Qonaq Kitabı
17

17

Bu nə gözəl şəhərmiş! Fransisko Təbrizi gəzməkdən doymurdu. Şəhərin altı qapısının altından da – Ucan, Sarvan, Sərzud, Şam, Qazan, Sərv, Təbriz qapılarından girib-çıxmış, qalanın 300 bürcünə tamaşa eləmişdi. Düzdür hər darvazanı 500 nəfərə qədər döyüşçü qorusa da, ona dəyib-toxunan yox idi. Təkcə qəribə paltarına gülür, öz dillərində nəsə deyirdilər. Təbrizlini Avropadan gələnlər də təəccübləndirmirdi. Çünki Təbriz bazarında genuyanlar, venediktlilər, neapollular ticarətlə məşgul idi. O, şəhərə gələndə bibaşa bazara getmiş, florensiyalı bir tacir tapmışdı. Vətəndə bir-birlərini uzaqdan tanıyırdılar. Tacir ona ölkənin adət-ənənəsindən danışmış, özü ilə bərabər Şah İsmayıl karvansarayına gətirmişdi. Demişdi ki, bu karvansaray gənc şahın sərmayəsi hesabına tikilib, gəlir də ona çatır. Xaricı tacirlərin hamısı bu karvansarayda qalmaga can atır. Çünkı orada yaşamaq bir növ hörmət, izzət əlamətiydi. Həm də xaricilər Şah İsmayıla hörmətlə yanaşdıqlarını bu hərəkətləri ilə büruzə vermək istəyirdilər.

Bir dəfə axşam tacirlə rəssam arasında belə bir söhbət oldu. Tacir onun pullarının qurtardığını görub dedi:

- Bundan sonra nəynən yaşayacaqsan?

- Bilmirəm, - deyə Fransisko çiyinlərinı çəkdi. - Şah sarayına yol tapa bilsəydim, onda işlərim düzələrdi. Amma heç cür bu hökmdar öz paytaxtına gəlib çıxmır. Bır adam da yoxdu məni ona təqdim eləsin.

Tacir xəsis adam idi və pul sayanda iri sandığın qapagını qaldırır, başı ilə qapağı saxlayır, pulları sandığın içində sayırdı. Həmyerli kimi rəssama əvvəllər kömək göstərsə də, pulla yardım eləmək fikrində deyildi.

- Sənin bu dediklərin hələ pul deyil. Bu etibarsız dünyada isə yaşamaq üçün pul lazımdır, pul.

- Mən şahın şəklini çəksəm, buradakı tacirlərin hamısından varlı olaram.

- Eh. Kimdi bu Asiya ölkəsində şəklə pul verən.

Rəssam ona inanmırdı. Bu Asiya ölkəsindəki binalara, onların bəzəklərinə, naxışlarına baxanda heyran qalırdı. Demək o gözəlliyi yaratmaq istəyənlər çoxlu pul xərcləyiblər. Bu ölkədə gözəlliyin qədir-qiymətini bilirlər. Hələ o xalçalar. Onları adsız-sansız adamlar toxuyub. Amma o  sənət ən böyük sənətkarların əsərləri ilə bəhsə girişər. İki xalça da bir-birinə bənzəmir. 

O gün parça bazarına getmişdi. Necə parçalar vardı. Alası deyildi. Adlarını soruşurdu. Qələmkar, daran, bəhra-məsuri, neçə cür ipək parça... Pambıq onu heyrətə gətirmişdi. Yeddi rəng pambıq görmüşdü. Elə bilmişdi bəs onları rəngləyiblər. Sonra öyrənmişdi ki, “Zəyi”, “Munlan”, “Zəfəranı”, “Ləli”, “Xas”, “Bəyaz” kollar üstündə bu rəngdə yetişir. Təbiətin yeddi rəngi...

Gözəlliklərə aludəlik bu adamlara ana südü ilə gəlir. Beb yerin yüksək şəxsləri gözəlliyin, yüksək sənət əsərinin nə demək olduğunu yaxşı bilər. O, gözləməlidir, o, Şah İsmayılı görməlidir. Onu görənə qədər isə yaşamaq üçün bir imkan tapmalıdır. Bu yad ölkədə acından ölməyə yox, pul qazanmağa gəlib.

