Qonaq Kitabı
19

19

Topqapı sarayının qızılı naxışlı, füruzəyi tavanı necə gözəldisə, bu eşidilən saz havası da elə gözəldi. Amma onların arasında bir fərq vardı. O naxışlar insana yalnız sevinc və gözəllik bəxş edirdisə, saz havası insanı varından yox eləyirdi. Dərd, qəm, kədər idi bu saz havası. İnsanı nə qədər fikirlərə salırdı. Elə bil sən dağları aşıb çıxıb getmisən, hər şey isə o dağların arxasında qalıb. Nə sən geri dönəcəksən, nə onlar gələcək. Sən gedirsən dünya qurtarır. Qarşında bir addım yol qalır, arxanda isə cıdıra çıxmaga nə qədər meydanlar var. Amma artıq onların heç biri sənin deyil. Geriyə dönmək qeyri-mümkündü.

 

Ağlama, bu dünya,

Dəyməz o göz yaşlarına...

 

Bunu yalnız yolun sonunda oxuyurlar.

Yumşaq yatağına söykənmiş qoca həyəcandan əsirdi. Fikrindən daha nələr gəlib keçirdi. İnsan da öz övladlarını tanımazmış. Ətrafındakıları, nökər-naibı, xörək bişirən aşpazı da tanıyırsan. Amma öz doğma ogullarını tanımırsan. Onların hamısına düşmən kimi baxırsan. Bilirsən ki, sənin ölümünü istəyirlər. Çünki sənin yerinə var-dövlətinə göz dikiblər. İnsan şah da olur, sultan da olur, amma xoşbəxt olmur. Xoşbəxtlik tanrının bəxş elədiyi ayrı bir bəxşışdi. Ona çatmağın yolunu isə heç kəs bilmir. İşə bax ki, ömrü boyu dağlarda qoyun otaran çoban xoşbəxt olur, amma, qızıl taxtda oturub minlərlə adamın taleyini həll eləyən sultan bədbəxt.

Sultan Bayazid bu bədbin fikirlər içərisində özünün bəstələdiyi saz havasına qulaq asırdı. Çalanlar pərdənin arxasında oturub çalır, sultanın öz bəstəsini eşitdikdə haldan-hala düşdüyünü görmürdülər. Onun üçün də tək bu musiqi, tək bu saz havası mövcud idi.

Şair, bəstəkar, riyaziyyatçı Bayazid son vaxtlar yalnız övladları barəsində düşünürdü. Böyük oğlu Əhməd Amasiyadaydı. Onun artıq qırx beş yaşı tamamdı. İllərlə üzünü görmürdü. İstambula, yanına çağırsa o birisi şahzadələrin qiyamı qalxar. Hamısı elə bilər ki, bəs onu taxta oturtmağa çağırıb.

İkinci oğlu, şahzadə Qorqud Əhməddən iki yaş kiçikdi. Qorqud müqtədir, təmkinli, yüksək təhsilli igiddir. Türk dənizçiləri onu çox sevirlər. Çünki Antakiya sancağından gələn gəlirinin çoxusunu əsir düşən türk dənizçilərini vətənə qaytarmağa sərf edir. Özü də istedadlı şair, böyük elm adamıdır. Amma oğlu yoxdur. O, taxt üzü görməyəcək.

Şahzadə Səlim isə püskürən dağ kimidir. Ona imkan versə, çox iş görər.

Özü atası Fateh Sultan Məhəmmədin gözü qabağında böyümüşdü. Cavanlığında içkiyə qurşanmışdı. Atası ona necə bir dərs verdisə ömrü boyu tərgitdi, tövbə elədi, tövbəsinə də xilaf çıxmadı. Meylini ova, cıdırlara salmışdı. Bədənində güc azaldıqca ağlının kəsərinə bel bağladı. Yəniçərilərin sayını artırdı. Ordusunu ən yeni odlu silahlarla təchiz elədi. Artıq həyat sona yaxınlaşır. Neçə vaxtdır ki, at belinə qalxa bilmir. Gicgahlarında ağrılar başlayanda huşunu itirmək dərəcəsinə çatırdı.

Son vaxtlar fikirləşir, götür-qoy edir, əcəl onu haqlamamış, taxt-tacı şahzadələrdən birinə təhvil vermək barəsində düşünürdü. Belə etməsə cənazəsi tikdirdiyi məqbərəsinə tapşırılmamış şahzadələr arasında qan-qırğın düşəcəkdi. Amma kimə vermək məsələsi hələ həll olunmamışdı.

Ata övladlarının hamısını istəyər. Evini kimə tapşırmaq ayrı, ölkə tapşırmaq çətin məsələydi.

 Avropa dövlətləri həmişə birləşib türk sultanlığına müqavimət göstərməyə çalışırdılar. Gündoğanda Şah İsmayılın güclü Səfəvi dövləti yaranıb. Günü-gündən qüvvətlənir. Bu Şeybani xanla da bir dil tapa bilmədik. Deyir ki, o da səfəvilərin düşmənidi. Xorasanı da tutub. Amma hələ razılığa gəlmirik, hərəsi bir tərəfdən qoşun çəkib yerisinlər. Ölkəni parçalayıb hərəsi yarısına yiyə dursun. Sonra Şeybani xanı aradan götürmək olar.       

