Qonaq Kitabı
21

21

Gecənin qaranlığında bir atlı dağa qalxan yolla gedirdi. At nabələd, atlı fikirliydi. Neçə illərdi ki, bu yerlərdən ayrılıb. Heç bir xəbər-ətər də göndərməyib. Birdən-birə gecənin bu aləmi qabağına kim çıxacaq? Bilmirdi. Bu gəliş hər şeyi dəyişə bilərdi. Ya dünyadan birdəfəlik əlini üzəcəkdi, ya da ki, könül rahatlığı tapacaqdı.

At hürkdü. Atlı yüyəni dartıb onu sakitləşdirməyə çalışdı. Gördü ki, yox, at getmir, ayaqlarını yerə döyür. Səsini çıxartdı, heyvanı sakitləşdirməyə çalışdı. Birdən-birə atlı bu yeri tanıdı. Qəbiristanlıqdaydı. Özü də üşəndi. Qılıncını siyirməli oldu. Canında üşütmə yaransa da, özünü ələ aldı.         

“On-on beş nəfər üstümə düşüb mənə bir şey eləyə bilmir. İndi burda nə ola bilər? Birdən cin yığıncağına düşərəm. Yox, cin dəmirdən qorxur. Üstümdə də nə qədər dəmir var. Axı bu qəbiristanlıqdan mən niyə qorxmalıyam? Oradakı qəbirlərin birinin içindən çıxmamışammı? Onda üşənməmişdim. İndi niyə qorxum?” Qabaqda bir pıqqıltı eşitdi. Bir cüt yaşıl nöqtə gördü. At geri dartındı. O, yenə cilovu çəkdi.

- Ay kafir, nə ziyannıq eləmisən?

Bu səsdən sonra yaşıl nöqtələr itdi.

“Kaftardı. Yəqin ki, təzə qəbir qazıblar. Ona görə gəlib”. Onun burnuna təzə qazılmış torpağın iyi gəldi. Aşırılıb yəhərdən düşdü. Deyəsən tüstü iyi də vardı. Cilovu qoluna keçirib yavaş-yavaş getdi. Tüstü torpaq iyi ilə təzə qəbri tapdı. Qəbrin yanındakı qaladıqları ocaq sönmüşdü. İyindən bildi ki, tüstülənən yulğun koludu. Korafəhm, ocağı, başdaşını tapdı. Çırpıları yəqin ki, goreşən, kaftar dağıtmışdı. Cibinnən çaxmaq-qov çıxartdı. Çaxmağı çəkdi, qovu alışdırdı. Xurcundan çıxartdığı əski parçasını alışdırıb ocağın altına qoydu. Əlinə gələn çör-çöpü oraya atdı. Bir azdan ocaq alışdı. Alovun dilləri qalxanda səhərin nəsimi də başlamışdı. Bu nəsim səhərlər bir Təbrizdə əsir, bir də burada, Cəbani kəndinin üstündə, Şamaxıda.

Qaçaq Murad qəbiristanlıq yanından elə-belə keçə bilmirdi. Ona elə gəlirdi ki, oradakıların neçəsi onun kimi qəbirdə dirilib, amma onun kimi çıxa bilməyib. Belə nakamların şərəfinə həmişə qəbiristanlıqdan keçəndə ocaq qalayırdı. Həm də qoy işıq olsun. Qurd-quş, goreşən yaxın düşməsin.

Ocaq alışandan sonra atını minib kəndə sürdü. Ensiz, dar döngələrdən keçib daş qalaqları ilə əhatə olunan həyətə gəldi. Əl atıb kiçik qapının arxasındakı cəftəni qaldırdı.

Bu vaxt həyətdə it hürdü. Amma çox qoca, yorğun səslə hürdü və o hürüş dönüb zingilti oldu. Gecənin bu aləmi it, sahibini tanımışdı.

“İtdə olan yaddaşa, sədaqətə bax ey”.

Evdən səs-səmir, hənirti gəlmirdi.

Qaçaq Murad Şah İsmayılın qoşunu ilə dünən Şamaxıya gəlmişdi. Şirvanşah Gülüstan qalasını qoyub, qaleyi-Buğura sığınmışdı. Mühasirə üçün qoşun ayırmış, özü Gülüstan qalasında məskən salmışdı. Hüseyn bəy Lələni isə qoşunun bir hissəsi ilə Bakı və Şabran qalalarını almağa göndərmişdi.