Tacir nəhayət fikrini ona açdı.

- Gəl belə eləyək, sən Təbrizin ən görməli yerlərini çək sat mənə.

Fransisko çıxış yolu tapdı.

- Oldu. Sifarişini ver.

- Özün çək. Təbrizin hər yeri gözəldir.

Fransisko rəngqabını götürüb təzədən Təbrizi gəzməyə başladı. O nəyi çəksin, nədən başlasın? Axı bu şəhərdə bir-birindən gözəl 320 məscid var. Onların ən qədimi Zübeydə xatun məscididi. Rəvayətə görə Zübeydə xatun məşhur Harun-ər Rəşidin arvadı olub. Hamilə vaxtı xəstələndiyi üçün hər yeri gəzmiş, havası, suyu sağlam yer buranı bilmişdı. Deyilənə görə də Zübeydə xatunun buraya gəlməyilə şəhər salınmağa başlayıb. Minarəsi göylərə baş çəkən bu qədim məscid də o vaxtdan qalıb. Onun günbəzi səma kimi mavi kaşılarla örtülüb. Minarəsi də elə gözəl naxışlarla bəzənib ki, sanki onların üstündə insan əli yox, mələklərin nəzərləri gəzib.

Təbrizin 1060 məhəlləsində 1070 gözəl saray var. Onların hansını çəksin? Burada elə 200 karvansaray var. Hamısı da sənət əsəri.

Rəssam gəzə-gəzə gəlib günbatanda Qızıldağa çıxdı. Hava açıq olduğundan lap uzaqlar gözə dəyirdi. Buradan Təbriz ovuc içindəki kimi görünürdü. Şəhərin içərisindən keçən altı çay ərimiş gümüş kimi parıldayırdı. Şəhər bağ-bağçanın içində itmişdi. Cənubda, lap uzaqlarda göl görünürdü. Bu Urmiyə gölüydü.

Fransisko bu gördüklərinə heyran qalmışdı. Hansından başlasın, nə çəksin? Nəhayət, dağın bir parçasını, qayanı, qayadan yuxarıdakı buludları ilk mənzərə seçdi. Kətan üzərində işə başladı. Dağın döşündə adamlar ot biçir, kərəntinin xışıltısı eşidilirdi. Biçilən otun yeri çiçəkləyən yoncadan, müxtəlif dağ çiçəklərindən xeyli fərqlənirdi. Adamların əynindəki ağ paltarlar, başlarındakı qırmızı çalmalar qəribə rəng zənginliyi yaradırdı. Boz qayadan yuxarıda Səhəndin zirvəsi ucalırdı və qaya ilə dağ arasında geniş boşluq vardı. Səhənd dağı mənzərənin fonunda əzəmətlə yüksəlirdi.

O, xeyli işlədi. Bu ölkə qəribə yerdi. Heç kim ona toxunmur, qəlbinə dəymirdi. Bura gəlməmişdən əvvəl İtaliyanın bu yerlərdə olmuş keşişi Kontrinin xatirələrini oxumuş, amma inanmamışdı. O yazırdı ki, Təbrizdə qətl nadir hadisədir. Cinayət çox azdı. Kimin malı-heyvanı itirsə, özü axtarmır, tapanlar özləri onu bu işlə məşğul olan məmurun yanına gətirirlər. Bu ölkənin kişiləri qısqanc deyil. Çünki qadınları gözəl olsa da, o qədər sədaqətlidir ki, qısqanclığa yer qalmır...

O, mənzərəni qurtarana yaxın arxada hənirti eşitdi. Dönüb iki biçinçi gördü. Onlar maraqla baxırdılar.

- Salam! - dedilər.

Fransisko da öyrəndiyi “salam” sözünü dedi. Sonra söhbəti davam etdirə bilmədi. Biçinçilər onun işini deyəsən xoşlamışdılar. Onlardan biri qırmızı cürdəyi onun yanına qoydu, piyaləni su ilə yaxalayıb suyu atdı, təzədən doldurub ona uzatdı.

Fransisko indi hiss elədi ki, bərk susayıb. Amma işindən əl çəkməmiş, bulaq axtarmamışdı.

