndərib. Bütün arzuların yerinə yetər.

Tacir ona inanmadı.

- Gəncəyə getməyini də deyim? - Onu ələ salmaq üçün bu sözü atdı.

- Gəncəyə getməyimi bilir. Özünnən icazə almışam.

- Baş üstə, - deyə tacir onunla görüşdü. Amma dediklərinə inanmadı.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info