Muradın əlinə imkan düşmüş, burada sahibsiz qoyub getdiyi arvadının dalınca gəlmişdi. O gedəndə yaz idi və arvadı quzuqulağı istəyirdi. Könlünnən alça keçirdi. Deyəsən hamiləydi. Artıq beş ilə yaxındı ki, onun yarasına məlhəm qoyub sağaldan, nəvəsini ona verən Ballı qarının bu həyətinnən çıxmışdı. İndi qayıdırdı. Tale onu ölkənin bu başınnan o biri başına atırdı.

Sübhün yeri işıqlaşırdı. Ağacların kölgələri, dağların üstünə çökmüş bomboz duman seçilirdi. Xoruzlar bir-birlərinə aman vermədən banlayırdı. Murad isə yəhərdə oturub nə edəcəyini bilmirdi. Deyəsən bu evdə heç kəs qalmamışdı. Axırda o, səsini çıxartdı.

- Ay Ballı xala! Ballı xala, hey...

Bir adam kal, yuxulu səslə qonşu evin yastı damınnan cavab verdi:

- A kişi, Ballı arvadı burda niyə axtarırsan? Nə vaxtdı rəhmətə gedib, aqibəti xeyir olmuş. Kimdi soruşan?

Qaçaq Murad onu səsindən tanıdı. Kəndin xeyirxah adamlarından biriydi.  

- Mənəm, Muradam.

- Muradsan? Hansı Murad?

- Yadınnan nə tez çıxdı. Ballı arvadın kürəkəni.

- Ay pir olmuş? Bəs belə gələllər? Yazıq arvadın  canını tapşırana qədər gözü qapıda qaldı ki, Murad gələcək.

- Ayə, hansı arvad?

- Zöhrəni deyirəm.

Muradı elə bil ildırım vurdu. Kaş heç bura dönməyəydi. Bu da bir dərd bu tərəfdən.

Qonşu geyinib gəldi. Onunla görüşdü.

- Haralardasan? Yazıq xəstəlik tapmışdı. Heç kimin də başı çıxmadı. Gündən-günə əridi. Bir dəri, bir sümük qalmışdı. Elə zamandı ki, kişili evlər dolana bilmir. O ki, ola tək qadın. Sənnən sonra çox dedilər ki, Murad köçərı quşuydu, uçdu getdi, oturub onun yolunu gözləmə. Rəhmətlik başını bulayıb qımışırdı. Deyirdi Muradı siz tanımırsız, mən tanıyıram, harda olsa gələcək.

Muradın səsi titrədi.

- Yaxşı gəldim çıxdım!

- Heç elə demə. Gəlməsən, uşaq elə qapılarda qalacaqdı.

Elə bil qaranlıqda bir işıq parıldadı.  

- Uşaq?!

- Bəli, sənin oğlun var. Elə bil özünsən. Beş yaşı var, yekəcə oğlandır.

- Hardadı?

- Yatıb. Bizim uşaqlara qatışıb yatıb.

Qonşu çoban idi. Ona görə də belə danışırdı.

- Başına dönüm, durğuz gətir.

- A kişi, nə olub? Səhərin gözü hələ açılmayıb. Gəl sənə də bir yer salım, bir gözünün acısını al. Tezdən durarsan. Axşamın xeyrinnən səhərin şəri yaxşıdı.

Murad bundan sonra yatardı heç. Qonşunun qolundan tutub həyətlərinə apardı.

- Gətir görüm uşağı.

Kişi işəri girib, bir azdan qucağında yuxulu uşaq qayıtdı. Murad oğlunu ondan alıb bağrına basdı. Uşaq qollarını açıb onun boynunu qucaqladı, ağzını marçıldatdı, başını onun çiyninə qoyub yuxuya getdi.

- Bir şey ver, bunu bürüyüm, soyuq olar.

Qonşu gedib nimdaş bir şal gətirdi.

- Yaxşı, de görüm hardan gəlirsən?

- Uzaqdan. Şah İsmayılın qulluğundayam. İndi də Gülüstan qalasına gedirəm.

- Bəs uşağı, orda nə eliyəcəksən?

- Baxan tapılar.

Qonşu söhbətə ara vermirdi.

- Beş-altı qoyunun var, evdə azdan-çoxdan qalıb.

