Qonaq Kitabı
20

20

O qədər darıxmışdı ki, yorğun atını qamçılayıb Xudafərinin üstündən çapa-çapa keçdi. Kəndləri körpünün yaxınlığında idi. Atını birbaşa daxmalarına sürdü. Bu kəndlərdə evləri qarğıdan tikib üstünü suvayır, divarlara göy şirə çəkirdilər. Belə evlərə çovustan deyirdilər. Həyət qapıları yan-yana vurulmuş iki əyri söyüd dirəyindən idi. At onun üstündən həyətə tullandı. Qurbaninin gözünə sataşan təndir, burnuna dəyən çörək iyi oldu. Qadın lavaşı təndirin badına yapıb qalxanda həyətlərində at üstündə oturmuş geyimli-kecimli bir adam görüb yaşmandı. Nədənsə, bütün yolçulara hürən it gələnə şırmanırdı. Arvad qonağın atdan düşmədiyini görüb ürəkləndi.

- A yol adamı, hər kimsənsə, isti təndir üstünə gəlmisən. Gəl bir tikə çörəyimizi kəs.

Padşah kimi adam atdan düşdü, yaxınlaşıb süfrədə qalaqlanmış xına kimi çörəklərin lap altdakını götürdü.

- Pendirin də varmı, ay ana?

- Niyə yoxdu, a başına dönüm. Pendir də var, şor da var, qatıq da var.

Amma səsi tanış gələn qonağın üzünə baxmırdı, lakin sorğu-suala tutmaq istəyirdi. Tez evdən mis kasalarda pendir, şor gətirdi. Cürdək dolu suyu da süfrənin yanına qoydu.

- A başına dönüm, haralardan gəlirsən?

- Bağdaddan gəlib Gəncəyə gedirəm.

- Təbrizdə olmamısan?

- Təbrizdə də olmuşam. Necə?

- Heç. Mənim oğlum da o tərəflərdədi. Neçə ildi gəlib çıxmır. Xəbər göndərib ki, bəs Şah İsmayılın qulluğundadı. Bəlkə görəsən, tanıyasan.

- Kimdi oğlun? - deyə padşah kimi adam dürməyi gəvələyirdi.

- Aşıqdı. Qurbani deyirlər.

- Mənəm ana! Tanımadın?

Arvadın yapdığı kündə bu dəfə küt getdi. O, yaşmağını endirib zəndlə oğluna baxmağa başladı. Bu zər-zibalı geyim, o cür köhlən at oğlunu tamam dəyişmişdi. Gedəndə bığlıydı, indi saqqalı da vardı. Ana yetirib oğlunu bağrına basdı.

- Anan sənə qurban olsun, ay oğul. Gözlərim qalmışdı Xudafərində. Gedənnən xəbər göndərirdim, gələnnən soraqlaşırdım. Bəs belə də iş olar? Adam ata-anasını da bu qədər intizarda qoyar?

O da anasını qucaqladı.  

- İnan, vaxt yoxuydu. Şeyx oğlu şahımız hansı davaya gedirsə, məni də aparır. Məclislərində olmasam, mümkün deyil. Ayrılıb gələ bilmirdim. Şah qulluğunda olmaq çətin işdi.

- Şah qulluğundakı oğlumun ayaqları altında ölüm.

Onların başı söhbətə qarışmışdı. Təndirdən tüstü qalxdı.  

- A başına dönüm, qoy çörəkləri çıxardım. Günahdı, yanıb külə döndülər.

Anası yanan çörəkləri çıxaranda Qurbani həyətə göz gəzdirdi. Elə həmin həyətdi. Böyürtkən kolları yanında balaca ağılda qoyun peyini gözə dəyirdi. Tövlənin üstündə atasının qoyun dərisindən papağına oxşar ot tayası vardı. İnəyi bağlamaqdan sürtülüb işıldayan dirəyin mıxçasından sapa düzülmüş qırmızı bibər asılmışdı.

- Ana, çörəyin qazmağı varsa, mənə qazmax ver. Burnumun ucu göynəyib qazmaxdan ötəri.

- A başına dönüm, şahın sarayında  qazmax yoxdu bəyəm?

