Qonaq Kitabı
16

16

Caharbağı Pirbudaqda indi Şah İsmayıl məclis qurmuşdu. Mədrəsədən çıxan Məhəmmədlə

 Zeyd bağın yanından keçirdilər və mübahisələri hələ də davam eləyirdi.

Məhəmmədin kefi kök idi:

- Gördün, dedim Şah İsmayıl kimi hökmdar yoxdur.

- Hələ görərik.

- Nəyi görəcəksən, gəlib, özü də bu bağda məclis qurub.

Zeyd:

- İyirmi gün qabaq da başqası məclis qurmuşdu. Nə oldu. Bağdad elə bir şəhərdi ki, burada xəlifələrin ruhu yaşayır, həmin ruhlar heç bir hökmdara burada uzun müddət taxtda oturmağa imkan vermir.

Məhəmməd soruşdu:

- Neçə xəlifə olub?

- Çox.

- Olmaz ki, o ruhlar birləşib bir canlı adam olsun, gəlsin otursun taxtda?

Zeyd Məhəmmədin iri, ağıllı gözlərinə baxdı.

- Sən küfr danışırsan yenə?

- Mən düzünü deyirəm!

Onların mübahisəsini küçədə qalxan qışqırıq kəsdi.

Əynindəki paltarı şırım-şırım olmuş, ağ saçları lülələnib bir-birinə qarışmış dəli arvad qışqırırdı:

- Burnuma İsmayılın iyi gəlir, huyyy!!!

Uşaqlar bu dəli arvadı çox görmüşdülər. Körpələrin ona daş atdığını görəndə onları qoymamışdılar. Bu arvad dəm-bədəm idi. Bəzən sakitləşir, gəlib-gedənlərdən pul, çörək istəyəndə əlini açıb ərəbcə deyərdi. Xəstəliyi şiddətlənəndə isə qışqırardı.

- Hanı İsmayılım, huyyy...

Arvad bağın yanında dayanıb əllərini göyə qaldırmışdı:

- Burnuma İsmayılın iyi gəlir, huyyy!!!

Bu səsi bağdakı köşkdə, fəvvarənin sərinliyində oturan Şah İsmayıl da eşitdi. Yerindən dik qalxdı. Dayanmadan bagın qapısına yeridi. Lap qızılquş kimi şığıyırdı, qorçular ona çata bilmirdilər. Qapıya çatıb dayandı. Bağlı idi?  

- Açın bu qapını!

- Açar bizdə yoxdu, hökmdar.

- Açın deyirəm!

Qorçular bir-birinin üzünə baxdılar. Onların heç birində açar yoxdu və qapını aça bilməyəcəkdilər. Qapıdan baş barmaq yoğunluqda kilid asılmışdı. Şah İsmayıl əl atıb belindəki  qılıncı siyirdi. Qılıncın tiyəsi ilan zəhəri kimi yamyasıl işıqla parladı. O, qılıncı qıfıla endirdi. Qıfıl yarıya qədər kəsildi, bir də endirdi, qıfıl qopub düşdü. Qorçular buna bir möcüzə kimi baxdılar.

Körpə uşaqlar dəli arvadın üstünə torpaq atırdılar. O isə əhəmiyyət vermir, qışqırırdı:

- Burnuma İsmayılın iyi gəlir, huyyy!!!

Məhəmməd əlindəki çantası ilə körpə uşaqları vura-vura qovmağa çalışırdı.

- Niyə belə eləyirsiniz? Axı, o, allahın zəlilidi.

Birdən-birə küçədəki adamlar donub qaldı. Üzü niqablı, əli qılınclı gənc bir adam bağdan küçəyə şığıdı. Uşaqlar hərəsi qışqırıb bir tərəfə qaçdı. Təkcə Məhəmməd qorxmadı. O, təəccüb elədi. Bu adam yetirib o qoca dəli arvadı qucaqlayıb bağrına basdı.

- Səkinə xala!

- Burnuma İsmayılın iyi gəlir!

- Mənəm İsmayıl, Səkinə xala.

- Sənsən İsmayıl?

- Bəli!

- Yox, sən İsmayıl deyilsən. Sən böyüksən, o, balacaydı.

- Mənəm, böyümüşəm.

Qorçuların hərəsi dar küçənin bir tərəfini tutmuşdu.

- Gedək, Səkinə xala!