- Mənə heç nə lazım deyil, qonşu. Burada nə varsa, hamısını sənə halal eləyirəm. Halal xoşun olsun. Ballı qarını da, Zöhrəni də sən yerdən götürmüsən. Özün də kasıb adamsan. - Murad cibindən ağzı büzməli dəri kisə çıxarıb ona verdi. - Bu da sənin xərcliyin. Bir-iki günə gəlib özüm ehsan verəcəm, bütün kəndi də yığacam... Hər nə lazım özüm gətirəcəm.

Murad atının cilovundan tutub çəkdi.

Bu yaxınlarda Şah İsmayıla Muraddan danışmışdılar. Onun çörək kəsdiyi adamlara dostluğunu, sədaqətini demişdilər. Şah İsmayıl da çox götür-qoy etmədən onu özünə süfrəçi təyin eləmişdi. Muraddan əvvəlki süfrəçini Hüseyn bəy Lələnin yerinə əmirlər əmiri qoymuşdu.

Süfrəçi hökmdara ən sədaqətli adamları təyin eləyirdilər. Saray adamları, ən əvvəl də hökmdar üçün bişən xörəklər, gətirilən ərzaq onun ixtiyarındaydı.

Xörəklər hazır olandan sonra hər qabda çəkilən təama baxmağa gəlirdi. Üç, bəzən dörd adam təamları dadırdı. Yalnız bundan sonra ciddi nəzarət altında hökmdar süfrəsinə verilirdi. Murad bu adamları da dəyişmiş, öz tanıdıqlarını gətirmişdi.         

Ərdəbildə bir gün dayanmışdılar. Qoşun şəhərdən kənarda çadırlarda qalmış, Şah İsmayıl babalarının qəbrini ziyarət eləmişdi. Orada Muradın yanına bir ucaboy, pəhləvana oxşayan oğlan gəlmişdi.

- Murad bəy, mən aşpazam. Şahıma xidmət eləmək istəyirəm.

- Nə bişirə bilirsən?

- Çox xörəklər bişirirəm ki, ləzzətinnən doymaq olmur, həm də nədən hazırlandığı bilinmir.

- Nədi o elə?

- Bişirərəm, görərsiniz.

- Adın nədir?

- Şahhüseyn.

- Kimlərdənsən?

Şahhüseyn demişdi. Bir günün içində, Şahhüseyn xörəyini hazırlayana qədər onun qohum-əqrəbalarını tapıb, dinc, xeyirxah adamlar olduqlarını öyrənmişdi. Hər adamı hökmdarın mətbəxinə götürməkmi olardı?

Şahhüseyn mis tavada bişirdiyi xörəyi Muradın qabağına gətirmişdi.

- Dadına bax, Murad bəy!

Murad əl vurmamışdı.

- Burda qayda belədi. Əvvəl aşpaz öz bişirdiyinin dadına baxmalıdı.

- Mən onun dadını bilirəm.

- Yox, Şahhüseyn. Əvvəl hamının yanında onu özün yeyirsən, görürlər ki, sənin bişirdiyin xörəyi yemək olar.

Şahhüseyn indi başa düşmüş, xörəkdən yeyəndən sonra Murad da onun dadına baxmış və görmüşdü ki, çox ləzzətlidir.

- Bu nədi belə?

- Gördünüz, bilmədiniz? Bu, qozdan bişirdiyim küküdü. Hələ qozdan lüləkabab da çəkirəm.

Murad lüləkababı da bişirtdirdi. Bu ləziz xörəyin də nədən bişirildiyini demək çətin idi. Şahhüseyn on löyün plov, beş-altı löyün piti, müxtəlif xuruşlar, şirniyyat bişirə bilirdi. Onun şah xörəyi isə qara qoyunun beynindən, qara ciyərindən və quyruğundan hazırladığı bağır-beyin idi.

Qaçaq Murad dönüb olmuşdu süfrəçi Murad. Naxçıvandan nəfis qələmkar süfrələr, Bərdədən nəfis şirli qablar gətirtdirmiş, Təbriz zərgərlərinə şah üçün qızıl qablar, şərbət piyalələri düzəltdirmişdi. Onun özü ilə gəzdirdiyi bu əşyalar bir kiçik ölkənin xəzinəsinə bərabərdi. Şahın qulluğunda elə tərpənməliydi ki, bir günah sahibi olmasın.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info