Qonaq Kitabı
18

18

Ayaqyalın qoca çırpını qaldırıb belinə atdı və üzünü döndərib yovşanlı düzlə getməyə başladı. Onun dabanları cadar-cadar idi və həmin cadarlara toz-torpaq dolmuşdu. Cığır təpənin üstünə qalxırdı. Yüngül meh yovşana ilişmiş, ağ Səmərqənd kağızı kimi yumşaq, uzun ilan qabığını əsdirirdi. İlan ki qabığını çıxartdı, onun zəhəri dəvə çatladır. Bayaq gələndə bu qabığı görməmişdi. İndi gördü. Qocanın yaşı ötsə də, üşəndi. Qabığın istiqamətindən hiss elədi ki, ilan təpəyə yox, karvan yoluna tərəf ötüb. Yovşanlar arasındakı yumşalıb toza dönmüş torpaqda izn də vardı.

Addımlarını yeyinlədib təpəyə qalxdı. Aşağıdakı dərədə ağaclar və daxma görünürdü. Daxmaya çatıb çiynindəki şələni ocağın yanına atdı. Nədənsə, yenə üşəndi. Elə bil onu kimsə izləyirdi. Qulaq verdi. Deyəsən, daxmada kitabın vərəqini çevirirdilər. Axı o çırpını satmaq, yaxud çörəyə dəyişmək üçün karvan yoluna çıxanda burada heç kim yox idi. Bu nə səs ola bilər?

Qapıdan başını azacıq içəri uzadıb baxdı. Yaşlı bir adamın oturub doğrudan da kitab vərəqlədiyini gördii:

- Bismillah! - dedi.

Həmin adam başını döndərib baxdı. Ayağa qalxıb salam verdi. Bir az da diqqətlə baxdı. Deyəsən tanımışdı.

- Əssalami-əleyküm. Gözlərim məni aldatmırsa, Xorasanın məşhur alimi Şixabədrin Xorasanisiniz, elə deyilmi?

- İdim. İndi çırpı satıb çörək qazanıram. Mənim elmim də heç kimə lazım deyil. Bəla gələndə birdən gəlir.

- Axı Məşhəddə müqəddəslərin qəbri var. Ora hər bəladan xilas olmalıdı.

- Bəli. Bəla hamını bir yerdə yaxalayır. Bütün evimin külfətini doğradılar. Var-dövlətimi apardılar. Özüm güc-bəla ilə qaçıb bu ilan-çayan yuvasına sığınmışam. Bəs sən kimsən?

- Mən də heratlıyam. Nəqqaş Kəmaləddin Behzad.

- Həəə... İndi insanlara nə nəqqaş, nə memar, nə şair, nə də alim lazımdı. Gərək gücün ola, əlinə bir siyirməqılınc götürüb yol kəsəsən.

Behzad Şeybani xanın şəklini çəkmişdi qırmızı döşəyin üstündə. Bununla da demək istəmişdi ki, qan üstündə bərqərarsan. O qanlar qalxıb sənin özünü boğacaq. “Şəkli mənzilində qoyub bir kağız da yazmışdı. “Şəklin haqqını ödəmək üçün məni axtarmayın”. Şəhərdən çıxıb qaçmışdı. Yolla getmirdi. Ağacına bir düyünçə keçirib çiyninə qoymuşdu. Karvan yolunun yanı ilə hər yerdə günbatana gedirdi. Gündoğanda bütün ümidlər ölmüşdü.

Yorulub əldən düşəndə bu daxmaya çatmışdı. Əvvəl elə bilmişdi ki, onun da sahibi qaçıb. İçəridə bir həsirin üstündə bir neçə kitab görmüşdü.

Kitablara görə ürəklənmiş, keçib onları vərəqləməyə başlamışdı. “Kitab varsa, burada yaşayan adama ziyan gəlməz” - demişdi. Kitabların birində müxtəlif dərmanların təsviri verilmişdi. O birisi isə Bəhmənyarəl Azərbaycaninin “Məntiq” əsəriydi. Üçüncüsünə isə hələlik baxa bilməmişdi.

- Şixabəddin ağa, elə bu daxmadamı oturub qalmaq fikrindəsən?

- Başımı itirmişəm.

- Dayanmaq olmaz. Getməliyik.

- Hara?

- Təbrizə. Şah İsmayılın yanına.

Şixabəddin ona baxıb fikrə getdi.

- Yəqin ki, sən sünnü hənəfisən, eləmi?

- Bəli.

- Bəs onda Şah İsmayılın yanına necə gedirsən? Səni diri-diri yandırmazmı?

Behzad təəccüb elədi:

- Məni niyə yandırsın axı?

- Bəs o sünnülərin qəddar düşməni deyilmi?

Behzad da tərəddüd, şübhə içində qaldı.

- Axı onun rəssamlara, şairlərə, alimlərə böyük hörməti var. Onların işləməsi, yazıb-yaratması üçün hər cür kömək göstərir. Qoşulaq bir-birimizə gedək.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info