Məhəmməd donub qalmışdı. Onun beynində həmişə Nizaminin yazdığı “Leyli və Məcnun”un qəhrəmanları gəzir, amma tamam başqa cür hərəkət eləyirdilər. Budur, o dəli Qeys qoca qarı. Bu çirkli, tozlu, torpaqlı, bikef məxluqu bağrına basan Şah İsmayıl - Nofəl.

Məhəmməd* görmədən sevdiyi Şah İsmayılı indi gördü. Özü istədiyindən də yüksək bir vəziyyətdə gördü. Odur, qarının çirkinə, pasına baxmadan bağrına basıb, bağın qapısına tərəf aparır. Bu sərgərdan, dəli, dilənçi arvadın baxtı gör necə də açıldı.

Şah İsmayıl Səkinəni bağın açıq qapısına tərəf apardı. Onu dilə tutmuşdu. Birdən Səkinə əlini ona açdı:

- Mənə pul ver, ağa. Neçə gündü acam. Bu şəhərin adamlarının ürəyi daşdı. Çörək, pul istəyirsən, başına daş vururlar.

Şah İsmayıl öz yanında pul gəzdirmirdi. Səkinəyə isə pul vermək lazm idi. O, dalınca gələn qorçulara dedi:

- Hansınızda pul var?

Hər ikisi əllərini ciblərinə saldı. Nələri vardısa çıxartdılar. Şah İsmayıl oradan bir qızıl sikkə götürdü.

- Al, Səkinə xala. Qızıldı. Orada on iki imamın adı, bu tərəfdə isə mənim adım həkk olunub.

- Yox, o sənin pulun deyil. İstəmirəm.

- Götür.

Səkinə arvad qorçuları göstərdi. 

- Onlar sənnən varlıdı?

- Yox. Mən indi şaham, Şahın pulu da xəzinədə olar.

Səkinə pulu atmaq istədi. Sonra gözünə yaxınlaşdırdı.

- Burada İsmayılın adı var?

- Var. O mənəm.

Bağın içi ilə bir qədər getdilər. Şah İsmayıl gördü ki, kənizləri ilə əhatə olunan Taclıbəyim onlara tərəf gəlir. Özü də bu mənzərədən pərt olub.

- Mürşüdi-kamilim, bu qoca arvad kimdi?

Səkinə diqqətlə Taclıbəyimə baxdı. Ona tərəf getdi.

- Aləmşahbəyimdi? Aləmşahbəyimdi! Xanım, bəs İsmayıl hanı?

Taclıbəyimin qızılı saçlarının dibindən gizilti keçdi.

- Mürşüdi-kamilim, bu nə sirdi?

Bu sirr deyil, bu, böyük hikmətdi. Səkinə xala bizim kəniz idi. Qalada bizim əzabımızı, əziyyətimizi o çəkib. Ərdəbildə anamı, İbrahimi öldürəndə dəli olmuşdu. Gəlib Bağdada çıxıb.

Bu sözləri danışanda Səkinə arvad diqqət kəsilib dayanmışdı.

- Taclıbəyim, qoy kənizlərin aparıb onu yuyundurub geyindirsinlər. Sonra mənim yanıma gətirsinlər.

İsmayıl çox mütəəssir halda fəvvarənin yanma qayıtdı. Səkinənin taleyi onun gözü önündən bir an getmirdi.

“İndi onu müalicə eləmək mümkün olacaqmı? O, bir də əlinə saz götürüb çalacaqmı?”

Birdən yadına düşdü. Ona saz çaldırmaq lazım idi. Bəlkə sazın hikməti onu özünə qaytardı.

Qurbani yadına düşdü.

“Bu böyük el aşığı sazını kökləyib dilləndirsə, Səkinə xala sağalacaq. Amma Qurbani yoxdu. Gəncə elinə gedib.  Eşq dəlisidi bu aşıq. Eşq dəlisi olmasa, belə böyük sənətkar da ola bilməzdi. Yaxşı, bəs mən niyə onu tək yola saldım? Gəncə hakimi axı ona qız verməyəcək?!”

Şah İsmayıl xeyli fikirləşdi, götür-qoy elədi. Necə olursa olsun. Qurbani qayıdıb Səkinə xalaya saz çalmalıdı. Bu arvad həmişə yurdu Borçalı çökəyinin bağlı qapılarından danışardı. İndi o qapıları açmaq mənim əlimdədi. Gəncə hakimi isə bizə yaxın düşmək istəmir. Şirvanşah Şamaxını ələ keçirəndən Ziyad xan da baş qaldırıb. Bunların hamısını bir yerə yığıb başlarına necə ağıl qoyasan. Necə başa salasan ki, bəs bir elik, bir ölkəyik, gəlin bir evin övladları kimi, ailəsi kimi yaşayaq.