Anası küt gedən kündədən təndirin badında yapısıb qalan qızarmış qazmağı şişin əyri ucu ilə qopardıb süfrəyə qoydu. Qurbani qazmağı ağ, sağlam dişlərində xırtıldada-xırtıldada yeyirdi.

Yoldan keçənlər, qonşular boylanıb Qurbanigilin həyətinə baxırdılar. Qonşu arvadlardan biri dözməyib soruşdu:

- Bəsti bacı, gələn Mahmuddu*?

- Hə, başına dönüm.

- Xoş gəlmisən, oğlum.

- Sağ ol, Süsənbər xala.

- Maşallah, lap elə padşaha oxşayırsan. Halal olsun. Vurulmuş Ceyran deyir, ana, deyəsən Aşıq Qurbani gəlib. Deyirəm ay qız, Qurbani kimdir. Deyir bəs Mahmud da. Dedim bu nə addı elə. Deyir bəs danışıllar ki, o adı ona padşahın özü verib. Deyirəm, a Bəsti bacı, bu zamanın uşaqları hər şeyi bilillər ey.

Bəsti qonşusu Süsənbərin nəyə işarə elədiyini başa düşdü. Onun qızı Ceyrana həmişə “gəlinim, gəlinim” deyərdi. “Oğlum gələndə onu evləndirəcəm, səni evimə gəlin gətirəcəm”. İndi həmin söhbəti yada salırdı.

- Süsənbər bacı, axşam bizə oturmağa gələrsən?

Gələrəm, niyə gəlmirəm? Nə bişirim gətirim?

- Heç nə, şükür, hər şey varımızdı.

- Oğlun gətirib?

- Oğlumun quru gəlişi mənnən ötəri hər şeydi.

Qurbaninin yadına düşdü ki, atın tərkindəki xurcunu götürmək lazımdır. Orda çox şey var. Qoy qocalar korluq çəkməsinlər. Yaxşı parçalar alıb gətirib. Elə parçalar kı, onları heç bu yerlərin bəyləri də görməyib. Anasına Venedikt məxməri, firəng qanovuzu, Təbriz ipəyi, kəlağayıları gətirib. Atasına bəylərə layiq paltarlar alıb.

Bir azdan “toqquş!” deyən atası qapıda eşşəyini saxladı. Heyvana ot yükləmişdi. İpləri açıb yükü aşırıb yerə saldı. Oğlunun gəldiyini ona yolda xəbər vermişdilər. Gəlib oğlu ilə görüşdü, halını, əhvalını xəbər aldı. Sonra qayıdıb eşşəyi mıxa bağlayıb qabağına ot atdı. Bu vaxta kimi arvad da həyətdəki taxtın üstünə keçə saldı, mütəkkə qoydu. Qara aftafada kəkotu dəmləmişdi. Onu da süfrə başına qoydu.

Kənd adamları axışıb gəlir, aşıqla hal-əhval tutur, söhbətə qulaq asırdılar. Gün yarıdan keçsə də heç kim dağılıb getmək istəmirdi. Qurbaninin belə qayıtması hamıya yuxu kimi gəlirdi. Zarafat deyil, şah qulluğundan gəlib. Təbrizdə, sarayda, Şah İsmayılın yanında olur. Hər gün onu görür, salamlaşır. Bundan da böyük xoşbəxtlik olar?!

Qurbani tək sazla piyada gedib qızıl kəmərində xəncər-qılıncla, at belində qayıtmışdı. Çovustana girib qılıncını çıxarıb asdı. Adamların dağılıb getməyəcəyini görüb sazını götürüb geri qayıtdı. Üzünü yığılan camaata tutub dedi:

- Ay camaat, ay mənim həmkəndlilərim! Şahimiz, mürşüdi-kamilimiz Şah İsmayılın bir adəti var. Qoşun döyüşə girməmişdən qabaq aşıqlar sazlarını çalıb meydanda oxuyurlar. Bu çalğıdan cuşa gələn qoşunun qabağını saxlamaqmı olar? Şahımızın düşmənləri də çoxdu, qoşunu da.

Biz də çalıb oxuyannan sonra lazım gələndə qılınc çəkib davaya da girirdik.

İndi həmin oxuduqlarımnan birini sizə oxumaq istəyirəm. Aşığın peşəsi camaatın şad günündə oxumaqdı.