O birisi - daha qoca biçinçi çiçəklərin üstündə süfrə açdı. Orada Fransiskonun gündə yediyi, təbrizlilərin “girdə” dediyi çörək, yağlı pendir, göy soğan vardı.

Biçinçilər öz aralarında söhbət edirdilər. Qoca deyirdi.

- Uzaq yerliyə oxşayır. Dil də bilmir.

Cavan dedi:

- Əmi, nahaq yerə çörək verdin. Bəyənib yeməz.

- A bala, çörək allah nemətidir. Bizi bəyənməsə də, çörəyi bəyənər.

- Gör necə də o yerə oxşayır. Bax, o ortadakı Allahqulu kişinin elə bil özüdü.

Fransisko onlara başı ilə minnətdarlığını bildirib pendiri çörəyin arasına qoyub dişlədi, soğanı isə bundan sonra ağzına apardı.

- Binəva acıymış.

Fransisko doğrudan da ac idi. Səhər tacirlə söhbətindən sonra yemək də yeməmiş, pul qazanmaq həvəsiylə karvansaraydan çıxmışdı.

Tacir isə onun dalınca baxıb bic-bic gülmüşdü. O, bilirdi ki, rəssamlıq əsərləri İtaliyada çox bahadı. Əgər həmin rəssamlar burada, Şərqdə ekzotik binaları, mənzərələri çəksələr bu daha da baha qiymətə gedər. Burada yox, orada. Xalçaları, Təbriz parçalarını, zərgərlik məmulatlarını, silahları yerə düşməyə qoymurdular. İndi onun vətənindən gəlmiş rəssamın çəkdiyi əsərləri də aparıb çoxlu pul qazanacaqdı.

Göydəmir köhlən yel kimi çapırdı. Yəhərdə oturan igid qılıncını gah sağa, gah sola endirir, cərgə ilə basdırılıb üstünə dəbilqələr qoyulmuş “başlar” kəsilib yerə tökülür, dəbilqələr diyirlənirdi. Bu tamaşaya açıq pəncərədən baxan Xızır həvəslənmişdi. O da at belində belə hərbi məşq etmək istəyirdi. Düzdü, Hüseyn bəy tez-tez onun üçün belə məşqlər düzəldirdi. Amma neçə gündür ki, səfərə hazırlaşırdılar, məşqlərin arası kəsilmişdi.

Göydəmir at meydanın başına çatıb geri qayıtdı. Süvarinin gözü pəncərəyə sataşdı və qılınc əlində donub qaldı. Atı birbaşa pəncərəyə tərəf sürdü. Çatana yaxın dəbilqəni başından çıxarıb tulladı, xurmayı saçları dəmir köynəyinin çiyinlərinə töküldü.

Bu, Bəhruzə xanım idi. O, Şah İsmayılı görmüşdü. Məşqindən xoşunun gəlib-gəlmədiyini soruşmaq istəyirdi. Dünən gecəni bir yerdə keçirmişdilər. Səhər işıqlaşana qədər söhbət eləmişdilər. Dan üzü ağaranda Şah İsmayıl yuxuya getmiş, o isə oturub onun çöhrəsinə tamaşa eləmişdi. Baxırdı, baxırdı, sevincdən gözləri dolurdu. Arzusuna çatdığınamı, şahın onu sevdiyinə görəmi, nədənsə bu çöhrəyə baxanda doluxsunurdu.

Söhbətləri qulaqlarında səslənirdı.

- Bəhruzə, düşmənlərimiz çoxdu. 

- Dostların, tərəfdarların da az deyil, şahim.

- Elədi. Amma mənə kömək lazımdı, arxa lazımdı. Oğul lazımdı. Omür vəfasızdı. Onu böyütmək, yetişdirmək, ölkənin açar-kilidini ona tapşırmaq lazım gələcək.

- Allahın işidi, şahim. Qismət!

Taclıbəyimlə Bəhruzə xanım arasında rəqabət başlanmışdı. Hansının oğlu tez olsa, böyük şahzadəlik şərəfi ona qismət olacaqdı. O da qismət!

Bəhruzə Şah İsmayıla təkcə qadın kimi yox, qardaş kimi onun arxasında dayanmaq istəyirdi. Ona görə də at minir, qılınc çalır, ox atırdı. Gələcəkdə oğlu olanda qoy təkcə atası kimi yox, həm də anası kimi olsun.