Bağdada gəlirsən, Şirvan əldən gedir, Şirvana gedirsən, Xorasan üz döndərir. Axı bu niyə belə olsun?

Səkinəni saray qadınlar kimi geyindirib gətirdilər. Onun saçlarını daramış, örpəyin altına yığmışdılar. Bəli, həmin Səkinə xaladı. Çox az dəyişib, təkcə gözlərindəki ifadə ayrıdı. Göz bəbəkləri böyüyüb.

- Səkinə xala, biri vardı, bir yoxdu, bir Borçalı eli vardı. O elin qırx gözəl qızı seyrə çıxmışdı...

 - Borçalı?.. Hansı Borçalı?

- Səkinə xalanın vətəni Borçalı...

Dinmədi. Gözləri dəyişdi, birdən kirpiklərindən yaş axmağa başladı. Elə zülüm-zülüm ağladı ki...

- Sağalacaq, Səkinə xala mütləq sağalacaq...

Günəşin sac kimi qızdırdığı çadırın içərisində iki nəfər vardı. Onlardan biri köhnə qəbri qucaqlayıb, torpağını yalayırdı, bədəni xəstə adamların bədəni kimi əsirdi.

 İkincisi ayaq üstündə dayanmışdı. Bu Şah İsmayıl idi. İmam Hüseynin qəbrinin torpağını yalayan Şahquluya baxırdı.

- İnama, etiqada bax. Hələ mənimlə gələnlərin heç biri bu qəbirlərdən birinin torpağını öpməyib. Sinəsinə, başgözünə vurub, ağlayıb, amma torpaq yalamayıb. Bu isə özünü öldürür.

Bu həmin Şahqulu idi ki, Murad onu Çapovul Sarının əlindən almışdı. O, deyirdi ki, Ərzincan tərəfdə minlərlə şiənin mürşüdüdü. Öz mürşüdi-kamili Şah İsmayılla görüşə gedir. Şahla yalnız indi görüşə bilmişdi. Kərbəla çölündə, İmam Hüseynin qəbri üstündə qurulan çadırda. Bunun da səbəbi vardı. Şahın adamları onunla görüşüb söhbət eləmişdilər. Bu barədə şaha da xəbər çatmışdı. Amma Bayazidin qulağının dibində o qədər şiələrin baş qaldırdığına inanmamışdılar. Xan Məhəmməd Ustaclının yanına adam göndərmiş, o da əl altdan öyrənmişdi. Görmüşdü ki, doğrudan da Makudan, Xoydan, Mərənddən, Təbrizin özündən sufilər axışıb o tərəflərə gedir, zühur günü barəsində danışırlar. Kim zühur eləyəcək, nə vaxt eləyəcək, bunu heç kəs bilmirdi.

Şah İsmayıl Şahquludan soruşdu:

- Orada kim, zühur eləyəcək? Sahibi-Zaman?

- Xeyr, mürşüdi-kamilim, bizim ürəklərimiz, əqidəmiz! Həmin günün vaxtını təyin etməyə gəlmişəm. Hansı gün desəniz, həmin gün də olasıdı. Söz yox ki, Sahibi-Zamanın orada görünməyi bizim gücümüzü birə-yüz artırardı.

Şahqulunun bığı, saqqalı quma batmış, qaşına bir yumru, quru tikan ilişib qalmışdı.

- Yaxşı, bu zühurda məqsəd nədi?

- Məqsəd tərəfdarlarımızı artırmaq, daha çox şəhər və kənd tutmaq. Bu otuz-qırx min adam nizami qoşun yox, osmanlılar deməli, başıpozuq olacaq. Belə qüvvənin qarşısında heç nə dayanmır.

Şah İsmayıl qımışdı. Misir sultanı Qansuya çox məktublar yazıb, elçilər göndərib. Amma onunla ittifaq yaratmaq mümkün deyil. Belə bir ittifaq ona çox vacib idi. Şeybani xanla müharibəyə hazırlaşmaq, Bayazidin təhlükəsindən sovuşmaq üçün lazımdı. Budur, o ittifaqa bərabər, bəlkə də ondan da güclü bir qüvvə.  

- Sən Şahqulu isə onların xəlifəsisən.

- Mən sənin qulunam, mürşüdi-kamilim. Özüm belə ləqəb götürmüşəm. Şahqulu.  