Ağsaqqal, yumru, qırmızısifət qocanın gözləri doldu.

- Sağ ol, ay oğlum, şaha da oxuyursan, gəlib bizə də oxuyursan. Halal olsun sənə o Bəsti bacının bişirdiyi çörək.

- Sağ ol, Becan baba.

Qurbani sazını kökləyib çalmaq istəyəndə üç atlı gəldi. Onlardan birinin qoluna taxdığı qolçaqda qızılquş oturmuşdu. Ortayaşlı adamdı. Atının başını çəkib dedi:

- Qurbani xoş gəlib. Özü də sazını köynəyə qoyub, bizimlə təşrif buyursun. Saz ağa-bəy üçündü, rəiyyət üçün deyil.  

- Sağ olun, bəy. Üzrlü sayın. Gələ bilməyəcəm.

- Necə, mənim təklifimi yerə salırsan?

Atası pıçıldadı.

- Qudurma. Nə deyir, onu elə. Yoxsa bizim dərimizə saman təpər.

- Heç nə eliyə bilməz, dədə.

Qurbani cibindən lülənmiş möhürlü kağız çıxarıb ona apardı.

- Buyurun, baxın. Mən Şah İsmayılın, mürşüdi-kamilimizin naməsini Gəncə hakimi Ziyad xana aparıram. Ona görə də kənara gedə bilmərəm.

Bəy özünü sındırmadı.

- Yenə apar da. Bir neçə də atlı verim səni Gəncəyə qədər çatdırsın. Amma gəl bizim evdəki məclisə.

Qurbani bəyin inadından dönmədiyini görüb dedi:

- Yaxşı! - Pərt olub sazını da qumaş köynəyə saldı. Qaytarıb aparıb yerinə asdı. Qayıdana qədər bəy getmişdi. Adamlar da dilxor olub dağılışırdı. Onlar Şah İsmayılı eşitmişdilər, amma bəyi görmüşdülər. Şallağını da, hikkəsini də, hiyləsini də. Elə bilirdilər ki, ondan güclü heç kəs ola bilməz. Yerin, göyün, suyun, torpağın allahıdı.

Bu əhvalatdan sonra ata-anasının üstünə elə bil od ələnmişdi.

- Getmə, oğul, o sənə zəhər verər paxıllığınnan.

- Dədən düz deyir. Səni gözü götürsəydi, camaat yanında belə eləməzdi.

Qurbani onları sakitləşdirmək istədi.

- Dədə, mənim bir sözüm bəsdir ki, şahimiz onu küllüküf eləsin.

Atası oğlunun bu sözünə inanmadı. Elə bildi oğlu özünə boy verir, hörmətini qaldırmaq istəyir.

- O qədər də yox, ay oğul.

- Dədə, bu çörək haqqı düzünü deyirəm. Şahın sarayda istədiyi sənətkarlar kimlərdi, şair Həbibidi, nəqqaş Sultan Məhəmməddi, şair Kişvəridi, bir də sizin oğlunuzdu. O gün olmaz ki, şahı görməyim. İndi də Gəncəyə gedirəm. Məktubu da öz mübarək barmaqlarıyla imzalayıb.

- Gəncəyə nə yaxşı? Xeyirdimi?

- Gəncə hakimi Ziyad xanın qızı Pəri xanımnan ötrü gedirəm. Mənə yuxuda buta verilib.

Ərlə-arvad bir-birilərinə baxdılar. Kişi sözə başladı.

- Ay oğul, biz hara, Gəncə hakimi Ziyad xan hara? O bizə qızını verər? Ağlını başına yığ. Tutaq ki, mən durub çulumu düzəltdim, ha budu Gəncə, gəlmişəm. Getdim. O, axı məni heç qapısının həndəvərinə də qoymaz.

Qurbani susurdu. Atası bilmirdi ki, artıq ata kimi bu işdə o yoxdu. Onu elçi göndərən də, çulunu düzəltməyi istəyən də yox. Bir Qurbani var, bir də Şah İsmayılın lülələnmiş məktubu. O, özünü bu işə nahaq qatır.

Anası cuna yaylığının ucunu gözünə basdı.