Onun atı pəncərəyə çatdı.

- Şahim, necədi, xoşuna gəldimi?

Xızır özünü ələ aldı, üzünü çevirdi. Qayıdıb içəri otağa qaçdı. Bəhruzə tamam könüldən düşdü. Şahın bu hərəkəti onu incitdi, qəlbinə dəydi. Atdan düşdü, yüyəni Göydəmir köhlənin yalının üstünə atıb yavaş-yavaş gəlib hovuzun kənarında oturdu. Sifətini əlləri arasına aldı.

“Axı səhərə qədər bir yerdə olmuşuq. Məni elə mehriban dindirib, danışdırıb ki. Birdən-birə bu soyuqluq nədir? Olmaya mənimlə elə oynayır, məndən heç oğul istəmir? Elə- belə sözdü. Şahda da, İsmayılda da yalan olarmı? Bəs bu üz döndərib getmək nədən ötrüdü? Olmaya, mənim at minməyim xoşuna gəlməyib? Qorxub ki, birdən ana bətnində körpə... Gör mən nə danışıram ey. Yox, ola bilər. Onda heç olmasa bir söz deməliydi. Narazılığını da, razılığını da bildirməliydi.

 

Ey mələk, hüsnün sənin nuri-xudadır, bilmiş ol.

Sidrədir boyun, nə sidrə mintəhadır, bilmiş ol.

Mən sənin dərdi-qəmindən inciməm, ey bivəfa,

Hər nə cövr etsən mənə, eyni vəfadır, bilmiş ol.

 

Bəhruzə xanım dik qalxdı, Şah İsmayıl onun başı üstündə dayanıb şeir oxuyurdu. Şeiri də ona deyirdi.

- Şahim, elə bildim məndən incimisən.

- Bəhruzə xanımnan da incimək olarmı?

Bəhruzə xanım, pəncərədə onu görüb üz döndərdiyini, deyib könlünü sındırmaq istəmədi.

- Mənim at çapmağımı gördünmü?

- Yox. Bu gün görməmişəm.

Axı pəncərədən baxan o idi. Başqası ola bilməzdi. Niyə görməsin ki. Bəlkə elə gözümə hamı Şah İsmayıl şəklində görünür. Ağlımı itirmişəm. Elə bilirəm bir dünyadı, bir odur, bir də mənəm.

- Yenə də at belinə qalxımmı?

- Qalx görüm.

Bəhruzə utancaq bir təbəssümlə gülümsədi. Yanaqlarının dərisi Təbriz almasının qabığı kimi al və şəffaf idi. Gedib ondan qaçmayan atının yüyənini yaldan götürdü, ayağını üzəngiyə keçirməyi ilə yəhərə aşırılmağı bir oldu. Əynində atlas şalvarın qırışları yaşıl rəngdə işıqlandı.

Dabanlarını atın böyürlərinə vurub cilovu çəkdi. Göydəmir köhlən şahə qalxdı. Sonra yüyəni buraxıb qum tökülmüş meydançada çapmağa başladı. Şah İsmayıl hovuzun üstündəki köşkdə dayanıb baxırdı. Bəhruzənin qılıncı şimşək kimi gah sağda, gah da solda parıldayırdı. Sonra o çapıb gəldi, yüyəni dartdı. Göydəmir at qabaq ayaqlarını yerə verib dayandı. Bəhruzə tullanıb düşdü.

- Əhsən!