- De görüm, sənin işinin uğurları üçün nə lazımdı?

- Mənim ətrafıma toplananlar təkyələrdə, kənd və şəhərlərdə əqidəmizdən danışır, sünnüləri öz tərəfimizə çəkirik. O, pıçıltı ilə dedi: - Şahım, Sultan Bayazidin oğlu Şeyxşahın Kaniyadakı sarayına da yol tapmışıq. Onun oğlu da bizim təkyəyə gəlir. Hələlik gizli də olsa əqidəmizi qəbul eləyib. Biz Anadoluda çox böyük qüvvəyə çevrilmişik. Böyük bir ordunun işini görürük. Kömək o ola bilərdi ki, zamanın sahibi zühur günündə bizim aramızda peyda olaydı.

Şah İsmayıl çox fikirləşmədən dedi:

- Olacaq.

Şahqulu altdan yuxarı ona baxdı. Həm gözləri bərəlmişdi, həm də ağzı açıq qalmışdı. O, əyilib şahının, mürşüdi-kamilinin ayaqlarını qucaqladı.

- Bu çox vacibdi. Onda tərəfdarlarımız daha çox artar.

“Zamanın sahibi”nin orada zühur eləməsi tam mümkün olan iş idi. Xızrı göndərmək, “zühur”dan sonra geri qaytarmaq mümkün idi.

Anadoluda belə böyük şiə qüvvəsinin yaranması Sultan Bayazidin başını qatacaq, Şah İsmayıla ölkəyə əmin-amanlıq yaratmağa, əldən çıxmış Xorasanı geri qaytarmağa imkan verəcəkdi.

Şah İsmayıl vəkili Hüseyn bəyi, təzə təyin edilmiş baş Vəzir Əmir Nəcmini çağırtdırdı. Şahquluya başladığı iş üçün Xəzinədən vəsait ayırtdırdı. Onlara nə qədər silah, geyim, ərzaq lazımdısa, hamısını nəzərə almağı tapşırdı. Sonra Şahqulu ilə Nəcmini göndərdi. Hüseyn bəylə tək qaldı. Onu əmirlər əmirliyindən azad edəndən sonra ilk dəfə idi ki, ikilikdə qalmışdılar.

Şah Hüseyn bəyin arıqladığını hiss elədi. Tər də onu götürüb gedirdi.

- Lələ, xiffət eləyən adama oxşayırsan.

- Yox, şah sağ olsun, heç bir fikrim yoxdu.

- Yəqin ki, vəzifədən götürülməyin səni belə sıxıb.

- Yox! Şahimin qulluğunda qapıqulu olsam da, mənə xoşdu. Mən bir dəfə and içmişəm.

Şah İsmayıl Hüseyn bəyin sədaqətinə inanırdı. Bu barədə onun kiçik şübhəsi də ola bilməzdi. Amma onun arxayınçılığına, hamıya inanmasına dözməmişdi.

- Məndən incimə, Lələ! Dövlətimizin mənafeyi məni belə sərt olmağa məcbur eləyir. Çağırmışam səninlə bir məsələni danışım. Mənə oxşayan, məni yamsılayan gənci Şahqulu ilə Ərzincana göndərmək lazımdı.

- Niyə?

- Vacib işdi.

Axı hökmdarımızın həyatının təhlükəsizliyindən vacib heç nə yoxdur. Mən buna razılıq verə bilmərəm. O, Xızrın başından bir tük əskik olsa, onda bütün zəhmətimiz hədər gedər.

Şah İsmayılın xasiyyətini bilirdi və onu fikrindən döndərmək mümkün olmayacağını yəqinləşdirmişdi.

- Onda çox etibarlı adamla göndərmək lazımdı.

Lələnin bu fikri onun ağlına batdı. Ətrafdakılar zamanın sahibinin “zühur” etməyini görsələr, onun yaxın adamlarını görməsələr onda bəlkə də inanmayacaqlar. Ya da əksinə. Lələ bəlkə də heç gözə görünməməlidir. Təkcə zamanın sahibi “zühur” etməli və yoxa çıxmalıdı.

Onlar bu məsələni ən kiçik nöqtələrinə qədər danışdılar. Bu barədə heç Şahqulunun özünə də demədilər.

“Zühur”dən sonra Xızır Şirvan torpağına qayıtmalıydi.



* Hicri tarixi ilə 914 (1508-09-cu ildə) Şah İsmayıl Bağdada gedəndə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin on iki yaşı vardı və onu görmüşdü.

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info