Təzə odlu silahlar çıxıb. Toplar var, tüfənglər var. Onların bir dənəsini də nə səfəvilərin, nə də şeybanilərin əlinə keçməyə yol vermək olmaz. Avropa ölkələrini o qədər sıxdılar, o qədər əzdilər ki, onlar odlu silah düzəltdilər. İndi top qabağında heç bir qala dayana bilmir. Həmin toplarla Konstantinopolun otuz səkkiz qulaqcılıq bürclərini dagıdıblar.

Bayazid ölümündən əvvəl ölkənin qonşuluğundakı ən güclü dövlətləri məhv eləyib oğlanlarından, ölkəsindən arxayın getmək istərdi. Amma bu uzun çəkə bilərdi. Odur gündoğandan şiələr axışıb Anadoluya dolur, adamların fikrini zəhərləyirlər.

Qapı açıldı, uzun əbalı, yaraşıqlı, pambıq kimi ağ çalması olan vəziri Əli paşa gəldi. Saz havaları hələ da səslənirdi. Xadim Əli paşa onun altıncı vəziriydi. Ən çox bu qulluqda qalan Xaci Davud paşa idi ki, on beş il vəzirlik eləmişdi. Əli paşa ilk dəfə. 1501-13-cü illərdə vəzir olmuş, yerini Həsrənzadə Əhməd paşaya vermişdi. Həsrənzadə Əhməd paşa müxtəlif dövrlərdə 3 dəfə vəzirlik etmiş; 4 il bu vəzifədə qalmışdı.

Sultan Bayazid ən kiçik günaha görə vəzirləri qovmuş, təzəsi özünü doğrultmayanda əvvəlkini yenə qaytarmışdı.

- Gəl görək yenə nə bəd xəbər var?

Əli paşa yaxın gəlib oturdu.

- Xoş xəbəri də, bəd xəbəri də hökmdar hamıdan əvvəl bilməlidi.

- De görək.

- Sultan-əzəm, şahzadə Qorqud Manisa sancaqbəyliyini istəmişdi, razı olmadınız deyin, yeddi gəmi ilə İsgəndəriyyəyə yola düşüb. Dənizə çıxanda bir söz deyib.

- Nə deyib? - Sultan Bayazidin hövsələsi bir tikə oldu. Əvvəl kürəklərində, sonra boynunun arxasında qan damarları Venediktdən gətirilən saatlar kimi vurmağa başladı.

- Deyib ki, mən də əmim Sultan Cemin yolunu gedirəm. Məkkə ziyarətindən sonra görək taleyimiz nə göstərəcək?

- Başlandı! - deyə Sultan Bayazid başının arxasını yastığa qoydu. Qan sığanan gözləri tavana zilləndi.

Əli paşa bir şey başa düşmədi. Bilmədi başlanan nədi, onun başının ağrısıdı, yoxsa övladlarının səbirsizliyi.

İyirmi yeddi il əvvəl də Sultan Cem beləcə yığışıb Məkkə ziyarətinə getmiş, qayıdanda Radosun latın cəngavərlərinə əsir düşmüşdü. Tarix bir daha təkrar olunsa, türk sultanlığının işi fəna ola bilərdi.

- Vəzir, de görüm, hansı şahzadəni taxta çıxarmaq daha məqsədəuyğundur? Kim sultanlığı idarə etməyə layiq və qadirdi?

Əli paşa tutuldu. Bu sualın cavabı onda hazır idi. Amma birbaşa verilən cavab kimi yox. Bu ixtiyar yaşında artıq o bilirdi ki, vəzirin başının bəlası dilidi. Açıq qəlbli, ürəyi dilində olan adamnan vəzir çıxmazdı. Vəzir həmişə sağ qulağı qaşınırsa, sol əlini başının üstündən hərləyib, onu qaşımalıdı. Birbaşa iş görsə, başını itirər. O, böyük şahzadə Əhmədin tərəfindəydi.

- Sultani-əzəm, övladlarınızın hamısı ləyaqətlidi. Amma Şeyxşah ən kiçiyidi. Qorqudun isə oğlu yoxdur. O ki, qaldı şahzadə Əhmədlə şahzadə Səlimə. Vəliəhdi bu ikisinin arasında axtarmaq lazımdı.

Əli paşa ilə şahzadə Əhməd arasında gizli söhbət olmuşdu. Vəzir onun taxta oturması üçün əlindən gələni etməli, Əhməd də hakimiyyətə çıxanda onu vəzirlik iqtidarında saxlamalıdır. Sultan Bayazid bunu bilmirdi. Bilsə onu işdən çıxartmazdı, dar ağacına çıxarardı.          

Sultanın özü də bu iki vəliəhd arasında qalmışdı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info