Taclıbəyim şəbəkə pəncərənin arxasında oturub Bəhruzə xanımla Şah İsmayıla baxır, gözlərindən yaş axıdırdı. Son yaxtlar Şah İsmayılda özünə qarşı bir soyuqluq hiss eləyirdi. Bəhruzə xanıma daha çox bağlanmışdı. Düzdü, o da gözəl idi, qamətliydi. Ancaq onun fikrincə şaha layiq deyildı. Elatda doğulmuş, köçlərdə, aranda, qışlaqda böyümüşdü. Taclıbəyim kimi hökmdar ailəsində tərbiyə almamışdı. Düzdü Taclıbəyim atası Sultan Yaqubu görməmişdi. Yadına gəlmirdi. Söhbətlərdən eşitmişdi ki, o da şair olub. Şərqin hər yerində elm-sənət hamisi kimi tanınıb, kitabxanada böyük şair Əbdürrəhman Caminin atasına həsr etdiyi əsərinin böyük rəssamlar tərəfindən bəzənən ustad xəttatlar tərəfindən köçürülən nadir nüsxəsini görmüş və oxumuşdu. Gözünü açandan isə sarayda narahatlıqlar, çəkişmələr dava və qırğınlar görmüşdü. Öz doğma qardaşından üz döndərib bibisi oğlu Şah İsmayılı seçməyi bəs deyilmi? Bundan böyük məhəbbət, sədaqət olarmı? Bəs o niyə belə bir iş gördü. Düzdü, şahların arvadları çox olur. Amma bu, Şah İsmayıla yaraşmır axı. Onun babası Cüneydin də, atası Şeyx Heydərin də bir arvadı olub. Bəs o niyə belə eləyib?

Nəticəsini özü çıxardı. “Mən Sultan Yaqubun qızıyam. Ona görə də məndən olan övladı taxta qoymazlar. Elə bilərlər ki, atasına yox, babasına çəkəcək. Bəhruzənin övladı böyüyüb Təbriz taxtının, Səfəvi sülaləsinin birinci vəliəhdi olacaq. Bəs mən nə eləyim? Nə tədbir töküm ki, şahın mənə olan məhəbbətini qaytarım? Odur, Bəhruzə at minir, qılınc çalır. Bəlkə elə mən də. Axı mən də vaxtilə belə məşqlər keçmişəm. Atı da ondan pis minmirəm, qılıncı da bəd tutmuram”. O, göstəriş verdi ki, at gətirsinlər. Paltarını dəyişib atın belinə sıçradı, çapıb meydana çıxdı, var gücü ilə sona kimi ağ atını səyirtdi. “Atı düz onların ikisinin qarşısına sürəcəm. Qoy görüm məni görüb nə deyəcəklər?”

Atı hovuzun yanına sürdü. Amma burda nə Şah İsmayıl vardı, nə də Bəhruzə xanım. Ağ atın başını çevirib meydanda çapdı, çapdı. Bir də hiss elədi ki, yəhər qaşının söykəndiyi yerdə, bətnində kəskin bir ağrı var. Ürəyi bulanır, başı gicəlir. Atı birtəhər saxladı, güclə yəhərdən düşdü. Ayaq üstündə dayana bilməyib oturdu. Əlini qurşaq yerindən bir az aşağı sıxıb zarıdı.

Bir həftə əvvəl onun könlünə göyərçin əti düşmüşdü. Göyərçini isə yemirlər. Müqəddəs quş hesab eləyirlər. Sarayın üstünə qonub quruldayan göyərçinlərə elə həsrətlə baxırdı ki… Göyərçinin gözlərinə gözü düşmüşdü. Bu həvəsin nəylə bağlı olduğunu da başa düşməmişdi. Utandığından heç kimlə də məsləhətləşməmişdi. Amma gözü elə o ağ, göy göyərçinlərdə qalmışdı.

 Kənizləri onu izləyirmişlər. Özlərini yetirəndə Taclıbəyimin halı lap xarablaşmışdı. Götürüb otağına apardılar. Həkim çağırdılar. Şaha da xəbər elədilər. O, tələsik gəldi. Taclıbəyimi yataqda, rəngi avazımış görüb özünü itirdi. Fikrindən çox şey keçdi. Onunla Bəhruzə xanımı görüb bəlkə zəhər içib?

- Nə olub, təbi-təvanım?

- Heç. İndi yaxşıyam, narahat olma.

Həkimin fikrini öyrənəndən sonra Şah İsmayıl əyilib onun alnından öpdü, əllərini sığalladı.

- Sən nə iş görmüsən? Sən niyə məni sonsuz qoymaq istəyirsən?

Otaqda onları tək buraxmışdılar.

- Şahim, məndən olan övlad sənə lazım deyil, ona görə Xaqani demişkən, gördü bu dünyanın vəfasızlığını, öldü.

Taclıbəyimin səsində titrəyiş olmasa da o ağlayırdı.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info