- Kimdi bizi o gəlinin evinə qoyan. Mən hara, Ziyad xanın arvadı hara. Baxt əvvəldən qara gələnnən sonra onu, əstəğfürulla, heç tanrının özü də tarazlaya bilmir. Deyir, eli hürküt, axsağınnan yapış. Qonşumuzun gül kimi, adına bənzər Ceyran kimi qızı var. Od parçasıdı. İnək sağsın, həyət-baca süpürsün, paltar yusun.

Qurbaninin fikri özgə yerdəydi. Dəvənin üstündə oturan qızın gözləri onu çağırırdı. “Yolunu gözləyirəm. Heç kimə getməyəcəyəm. Gəl çıx! Məni sənə, səni də mənə buta veriblər. Sənin o anan nə danışır? İnək sağmaq həyət süpürmək nədi?”

- Ana, yaxşı. Gəncə xanının qızını gör kimnən bərabər tutdun.         

Kişi qalxıb çovustandan çıxdı. Oğlunun atının qabağına yem tökdü, yerini rahatladı.        

Becan kişi bayaqdan onun hərəkətlərinə göz qoyurdu, gahdan da başını yırğalayırdı.

- Nə olub, a kişi, qanın niyə qaradır?

Kişi könülsüz cavab verdi:

- Neyləyim? Görmürsən, sağ olmuş haradan başlayır? Eşitməmisən deyərlər bəylə bostan əkənin tağı çiynində bitər?

- İşin yoxdu. Oğlun fərasətlidir. Özü bilir neyləyir.

Hər iki qoca bir-birlərini başa düşdülər.

Bir azdan Qurbani atına minib bəy evinə getdi. Nökər üzəngisini basdı. Bəy evin artırmasında dayanıb aşığa xoşgəldin elədi. O, atdan düşüb sazı əlində yuxarı çıxdı. Bəylə görüşdü. Evini üzü Araza tərəf tikdirmişdi. Çayın səsi eşidilir. Xudafərin görünürdü. Körpünü çaydan qabaq çıxan sal daşların, qayaların üstündə tikmişdilər. Qırmızı kərpicdən hörülən körpünün tağları hamısı bir-birinə bənzəmirdi. Böyüyü vardı, kiçiyi vardı.

Bəy əli ilə körpünü göstərdi.

- Bunun üstünnən keçən köçlər hamısı mənim əlimdən gəlib gedir. Sən ağanı aciz bilmə.

Qurbani dinmədi.

Eyvanda xalça salınmış, döşəkçələr qoyulmuşdu,

Oturdular. Bəy qışqırdı:

- O turac çığırtmasını tez eləyin. Acınnan ürəyim gedir.

Onlar xeyli söhbət elədilər. Axırda bəy soruşdu.

- Doğrudan Şah İsmayılın sarayında qulluq eləyirsən?

- Aşıqda yalan olar?

- Bəs harda qalırsan? Olacağın? Karvansaraydasan?

- Niyə ki. Sarayda öz hücrəm var. Şairlərlə bərabər...

- Bəs niyə sənə kənd bağışlamır?

Qurbani onun sözünü birdəfəlik kəsmək üçün dedi:

- Bağışlayırdı. Sürğal Fərmanı da yazdırırdı, razı olmadım.

Bəy əlini bığına çəkib güldü.

- Burda basıb-bağladın ha.

- Niyə ki... İnanmasanız onda qayıdanda fərmanı alaram. Dedi: Qumlax, Xudafərin, Göyərçin Veysəlli, Sultanlı, Maralyana qədər mənə verilsin. Xudafərin körpüsünün gəliri də üstəlik. Razı olmadım. Dedim el-günük. Düşmənçilik düşər. Kişi atlananda öz kəndini basmaz.

Bəyin nitqi batdı. Udqundu. Dodaqları quruyub köpüşdü.

- Onu yaxşı eləmisən.

- Aşıqdan bəy, mülkədar olmaz. Onunku sazdı, sözdü, davaqabağı oxumaqdı, toydu... Hər məclis elə bir kəndin bir illik gəliridi. Mən gəlib burda xış qoşdursam, mənim sazımı kim çalacaq?

Bəy Qurbaninin onun üçün nə qədər təhlükəli olduğunu hiss elədi. Amma onnan faydalanmaq da olardı.



* Bir rəvayətə görə Qurbaninin əsl adı Mahmuddur.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info